İNDİ OXUYUR
Kitonsayağı yumor

Kitonsayağı yumor

XX əsrin əvvələrində tamaşaçıların marağına səbəb olan bir çox böyük komiklər var idi, lakin çoxları ilk ustaların Çarlz Çaplin və Baster Kiton olduğu ilə razılaşırlar. Kinonun səssiz və rəngsiz dövrünə rəng qatanlar da məhz onlar olublar. Ç.Çaplin 1931-ci ildə lentə aldığı “Böyük şəhərin işıqları” filmində səsi tamaşaçıya “göstərdiyi” kimi 1924-cü ildə Baster Kiton da  “kino və yuxu” mövzusunda “Kiçik Şerlok” filmini lentə almışdır. “Mədəni, tarixi və estetik baxımdan əhəmiyyətli” hesab edildiyi üçün, 1991-ci ildə Konqres Kitabxanası tərəfindən ABŞ Milli Film Reyestrinə daxil olunmuş bu film 2000-ci ildə Amerika İnstitutu tərəfindən qiymətləndirilmiş və bütün zamanların ən komik filmləri siyahısında 62-ci sırada yer almışdır. Filmlərində dəyişməyən – ifadəsiz siması ilə “Big stone face” ləqəbini qazanmış komediya ustası, aktyoru, və rejissoru Baster Kiton 1895-ci ildə vodevil komikinin ailəsində anadan olmuşdur.


Ona ailə dostu və xaç atası Harri Hudini tərəfindən Baster adı verilib. Bəlaların izlədiyi Baster Kiton hələ kiçik yaşlarında bir neçə təhlükəli  qəzadan sağ çıxıb. Cəmi üç yaşı olarkən, o, ailəsi ilə birlikdə “3 Kiton” adı ilə çıxış edirdi. Baster Kitonun filmdə yaratdığı illüziya və fantaziya ilə yanaşı, bir çox kinematoqrafiya fəndlərindən məharətlə istifadə etmişdir. Kiton əslində, tamaşaçının “filmə baxmaqdan niyə zövq alırıq?” sualının cavabını vermişdir. Sadə bir mexanik olan Şerlok, detektiv olmaq xəyalı ilə yaşasa da bu arzusunu kinoda “reala çevirir”. Real həyatda saf qəlbli olan Kiton, sevdiyi qıza hədiyyə alaraq onun evinə gedir. Lakin onun düşməni Şeyx, qızın atasının saatını oğurlayır və günahı Şerlokun üstünə yıxır. Detektiv olmaq istəyən gənc, hadisələri aydınlaşdıra bilməyəndə qəmgin halda sinemaya qayıdır və “Qəlblər və incilər” filminə baxaraq yuxuya dalır. Burada diqqətimizi yuxuya cəmləyək. Yuxugörmənin başlıca özəlliyi, onun, insanın gerçəkləşdirmək istədiyi xəyallarından yaranmasıdır. Və bu istəklərin yerinə yetirilməsi də elə yuxugörmənin məzmununa çevrilir. Yuxugörmənin bir dayanaqlı özəlliyi isə onun bu istəkləri düşüncədən keçirməməklə, onları gözəgörünmələr (hallüsinasiyalar) şəklinə salmasıdır. Yuxugörmədə gizli qalan gerçək anlamın “korlanması”, istəklərin, düşüncədən gerçəyə çevrilməsində özünü göstərir. Yatırsan, ancaq könlündəki istəyin reallaşması üçün darıxırsan. Yuxugörmədə bu istəyi gerçəkləşdirirsən və yatmağa davam edirsən. Fantastik bir görünüşlə ruhu bədəndən ayrılaraq, kinoteatr pərdəsinin qarşısında dayanan Şerlok, özünü filmin içində tapır. Amma burada sadəlövh və saf olan o deyil, düşməni Şeyxdir. Baster Kiton burada kinoteatrın insana bəxş etdiyi ən böyük lütfü – xəyal gücünü göstərir. Kinoteatra daxil olan an, sən, istədiyin hər kəs ola bilərsən. Boyunbağının oğurlanması ilə əlaqədar bura gələn detektiv Şerlok, real həyatdan fərqli olaraq qızın atasının etibarını qazanmışdır. Hekayələr çox oxşardır və hər ikisində eyni personajlar görünür, lakin yuxularda baş verənlərlə reallıqda baş verənlər arasında ciddi fərqlər var. Məsələn, əslində, uşaq təvazökar mexanikdir;  O, tez-tez başqalarının: kinodakı müdirinin və onu çərçivəyə salan rəqibinin dominant olduğu bir xarakterdir.  O həm maddi, həm də sosial baxımdan təvazökar bir xarakterdir və detektiv olmaq arzularını həyata keçirməyə çalışır.  Bununla belə, yuxunun içində o artıq sadə “oğlan” deyil, məşhur usta detektivdir. O, bahalı kostyum geyinir və vəziyyətə nəzarət edir. O həmçinin bilyard səhnəsində onun üçün qurulan müxtəlif tələlərdən və fəndlərdən yayınmağı bacardığı kimi, daim rəqiblərini üstələyir. Şeyx və xidmətçinin ona qurduğu tələləri detektiv Şerlok uzaqgörənliyi ilə dəf edir. Filmdə reallıq və yuxu arasındakı əsas fərq, sürücüsüz motosiklet, qatar üstündəki qaçış və s. səhnələrdə görünür. Detektivin, günahkarları izlədiyi bu səhnələrlə filmin sürreal hissəsi başlayır. Şerlok pəncərəyə yerləşdiyi kostyumun içindən keçir və oğrulardan gizlənir. Ruhu, yuxusunda oğruları tapmağa çalışan mexanikdir, realda isə sevdiyi qız onun əvəzinə oğrunu tapır. Yuxuda uğur qazanan detektiv, oyananda sevdiyi qızın yanına gəldiyini görür, onunla necə rəftar edəcəyini bilməyən mexanik, detektivliyi öyrənmək üçün kitaba müraciət etməsindən fərqli olaraq, tamaşaçının qarşısında iki səhnə görünür: Detektiv və varlı qıza paralel olaraq mexanik və sadə qız. Filmdə eyni zamanda ədəbiyyat və kino qarşı-qarşıya qoyulur. Ədəbiyyat, kinoya nisbətdə zəifləyir. Belə ki detektivliyi kitabdan öyrənmək istəyən mexanik, 45 dəqiqə ərzində kinoda ən yaxşı detektiv olur. Kino reallıqla paralel irəliləyir. Personaj, sevgilisi ilə necə rəftar edəcəyini bilməsə də, reallıqla paralel gedən kino sayəsində bunu öyrənir. Kino ilk yarandığı dövrdən bu günə qədər tamaşaçılara ideal qəhrəmanı təqdim edərkən, hər tamaşaçı o qəhrəmanda özündən bir parça tapır. Müasir dövrdə isə bu artıq özünü aydın şəkildə büruzə verir. Araşdırmalar göstərir ki, hər bir izləyici müəyyən müddət sonra izlədiyi serial və filmin personajının tipik hərəkətlərinə yiyələnir. Nitqində qəhrəmanların istifadə etdiyi ifadələrə rast gəlinir, hərəkəti, geyim tərzi ona uyğunlaşır və s. Baster Kiton kinonun bütün imkanlarından istifadə etməklə yanaşı, reallıq və yuxu konsepsiyasını kinoda ustalıqla işlədir. Müasir dövrdə “filmdə yuxu” dedikdə bir çoxumuzun ağlına rejissor K.Nolanın çəkdiyi  “Başlanğıc” filmi gəlir. XX əsrin Şerloku, XXI əsrdə oğru Cobla əvəz olunur. Filmdə Cob adlı personaj başqalarının yuxularını quraraq onlardan gizli məlumatlarını oğurlayır. Cob və Şerlok personajları bizə XX və XXI əsrdə kinoda yaranan ən böyük fərqlərdən birini təqdim edirlər. Ötən əsrin sadə, saf qəlbli Şerloku, artıq müasir əsrdə ideal olmayan oğru Cobla əvəz olunur. Yuxunun özü belə, xəyalları reallaşdırmaq kimi uca bir vəzifədə oğurluq üçün vasitəyə çevrilir. Şerlokun sevdiyi qadını isə, Cobun vəfat etmiş, lakin təhtəlşüurda sağ olan və hər yuxu görməyə çalışanda onun planlarını pozan həyat yoldaşı Mellori əvəz edir. “Kiçik Şerlok” filmində tamaşaçılar, Şerlokun yuxuda olduğunu dərk edir.  “Başlanğıc” filmində isə yuxu və reallıq arasındakı bağ qopur. Bunu müasir dövrdə kinoda işlənən mövzuların tamaşaçı üçün artıq o qədər maraqlı olmaması ilə əlaqələndirmək olar. XX əsrdə yenilikləri ilə tamaşaçını daim təəcübləndirən kinonun artıq müasir dövrdə bu təsiri azalır.


Filmlərində təhlükəli səhnələri ilə seçilən Baster Kiton 1924-cü ildə “Kiçik Şerlok”  filmində xəsarətlər alıb. Buna baxmayaraq, Kiton 10 il boynunun qırıldığının fərqinə varmayıb və uzun illər şiddətli başağrısı yaşayıb. İllər sonra həkimə gedəndə bu həqiqətin fərqinə varıb. Kim bilir, bəlkə də Kiton üçün kino – yuxu idi və eynilə “Kiçik Şerlok” filmində tamaşaçının Şerlok yuxuda olduğu üçün ona bir  şey olmayacağına əmin olduğu kimi, Kiton da kinoda ona heçnə olmayacağını düşünürdü.

Con Vayt “Amerikan kinosunun 50 işi” kitabında qeyd edir: “Basterin yuxusunda filmin yaradılması birmənalı və qeyri-adi olsa da, film daxilində bu, kiçik Şerlokun uydurma dünyasının daxili məntiqini təhdid etmir və hətta ona məna verməyə xidmət edir. Baster Kiton “Kiçik Şerlok” filmində yuxunun içinə daxil olmaqla, öz filmini digər stereotip komediyalardan fərqləndirmişdir.

Elza Axundova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya