İNDİ OXUYUR
Köpəkləşmiş insanlar

Köpəkləşmiş insanlar

Aldanma fəqirin olmaz əqlü zəkası,

Çün yoxdur onun sən kimi pakizə libası.

Yox sərvəti, yox dövləti, yox şalı əbası,

Var köhnə çuxası, dəxi bir təkcə qəbası.              
                                              (M.Ə.Sabir)

“Cəmiyyət iki əsas sinfə bölünmüşdür. Bu iki ana sinfin biri sürətlə zəngin hala gələrkən, digəri, sürətli olaraq kasıblaşmaqdadır.” (Karl Marks)

İki əks qütbün, iki fərqli peşə nümayəndələrinin toqquşduğu deyil, “görüşdüyü” nöqtə – təbəqələşmə. Şərqin böyük satirik ustalarından olan M.Ə.Sabir “varlı-kasıb” ayrı-seçkilyini pislədiyi kimi, Qərbin seçilmiş mütəffəkirlərindən sayılan Karl Maks da insanlar arasında ayrı-seçkiliyin mövcud olmasını insanlıqdan kənar, qeyri-bəşəri hal kimi qiymətləndirib. Hər kəsin zəngin olmaq haqqı və fürsətləri təbbi qiymətləndirilirsə də, xoş qarşılanmayan, çirkin xislətin göstəricisi olan təbəqələşmə: cəmiyyətin həmin nümayəndələrinin hakim, zalım qüvvələr tərəfindən əməklərinin istismar edilməsi, müharibələrdə insan itkisini can deyil, qüvvə,güc sərfiyyatı kimi qiymətləndirmişdir.


Bu təhlildə, istənilən qapıda bir qarın çörək üçün qul olmağa hazır olan, öz  mənliklərini, insanlıqlarını ailə və övladları üçün itirməyə nəinki razı olan, hətta it olub hürməyə belə hazır olan müxtəlif insanların eyni talelərini əks etdirən “Köpək” filmi və onun problematikası ilə tanış olacaqsınız. Filmboyu insanın əqidəsinin ehtiyacları istifadə edilərək alçaldılmasının, köpək vəziyyətinə gətirilməsi üçün ölümlə həyat arasında qalmasının oyun hala gətirildiyini görürük. Loğman Kərimovun ssenari müəllifi olduğu bu film 1994–cü ildə rejissor Tofiq Tağızadə tərəfindən ekranlaşdırılmışdır. Filmin ekspozisiyasında insanların toplu şəkildə iş üçün bir məkanda toplaşdığı əks olunur. Eyni statuslu insanları bura toplaşmağa vadar edən də elə eyni qayğılardır: Maddi sıxıntı, işsizlik, və ailənin üzünə dik baxmaq üçün cəmi bir qarın çörək! “Cəmi bir qarın çörək” – bir cümlə. Filmdə bu cümlənin mübarizəsi uğrunda  insanlığın özü sınağa çəkilir və qəhrəmanlar insan kimi yaşamağın deyil, insan kimi qalmağı qarşısına hədəf qoyur. Elə bu taleyi yaşayacaq insanlardan biri də aktyor Məmməd Səfanın canlandırdığı obrazdır.

(Filmdə personajların adları olmadığından, real adlarının baş hərfi və ya “tutduqları mövqe” ilə qeyd edəcəyəm) Filmin baş qəhrəmanı – “M” iş üçün yola düşməzdən öncə, tamaşaçılar onun ailəsi ilə tanış olur. Kameralar ekran önündə əyləşənlərə üçnəfərlik ailəni: atanı, oğulu və ananı təqdim edir. Ata, oğluna dərs izah edərkən, ana isə ev işləri ilə məşğul olarkən ekranda canlanır. Məişət mühitində keçən “Ata, biz üç hərfi birləşdirib it elədik, bəs biz indi adamı it edə bilərik? Ana: “Nə axmaq-axmaq danışırsan. İtdən it olar adamdan da adam”. Bu dialoq, tamaşaçını filmin adını üzərində düşünməyə və şübhələnməyə vadar edir. Hər nə qədər aqressiv cavab olsa da, qadın həyat yoldaşının başına gələcəklərdən hələ xəbərsizdir. Belə ki qəhrəmanın səfərboyu qarşılaşacağı hadisələrə, yoldaşı yox, tamaşaçı şahidlik etməyə başlayır. İnsanlar dolu avtobusla “iş yerlərinə” çatdıqdan sonra ekranlarda daha zəngin, zadəgan, lakin mənəviyyatdan səfil obrazlar görünməyə başlayır.  Üst-başı çirkli, yamaqlı, ehtiyacın bura gətirdiyi insanlara nisbətdə, filmdə zəngin təbəqənin varlığı gözə çarpır. Onlar bura gələn insanları işçi kimi qəbul etməsi qulaqlara sağlam niyyət kimi toxunur.


Lakin qumarbaz rollarını oynayan Fuad Poladovla, Muxtar İbadov həmin insanlar haqqında şərt kəsiblər. Bu şərt onların rifahına və sosial həyatlarının yaxşılaşdırılmasına deyil, əksinə, insanlıqdan çıxarıb köpəyə çevirmək mərcləri üzərində qurulub. Fuad Poladovun canlandırdığı obrazı zalım kimi xarakterizə etsək, o, iş üçün gələn insanlara zülm edərək it kimi sədaqətli olmaqlarını istəyir. Bəli it kimi. Sonra? Sonra pul da var yemək də, üstəlik mükafat da. Bir şərtlə ki, özünü insanlıqdan çıxarıb it vəziyyətinə sala bilsən. Bütün bunlara əməl edən insanlar sonda öz sadiqliklərinə görə  “Köpək ordeni” ilə təltif edilərək “İtlər cəmiyyətinə” üzv seçilir. İş üçün gələn insanlar bu təklifə razı olsalar da, etiraz edən cəmi iki şəxs var. Biri elə gəldiyi gün özünü asan qoca, digəri isə əvvəldən bizimlə olan “M”. O, nə olursa olsun, insan mənliyinin bütün ehtiyaclardan üstün olduğunu və istənilən dilemmada maddiyyət qarşısında zülmə tabe olmamağa, satqınlıq etməməyə çağırır. Lakin onun başına gələn hadisələrə münasibətilə baş qəhrəmanın düşüncələri toqquşur. “Heç kəs anadan satqın, əclaf doğulmur. Lakin ehtiyac məni satqın etdi, mənliyimi arzularıımı əlimdən aldı” söyləyən yaltaq işçi onun da mübarizəsindən əl çəkməsini təklif edərək əvvəl-axır tabe olacağının qaçılmazlığını bildirir. Elə belə də olur.


Qəhrəman cəsarətli, mübariz olmağı ilə yanaşı  ordakılara insan olmaqlarını xatırladır. Lakin sahibkarlara bu heç də sərf etməyən məsələdir. Ona görə də könüllü/məcburi iynələr vasitəsilə üzərində “köpəyəçevirmə” təcrübələri aparılır.  Gecənin birində itlə üzbəüz dayanan qəhrəmanın itlə “ Sən köpəksən! Sən azadsan! Sən istədiyin yerə gedə bilərsən” “dialoqu” tükürpədici və sarsıdıcıdır. Ən dəhşətlisi isə köpəkləşməyə vadar edilən və köpəklə üz-üzə dayanan personajın dəlicəsinə “Mən insanam! Mən insanam!” deyə hayqırmasıdır. Sanki o heyvanlaşmış kütlə içində öz kimliyini unutmamağa çalışır. Filmin sonunda baş qəhrəman qaçmağa çalışır. Belə ki, o yoldan keçən avtobusa minir və yuxuya gedir. Yuxuda ailəsini görən personaj eyni avtobusa minərək qurtulmaq istədiyi məkana geri qayıtdığının fərqində olmur. Avtobus artıq çatanda tamaşaçı da onunla birgə şirin xəyallardan ayrılır və acı həqiqəti qəbul etmiş olur. Hara qaçırsan, qaç, gedəcəyin məkan və görəcəyin “üzlər” eynidir: Köpəkləşmiş insanlar! Cəmiyyətdən nə qədər fərqli olursansa, cəmiyyət səni bir o qədər içinə çəkir. Atdığımız hər addım bizi olmaq istəmədiyimiz adama çevirir.


Obrazlar, dialoqlar, filmin psixoloji dram ab-havası tamaşaçıya ekran önündən təmas edərək sarsıntı yaşamasına səbəb olur. Rejissor T.Tağızadə kino sənəti ilə psixologiyanı mükəmməl sintez edə bilmişdir. Film, toxunduğu problemlər, aktyor oyunu və rejissor işi sayəsində bu gün də maraqla izlənir. Haqqında danışdığım film, rejissor T.Tağızadənin kinoda son işidir. Bundan əvvəl o “Uzaq Sahillərdə”, “Yedii oğul istərəm”, “Əsl dost” kimi filmləri ilə tamaşaçıların rəğbətini qazanmışdır.

Elza Axundova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya