İNDİ OXUYUR
Mən böyümək istəmirəm!

Mən böyümək istəmirəm!

Qəhrəmanların böyüməsini, yeni bir həyata qədəm qoymasını əks etdirən xeyli filmlər var. Hətta bu filmləri ayrıca kateqoriyaya salıb, “böyümə” (ingiliscə – coming-of-age) filmləri də adlandırıblar. Kinomuzda da bu kateqoriyaya daxil olan “Şərikli çörək” (1969,rej. Ş.Mahmudbəyov), “Uşaqlığın son gecəsi”(1968, rej. Arif Babayev) filmlərini nümunə göstərə bilərik. Bəzən isə hekayə istiqaməti eyni olsa da, qəhrəmanın böyüməyə qarşı mübarizəsini görürük. Qəhrəman böyümək və yeni bir həyata daxil olmaq istəmir. Yeni bir həyatın qorxuncluğu və dəhşəti onu öz ağuşuna alır, qəhrəman hər vəchlə bu “qorxulu” vəziyyətdən qaçmağa çalışır. Bu gün barəsində söz açacağım “Süd dişinin ağrısı” (1987, rej. Hüseyn Mehdiyev) ikincilərə aid olan filmlərdəndir.

“Süd dişinin ağrısı”, rejissor Hüseyn Mehdiyev


“Süd dişinin ağrısı” rejissor Hüseyn Mehdiyevin 1987-ci ildə Ramiz Rövşənin ssenarisi əsasında çəkdiyi filmdir. Ramiz Rövşənin eyniadlı poemasının ekranlaşdırlması olan filmin əsas qəhrəmanı Kərimdir. O doğularkən anası vəfat edib və bu günahkarlıq, uşaq olmasına baxmayaraq, onun ruhuna işləyib. Tez-tez ova gedən atası, ondan bir neçə yaş böyük olan qardaşı və gecə yuxularını qaçıran diş ağrısı onun çevrəsini təşkil edir. Bütün sinif yoldaşlarının süd dişi tökülüb, o isə uşaq qalıb, tökülməyən dişinin utancı onu qarabaqara izləyir. Kərim, anasının divardan asılmış portretinə, atasının ov tüfənginə, qardaşının oğurlayıb sevdiyi qıza verdiyi, sonradan isə geri aldığı, anasından yadigar mirvari boyunbağıya baxaraq böyüməməyə çalışır.

“Şərikli çörək” filmində, kartoçkalarını itirdiyi üçün ağlayan Vaqifə İsmayıl baba yol göstərir, bir az tənə edir və Vaqif öz növbəsində “özüm işləyib pul qazanaram” deyərək macəraya atılır. Bu macəra Vaqifin fəzilətli olmaq – böyüyüb kişi olmaq macərasıdır. “Süd dişinin ağrısı”nda isə İsmayıl babanı Kərimin böyük qardaşı Səlim əvəz edir. Səlim tənə edir, Kərimi düzgün yola çəkməyə dəvət edir – dişinə ip bağlayıb yerindən çıxarmaq lazımdır. Kərim əvvəlcə razılaşır, qardaşı qapını açana qədər isə aradan çıxır. Onun həyatı sanki bu ipdən asılı qalıb. Həyatının ipini əldən vermək istəmir. Başqa situasiyalarda da Kərim ipdən istifadə edəcək. Bu barədə daha sonra.

“Süd dişinin ağrısı”, rejissor Hüseyn Mehdiyev


Ramiz Rövşənin poetik gücünü ekranlaşdırmaq üçün istifadə olunan müxtəlif simvollar filmboyu qarşımıza çıxır. Bu simvollar toru ən birinci ip ilə başlayır. Kərimin ağzındakı ip onun taleyini həll edəcək vizual həlldir. İkinci təkrarlanan simvol – tələdir. Ovçu atasının qurduğu tələyə müxtəlif quşlar düşür, heyvanlar düşür. Atasının tələ ilə ilk qarşılaşmasında orada iki quşun olması yada avtomatik olaraq övladlarını salır. Övladlar da atanın torundadırlar və artıq bundan qaçış yoxdur. Bir məqamda isə tələ və ip birlikdə istifadə olunur. Ağaca qonan quşları öldürmək üçün onların ayaqlarına bağlanmış iplər tələyə başqa bir qurbanın girməsinə gətirib çıxarır – Çimnaz müəlliməyə.

Çimnaz müəllimə ilə ilkin tanışlıq səs vasitəsilə olur. Onun ayaqqabısının taqqıltısı böyük bir daş olub asılır Kərimin boynundan. Onun hər addımında böyük bir fəlakət, böyük bir qorxu Kərimə hücum edir. Səs dizaynı vasitəsilə sözügedən atmosfer yaradılır. Çimnaz müəllimə qapını açanda isə qapıya bağlanan Kərimin ipi Çimnaz müəlliməyə onu yaxınlaşdırır. Növbəti qarşılaşmada isə ölən quşların günahkarı kimi Çimnaz müəllimə Kərimi görür və ondan valideynlərinin məktəbə gəlməsini istəyir. Kərim cavab verməyəndə isə birlikdə evə yollanırlar. Kərimin atasının onlarla qarşılaşması növbəti ov deməkdir – Çimnaz müəllimə.

Kərim bu ovla barışmaq istəmir. Atasına qarşı gedir, onun meşədə qurduğu tələləri bir-bir açır, tora düşən quşları azad edir, özü isə bilmədən başqa böyük bir tələyə düşür. Hərçənd, poemada Kərimin bu davranışları onun bir könüldən min könülə vurulmağı ilə əlaqələndirilsə də, filmdə sözügedən xətt açılmır, əvəzində Kərimin vəfat edən anasının kölgəsi Çimnaz müəlliməni qarabaqara izləyir və anasının yerinə başqasını qoymaq istəməməsi xətti üzərindən inkişaf edir.

“Süd dişinin ağrısı”, rejissor Hüseyn Mehdiyev


Burada süjetdən aydın olduğu kimi – ata despot, ovçu, amansızdır, Çimnaz müəllimə yeni qurban, xatirələrlə arasına girən həm pis, həm yaxşı obrazdır, Kərim isə böyümək istəməyən, anasını unutmamaq üçün mübarizəyə hazır olandır. Hekayənin dördüncü şəxsi olan Səlim isə Kərim üçün alternativ bir reallıq, faktordur. Səlim böyüyüb, süd dişlərini çoxdan töküb, hətta indi özünə yeni həyat – sevgili arzusundadır. Bu sevgilini ələ keçirmək üçün anasının mirvari boyunbağını gizlincə oğurlamağa da razıdır, təki öz yarının eşqini qazana bilsin. Ancaq bu cəhdlər Kərimin gözü qabağında – uğursuzluqla nəticələnir. Kərim əgər böyüsə, Səlim kimi bir adama çevrilə bilər. Anasına aid xatirələri satar, sevgi də tapa bilməz, yaxşısı elə uşaq qalmaqdır.

Müəllifləri belə neqativ, qorxu dolu hekayəyə kökləyən məqam nədir? Məsələn, niyə “Şərikli çörək”də olduğu kimi, Kərim fəzilətli bir insana çevrilmir? Niyə o öz ağrıları ilə üzləşib, yeni ailəsinin – ata və Çimnaz müəllimənin – yanında dayanıb kameraya gülümsəyib şəkil çəkdirmir? Əvəzində o böyük bir faciəyə imza atmağa hazırdır. Əlbəttə, bu suallar ritorikdir, lakin eyni zamanda, həm də filmin çəkildiyi dövrlə əlaqədardır. Əgər “Şərikli çörək”də müharibəsonrası bolluq, rifah və xoşbəxtlik üfüqdə görünürsə, “Süd dişinin ağrısı” çəkilən dövrdə vəziyyət tamam fərqlənir. Böyük imperiya silkələnir, ata (dövlət) yeni ov axtarışındadır, övlad (vətəndaş) isə bu ov və ovçu gedişatına bir son qoyaraq yenilik axtarır. Yenidənqurmanın və şəffaflığın gətirdiyi böyük fəlakətin müjdəsi “Süd dişinin ağrısı”nda Kərimin qorxuları ilə üzə çıxır. Kərimin ömrü sapa bağlıdır – o, tüfəngi qapıya bağlayır və qapı açılanda onun böyüməyə qarşı olan mübarizəsi yekunlaşacaq.

“Süd dişinin ağrısı”, rejissor Hüseyn Mehdiyev


“Süd dişinin ağrısı” poetik anları ilə diqqət çəkməyi bacarsa da, metaforların çoxluğu ilə getdikcə ağırlaşan struktura çevrilir. Rejissorun tapdığı yaradıcı vəziyyətlər ümumi hekayənin ötürülməsində tamaşaçı diqqətini sona qədər saxlamağa kifayət etmir. Üstəlik, filmdə həddən artıq musiqi istifadəsi var ki, bu da gücü artırmaq əvəzinə, qulaqyoran bir təcrübəyə çevirir filmi. Kərimi oynayan Pərviz Hüseynovun ifası – tökülməyən dişlərini qıcayıb bütün günahı atada görməsi “Süd dişinin ağrısı”nı bir pillə yuxarı qaldırmağı bacarır. Ramiz Rövşənin poetika ilə qorxu arasında gedib-gələn hekayə strukturu atalar sözündə də deyildiyi kimi – qorxunun əcələ faydası yoxdur – tamamlanır. Qapı açılır.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya