İNDİ OXUYUR
Mərmər soyuğunda ideya axtarışı

Mərmər soyuğunda ideya axtarışı

Asif Rüstəmovun “Mərmər soyuğu” filmi günəş kimi hərarətli səhnəylə başlayır. Dərhal da tamaşaçını ekrana kilidləyir. Filmboyu bu cür hərarətli səhnələrə bir neçə dəfə rast gəlirik. Həmin səhnələr qadınları nə qədər cəlb edir, deyə bilmərəm. Bəlkə də fikrin səslənişi düzgün qoyulmayıb, lakin məndən asılı olmadan filmin bətnindən çıxır bu səsləniş. Çünki “Mərmər soyuğu” kişi filmidir, qadın mövqeyini nəzərə almayan, onun duyğuları ilə maraqlanmayan mərmər kimi sərt, möhkəm və soyuq kişilərin filmi.

“Mərmər soyuğu” izləyəndən sonra uzun müddət tamaşaçını təsir altında saxlayan ekran işlərindəndir. Hər şeydən əvvəl ona görə ki, Azərbaycan filmləri üçün kifayət qədər cəsarətli sayıla biləcək səhnələrlə zəngindir. Bunun üçün aktrisa Natəvan Abbaslıya xüsusi minnətdarlıq düşür.

İkinci tərəfdən isə filmin çəkilişi – bu sahənin adamı olmasam da fikrimi deməliyəm –  operator, montaj, aktyor işi yüksək səviyyədədir. Ən azından sıravi tamaşaçı səviyyəsində qüsur tapa bilmirsən.

Filmin süjeti də Azərbaycan tamaşaçısı üçün maraqlı olan, onun tez-tez mediada oxuduğu amansız qadın qətllərini xatırladan məzmunda. Tamaşaçı hər gün mediada oxuduğu cinayət hadisələrinin eynisini dilə gətirməsə də bəzən şüurunun alt qatlarında haqq qazandırdığı cinayətkarı canlı görür, onun cinayətə gedən yolunu birbaşa izləmək şansı qazanır.


Əgər sənəti cəmiyyətin güzgüsü kimi də qavrasaq, bizim kimi üçüncü dünya ölkələrində bu inikas çox ləng və gec-gec baş verir. Sənətin gündəmdə qalmağı, dinamikliyi, diqqətçəkənliyi üçün onun əksedici xüsusiyyətinin olması vacibdir. Mövzudan bir qədər uzaqlaşsaq da deyim; bu baxımdan ötən əsrin əvvəllərində Azərbaycandakı sənət mühitinə qibtə etmək olar. Əsrin əvvəllərində Bakıda yaşlı bir milyonçu cavan qızla evlənir, Üzeyir Hacıbəyli dərhal “O olmasın, bu olsun”u yaradır, hansısa bölgədə mollaların fırıldaqçılığı ilə bağlı xəbər yayılır, Mirzə Cəlil “Ölülər”i yazır, Sovetlərin gəlişi ilə qadınların da cəmiyyət həyatına qoşulması, təhsili məsələsi ortaya çıxır, Cəfər Cabbarlı “Sevil”i, “Almaz”ı qələmə alırdı. Təəssüf ki, çağdaş dövrümüzdə sənətin cəmiyyətdəki hadisələrə adekvatlığı ləng baş verir. Bu baxımdan “Mərmər soyuğu” mövzusuna görə də təqdirəlayiqdir.

Ən əsası isə film bitəndən sonra tamaşaçını bir sıra suallarla baş-başa buraxır, hətta deyərdim ki, tapmaca effekti yaradır. Filmin ideyası nədir? Nə demək istəyir? Niyə oğul atasının yolunu davam edir, hansı ehtiyacdan?

Yəqin elə mən də bu sualların cavabını axtarmağa cəhd edəcəyəm.

Qurban İsmayılovun canlandırdığı Ata obrazı kifayət qədər klassik dəyərlərlə yaşayan kişi tipidir. Cinayəti də, özünün bu barədə susmasına baxmayaraq, onun ağzı ilə danışası olsaq, aydındır ki, namus üstündə törədib. Oğlunu ilk gördüyü səhnədən onun görkəminə işarə edərək, “petu*a oxşayırsan” deyə saçını qırxdırmasını əmr etməsi də xarakteri barədə kifayət qədər söz deyir. Lakin Ata mühafizəkar olsa da, mentalitet buxovları ilə zəncirlənmiş tiplərdən deyil. Görünür, ya qazamatda öyrənib, ya da əvvəldən belə imiş (bunlar barədə bizə informasiya verilmir, heç lazım da deyil), hər nə isə dünyagörmüş, hazırlıqlı adamdır. Quşu dimdiyindən tanımağı oğlunun evlənəcəyi qadını tanışlıq üçün restorana dəvət edib ilk baxışdaca onun ərdə olduğunu bilməyindən, yaxud, növbəti restoran səhnəsində özünə araq sifariş verib, qadına şərab içməyi təklif edərək, qarşılığında “hə” cavabı almaqla onun hamilə olmadığını öyrənməyindən bəllidir.


Ata nə qədər vulqar, kobud, laqeyd görünsə də (lap Əli Kərimin “Atamın xatirəsinə” şeirindəki ata obrazı kimi: O sərt idi…), əslində oğlunu çox istədiyindən onun sevdiyi qızla tanış olmağa can atır. Necə deyərlər, onu tez-bazar baş-göz eləmək üçün. Tamaşaçıya filmin sonunda aydın olsa da Ata, ömrünün az qaldığını bilir, son günlərini oğlunun yanında keçirmək üçün də mollalığa üz tutur. Çünki Şamil Süleymanovun timsalında canlandırılan bisavad mollanı görəndən sonra özünün dini savadı ilə asanlıqla qəbiristanlıqda mollalıq edə biləcəyini anlayır. 

Lakin Ata həbsxanadan çıxandan sonra görür ki, oğlu məhz onun ömrünün illərini qurban verərək qoruduğu dəyəri heçə saymaqla məşğuldur. Atanı ağrıdan da budur, arvadını xəyanət üstündə öldürən (filmdə buna işarə var) adam qazamatdan çıxıb görür ki, oğlu başqasının həyat yoldaşı ilə sevgi münasibətindədir. Onun kimi kişi isə bu nalayiq hərəkəti qəbul edə bilməz. Düzdür, o özü də həyat qadınının xidmətindən yararlanır, lakin Oğuldan fərqli olaraq bunu ərli qadınla etmir. Bu, klassik Azərbaycan kişisi olan Ata üçün qırmızı xəttdir. Buna görə də oğlunu Qadınla əlaqəni kəsməyə səsləyir, görəndə ki, çıxış yolu yoxdur, könüllü olaraq özünü qurbana çevirir. Əslində Ata özünü oğluna görə yox, uğrunda illərini çürütdüyü dəyəri üçün qurban verir.

Ata, oğlunun sevdiyi qadınla yatmaqla onun gözünü açmağa çalışır, onun da özü kimi aldadıldığını, bu qadına görə fədakarlığa dəymədiyini göstərir.

Oğul filmin sonunda atasının dəyərləri ilə barışırmı? Bu suala qəti cavab verməkdə tərəddüd yaranır. Atasının mərmərin üstündə çəkdiyi təsvirini din xadimi formasında verməsi, sonda özünün də mollalığa keçməsi tamaşaçını çaşdırır, zənnimcə filmin ideyasını da dolaşdırır.


Çünki Oğul qəbir daşları düzəltsə də rəssam idi. Nədən o yolu getmir və mollalığı seçir? Bununla da atasının həqiqətləri ilə barışdığını göstərir? Əgər belədirsə, Ata molla deyildi, mollalıq sadəcə onun büründüyü qılaflardan biri idi.

“Mərmər soyuğu”nda sənətlə bağlı iki maraqlı məqam var ki, inkişaf etdirilmir. Filmin əvvəlində konseptual rəssamın sərgisinə gələn Oğul pisuar eksponatına işəyir. Bununla da sənət dünyasında Marsel Düşampdan bu günə qədər aktual olan bir məsələyə münasibətini göstərməklə (Sərgi salonuna qoyulan pisuar elə pisuardır, yoxsa sənətdir?) yanaşı müasir sənət anlayışını da murdarlayır, onun üzündəki riya pərdəsini cırıb atır, gerçək üzünü göstərir. Sonluqda isə Oğul işlədiyi qəbir daşı sexinə mərmərlərə insan təsvirləri çəkə bilən avadanlıq gətirildiyini görür. Daha onun kimi ustalara ehtiyac qalmır. Bu da əslində son illərdə aktuallıq qazanmış süni intellektin sənət adamlarını əvəzləməsi qorxusuna işarədir. Məntiqi sonluq onu deyir ki, atası və sevgilisinin ölümünün təsiri ilə katarsis yaşayan Oğul üçün süni intellektin gəlişi, bardağı daşıran son damla olmalı, məhz bundan sonra o, rəssamlıq sənətinə qayıtmalı, sənət barədə arzularının dalınca qaçmalıdır. Lakin oğul bunu etmir, əksinə mollalığa üz tutur. Nəticədə filmin əvvəlindəki “pisuar” səhnəsi gərəksiz bir əşya kimi boşluqda qalır. Ya da ola bilsin, rejissor çağdaş təsviri sənətlə bağlı epizodu verməklə filmin təhlili üçün eyni metodun tətbiqinin gərəkliliyinə işarə vurur: yəni mən eksponatı təqdim edirəm, mənanı, ideyanı özünüz çıxarın. 

Hər halda sənət paralelləri o zaman məntiqi sonluğuna çatardı ki, Oğul görəndən sonra ki, qəbir daşı düzəldilməsi sahəsini də süni intellekt zəbt edib, bu peşəni atıb gedib nəhayət rəssam olardı. Yeri gələndə onu bu qəbiristanlıqla bağlayan sualın cavabını da müəyyən mənada tapıb. Həyatı elə bir mərhələyə gəlib çıxıb ki, məşuqəsi əldən gedib, atası ilə bağlı tərəddüdlərinə son qoyulub. Üstəlik sevgidə xəyanətlə üzləşib və nəhayət anası haqqında qüdsi fikirləri dağılıb. Bu qədər faciənin içində Oğulun katarsis yaşaması labüd və onu yenidən rəssamlığa cəlb etmək üçün kafi idi. Lakin o nə edir? Katarsis yaşamaq yerinə özünə yad, hətta atasının imitasiya elədiyi peşəyə yönəlir. Filmin əvvəlində sənətdəki saxtalığa, imitasiyaya lağ edən Oğul filmin sonunda atasının həyatının kopiyalanmış formasını yaşamağa başlayır, onun gerçək yox, falş həyatının ardını sürdürməyə davam edir. 

“Mərmər soyuğu”nda oğulun ataya etirazı, ideoloji əsası olan nihilist etiraz deyil. Tamamilə fərdi, kökündə məişət problemləri dayanan aktdır. Əgər oğulun etirazı nihilist etiraz kimi üzə çıxsaydı, o, atası ilə sona qədər mübarizə aparardı. Amma tam əksi baş verir. İlk gündən atasına əyilir, onun “get, saçını qırxdır” əmrinə tabe olur, sonrakı günlərdə başqa tapşırıqlarını itaətlə yerinə yetirir, hətta atasının onun həyatına müdaxiləsinə imkan verir.


Filmdə Ata ilə Qadının qətl səhnəsi kifayət qədər sual yaradır. Rejissorun təqdim etdiyi varianta görə, onları Qadının əri öldürüb, sonra da xaricə qaçıb. O zaman Oğul gəlib Atası ilə sevgilisini (özü də ondan hamilə sevgilisini) bir yataqda görəndə reaksiyası nə olub? Bunu da bilmirik. Sadəcə belə bir ehtimal irəli sürə bilərik ki, Oğul qətli törədəndən sonra onu Qadının ərinin boynuna atıb. Qısası, hər iki halda oğulun da cinayətə qatışacağı var, polis nədənsə bunu nəzərə almır. Bir çox məsələlərdə peşəkar davranan Azərbaycan polisi məlum cinayətdə bir qədər qətiyyətsizlik göstərir? İnandırıcı gəlmir. 

“Mərmər soyuğu” maskulin mental dəyərlərin təbliğatçısı kimi çıxış edir. Buna görə də filmdə istər Oğulun anası, istərsə də sevgilisi xəyanətkar kimi təqdim edilir. İkinci qadının xəyanətkarlığı ortadadır, hərçənd onu da bu addımı atmağa vadar edən səbəb tam izah olunmur. Özü də obrazın mimika və davranışlarından belə təəssürat yaranır ki, sanki Şər onun canındadır, yəni xəyanət üçün elə ciddi səbəbi də olmayıb. Filmin sonunda ananın qəbri üstünə naməlum kişinin gələrək Mələk üçün (təsadüfənmi Mələk?) Oğula “Yasin” sifariş verməsi də istər-istəməz tamaşaçıda onun barəsində şübhələr yaradır. Və elə bu məqamda filmin iki əsas qadın personajı (biri ölü olsa belə!) sanki güzgüdəymiş kimi bir-birlərinin əksinə çevrilirlər. Ən sonda isə Oğul “Yasin” oxuyarkən səslənən Quran ayəsi (“Əuzu billəhi minəş-şeytanir-racim”, yəni lənətlənmiş şeytandan Allaha sığınıram) elə bil qaranlıqda fənər kimi yolumuza işıq salır, bir vaxtlar Allahın sevimli mələyi olmuş Şeytanla filmin qadın personajlarını çulğalaşdırır, onları şeytaniləşdirir.


Bütün bu haçalanmalardan sonra filmin ideyası ilə bağlı yekun fikir söyləmək çətinləşir. Elə bil Asif Rüstəmov atomu parçalayaraq yeni enerji mənbəyi yaratmağa çalışıb, ortaya dağıdıcı atom bombası çıxıb. Rejissor sanki ideya ilə bağlı bir sıra fikirləri qarışdırıb, axırda kələfin ucunu itirib və nəticə çıxarmağı tamaşaçısının ixtiyarına buraxıb.

Film haqqında fikirləri sonda belə rezüme etmək olar: “Mərmər soyuğu” gözəl operator, rejissor işi, əla aktyor oyunu, cəsarətli səhnələri olan, lakin ideya baxımından yerinə tam oturdulmamış, natamam, qarışıq filmdir”. 

Mirmehdi Ağaoğlu

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya