Kinoyazarlar üçün 10 beynəlxalq proqram
Ölkəmizdə kinotənqidin cəlbedici sahə olmadığı aşkardır. Bunun əsas səbəbi, maddi resursların məhdudluğu, kino sənayesinin formalaşmaması və gənclərin bu işdə heç bir potensial görməməsidir. Hər il onlarla tələbə “Kinoşünaslıq” ixtisasına qəbul olsa da, bu işlə aktiv məşğul olan insan sayı bir əlin barmağını keçməyəcək qədər azdır. Halbuki, bu sahənin perspektivləri var və ölkəmizdə kinonun inkişafı da məhz onların dəstəyilə mümkündür. Bu sahəni inkişaf etdirmək həm dövlət tərəfindən müxtəlif təlimlər, tədbirlər, layihələr keçirilərək, həm də özəl sektorda, ələlxüsus, media qurumlarında maraqlı formatlar taparaq geniş auditoriyaya çatdıraraq mümkündür. Hər il dünyanın bir çox ölkəsində festivallar daxilində və festivaldan əlavə kinotənqidçiliyin inkişafı üçün proqramlar, məşqlər və təlimlər keçirilir. Bu sahəyə olan maraq təsadüfi deyil. Auditoriya ilə film arasındakı əlaqənin qurulması üçün bu sahədəki insanların fəaliyyəti mütləqdir. Əgər yaxşı bir kinosənayemizin olmasını istəyiriksə, bunun üçün Azərbaycan kinosunu tənqid və təbliğ edən insanlara ehtiyacın olduğu şübhəsizdir.
Azərbaycandan fərqli olaraq, həm bölgəmizdə, həm də dünyanın nüfuzlu festivallarında gənc kinotənqidçilər üçün müxtəlif proqramlar təşkil edilir. Bu yazımda da həmin imkanları bölüşmək, daha çox insanı məlumatlandırmaq istəyirəm. Bu cür tədbirlərə qatılaraq üfüqünüzü genişləndirmək, dünya kinosunda baş verənləri qavramaq və yeni perspektivlər qazanmaq mümkündür. Beləliklə, əvvəlcə regional imkanları, daha sonra isə beynəlxalq tədbirləri sizinlə bölüşməyə başlayıram.
- Meeting Point Vilnüs – Talents Nest
Bu proqram Vilnüsdə keçirilir və keçmiş Sovet İttifaqı ölkələrini, Qafqazı əhatə edir. Hər ilin mart ayında keçirilən proqram, Vilnüs Beynəlxalq Film Festivalının bir hissəsidir. Bu tərz proqramlar adətən bir ay yarım – iki ay əvvəldən açıq çağırış edir və müraciət üçün açılır. Bu və bundan sonra haqqında danışacağım bütün proqramlarda ingilis dili biliyi mütləqdir. Beynəlxalq tədbirlərdə ingilis dilini bilmədən iştirak etmək qeyri-mümkündür. Regional proqramlara qatılaraq daha sonra rəqabətin çox olduğu beynəlxalq proqramlara da seçilmək şansını artıra bilər.
- Talents Sarajevo
Bu proqram regionun ən əhəmiyyətli proqramlarından biridir. Təkcə kinotənqid yox, başqa bir çox sahədə də öz imkanlarını gənclərin üzünə açır. Sarayevo Film Festivalı daxilində keçirilən proqram Berlinale Talents-in Balkanlar və Qafqaz fokuslu bölməsidir. Bu proqrama qatılaraq siz, regionumuzda baş verən kino hadisələrini öyrənə, oxşar və fərqli çətinliklərlə tanış ola bilərsiniz. Sarayevo Film Festivalı hər ilin avqust ayında baş tutur. Burada müraciət üçün çağırış üç-dörd ay əvvəldən elan edilir. Bu proqrama seçilərək siz həm də gələcək işlərinizdə özünüzə yeni imkanlar yaratmış olacaqsınız.
- FIPRESCI Warsaw Film Project
FIPRESCI Beynəlxalq Kinotənqidçilər Assosiasiyasıdır. Hər il Varşava Film Festivalı çərçivəsində proqram təşkil edilir və təcrübəli mentorları gənclərə yol göstərmək üçün dəvət edirlər. Bu proqramın əlavə üstünlüyü odur ki, təkcə kinotənqidçi kimi iştirak edib məqalələr yazmır, həm də başqa ölkələrdən olan kolleqalarla proqram daxilində ən yaxşı filmi seçib mükafatlandırırsınız. Jüri təcrübəsi yaşamaq və Mərkəzi və Şərqi Avropa kinosunun yeni filmləri ilə tanış olmaq üçün idealdır. Bu festival hər ilin oktyabr ayında keçirilir. Proqrama Şərqi Avropa ölkələrindən olan gənc kinotənqidçilər müraciət edə bilər və Azərbaycan da həmin ölkələr sırasına daxildir.
Regional proqramlardan fərqli olaraq, beynəlxalq proqramlarda rəqabət daha çoxdur və seçilmək daha çətindir. Buna baxmayaraq, bu cür proqramlara seçilmək sizin şəxsi inkişafınız və CV-niz üçün çox böyük və müsbət təsirə malikdir. İlk dəfədən seçilməsəniz belə, cəhd etməyə davam etməlisiniz. Beləliklə, beynəlxalq proqramların bəziləri:
- Berlinale Talents
Berlin Film Festivalının gənclərə yatırım etdiyi və hər il dünyadan 200-ə yaxın gənci dəvət etdiyi bu tədbirlər silsiləsinə kinotənqidçilər də daxildir. Bu proqram da eynilə Talents Sarajevo kimi bir çox bölmədən ibarətdir. Burada, birbaşa böyük media şirkətlərinin rəhbərləri, kinotənqidçiləri iştirak edir ki, dünya arenasına çıxmaq üçün bundan yaxşı fürsət ola bilməz. Festival hər il fevral ayında keçirilsə də, müraciət çox olduğu üçün avqust-sentyabrda müraciət açılır və qapanır. Azərbaycandan daha əvvəl bu bölməyə heç bir kinotənqidçi seçilməyib, yalnız bir neçə rejissorun adını çəkə bilərik.
- Locarno Critics Academy
Nüfuzlu Lokarno Film Festivalının kinotənqidçilər olan bu xüsusi proqramı, daha bir diqqətəlayiq beynəlxalq layihədir. Kino dünyasının nəhənglərinin iştirak etdiyi emalatxanalar, təlimlər və məruzələr inkişaf üçün əla zəmin təmin edir. Festival avqust ayında keçirilsə də, sözügedən bölməyə müraciət may ayında yekunlaşır. Bu festival da daxil olmaqla, adları qeyd olunan proqramları vaxtaşırı internetdə axtarış etmək və açıq çağırış vaxtları ilə maraqlanmaq mütləqdir.
- IFFR Young Film Critics
Rotterdam Beynəlxalq Film Festivalının təşkil etdiyi bu proqram dünyanın müxtəlif yerlərindən olan gənc kinotənqidçiləri hədəfləyir. Burada hər il cəmi beş iştirakçı seçilir ki, bu da özlüyündə müsabiqənin çətinliyini göstərir. Son illərdə Rotterdam Film Festivalı pandemiya səbəbindən bu proqramı təxirə salmışdı ya da onlayn keçirirdi, ancaq növbəti illərdə yenidən aktivləşdirilməsi gözlənilir. Festivalın keçirilmə tarixləri yanvarın sonu, fevralın əvvəlidir.
- FAR EAST FILM FESTIVAL CAMPUS
İtaliyanın Udine şəhərində keçirilən bu festivalın əsas fokusunda Uzaq Şərq kinosu var. Burada olan proqram isə 26 yaşa qədər olan gənc kinotənqidçiləri əhatə edir. Onlar hər il beş avropalı, beş asiyalı gənci seçib dəvət edirlər və mentorların dəstəyilə gənclərin Uzaq Şərq kinosunun parlaq adları ilə ünsiyyət imkanı olur. Əgər Uzaq Şərq kinosuna xüsusi rəğbətiniz varsa və hələ yaşınız 26-nı keçməyibsə, bu proqrama mütləq müraciət etməlisiniz. Festival hər ilin aprel ayının sonlarında keçirilir.
- The European Festival Network MIOB
Hazırda yeddi festivalı əhatə edən MIOB platforması gənclər üçün təlimlər təklif edir. Ötən il onların təklif etdiyi təlimlər üç müxtəlif festivalda baş tutmuşdu. Müraciət edərkən festivalı özün seçə bilirsən ki, bu da proqramı digərlərindən fərqləndirən məqamdır. Ötən il açıq müraciət sentyabr ayında idi, lakin bu tarixlər dəyişə bilər. Hər halda, bu proqram vasitəsilə özünüzə ən uyğun festivala və məkana səyahət edə bilərsiniz.
- Young Critics Workshop 2022 – Film Fest Gent
Bu proqram Belçikanın Gent şəhərində eyniadlı film festivalı daxilində baş tutur. Proqram 18-26 yaşlı gəncləri, kinosevərləri əhatə edir. Festival seçilən şəxslərə nümayişlərə giriş, mentor dəstəyi və onlarla birgə festivalda nümayiş olunacaq filmləri əhatə edəcək yazılar yazmağı təklif edir. Festival hər ilin oktyabr ayında baş tutur. Belçikanın ən böyük film festivalı sayılır. 1974-cü ildə yaradılan festival həm də öz ənənəsi ilə fərqlənir.
- Go Critic!
Avropa kinosunun əsas mətbu mənbələrindən olan Cineuropa-nın təşkilatçılığı ilə keçirilən bu proqram, gənc jurnalistləri və film tənqidçilərini əhatə edir. Digərlərindən fərqli olaraq “Go Critic!” ildə bir neçə dəfə keçirilir. Son dövrlər animasiya filmlərinin keçirildiyi festivallarda bu tədbirləri təşkil edirlər və Avropa animasiyasının tanıdılması naminə fəaliyyət göstərirlər. Burada Cineuropa ilə işləyən təcrübəli kinotənqidçilərin birbaşa mentorluğu ilə yeni perspektivlər qazanmağınız mümkündür.
Təqdim etdiyim 10 proqram, sadəcə, böyük bir ekosistemin nəzərimə çarpan məqamları idi. Bu proqramlardan başqa, müxtəlif tədbirlər də olur və əksər hallarda həmin tədbirlərə açıq çağırış elan edilmir və sizi tanıdıqları halda dəvət edirlər. Ona görə də, iştirak etdiyiniz tədbirlərdə daha çox insanla ünsiyyət qurmağa çalışın. Bu sizin faydanıza olacaq.
Xatırlatmaqda fayda var ki, hər festivalın öz şərtləri olur. Bəziləri sizin bütün xərclərinizi qarşıladığı halda, bəziləri müəyyən hissəsini, bəziləri isə heç bir hissəsini qarşılamır. Buna görə də müraciət edərkən. şərtlərlə yaxından tanış olmağınız mütləqdir.
Hacı Səfərov