İNDİ OXUYUR
Maskalar, yaxud Persona

Maskalar, yaxud Persona

Berqman filmin ideyasını 1965-ci ildə xəstəxanada tapıb. “Persona”nın hekayəsini psixoloji ikiləşmə, xəstə-həkim münasibətləri əsasında formalaşan qənaətlər – qeydlər təşkil edir.

“Persona” filminin pərdəarxası


Elizabet (Liv Ulman) “Elektra” tamaşasından sonra susur, fəqət həkim bu susqunluğun psixoloji yox, şüurlu qərar, bir növ, özünüqapatma olduğunu deyir. Elizabetlə məşğul olan həkim Alma, müalicə-müayinə üçün öz bağ evini məsləhət görür. Psixoloji müalicə prosesi həkim Almanın kimliyini itirib Elizabetə çevrilməsilə müşayiət olunur.


“Persona” filmini anlamaq üçün Yunqun arxetiplər nəzəriyyəsindən xəbərdar olmaq lazımdır: Persona – göstərdiyimiz, başqalarının görməyinə icazə verdiyimiz biz, yəni bizim bir parçamız, kimliyimiz – maskamızdır. Əslimizi örtən nəsnədir. Beləcə, özümüzü gizlədirik, yaxud təmənnalarımızı sığortalayırıq. Bəzən personalarımızın özümüz olduğuna inanırıq və özümüzə qarşı özgələşirik, özümüzdən qopuruq – Elizabet kimi.

Elizabet özündən uzaqlaşmış, personasına çevrilmiş və buna görə də susmağı seçmiş: bu personanın altında oynamayacaq, yalan danışmayacaq…

Başqa bir nəzəriyyə – kölgə… Bizim üzləşməkdən qorxduğumuz özümüz – bizə paralel həqiqət, o biri biz – altereqo…


Əslində, Berqmanın filmlərinə xas üslubdur. O, filmə baxdığımızı xatırladır, daha doğrusu, tamaşaçını məcbur edir ki, baş verənlərə kənardan baxsın.

Ölüxanadakı uşaq Lermontovu oxuyur. Uşaq bizdən uzaqdır, filmin içindədir… Qəfildən Elizabet və Alma peyda olur, biz həmən uşaqla birlikdə onları izləyirik, özümüzdən kənarda – filmin içində – ölüxanadan, yəni dünyanın o tərəfindən…
Elizabetin oynadığı Elektra, mifologiyada xəyanətkar anasını öldürmüş qız obrazdır… Elizabet xəstəxanada olanda ərinin ona göndərdiyi oğlunun şəklini cırır… Analıq bağını kəsir… Təsadüfən xəstəxana otağındakı televizorda bir buddistin Vyetnam hadisələrinə etiraz olaraq özünü yandırdığını görür və həyəcanlanır, həqiqət onu narahat edir, halbuki radioda eşitdiyi mərhəmət məzmunlu pyesə gülmüşdü – səhnədə güldüyü kimi…


Həkim Alma, Elizabetə intim duyğuları haqqında danışır və rollar dəyişir: Alma xəstə, Elizabet onu dinləyən, hətta dilini tətikləyən həkim obrazına çevrilir: Elizabetlə (Persona) Alma (Kölgə) bütünləşir: Elizabet, başını Almanın, Alma, başını Elizabetin çiyninə qoyur: Almanın bədənində Elizabetin başı, Elizabetin bədənində Almanın başı: gecə ilə gündüz, işıqla günəş…

Fəqət narsist Elizabetin məktubunu oxuyan Alma əmin olur ki, o heç vaxt Elizabet olmayacaq… Filmin qırılma anı… Tamaşaçının təəsüfləndiyi məqam… Buddistin intiharı kimi: Alma Elizabetin gözündən narahatedici həqiqətlə üzləşir…


Alma Elizabetin üstünə qaynar su tökmək istəyir… Alma Elizabetin üzünü çimdikləyir. Özünə toxunur… Güzgüdəki əksindən – o biri üzündən narahat olur, onu parçalamaq, məhv etmək istəyir… O heç vaxt Elizabet olmayacaq… Üstəlik, Alma özünə yadlaşıb…

Elizabetin əri, Almayla, Elizabet kimi rəftar edir… Necə ki, Elizabet Almaya güzgü tutmuşdu, eləcə də Alma Elizabetə güzgü tutur; Elizabeti ərinə göstərir… Elizabetlə Almanın üzü birləşir, uşaq onların eyniləşmiş üzünü oxşayır – biri abort etdirmiş, biri uşağını sevmir… Fərqli səbəblər, eyni nəticə – Elektra prinsipi…

Güzgüdəki mənim yox, kölgəmin şəklidir.
Şəkillərdəki mən deyiləm, kölgəmin surətidir.
Məni mənə göstərən o birilərdir; Hamı, hamının güzgüsüdür, fəqət güzgü heç vaxt özü olmur, o həmişə qənşərindəkidir.


Yəni, onlar məni yox, mənim kölgəmi göstərirlər, kölgəmi görürlər.
Kölgə zülmətdə ölür, yəni gözlər tutulanda, işıq qaranlığa qarışanda.
Həqiqət qaranlıqdadır, yəni, kölgələrin torpağa qarışdığı yerdə, yəni, işığın ölümündə…

Biz kimik? Alma, yoxsa Elizabet? – İzləyin, eşidin…

Ömər Xəyyam

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya