Now Reading
Lolitanın gözləri

Lolitanın gözləri

Uzun illərdir, Rusiyada yaşayıb fəaliyyət göstərən prodüser, rejissor Rodion İsmailovun bioqrafiyası ilə tanış olanda, o, məndə entuziazmla dolu yaradıcı adam təəssüratı bağışladı. Yəqin ki, bu gün milli kinomuzda, ən çox çatışmayan başlıca xüsusiyyətlərdən biri budur: Kino sənətinə münasibətdə entuziast ola bilmək, yaxşı mənada sənətə mübtəlalıq, uyğunsuz şərtlərdə belə, ruhdan düşmədən işləmək ehtirası…

Rodion İsmailovun kino təcrübəsi bir daha bu həqiqətə həyat verir: Sənətə dəlisov sevgi, ideya və istedad, maneələri Herakl kimi aşmağa imkan verir.

Rodion İsmailovun prodüseri olduğu ilk iş “Oliqarxın dəmir dabanı” (1999) bədii filmi az büdcəylə çəkilib. Filmin ilk versiyası emosiyasız və dramaturji cəhətdən uğursuz alındığından Rodion İsmailov materialı yenidən montaj edib. Nəticədə, məhz sonuncu versiya Rotterdam kinofestivalında “Tiger Award”a layiq görülüb, Venesiya festivalında isə “Filmcritic” jurnalının mükafatını qazanıb. Məlumat üçün deyim ki, rejissor Aleksandr Başirovun, keçmiş ədəbiyyat müəlliminin oliqarxlara qarşı proletar inqilabı hazırlamaq ideyası ətrafında baş verən hadisələri əks etdirən”Oliqarxın dəmir dabanı”, 1990-cı illər ictimai-siyasi-mədəni dəyişiklikər dalğasında, ölkədə kulta çevrilmişdi.

1998-ci ildə Sankt-Peterburq Dövlət Kino və Televiziya Universitetinin kinorejissorluq ixtisasını bitirmiş Rodion İsmailov müxtəlif filmlərə prodüserlik etsə də, rejissor kimi debütünü 2010-cu ildə çəkdiyi “Köç” sənədli filmi ilə edib. Sənədli kinomuzda çobanların həyat tərzi ilə bağlı ekran təcəssümləri az deyil. İlk yada düşən ekran işlərindən biri, milli kinomuzun klassiklərindən sayılan, rejissor-operator Zaur Məhərrəmovun 1983-cü ildə lentə aldığı “Köç” filmidir. Doqquz dəqiqəlik film saspens elementləri ilə başlayır: yaşlı, təcrübəli çoban, yaylağa köçməyə hazırlaşan həmkarlarını, sanki təhlükəli əməliyyata hazırlayır, həyəcanla tapşırıqlarını verir, onları gözlənilməz vəziyyətlər barədə xəbərdarlıq edir. Bəzi epizodlar nisbətən dinamik montajla ekşn janrına yaxınlaşır (qoyunların çaya düşməsi, proses vaxtı əmələ gələn xaos, dumanlıqdan çıxan atlı obrazı  və s), kadarxası səsdən imtina edilir. Çobanların dialoqlarındakı poetiklik,  finalda işıqlı poetik kadrlar, xüsusən, çobanların rəqs səhnəsinin həlli filmin son səhnələrinə mifik məzmun verir.

“Köç”


Müasir kinomuzda bu mövzu əsasən etnoqrafik janrda işlənir. İTV-nin “Carçıfilm” studiyasında istehsal olunmuş, Elçin Həsrətovun “Köç” sənədli filmi poetik realist üslubdadır, tərəkəməçiliyin tarixi köklərini araşdırır, eyni zamanda, müasir tərəkəmələrin məişət həyatının detalları, çətinliklərini təsvir edir. Bəzən diktor mətnindən istifadə olunsa da, film teleestetik xüsusiyyətlər daşımır, dolğun, informativ təsvirlər sayəsində ümumilikdə mətnə ehtiyac qalmır.

Rodion İsmailovun “Köç” (2010) filminin ilk baxışda etnoqrafik səciyyə daşıdığını, köçəri həyat tərzi ənənələrinin tərənnümünə hesablandığını güman etmək olar. Halbuki, müəllifin interpretasiyasında hekayə etnoqrafik çərçivələri aşır; çünki təhkiyədə dərhal nəzərə çarpmayan məqam – insanın var olmaq uğrunda çətin əməyinin başlıca ideya olduğu sezilir. Meditativ temp, sərt, realist təsvirlər müəllifin ideyasına bərəat qazandırır. Monoton təbiət mənzərələri və çobanların rutin fəaliyyəti içərisindən operatorlar (Mixail Qorobçuk, Elxan Rüstəmov) pedantçılıqla, köçəri həyatının diskomfortunu ifadə edən metaforları (səs-küydən ürkmüş tısbağa, ovunu nişan alan ilan, xəstəlikdən əziyyət çəkən dana, ac-yalavac itlərin yeməsi səhnəsi) axtarıb tapır. Təbii ki, bu məcazi kadrlar düşünülmüş yox, çəkiliş zamanı meydana gəlib və  məhz bu cür xırda, əhəmiyyətsiz görünən emosional  təsvirlər köçərilərin həyatı haqda daha dolğun məlumat ötürür.

“Köç”


Rejissor, qəhrəmanlarının altı gününü lentə alıb və yaradıcı heyət onlarla birlikdə, Tovuzdan Daşkəsən rayonuna qədər 170 kilometrlik böyük bir məsafəni qət etiblər. Müsahibələrindən birində Rodion İsmailov qeyd edir ki, əsas məqsədi çobanların yaylaqda necə yaşamasını yox, altı gün onların necə yol getmələrini lentə almaq idi.

Altı günlük hekayənin ekspozisiyası, əhvalatın mərkəzində dayanan yeniyetmə ilə açılır. Sonrakı günlərdə də yeniyetməyə fokuslanan ayrı-ayrı epizodlar yer alır. Çobanların rutin həyatına paralel xəttdə, yeniyetmənin arzuları və xəyallarının təsviri əsas konfliktdir. Onun ara-sıra səmada süzən qartalı həsrətlə seyri əlçatmaz arzularının rəmzi kimi görünür. Bəzi səhnələrdə o, topla oynayır, bəlkə də gələcəyini futbolçu kimi görmək istəyir. Yeyniyetmə ilə bağlı səhnələrdə poetik ovqat güclü olsa da, müəllif bu əhvalı qabartmır, ona görə sözügedən səhnələrə belə ətrafdakı reallıq hansısa formada daxil olur.

“Köç”


Çobanların yol əhvalatı əvvəldə meditativ, etnoqrafik dram kimi başlayır.  Gündən-günə məkanlar dəyişdikcə, şəraitə uyğun filmin janrları da dəyişir. Yağışın yağması, yolların sel basması ilə çobanların işi çətinlərşir və bu səhnələrə fəlakət janrının elementləri təbii şəkildə yüklənir. Xəstə olduğuna görə, başı kəsilmiş dananın qanını içən köpək, onun ətinə susayan itlər səhnəsi isə qorxu janrının xüsusiyyətləri ilə işlənib. Və bütün bunlarla nəsə, aydın nəzərə çarpmayan, bir ekzistensial ovqat ötürülür.

Çobanlar müəyyən infrastrukturun olduğu məkanlardan keçəndə, onların təcridə məruz qalmış hansısa planetdə yaşadıqlarının yox, bizimlə eyni torpaqda olduqlarının fərqinə varırsan. 

Bütün hallarda qəhrəmanların narazı, üsyankar əhvalı sezilmir, onlar mövcud şəraiti həyat zərurəti, qismət kimi qəbul edir və bu, bəlkə Şərq insanının fatalizmə meyilliliyi ilə bağlıdır. Yalnız fərqli düşünən, özünə başqa tale arzulayan yeniyetmədən başqa…

“Köç” bir yol filmidir və klassik əhvalat modelidir. Uzun bir səfərə-ova çıxan kişilər sonuncu gün ailələrinin yanına qayıdırlar.

“Köç” şəxsi vəsait hesabına çəkilib və bir sıra beynəlxalq festivallarda nümayiş etdirilib.

“Doğma torpaq”


Rodion İsmailovun digər tammetrajlı sənədli işi “Doğma torpaq” (2012) da yol filmidir. Amma bu dəfə motiv özünəqayıdışdır. “Doğma torpaq” filmi müəllifin vətənə xiffətinin, həsrətindən çox, onun tərənnümünün ifadəsi təsiri bağışlayır. Bununla belə, rejissor, vətəni tərənnümündə patetik ovqata yer vermir, doğulub boya-başa çatdığı torpağa (çəkilişlər Tovuzun Köhnəqala kəndində baş tutub), ilk dəfə Azərbaycana gələn 10 yaşlı qızı Lolitanın gözləri ilə baxır. Ölkənin məişət mədəniyyəti, ənənələri, yerli insanların dünyagörüşü, həyata baxışı atanın ailəsinin simasında nəinki sadəcə təsvir olunur, hətta bəzən intimliyə enir. Bu isə hekayənin səmimi alınmasında, bizim mədəniyyətə yad tamaşaçıyla belə yaxın ünsiyyət qurmasında mühüm rol oynayacaq faktordur. Məsələn, həyatını bura ilə bağlayan Rodion İsmailov valideynləri ilə ailəvi dialoqunu – valideynlərinin mühafizəkar baxışını  (ata-ana, oğulları rus qadınla evləndiyindən, mental fərqlər səbəbindən onun nə vaxtsa tək qalacağından narahatlıqlarını ifadə edirlər və s.) cəsarətlə ekrana gətirir. Azərbaycan dilini bilməsə də, xoş olmayan bir söhbətin getdiyini  duyan uşağın narahatlığı, yenicə tanış olduğu mühitlə yadlığı hekayənin kövrək konfliktini təşkil edir. Və Lolitanın hələ təzə-təzə formalaşan mədəni dünyası, bir neçə vəziyyətdə də yerli mədəniyyətlə toqquşur: azərbaycanlıların ənənəvi çay süfrələrinə alışa bilməməsi (ona getdiyi bütün evlərdə mütləq şəkildə çay təklif olunur), ziyarətgahda qurbanlıq qoyun kəsilərkən ağlaması… Atanın təmkin və sevgiylə qızına ölkəsinin ənənələrini anlatması təsirli səhnələrdən biridir.

“Doğma torpaq”


Filmin əvvəlində Lolitanın Moskvadakı rəqs məşqlərinin, evdəki mühitin, maraqlarının təsviri, təyyarədə Azərbaycan dilində bəzi kəlmələri öyrənməyə çalışması, onun sonradan atasının evində qarşılaşacağı vəziyyətlərlə kontrastı aydın vermək üçündür. 

Bütün hallarda, Lolita, qohumları ilə dil taparaq doğmalaşır, uşaqlarla xoşbəxtcəsinə əylənir, nehrə çalxalamaqda qohumuna kömək edir, baba və nənənin sevgisini dərindən duyur və s. 

Rodion İsmailovun hər iki filmində səs amili təsirli rol oynayır. Ona görə, səs rejissoru Mixail Alekseyenkovun peşəkarlığını mütləq qeyd etməliyəm.

“Doğma torpaq” həm də, rejissorun sənət vasitəsilə bir daha özünüdərki, özünəqayıdışıdır. Təsadüfi deyil ki, o, zamanla, vətəndən uzaq qaldıqca, daha çox, Azərbaycan haqda film çəkmək istədiyini dilə gətirir.  Bu mənada onun yaradıcılıq planında bir neçə layihəsi var.

Azərbaycanın “Sinema evi” və Rusiyanın “DS film” studiyalarının müştərək istehsalı olan “Doğma torpaq” Azərbaycanın və Rusiyanın Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə çəkilib.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top