“Mən, Lalə və Şerlok Holms” uşaqlara nə deyir?

“Azərbaycan kinosunun ciddi problemlərindən biri uşaq kinosudur” cümləsi ona görə düzgün səslənmir ki, Azərbaycan kinosunun özü elə ciddi problem içindədir. Olsa-olsa, kino tarixinə nəzər salanda deyə bilərik ki, uşaq kinosunun bu qədər vacib ikən diqqətdən kənarda qaldığını görürük.
Əvvəlcə ona görə ki, vizual nümunələrin çox və virtual şəbəkələrin əlçatan olduğu zamanda Azərbaycan dilində uşaqlara ünvanlanan keyfiyyətli bədii nümunələr yox dərəcəsindədir. Bu günlərdə AKİ sədri Rasim Balayev baş nazirə bu problemlə bağlı müraciət edərək “Uşaq kinosunun inkişafı ilə bağlı Dövlət Proqramı”nın qəbul olunmasını istəyib, son 30 ildə cəmi 5 uşaq filminin çəkildiyini diqqətə çatdırıb. Bu faktın özü hər şeyi deyir.
Beləliklə, uşaq kinosunda bədii məsələlərdən əvvəl onun özünün olmadığından danışmaq lazım gəlir. İnsanın dilinə, tarixinə, ölkəsinə, dünyaya, həyata, ətrafa, gerçəkliyə münasibətinin, zövqünün, estetik baxışının, bədii təfəkkürünün formalaşdığı həssas uşaqlıq dövrü yaradıcılıq üçün mənbə ola bilir. Bəs kino uşaqların inkişafı üçün mənbə ola bilirmi? Bu suala bu günlərdə İctimai TV kanalında yayımlanan “Mən, Lalə və Şerlok Holms” serialının nümunəsində cavab tapmaq istəyirəm.

“Mən, Lalə və Şerlok Holms” uşaqlara və məktəblilərə ünvanlanmış yerli teleserialdır. Fantastik komediya janrında çəkilmiş serialın baş prodüseri Amiran Babayev, quruluşçu rejissoru Rüfət Şahbazov, ssenari müəllifləri Tural Sevdimalı və Vüqar Hüseynovdur.
“Mən, Lalə və Şerlok Holms”un qəhrəmanı Murad adlı kiçik yaşlı məktəbli oğlandır. Murad (Məhəmməd Kərimli), oxuduğu kitablar sayəsində xəyal düyasının qapısını aça bilib və hətta hər işdə ona məsləhət verə bilən Şerlok Holms (Rasim Cəfər) adlı dostu da var. Yayda Yaşılkəndə, nənəsigilə dincəlməyə gedən Murad orada Lalə (Nigar Musazadə) adlı yaşıdı ilə tanış olur və kənd uşaqları ilə birlikdə yaşıllığı məhv edib yerində hotel açmaq istəyən iş adamı Fərahimlə (Oqtay Mehtiyev) mübarizə aparır. Əlbəttə, oxuduğu kitabların qəhrəmanları (Şerlok Holms, Erkül Puaro, Jak Paqanel, Robinzon Kruzo, Məlikməmməd, Məşədi İbad, Məstəli şah və b.) tez-tez Muradı ziyarət edir, onu macəraya səsləyirlər. Bu məqamda serialın vacib bir keyfiyyəti üzə çıxır: o, uşaqlara həyatın macəraçı üzünü göstərir, hansı ki, yeni texnogen erada hər vəchlə arxa plana atılır, həyat yox, həyatın simulyasiyası var. Bu erada həyatın macəra kimi vacib keyfiyyəti gözardı edilir, həyat – qarşına çıxan gözlənilməzliklər deyil, təqdim olunan, iştirak etməli və sonda qazanmalı olduğu oyunlar kimi verilir. “Mən, Lalə və Şerlok Holms”da isə təxəyyül məhsulu olan qəhrəmanlar Muradı yeni macəralara səsləyir, onu gerçəyi axtarıb tapmağa həvəsləndirir. İstiqamət, izləməyə doğru deyil, yaşamağa doğrudur. Bu qəhrəmanlar hər nə qədər xəyali olsalar da, bir o qədər gerçəkliyə toxunmağa çağırırlar.

Belə bir süjetin digər maraqlı tərəfi, başqa mənbələrə – kitablara və filmlərə istinad və göndəriş etməsidir. Adətən, kommersiya məqsədli film və tamaşalar uşaqların hansısa məşhur cizgi və bədii filmlərdən artıq tanıyıb sevdiyi qəhrəmanları köməkçi qəhrəmanlar seçməklə hazır auditoriyanı tutmağa çalışır. “Mən, Lalə və Şerlok Holms” isə balaca tamaşaçıları yeni kitablar oxumağa, köhnə filmlərə baxmağa (gənc nəslin baxmağa həvəsi olmadığı) təşviq edir. “Mən, Lalə və Şerlok Holms”da qəhrəmanlar qabaqcadan yığdığı auditoriyası ilə deyil, obrazının yükü ilə seriala gəlir.
Beynin fövqəladə yaddaş və təxəyyül oyunu əsasında süjet qurmaq və onu gerçəkliyə bağlayaraq konfliktlər yaratmaq, gerçəkliklə təxəyyülü qarışdırmaq daim necə böyük xəzinə gəzdirdiyimizi bizə xatırladır. Muradın təxəyyülündəki qəhrəmanlar canlandıqca, konfliktlərdə iştirak etdikcə, ətrafdakı bütün gerçək insanlar karikaturlaşır, şərtilik kimi ciddi bir bədii keyfiyyət qazanırlar: artıq çoxlu pulu olan və yenə də meşəni qırıb hotel tikmək istəyən Fərahim də güclü biri deyil; o, kütdür – şirinquş satan müəllimin sadə suallarına cavab verə bilmir, Səfəvilərin hökmdarının mübtəda olduğunu deyir avtomatik təfəkkürlə. Müəlliflər həm də deyir: meşəni qırıb hotel tikmək istəyən təfəkkür, əlbəttə ki, avtomatikdir. O, uzağı görə bilmir və öz ziyanına hərəkət edir. Gülünc (yalançılığı ucbatından gülünc vəziyyətlərə düşür), qorxaq və qeyri-ciddi adamdır. Və ya pullarını hansısa saytda özü də bilmədən xərcləyən keçmiş polis rəisi Oqtay baba (Xanlar Həşimzadə) da olduqca sevimli, gülməlidir. Aktyorlar – Xanlar Həşimzadə, Şəhla Əliqızı, Dilarə Nəzərova, Elxan İsmayılov, Faiq Mirzə və Saleh Əzimzadə bu bədii şişirtməni, şərtiliyi əla başa düşür və Muradın gözündən qopub ekrana düşdüklərini anlayırlar. Məhz onların oyunları sayəsində filmin janr temporitmi yaranır.

Bizim uşaqlıqdan bəri xatırladığımız və sevmədiyimiz bir şey – böyüklərin yaratdığı stereotip davranışlar, nümunəvilik qəlibi serialboyu aşılanan dəyərlərin içində dağıdılır. Ayrı-ayrı epizodlar məhz bu qəlibləri dağıdaraq “Yalan danışma, düzünü de ki, rahat olasan”, “Səhv etməkdən qorxma, ən məşhur detektiv də səhv edir”, “Bəzən ata-ana da yalan danışır və böyüklər heç də hamısı düz deyillər”, “Özünə inan, səhv hərəkət də etsən, ən azı, özünə qarşı dürüst olacaqsan” – deyə astaca pıçıldayır balacalara. Deməli, şəxsiyyətin formalaşması uşaqlara seçimlər verərək “özünü belə hiss etsin” iddiası ilə olmur, davranış qəlibləri ilə də olmur, hətta sözlərlə də olmur. Çünki, deyilməyən sözlər, deyilən sözlərdən daha güclüdür və uşaqlar o sözləri eşidirlər.

Bu mənada “Mən, Lalə və Şerlok Holms” hasısa didaktik ifadələr, nəsihətvari tonallıqlar deyil, müsbət impulslar, xoş enerji ötürür və süni olmaqdan qaçır. İlk baxışdan idil görünən, oğurluq baş verməyən “Yaşılkənd”də belə, oğruları (Məgər Fərahim meşəni qırıb hotel tikməklə təmiz havanı camaatda almaq istəmirmi?) aşkarlamaqla balaca tamaşaçılara idilliyin qorunmalı olduğunu öyrədir. İctimai məsuliyyət hissi ailədə möhkəmlənir (Muradın atası jurnalist, nənəsi keçmiş ədəbiyyat müəlliməsi, babası keçmiş polis rəisidir) və bir növ, qeyri-rəsmi vəzifəyə çevrilir. Muradın Fərahim müəllimi ifşa etmək cəhdləri hər dəfə boşa çıxsa da, o öz mübarizəsində möhkəmdir. Bu inam haradandır? Cavablardan biri budur: Murad sevgi ilə əhatə olunub.
Sevgi və birlik. Bu, kiçik neqativləri görünməz, ciddi maneələri, pislikləri məhv edə bilən əsas qüvvədir və filmin müəllifləri kameranı məhz bu rakursdan baxmaq üçün yerləşdiriblər.
Əlbəttə, böyüklərin dialoqlarında, münasibətlərində hətta uşaqlarla söhbətində AzTv sayağı vurğular, idillik intonasiya, nümunəvilik havası da var. Hətta bəzən düşünülmüş, deyilmiş tənqidlərin uşaqların dilindən sanki zorla səsləndirilməsi də gözə dəyir (Məsələn, Muradın Mister Cordonla ingiliscə danışmasının tənqidi). Lakin elə təəssürat yaranır ki, yaradıcı heyətin, xüsusən, aktyorların layihəyə münasibətdə səmimi niyyəti bu məqamları neytrallaşdırır.

Ekran işinin rəng həllində (Elnur Yaquboğlu) gerçəkçilik mövqeyinin seçilməsi əvvəldə yazılan konsepsiyanı bütövləşdirir.
12 seriyadan ibarət “Mən, Lalə və Şerlok Holms” serialı azyaşlı tamaşaçıların yerli bədii vizual əsərə olan ehtiyacını ödəmək üçün, az qala, yeganə nümunədir. Bədii qavrayış üçün dilin nə qədər vacib olduğu hamımıza məlumdur. Balaca tamaşaçılara ana dilində çoxlu alternativ nümunələr, serial heyətinə isə rəqabətli, sağlam mühit, yeni uğurlu layihələr arzulayırıq.
Aliyə Dadaşova