İNDİ OXUYUR
Körpələrin göz yaşı

Körpələrin göz yaşı

Şamil Əliyev tək çəkməyib öz filmini. Dünyanın dərdli halı ilə müəllifin tandemindən yaranıb bu film. Elə ona görə, adı da bu dərdin dəyərinə görə seçilib; “Körpələrin göz yaşı”na dəyməyən dəyəri var belə dünyanın.

Filmdə daha çox hazır arxiv materiallarına, yəni, digər kinematoqrafçıların ekran işlərinə istinad edilməsi rejissorun öz ideyasını dəlil-sübutlu göstərmək istəyindən və zərurətindən doğub.

Bu mənada filmin strukturu xorda solist ilə xorun qarşılıqlı münasibətini xatırladır. Şamil Əliyev öz ana yurdundakı faciəni bütün dünyada törədilən digər faciələrdən ayırmayaraq məhz dünyanın özünü öz solo ifasının xoruna çevirə bilib. Belə yanaşma, filmi Xocalı soyqırımına dünya siyasətçilərinin biganəliyini ifşa edən ən kəskin rəsmi sənəd mövqeyinə qaldırır.

Qeyd edim ki, “Körpələrin göz yaşı” filmi haqqında danışarkən musiqiyə istinadım onun öz ruhundan doğur. Belə ki, əvvəldən-axıra kimi fimi müşayiət edən uğurlu musiqi həlli, onu sadə, cansız sənəd olmaq çərçivəsindən çıxarır, sənəd deyil, məhz yüksək sənət nümunəsi, daha dəqiq desək, sənədli film yox, sənətli film edir.


İlk kadrlarından milli musiqi alətimiz – kamançanın bütün ekran boyu iri planda, özü də zəhmətkeş insan əllərinin fonunda canlanması onu həm milli kimliyimizin, həm də soyqırıma məruz qalmağımız faktının uzun illər dünyada ört-basdır edilməsinə etiraz olan nalə və iniltimizin rəmzinə çevirir.

Xocalı 1992
Ruanda 1993
Bosniya Hersoqovina 1995
Kamboca 1995
Nyu-York 2001

Müəyyən ardıcıllıqla hər hissənin başlığına həkk olunan bu adlar dünyanın tək coğrafi yox, həm də faciə xəritəsində öz əksini tapmış yer adları kimi çatdırılır tamaşaçıya. Bu yer adlarının yanında verilən xronoloji işarələrə nəzər salanda Xocalı soyqırımının tarixən əvvəldə durduğunu görürük. Belə ki, XX əsrin ən qəddar soyqırımı kimi tarixə düşmüş bu rəqəm həm dünyanın biganəliyinə, həm də dünyadakı faciələrin zəncirvariliyinə bir işarədir.

1992-ci il Xocalı soyqırımı ilə 2001-ci ildə ABŞ-də baş verən 11 sentyabr faciəsi arasındakı zaman kəsiyi aşkar görünür. Xocalıdakı günahsız insanlar kimi, qoşa göydələnlərdəki insanlar da günahsız qurbanlar idi. Şamil Əliyev bir filosof kinematoqrafçı olaraq çox incə kinoştrixlər kimi istifadə edib bu zaman fərqindən.

Adından göründüyü kimi, tamaşa üçün çox ağır olan “Körpələrin göz yaşı”nda ustalıqla yaradılmış rəng palitrası filmin ağır yükünü tamaşaçının çiyinlərindən götürməyə xidmət edir.


Dəhşət doğuran, uşaqlı-böyüklü insan cəsədləri ilə dolu, sözün hərfi mənasında qaramat kadrlardan sonra öz çılpaqlıqları ilə saflıq və gözəllik bəxş edən toppuş körpələrin şəkillərinin çiçək kimi kadra səpələnməsi digər kadrdakı qırmızı laləli çəmənlə, təbiətlə analogiya olaraq bəşərin qəlbində yaşayan ümidin rəmzidir.

Bu filmlə bağlı aşkar etdiyim həqiqətlərdən biri də Xocalı soyqırımına kinematoqrafiyamızda bu günə kimi olan baxışlardan fərqli, yeni baxış bucağı təqdim etməsi oldu.

Adətən, Xocalıyla bağlı filmlərimizdə erməni faktoru xüsusi vurğulanır. Əlbəttə ki, bu fakt danılmazdır və onu qabartmaq zərurətidir. Halbuki bu halda dərdimizin lokallaşması faktını da boynumuza almalıyıq.

Bax, Şamil Əliyev də məhz bu səbəbdən, dərdin daha qloballaşması üçün filmini körpənin deyil, məhz “Körpələrin göz yaşı” deyə bütün bəşəriyyətə tanış bir ifadə ilə adlandırıb. Dünyanın sənədli xronikal filmlərindən (həmçinin Nizami Abbas və mərhum Çingiz Mustafayevin hamımızın yaddaşına həkk olunmuş məşhur kadrlarından) götürülmüş fraqmentlər əsasında  reallaşan uğurlu montaj filmin ritminin, məna aspektinin, tempinin tamaşaçıya güclü emosional təsirinə səbəb olur.


Bəli, Şamil Əliyevin bu filmini yüksək montaj nümunəsi kimi də fərqləndirmək mümkündür. Çünki o, dünyanın müxtəlif qanlı nöqtələrində çəkilmiş film kadrlarını özünün çəkdiyi kino materialları ilə elə orqanik birləşdirə bilib ki, filmə “bu onların, bu da bizim dərdimiz” deyə çəpər çəkmədən, birnəfəsə, eyni emosional təsir çərçivəsində baxa bilirsən. Müəllif, filmində “Ey dünya, baxın görün, biz nələr çəkmişik!” deyə hayqırmır. Sadəcə  “baxın görün, bəşəriyyətə nələr çəkdirirlər” deyir.

Doğrudur, müəllif dərdi çəkdirənlərin kimlər olduğu söhbətinə qətiyyən qarışmır. Mixail Rommun məşhur “Adi faşizm” filmindəki kimi, kadrarxası müəllif şərhi, ittihamı yoxdur Şamil Əliyevin filmində. Filmin uğuru da elə bundadır. O, dünyadakı faşizmi, yəni, müasir terminlərlə  desək, soyqırımı, terroru, ekstremizmi, kütləvi qırğınları ittiham etməkçün,  “Körpələrin göz yaşı”nı şahid (qeyd edim ki, müqəddəs kitablar – “Quran” və “İncil”-ə aid hekayələrdən biri də körpə məsumluğunun  zülmə son qoymaq mahiyyətini önə çıxarır) göstərməyə üstünlük verib kinomuzda. Məhz milli kinomuzda.

Sədaqət Kamal

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya