İNDİ OXUYUR
Sorğu: Kinosuz tənqid, tənqidsiz kino

Sorğu: Kinosuz tənqid, tənqidsiz kino

Sosial media sayəsində hər kəsin hər mövzuda fikir bildirmək imkanı qazandığı, yenə sosial media sayəsində səthi “indi və dərhal” reaksiyaların dəbə düşdüyü dövrdə uzun-uzadı düşünməyə sövq edən analizlər, təhlillər hələ də aktualdırmı? Məsələn, kino tənqidi, kinoşünaslıq günü-gündən sürətlənib dəyişən dünyada hansı funksiyanı daşıyır ya da faydası nədir?      

Kinoyazar.az bu suallara cavab tapmaq məqsədilə  yerli rejissor və prodüserlər arasında sorğu keçirib. Sorğunun nəticələrini təqdim edirik.

Kinotənqidin yaradıcı prosesə və ümumilikdə sahəyə faydaları və mənfi təsirləri nələrdir?

Ssenarist, rejissor Nurlan Həsənli


– Tənqid filmin daha dərindən oxunmasını təmin edir. Bəzən müəllif özü belə fərqinə varmadığı alt qatları tənqidçi işıqlandırır. Məsələn, bu yaxınlarda Sevda Sultanovanın mənim filmlərim haqqındakı analizi mənə belə təsir etmişdi. Bu, növbəti işlərdə yaradıcı insana istiqamət verir, inkişafına kömək edir. Sağlam kino tənqidi peşəkar mühitdə müzakirə mədəniyyəti yaradır, tamaşaçını da düşünməyə sövq edir. Yaxşı tənqid həm tamaşaçı zövqünü formalaşdırır, həm də kino mühitini intellektual səviyyədə canlı saxlayır.  Yalnız zəif qurulmuş, qərəzli və ya şəxsi münasibətə söykənən tənqid yaradıcını həvəsdən sala bilər. Xüsusilə, gənc rejissorlar bundan zərər görə bilərlər. Həm də bəzən “tənqidə uyğun film çəkmək” təhlükəsi yaranır ki, bu da səmimiyyəti azaldır. Əgər kino tənqidi yalnız neqativ üzərində qurularsa, konstruktiv çıxış yolları göstərməzsə, sahəni irəli aparmaq əvəzinə durğunluq və qorxu mühiti yarada bilər.

Rejissor Emin Əfəndiyev

– Kinotənqidin mənim yaradıcılığıma yalnız piar baxımından bir təsiri ola bilər. Bütün dünyada kino tənqidçilərinin filmə təsir gücü də, əsasən, buradan gəlir. İnsanlar onların yazılarından təsirlənib kinoya gedə də bilərlər, getməyə də.

Ssenarist və prodüser Nicat Dadaşov


– Kino tənqidi yaradıcılığa kənardan baxmaq imkanı yaradır, müəllifin görə bilmədiyi tərəfləri üzə çıxarır, yeni baxış bucaqları qazandırır. Bu proses peşəkarlar tərəfindən aparılanda həm müəllifin inkişafına, həm də ümumi kino mühitində keyfiyyət standartlarının formalaşmasına kömək edir. Amma tənqid səthi, qeyri-peşəkar və ya qərəzli olduqda yaradıcı insanı ruhdan sala və sahədə inamsızlıq mühiti yarada bilər.

Prodüser Emil Nəcəf (“Ultra production” şirkəti)

– Tənqid kinonu daha geniş mədəni müstəviyə çıxarır və kino sənətinin inkişafı üçün vacibdir. Amma bu, yalnız şəxsi zövq və maraqlara əsaslanmayan, səthi olmayan tənqid olmalıdır.

Rejissor Orxan Ağazadə

– Mənim filmlərim haqqında yazılan, həm yerli, həm də xarici tənqidi yazıları oxuyuram. Biz kiçik coğrafiyadan gəlirik və lokal ideyanın beynəlxalq səviyyədə necə qəbul olunduğunu bilmək mənim üçün vacibdir. Tamaşaçı rəyi ilə peşəkar rəyi fərqlidir. Mənim üçün peşəkarların filmdə nələri bəyəndiyi və hansı çatışmazlıqları gördükləri əsasdır. Bu, növbəti işlərdə nəzərə aldığım nüanslardır. Amma bu o demək deyil ki mən hansısa tənqidçilərin zövqünə uyğun film çəkirəm. Digər filmlərlə bağlı yazılan tənqidi məqalələri də maraqla izləyirəm, hətta baxmadığım filmlər barədə də tənqidçilərin düşüncələrini oxumaq mənə maraqlıdır. Bu baxımdan tənqidi məqalələrin əhəmiyyəti böyükdür. Bəzi insanlar IMDB və digər platformalardakı rəylərə baxırlar, amma mənim üçün onlar önəmli deyil, peşəkar rəylər daha dəyərlidir. Ümumiyyətlə, kino tənqidinin sahəyə təsiri böyükdür. İlk növbədə, yaradıcılarla tənqidçilər arasında dialoq qurulmasına və tənqid mədəniyyətinin qorunmasına xidmət edir. Digər tərəfdən analitik məqalələr həm gələcək araşdırmaçılar üçün vacib mənbə rolunu oynayır, həm də kütlə üçün zövqlü kinonun formalaşmasında mühüm rol oynayır.

Mən düşünmürəm ki, tənqidin mənfi təsiri ola bilər. Müxalif fikir yalnız inkişafa aparır. Tənqid olmasa, yaradıcılıqda irəliləyiş də olmaz. Kino tənqidçilərinin fəaliyyəti kino idarəçiliyinə də təsir göstərir. Onlar problemlərə toxunduqda, yerli və beynəlxalq filmləri analiz etdikdə, tendensiyaları izah etdikdə bu, həm də kino ilə məşğul olan məmurların savadlanmasına və daha düzgün qərarlar verməsinə səbəb olur. Məncə, hər yerdə olduğu kimi, bizdə də bu vacibdir.

Rejissor Səidə Haqverdiya


– Təkcə öz filmlərim haqqında olanları yox, başqa filmlər haqqında yazılan tənqidləri də oxuyuram və orada vurğulanan məqamları nəzərə almağa çalışıram. Öz işimlə bağlı yazıları isə müəllifin kimliyinə görə dəyərləndirirəm. Əgər qərəz olmadığını görürəmsə, nəticə çıxarıram və bu mənə kömək olur. Hansı səhvləri etdiyimi anlayıram və onları təkrarlamamağa çalışıram. Ümumiyyətlə, tənqidə açığam və bu məni qorxutmur. Əksinə, işimdə çatışmazlıqların göstərilməsi xoşuma gəlir. Tənqidçilərə münasibətim də müsbətdir, çünki onlar bizim görmədiyimizi görür və yaradıcılığa təkan verirlər. İnsan yalnız təriflərlə inkişaf edə bilməz, ən yaxşı işlərdə belə tənqidə açıq məqamlar olur.

Prodüser Cəfər Axundzadə

– Təbii ki, tənqid vacibdir. Sağlam tənqidə hər bir sənət adamının ehtiyacı var – rejissorun, aktyorun, yazıçının. “Tənqid” sözünün azərbaycanca mənşəyini bilmirəm, amma anlayışın kökü Yunanıstandan gəlir. “Kritika” – analiz deməkdir: bir işi araşdırıb həm müsbət, həm də mənfi tərəflərini göstərmək, cəmiyyətə və sənətə təsirlərini dəyərləndirməkdir. Bizdə isə çox vaxt “tənqid” yalnız pisləmək kimi başa düşülür. Əgər bir işi mənfi dəyərləndirirsənsə, bunun səbəbini əsaslandırmaq lazımdır – mövzusu, dramaturgiyası, nəzəri tərəfləri ilə izah edilməlidir. Təəssüf ki, tez-tez “bu pisdir” kimi fikirlər eşidirik, amma niyə pis olduğunu açıqlamırlar. Bu artıq tənqid deyil, şəxsi zövqdür.

Bəzən də tənqid şəxsi münasibətlərə yönəlir. Məsələn, Vaqif Mustafayevin filmləri müzakirə olunanda onun xasiyyətindən danışırlar. Halbuki sənətkarın xasiyyəti yox, yaratdığı iş əsasdır. Tarixdə də çox dahi sənətkarların şəxsi həyatında və ya xasiyyətində problemlər olub, amma bu onların sənətinə kölgə salmayıb.

Mən öz filmlərimdə də buna şahid olmuşam. “Qış nağılı”ndan sonra bir prodüser dedi ki, film çox pisdir. Niyə? Çünki atış səhnəsində divar ağappaqdır. Halbuki film divar haqqında deyildi. Belə yanaşma tənqid deyil. “Dmitrov küçəsi 86” filmində də bəzi tənqidlərdə mövzudan kənar fikirlər eşitmişəm. Həmin müzakirələrdə isə elə kinoşünaslar olub ki, filmi tam anlayıblar və bu məni rahatladıb. Deməli, fikrim düzgün çatdırılıb. Əlbəttə, bütün tənqidçilər eyni deyil. Düzgün nümunələr də var. Məsələn, Ayaz Salayevin vaxtilə apardığı verilişlər – o, kino haqqında dərin təhlil aparırdı – əsl tənqid idi. Təəssüf ki, indi belə nümunələr azdır.

Kino tənqidindən gözləntiləriniz nədir?

Ssenarist, rejissor Nurlan Həsənli

– Mən kino tənqidindən ilk növbədə dürüstlük və dərinlik gözləyirəm. Yalnız xoş və ya sərt sözlər yox, filmin hansı güclü və zəif tərəfləri olduğunu əsaslandırmaq, onun kontekstdə necə işlədiyini göstərmək vacibdir. Fikrimcə, tənqid bir “hökm” yox, müzakirəyə dəvət olmalıdır. Yəni, tənqidçi mənim filmimlə dialoqa girsin, onun niyyətini, forması ilə məzmunu arasındakı əlaqəni anlamağa çalışsın. Həmçinin gözləntim odur ki, tənqid yalnız yaradıcıya deyil, tamaşaçıya da fayda versin – tamaşaçı film haqqında daha dərin düşünə bilsin, müxtəlif təfsirlərlə tanış olsun. Ən əsası isə, kino tənqidi inkişafı dəstəkləyən bir fəaliyyət olmalıdır. Mənim növbəti işimdə nələri daha aydın, daha təsirli edə biləcəyimi göstərən konstruktiv yanaşma gözləyirəm.

Rejissor Emin Əfəndiyev


– Mən, ümumiyyətlə, heç kimdən heç nə gözləmirəm, yalnız öz yaradıcılığımla məşğulam. Gözləntilərim ancaq özümlə bağlıdır.

Ssenarist, prodüser Nicat Dadaşov

– Mənim üçün kino tənqidi yeməyə qatılan ədviyyat kimidir – dadı artırmalı, onu zənginləşdirməlidir. Tənqid filmin dəyərini azaltmamalı, tamaşaçının onu daha yaxşı anlamasına və müəllifin işini daha dərindən görməsinə yardım etməlidir. Ən əsası, tənqid yaradıcılığa hörmətlə yanaşmalı, ədalətli və əsaslı olmalıdır.

Prodüser Emil Nəcəf (“Ultra prodakşn” şirkəti)


– Mənim üçün kino tənqidi çox önəmlidir. Belinskinin tənqidləri olmasaydı, bəlkə də, Dostoyevski indiki qədər tanınmazdı. Tənqidçinin filmi bəyənib-bəyənməməsi ikinci plandadır. Əsas məsələ budur: tənqidçi film haqqında elə yazsın ki, rejissor və ümumiyyətlə, kino sənayesində çalışanlar növbəti işlərində bundan faydalansınlar. Yəni, tənqid kinonun inkişafına töhfə verməlidir.

Rejissor Orxan Ağazadə

– Açığı, bu çətin sualdır. Yerli kino tənqidinə baxanda mənim gözləntim tənqidlərin konstruktiv olmasıdır. Təəssüf ki, bizdə peşəkar tənqidçilər çox deyil, istənilən adam film haqqında nəsə yaza bilir. Bu normaldır, amma əsas problem, çox vaxt müəllifin məqalədə filmin hekayəsini danışmasıdır. Məncə, bu yolverilməzdir. Digər problem isə həm müəlliflərin, həm də tənqidçilərin düşüncəsinin çox lokal olmasıdır. Necə etmək olar ki, bizim filmlər yalnız yerli səviyyədə qalmasın, dünya miqyasına çıxsın? Tənqidi məqalələrdə də lokal yanaşma çox görünür. Buna görə də, düşünürəm ki, kino tənqidində də inkişaf lazımdır. Məsələn, Hacı Səfərovun Kann Film Festivalına getməsi böyük addım idi. Əlaqədar qurumların marağında olmalıdır ki, digər tənqidçilər də Berlin və Rotterdam kimi festivallara getsinlər. Yaxşı olardı ki, təcrübəli tənqidçilərlə yanaşı yeni başlayanlar da bu imkanlardan yararlansınlar. Sahənin inkişafı üçün bu vacibdir. Hacının Kanndan yazdığı resenziyalar, etdiyi paylaşımlar həm daxili auditoriya üçün dəyərlidir, həm də tamaşaçı zövqünün formalaşmasında böyük rol oynayır.

Rejissor Səidə Haqverdiyeva

– Əsas gözləntim haqlı və qərəzsiz yanaşmadır. Bir yazıda qərəz hiss olunanda bu istər-istəməz sənətçini məyus edir və ruhdan salır. Amma əsaslandırılmış, düzgün tənqid insana yol göstərir və daha yaxşı işlərə aparır.

Prodüser Cəfər Axundzadə


– Mənim kino tənqidindən gözləntim obyektivlikdir: Qərəzsiz, əsaslandırılmış və mövcud reallığı nəzərə alan yanaşma. Məsələn, azbüdcəli Azərbaycan filmini texniki baxımdan Hollivud istehsalı ilə müqayisə etmək düzgün deyil, amma məzmun, aktyor oyunu kimi məqamları dəyərləndirmək olar. Tənqidçi, rejissorun düşməni deyil, əksinə, kinonun inkişafı üçün çalışan tərəfdir. Son illər daha çox kommersiya, xüsusən komediya filmləri çəkirik. Bu filmlər sənət əsəri deyil, tamaşaçının kinoteatrda əylənməsi üçündür. Amma onların da sağlam tənqidə ehtiyacı var, çünki kino kütlənin zövqünü formalaşdırır. Tamaşaçıya yalnız “camaat bunu istəyir” prinsipi ilə yanaşmaq olmaz. Keyfiyyət və məsuliyyət olmalıdır. Tənqidçi həm də tamaşaçı ilə film arasında körpü rolunu oynayır. Bəzən intellektual filmləri kütlə qəbul etmir. Bu halda tənqidçi, təhlili ilə tamaşaçını yönləndirə bilər. Amma bu, peşəkar və qərəzsiz şəkildə edilməlidir. Təəssüf ki, bəzən tənqidçilər filmdə önəmsiz detalları qabardır və əsas məqamları gözdən qaçırırlar. Bəziləri isə film haqqında analiz əvəzinə sadəcə süjeti danışır, hətta spoyler verir. Bu da düzgün deyil.

Qısa olaraq, mənim üçün əsas odur ki, tənqid sağlam, obyektiv və əsaslı olsun, şəxsi münasibətlərə söykənməsin. Belə olduqda tənqid sənətkar üçün çox faydalıdır, çünki yalnız təriflə inkişaf mümkün deyil.

Kino tənqidi ilə kino sənayesi arasında sağlam dialoq necə qurula bilər?

Ssenarist, rejissor Nurlan Həsənli

– Sağlam dialoqun əsasında qarşılıqlı hörmət dayanır. Kino sənayesi tənqidi bir “təhlükə” kimi yox, inkişaf vasitəsi kimi görməlidir. Tənqidçilər isə yaradıcıların zəhmətinə dəyər verərək sadəcə “bəyənmək” və ya “bəyənməmək” üzərində yox, filmin ideyası, dili, konteksti və auditoriyası üzərində əsaslandırılmış yanaşma qurmalıdırlar. Bu dialoqu gücləndirmək üçün mütəmadi görüşlər, müzakirələr və seminarlar təşkil oluna bilər ki, rejissorlar, prodüserlər və tənqidçilər bir-birini daha yaxşı anlaya bilsinlər. Tənqidi platformalar (məqalələr, podkastlar, açıq müzakirələr) həm tamaşaçını, həm də sənaye nümayəndələrini nəzərə alaraq qurulmalıdır. Konstruktiv yanaşma əsas olmalıdır – yəni tənqidçi yalnız problemi göstərməsin, həm də alternativ baxışlar, həll yolları təklif etsin. Belə bir mühitdə kino tənqidi sənayeni zənginləşdirir, sənaye də tənqidi inkişaf etdirir.

Rejissor Emin Əfəndiyev

– Filmlər çox çəkilməlidir ki, kinotənqidçilərin də işi olsun. Sağlam dialoq, uğurlu filmlər və tamaşaçı marağı artdıqca bu sahə inkişaf edəcək.

Ssenarist və prodüser Nicat Dadaşov

– Sağlam dialoq üçün hər iki tərəf bir-birini rəqib yox, tərəfdaş kimi görməlidir. Kino sənayesi tənqidçini inkişaf üçün güzgü kimi qəbul etməli, tənqidçi də filmi “vurmaq” üçün yox, anlamaq və izah etmək üçün analiz etməlidir. Bu dialoq festivallar, müzakirələr və açıq görüşlər vasitəsilə formalaşa bilər. Hörmət və şəffaflıqla yanaşanda həm tənqid, həm də sənaye bir-birini zənginləşdirə bilər.

Prodüser Emil Nəcəf (“Ultra prodakşn” şirkəti)

-Kino tənqidçisi ilə kino sənayesi nümayəndəsi, əslində, eyni məqsədə xidmət edirlər. Kino sənayesi tənqidçini düşüncə ortağı kimi görməlidir. Arada mütəmadi dialoq olmalıdır ki, bu da festivallar, müzakirələr və açıq debatlarda qurula bilər. Məncə, nə qədər çox şəffaf ünsiyyət olsa, kino həm sənət, həm də sənaye baxımından bir o qədər güclənəcək.

Rejissor Orxan Ağazadə


– Bu dialoq obyektivlik əsasında qurulmalıdır. Kino tənqidinin inkişafı sağlam dialoqa yol açır. Savadlı tənqidçilərin olması yerli müəlliflərin də savadlanmasına təsir edir. Onların yerli və xarici filmlərlə bağlı paylaşımları çox faydalıdır, dəfələrlə həmin paylaşımlardan filmlərin adını öyrənib baxmışam. Qarşılıqlı hörmət üzərində qurulan münasibət dialoqu gücləndirə bilər. Kino tənqidçilərinin gildiyasının (AKKG) qurulması da çox vacibdir, çünki bu sahənin öz inkişafını təmin edir.

Rejissor Səidə Haqverdiyeva

– Əsas şərt düzgün münasibətdir. Tənqid edən şəxsi düşmən kimi qəbul etmək olmaz. Yazını oxuyandan sonra müəlliflə danışmaq, görüşmək və fikir mübadiləsi aparmaq faydalıdır. Bəzən yazıya düşməyən, amma sənə tövsiyə edilən məqamlar ola bilər ki, bu da işini yaxşılaşdırar. Mən başqa filmlər haqqında yazılan tənqidləri oxuyur, sonra həmin filmlərə baxıram və vurğulanan məqamları diqqətlə izləyirəm. Tövsiyə olunan filmlərə də baxıram. Ümumiyyətlə hesab edirəm ki, Azərbaycan kinotənqidçiləri vicdanlı və qərəzsiz yanaşırlar. Sadəcə bir dəfə qərəzli yazıya rast gəlmişəm, o da məni bir az məyus etdi. amma sonradan başa düşdüm ki, buna görə çox da ruhdan düşməyə dəyməz, bu da işin bir hissəsidir.

Sorğunu hazırladı: Aynur Kazımova

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya