Now Reading
Kinomuzun “Don Kixot”u

Kinomuzun “Don Kixot”u

Milli mental dəyərlərimizdən danışarkən, ilk olaraq yada düşən atribut “PAPAQ”dır; babalarımızın namus, qeyrət simvolu, atalarımızın ləyaqət rəmzi olan Papaq. Minillərdən gəlib keçən, müxtəlif dövrlərdə transformasiyaya uğrayan, dövrün tələblərinə uyğun olaraq dəyişən, yeniləşən, amma heç vaxt başları tərk etməyən papaq…

Papaqdan danışarkən isə, ilk yada düşən “Evlənmək istəyirəm” filmimizdir; xalq arasında elə “Papaq” filmi kimi tanınıb.


Rejissor Cahangir Mehdiyevin bu filmi ekranlara çıxan kimi ümumxalq sevgisini qazandı. Hərçənd bəzən qeyd edirlər ki, o vaxt toplumun əli çatan audiovizual materiallar az idi, ona görə tanınmaq da asan idi. Amma elə deyil. Məgər həmin illərdə çəkilən bütün filmlər eyni dərəcədə xalqın ruhuna yol tapa bilirdi? Əlbəttə ki, yox. Elə “Azərbaycanfilm”in statistikasına baxsaq, həmin dövrlərdə çəkilmiş onlarla bədii film adı görərik ki, heç adlarını belə xatırlamağa çətinlik çəkirik və yaxud içindən bir-iki xırda fraqmenti zorla xatırlayırıq.

Hal-hazırda bu filmlərin əksəriyyəti Youtube kanalına yüklənib. Bəzən məqsədli onları izləyirəm və düşünürəm ki, həqiqətən də, xalqın gözü tərəzidi. Bu filmlərə böyük vəsaitlərin sərf olunmasına, aktual problemlərə toxunmasına, sevimli aktyorlarımızın iştirakına baxmayaraq, son nəticədə ərsəyə gələn material ruhsuz bədəni xatırladır. Çünki filmin arxasındakı rejissor yalnız rus və Avropa filmlərini imitasiya eləməklə məşğul olub, toplumun kollektiv təhtəlşüurunun dərin qatlarına toxuna bilməyib. Ona görə də, xalqın sevgisini qazana bilməyiblər, televiziyada bir-iki dəfə göstərib, atıblar kinofondun anbarına…

Lakin “Evlənmək istəyirəm” filminin taleyi uğurlu oldu. Rejissor mövzu seçiminə Əbdürrəhim bəy Haqverdiyevin materialları ilə başlayıb, ssenarini İsi Məlikzadə və Sabir Əhmədli ilə işləyib, bəstəkar kimi Cahangir Cahangirovu seçib. Diqqət etsək, görərik ki, adıçəkilən sənətkarların hamısı milli-mənəvi dəyərlərimizə, mental ənənələrimizə daha çox bağlılıqları ilə tanınıb…

Bizim kino

Bu sənətkarların köməyi ilə Cahangir Mehdiyev çiyninə çox böyük bir yük götürmüş oldu. Sözün həqiqi mənasında, Azərbaycan kinosu yaratmaq –  özünün fərqli mövzu arealı, fərqli yanaşma tərzi, fərqli kino dili olan və eyni zamanda bütün bu fərqlilikləri hansısa xarici kinoları imitasiya eləməklə yox, məhz milli-mənəvi dəyərlərimizə, milli sənətimizə söykənməklə həyata keçirmək…

Əlbəttə ki, yerli tamaşaçıların görmədiyi, hansısa xarici filmlərin üslub və priyomlarını imitasiya eləmək nə qədər asandır. Lakin məhz bu işdə sən həmin yolla gedə bilməzsən. Hər xırda detalı yenidən kəşf eləməlisən, doğurmalısan, yaratmalısan. Təbii ki, hər rejissor özünü bu cür əziyyətə salmır. Lakin Cahangir Mehdiyev, qeyd elədiyim kimi, bu ağır yükün altına girdi və zəhməti də bəhrə verdi. Bir həmlə ilə Azərbaycan xalqının kino yaddaşında özünün fərqli və əvəzolunmaz yerini tuta bildi.

Lakin bu asan idimi? – Yox. Bura qədər rejissor kiçik də olsa, özünəməxsus bir yaradıcılıq yolu keçmişdi. Və bu uğurun ilk parıltılarını, məncə, məhz həmin gənclik işlərində axtarmaq lazımdır.

Diplom işi

Cahangir Mehdiyevin müəllimi, məşhur Georgi Daneliya olub ki, zənnimcə, gənc rejissorun milli mental dəyərlərə yönəlməyində rolu çoxdu.

Ən qəribəsi odur ki, Moskvada təhsil alan Cahangir Mehdiyevin 1979-cu ildə çəkdiyi diplom işi olan qısametrajlı bədii film də elə “Diplom işi” adlanır.

Filmin ssenarisi bir hekayənin motivləri əsasında yazılıb. Şəhərdən kəndə qayıdan tələbə heykəltaraş diplom işi düzəldir. Model kimi də, qonşuluqdakı qızlardan birini istifadə edir. Lakin heykəl hazır olandan sonra, ona bəyan edirlər ki, o, bu qızla evlənməlidir, yoxsa, bu namus məsələsinə görə ağır cəza alacaq (Bu maraqlı filmin tam məzmununu yazmaq istəmirəm, istəyənlər Youtube kanalında açıq yayımda izləyə bilərlər).

Filmin proloqu artıq rejissorun yanaşma tərzinin istiqaməti bilinir. Film hansısa lirik melodiya ilə yox, hansısa müasir bəstəkarın simfonik fraqmentiylə yox, məhz qara zurna və nağara sədalarıyla başlanır. Hadisələrə start verilib, dramatik görüntülər təqdim edilir. Lakin hələ heç bir dialoq, informasiya yoxdur, danışılası hadisənin tragikomizmi isə, ilk kadrlarla birlikdə, məhz qara zurna sədaları ilə nağara ritmlərinin bir-birini əvəz eləməsi vasitəsilə çatdırılır. Hadisənin proloqunu, sanki musiqi və ritmlər danışır. Arada istifadə olunan dəmyə muğam zümzüməsi isə musiqi qatına xüsusi bir duz qatır.

Beləliklə, rejissor milli mental əhval-ruhiyyəni əldə etməkçün məhz klassik ədəbiyyatımızdan, milli musiqimizdən, öz ritmlərimizdən və xarakterik vizual bədii priyomlardan istifadə etməklə, özünəməxsus və fərqli kino dili yaratmağa çalışır. Sevgiylə dolu şirin və duzlu kino dili. Bəli, bəzi rejissorlarımızdakı kimi, öz xalqına nifrətlə, acı sarkazmla, hər cür neqativlə dolu kino dili yox, məhz sevgi ilə dolu ironik, duzlu şirin bir kino dili. Əsl kino dili.

Qeyd edim ki, milli musiqi və milli ritmlərimiz sonrakı işlərdə də Cahangir Mehdiyevin sevə-sevə istifadə etdiyi uğurlu priyomlardandır. Onun kino dilində musiqinin xüsusi rolu var. Ən əsası isə budur ki, rejissor hələ tələbəlik illərindən əsl kinonun, belə demək olarsa, damarını tuta bilib. Bəli, bir çoxları kimi, həmin vaxt dəbdə olan italyan neorealizminin imitatoruna çevrilmədi, kopyalanmış psixoloji səhnələr yaradıb, aktyorlarımızı da rus aktyorlarını təqlid eləməyə məcbur eləmədi. Və ən əsas da, “kino dili” deyilən məfhumu, sadəcə, gözəl kadrlara, dramatik aktyor oyununa və simfonik musiqi müşayiətinə sığışdırmadı. Onun kino dili kompozisiya baxımından çoxplanlı kadrlara, mozaik xarakterlərin iri planlarla təqdimatına və ən əsas da, hadisələrin həm dramatizmini, həm də yumorunu sözlə yox, məhz görüntüylə çatdırmağa yönəlib. Təbii ki, rejissor söz və dialoq faktorundan imtina  eləmir. Lakin onun əsərlərində söz yalnız köməkçi funksiya daşıyır. Emosional təsir isə, əsasən, epizodların kompozisiyası, quruluşu  və əlavə olunan musiqinin müşayiəti vasitəsilə əldə edilir. Yəni rejissor daha çox görüntü və səslə danışır, sözlə yox.

Nümunə

Məhz bu məqam, məncə, bugünkü gənclər üçün böyük nümunə ola bilər. Axı hal-hazırda çəkilən əksər filmlərimiz yalnız adamların oturub söhbət eləməsi və gəzişməsi üzərində qurulub. Sanki “televiziya filmi” ilə sırf “bədii film” arasındakı fərq itib. Bütün informasiya da, yalnız dialoq və qəşəng natura kadrları vasitəsilə verilir. Elə bil ki, filmin ssenaristi var, operatoru var, aktyoru var, amma bunların içində rejissoru tapa bilmirsən. 

Bir maraqlı kadr kompozisiyası tapanda, az qala, əsgərlik şorbasının içində ət tikəsi tapmış kimi sevinirik.   

Lakin Cahangir Mehdiyevin 27 yaşında çəkdiyi “Diplom işi”ndə bircə dənə də kadr yoxdu ki, özünün kompozisiyası və simvolikası olmaya… Hətta iki nəfərin oturub söhbət elədiyi epizodlarda belə o qədər vizual atributlar, detallar var ki, dialoqun məzmununu daha da gücləndirib, təsir gücünü artırır.

Əlbəttə, bəzi skeptiklər məhz bütün bu priyomları gürcü kinosunun təsiri adlandıra bilər. Olsun. Burda nə var ki? Yaradıcılığın ilkin mərhələsi bəhrələnməklə başlayır. Əsas odur ki, sonradan öz spesifik yaradıcılıq yolunu tapa biləsən. Cahangir Mehdiyev növbəti tammetrajlı filmlərində bunu sübut elədi, heç kimə bənzəməyən öz kinomuzun bədii dilini tapa bildi (Hər halda, bu mənim fikrimdi, kimlərsə razılaşmaya bilər). 

“Vah”

Moskvada təhsilini bitirib Bakıya qayıdandan sonra Cahangir Mehdiyevin ilk işi “Azərbaycanfilm”in  Eksperimental Yaradıcılıq Birliyində 1980-ci ildə çəkdiyi “Vah” adlı qısametrajlı film oldu.

Burda da özünəməxsus yumoristik süjet və fərqli bədii priyomlarla təqdim olunan kino dili diqqət çəkir.

Yenə kənd həyatı və bu dəfə qoşanağara ilə başlayan kadrlar… Çiynində yapıncı, damağında qəlyan olan  ağsaqqal eşşəyin belində başqa kəndə qonaq gedir…

Süjetdə müasir kəndimizdə köhnə düşüncə ilə yeni təfəkkür tərzinin toqquşması təqdim edilir. Amma bu toqquşma acı nifrətlə, kəskin sarkazmla, neqativ emosiya ilə tənqid edilmir. Yenə arada sevgi faktoru ön plana çıxır. Rejissor köhnəliyi sevgiylə, qayğıyla tənqid edir. Spesifik yumor isə həm süjetin özündə, həm də hadisələrin rejissor tərəfindən təqdimatında ön plana çıxır.

Kənddəki yeni evlənmiş gənc  öz xanımına çox əziyyət verməməkçün, həmişə bulaqdan səhənglə evə su gətirir və buna görə də kənddəki yaşlı kişilərin qınağına məruz qalır. Axı bu, kişi işi deyil. Ayıbdı.

Lakin sonra məlum olur ki, kəndin kişilərinin çoxu gecələr gizlincə evlərinə bulaqdan su daşıyırlar, çünki arvadları çox işləyir, onlara kömək eləyirlər.

Çox maraqlı, məzəli novelladır və rejissor da bu hekayəti maraqlı kino dili ilə təqdim etməyi bacarıb.

Üzü “Papaq”a

Bu iki filmdən sonra artıq Cahangir Mehdiyev tammetrajlı film çəkməyə hazır olduğunu göstərdi və 1982-ci ildə “Evlənmək istəyirəm” filmi üzərində işə başladı.

Seçilən mövzu və yanaşma tərzi yenə də rejissorun öz milli mental təfəkkürümüzə, öz qədim mədəniyyətimizə nə qədər sevgi bəslədiyini göstərmiş oldu.


Film sevgi hekayəti kimi təqdim olunsa da, əslində Papaq haqqındadı. Daha dəqiq desək, papağımızın başımızdan yerə düşməyi haqqında və ya şlyapalarla papağımızın mübarizəsi haqqında… Zahirən dost, sirdaş, həmdəm kimi görünən, amma səndən istifadə eləyib, istənilən vaxt xəyanət eləməyə hazır olan şlyapalar (şlyapalılar)…

Hərçənd şlyapanın yanında, öz papağımız da var. Lakin bu artıq tam bizim papaq deyil, şlyapanın nökəri olan, onun bir tayına çevrilən papaqdı. Zahirən papaq olsa da, mahiyyət etibarilə elə şlyapadır.

Filmin simvolik baş qəhrəmanı da Papaqçı yox, məhz PAPAQdır…

Papaqla şlyapanın mübarizəsi, sanki simvolik olaraq, Qərbin Şərqə münasibətini ön plana çıxarır. Dost kimi görünmək, üzdə dəstək olmaq, öz məqsədləri üçün istifadə eləmək və sonda çox rahat şəkildə, heç bir vicdan əzabı da çəkmədən xəyanət eləmək. Vəssalam. Çox sadə.

Amma burda çox incə bir məqam ön plana çıxır. Əgər bu mesaj indi verilsəydi, adi görünərdi. Son iyirmi ilə biz də, elə bütün Şərq aləmi də Qərbin hər sahədə riyakar, istismarçı siyasətindən əziyyət çəkdiyinə görə, indi bu fikirlər artıq hamımız üçün aydın görünür, şübhə doğurmur. Ona görə də məhz indi Şərqin əksər xalqlarında özünəqayıdış prosesi güclənməkdədir.

Cahangir Mehdiyev isə bu mesajı səksəninci illərin əvvəllərində verib. Həmin vaxtlar “dəmir pərdə” yavaş-yavaş götürülmək üzrəydi və Qərbin mədəniyyət və istehlak məhsulları ölkəmizə daha böyük sürətlə axmağa başlayırdı. Qərb qarşısında sitayiş də yüksələn xətlə inkişaf edirdi. Artıq Qərb musiqiləri, Qərb kinoları telekanallarımızda  (həm yerli, həm Moskva kanallarında) getdikcə çoxalırdı, audio-videokasetlər artırdı, Qərb müəlliflərinin ədəbi əsərləri daha çox tərcümə edilib yayılırdı.

Və “dəmir pərdə” qalxdıqca hamının üzünü Qərbə tutduğu bir vaxtda, Cahangir Mehdiyev bizə köhnə papaqdan danışır. Daha doğrusu, papağı başdan salmağın təhlükəsindən. Amma yenə də nifrətlə, acı sarkazmla, neqativ saçmaqla yox, sevgiylə, qayğıyla, mərhəmətlə…

Baş qəhrəman da əvvəl üzünü o tərəfə tutur, inanır, etibar eləyir, lakin sonda “rədd olsun, Avropanın bütün madamları” deyir və öz “Leyli”sinə sığınır.

Yəqin ki, həmin dövrün “müasir, avanqard, modernist sənətkarları” üçün bu yanaşma çox köhnə, lazımsız, hətta ziyanlı kimi görünüb. Axı hansı dövrdə yaşayırıq?! Millət Modern Tokinqə, Toto Kutunyoya qulaq asır, ağır rok dinləyir, Kann festivalından gələn filmlərlə maraqlanır, Qərb ədəbiyyatını oxuyur, amma bu film bizi təzədən zurna-balaban səsinə, şıdırğı tərəkəmə rəqslərinə, başa keçirdilən qoyun dərisinə tərəf çəkir.

(Yəqin ki, rejissor filmdəki özümüzü bəyənməyən şlyapalı və onun başına dolanan, dırnaqarası papaqlı dost obrazlarını yaratmaqla elə həmin müasirlərinin şərti portretini çəkib.)

Bəli, Cahangir Mehdiyevin yanaşması səksəninci illərdə kimlərəsə geridə qalmış, köhnə kimi görünə bilərdi, amma o vaxt çəkilən və daha çox “ümumittifaq tamaşaçısı”na ünvanlanan “müasir təfəkkürlü”, “yeni yanaşmalı” “geniş baxış bucağına malik” aktual filmlərin hamısı yaddan çıxıb unudulub, amma “Papaq” hələ də baxılır, sevilir, aktuallığını nəinki itirmir, hətta getdikcə daha da aktual olur.

Bədii “priyom”lar

Filmin emosional gücünü artıran və ümumiyyətlə bu audiovizual materialı “əsl kino”ya çevirən məhz rejissorun bədii priyomları, maraqlı tapıntılarıdı.

Məhz bu filmdəki bədii priyomlarda artıq rejissorun kənar təsirlərdən təmizlənmiş öz spesifik tapıntıları ön plana çıxır, biz əsl Azərbaycan kinosu görürük.

Əbdürrəhim bəy Haqverdiyevin əsərlərindən gələn tipajlar və hadisələr də doğmadı, özümüzünküdü, bizimdi. Papaqçı Şamil də, Mirzə Səfər də, jandarm Kərbəlayi Zal da, Hacı Kamiyab da – bir sözlə, gördüyümüz hər personaj, hətta mütəmadi olaraq qəhrəmanların ətrafında qaçışan uşaqlar da bizimkidi. Hər cizgisi, hər sözü, hər hərəkəti ilə…

İlk dəfə bu filmə on üç yaşımda baxmışdım və nədənsə özümü də elə o uşaqların içində təsəvvür eləmişdim. Elə bilmişdim ki, onların arasında elə mən də olmuşam, bu hadisələri müşahidə eləmişəm, çünki filmdə göstərilənlər, sanki bizim məhəllədə – küçədə baş vermişdi. Sadəcə, yetmiş il əvvəl…

Filmdə çoxsaylı təsirli səhnələr, simvolik detallar var ki, unudulmur, uzun müddət yaddaşa həkk olub qalır. Divanə tütəkçalanla kor kamançaçının üzbəüz ifası, Şamilin dükanı dağıdılandan sonra yerdə dığırlanan papaqlar, Kərbəlayi Zalın işdən çıxandan sonra dəmirçinin emalatxanasında küftə yeməyi, Lal Hüseynin tütək ifasından sonra hörmətli bəyin gəlib onun başına papaq qoymağı, divardakı daşın çıxarılıb vüsal pəncərəsinə çevrilməyi və bu kimi çoxsaylı rejissor tapıntıları tamaşaçılarımızın ürəyinə toxunur, filmi yaddaqalan edirdi (filmdə Haqverdiyevin əsərlərindən gələn təsirli, maraqlı detallar da çoxdur ki, bunlara qəsdən toxunmuram, sırf rejissor tapıntılarına diqqət çəkməyə çalışıram).

Bu filmdə 31 yaşlı Cahangir Mehdiyevin rejissor dəst-xəttinin daha da cilalandığını görürük. Həm epizodların daxili kompozisiyası, həm musiqi həlli, milli ritmlər və rəqslər, həm səslənən poeziya nümunələri, həm spesifik yumor, həm də dəqiq nöqtəsinə vuran dialoqlar o qədər üzvi vəhdətdə çıxış edir ki, heç biri nə artıq, nə də əskik görünmür. Filmdə, ümumiyyətlə artıq heç nə yoxdu. Nə bir kadr, nə bir vizual detal, nə də bir söz. Hər şey o qədər səlis işlənib ki, bu musiqili yumoristik sevgi dramı, sanki səliqəylə toxunmuş xalçaya bənzəyir – bütün naxışları yerli-yerində olan, artıq-əskik bircə çaları da olmayan gözəl bir xalça. Hətta filmdəki ikinci dərəcəli süjet çıxışları da yamaq kimi görünmür, ümumi kompozisiyanın içində əriyir.

Və ən əsas da, bu bədii priyomlar Qərb kinolarının imitasiyası, təkrarı üzərində qurulmayıb, rejissorun öz fərdi tapıntılarıdı. Ən azından, ona görə də heç bir Qərb filmi bizim milli mentalitetə həsr olunmayıb, ona görə imitasiya da mümkün deyil. 

Qaçın, qaçın, Qasım gəlir…

“Evlənmək istəyirəm” filmindən sonra bir neçə sənədli film çəkən Cahangir Mehdiyev 1987-ci ildə “Kişi sözü” filmi ilə tamaşaçıların qarşısına çıxdı və yenə də böyük uğura imza atmış oldu.


Film geniş tamaşaçı kütlələrinin qarşısına çıxan kimi, o saat çoxsaylı sitatlar mənbəyinə çevrildi, ordakı iti atmacalar dildən-dilə düşdü.

Ancaq mənimçün bu film, sadəcə, gözəl süjet və gözəl sözlər mənbəyi deyildi. Hərçənd gözəl yazıçımız İsa Hüseynovun qələmindən çıxan ssenari, həqiqətən də, sadəliyi və səmimiliyi ilə seçilirdi, lakin filmi yüksək bədii səviyyəyə çatdıran, təbii ki, rejissor işi və bədii tapıntıları idi.

Bu filmdə Cahangir Mehdiyevin rejissor tapıntıları artıq başqa müstəviyə – müasir dövrümüzə nüfuz elədi. Hadisələr yenə də kənddə cərəyan etsə də, bu, artıq həmin dövrün müasir kolxoz kəndiydi.

Bu isə rejissorun milli kolorit yaratmaq prosesini xeyli çətinləşdirmiş olur. Çünki 80-ci illərin Azərbaycan kəndində natura görüntüləri, insanların geyimləri, evlərin quruluşu  – bunlar bütün SSRİ üçün tipik olan görüntülər idi. Bəs onda rejissor milli ruhu və mental koloriti necə təqdim edə bildi?

Burda Cahangir müəllimin köməyinə yenə də spesifik musiqi duyumu çatmış oldu. Gözəl musiqilər, muğam zümzümələri, ritmik rəqslər və ən əsas da, insanlar arasında mental münasibətləri ön plana çəkmək –  bütün bunlar bu musiqili sevgi hekayətini maksimum milli koloritdə təqdim eləməyə imkan verdi. 

Sözün “Don Kixot”u

Film ilk baxışdan, sevgi mövzusunda yumoristik müzik kimi görünür, lakin əslində bu film, adından da göründüyü kimi söz haqqındadı. Kişi sözü haqqında… Filmin fəlsəfəsini axtarmaqçün məhz burdan yola çıxmaq lazımdı.

Əlbəttə, ilk deyilişdən çox ağır bir başlanğıc olur. Şəxsən mən ilk dəfə televiziya elanlarında bu filmin adını eşidəndə, nədənsə ağır, dramatik bir material olacağını düşünürdüm.

Lakin rejissor burda da öz fəlsəfəsini ortaya qoymuş oldu. Filmdə köhnə dövrün kişilik ənənələri, dəmirdən də möhkəm olan kişi sözü haqqında danışan adam pəhləvan cüssəli, başıpapaqlı, qoluzorlu, qaşqabaqlı köhnə kişilərdən deyil.

Arıq, cılız, çəlimsiz olan bu kepkalı “KİŞİ” filmin başlanğıcında nağaraçalan uşaqların “Qaçın, qaçın Qasım gəlir” sədalarıyla kəndə daxil olur, öz Solmazının yanına gəlir, əzəmətli rəqibiylə üz-üzə qalır, filmin böyük hissəsini də kişilikdən, kişi sözündən danışa-danışa velosiped sürür. Hətta baytar  diplomu almağına rəğmən, bir xəstə heyvanı da sağalda bilmir… Bu ki, böyük mənada, “KİŞİ”dənsə, köhnə kişilərə gülməli parodiyadır?! 

Başına əlüzyuyan tası qoyub, dünya gözəli olan Dulsineyasına görə əzəmətli yel dəyirmanlarıyla savaşan və gecə-gündüz köhnə cəngavərlikdən dəm vuran “DON KİXOT”u xatırlatmırmı?

Axı Don Kixot da köhnə cəngavərliyə bir parodiya idi.

Bəli, məncə, Cahangir Mehdiyev bu filmdə bizim müasir Don Kixotumuzu təqdim edib.  Hətta əzəmətli yel dəyirmanı kimi də, rəqib Niyaz obrazını yaradıb (daha dəqiq desək, özü oynayıb).

Rejissor, sanki bizə bəyan eləyir ki, bu səfeh zəmanədə böyük mənada, kişi sözündən, kişilikdən danışan adam məhz elə bu cür olacaq. 

Avropanın bəzi ədəbiyyatşünas alimləri Servantesin “Don Kixot” romanını, hətta ilk postmodern ədəbiyyat nümunəsi adlandırır. Çünki müəllif klassik ənənəvi obrazı parodiya edərək, mifi dağıdır, cəngavər obrazını karikaturaya çevirir, sanki əzəmətli bir bütü (heykəli) yüksək pyedestalından salıb, sındırıb çilik-çilik edir…

Lakin Cahangir Mehdiyev bizim “Don Kixot”umuzu yaradarkən, bir qədər fərqli hərəkət edir. Atı şahə qalxan, “bir kişi sözü”nə görə səssiz-səmirsiz baş kəsən, qan tökən, bığıburma, başıpapaqlı, beli xəncərli köhnə kişilərin xələfi olaraq, başı kepkalı, velosipedli, arıq, cılız “təzə kişi”ni göstərir,  yeri gəldi-gəlmədi, onun dilindən kişiliyə dair difiramblar səsləndirir. Ancaq bütün bunları nifrətlə, qəzəblə, sarkazmla eləmir. Baş qəhrəmanın şəxsiyyətini tamaşaçının gözündə alçaldıb “yaramaz” eləmir.

Başqa sözlə desək, bütü (heykəli) yüksək pyedestalından götürsə də, yerə vurub sındırmır, sadəcə, götürüb hər tərəfdən baxır, bir az gülümsünür, bir az ironiya edir, tozunu silir və bütü (heykəli) müasir yerinə uyğun olan balaca bir pyedestala qoyur.

Necə ki, sonda dünya gözəli olan aptekçi “Dulsineya”sından imtina edən baş qəhrəman elə öz səviyyəsinə uyğun, balaca çoban qızıyla səadətini tapır.

On il əvvəl bir rus aliminin elmi yazısında Şərq postmodernizmi terminilə rastlaşmışdım. Araşdırmaçı alim belə bir fikir irəli sürürdü ki, avropalılardan fərqli olaraq şərqlilər heç vaxt tam postmodernist ola bilməz, çünki tam nihilist ruha sahib olub, öz keçmiş bütlərini sındırıb dağıtmaqçün gərək sən bu bütlərə nifrət eləyəsən. Şərqlilərdə isə bu nifrət o qədər çox deyil. Bir çox qədim ənənələr şərqlilərin inkişafına müəyyən qədər mane olsalar da, onlarda bu qədimliyə qatı nifrət, qəzəb hissi yoxdu, əksinə, sevgi var, bu mənəvi dəyərləri, ənənələri saxlayaraq, inkişaf eləməyə meyillidirlər.

“Kişi sözü” filmində də Cahangir Mehdiyev, məncə, məhz bu fəlsəfi yanaşma tərzini bizə təqdim edir.

Bu filmdə də, sırf rejissorun özünə məxsus olan çoxsaylı bədii tapıntılar var ki, hadisənin daha maraqla izlənilməsinə, tamaşaçının ürəyinə yol tapmasına dəstək olur…

Epiloq

Sonrakı illərdə məlum ictimai-siyasi səbəblərdən, kinomuz da durğunluq dövrünə qədəm qoymuş oldu, lakin Cahangir Mehdiyev bu çətin dövrlərdə də, əziyyətlə də olsa, bir neçə maraqlı film ərsəyə gətirə bildi ki, bunların da hər birində öz fərdi yanaşma tərzini ortaya qoymuş oldu. Şəxsən, mənim özümün ən çox marağıma səbəb olan onun 1991-ci ildə çəkdiyi “Girişmə-öldürər” filmidir.

Çünki Cahangir Mehdiyev sırf “Hollivud boyevikləri” üslubunda olan süjeti də maksimum bizimkiləşdirə bilmişdi. Dörd azərbaycanlı qumarbazın olduğu gəmi xarici terrorçular tərəfindən əsir götürülür, gəmi heyəti neytrallaşdırılır. Yalnız bizim bu dörd qumarbaz qollarını çırmalayıb gəmidə qəddar terrorçularla mübarizəyə başlayır. Filmdəki qara yumor, maraqlı bədii tapıntılar, hadisələrin müəyyən mənada absurdluğu bizi çox fərqli bir bədii materialla üz-üzə qoyur. Bir tərəfdən, Amerika filmlərindən gələn döyüş elementləri, bir tərəfdən, bizim “milli qumarbazlar”ın özünəməxsus davranışı…

Film, sanki həmin vaxtlarda milyonların ciddi-ciddi baxdığı amerikan boyeviklərinə milli azərbaycan parodiyası və ironiyası idi.

P.S. Cahangir Mehdiyevin sırf Azərbaycan kino dili yaratmaq cəhdləri əlli il əvvəl başlamışdı. Böyük uğurlar da əldə edilmişdi. Lakin əfsuslar olsun ki, sonradan onun bu cəhdlərini davam etdirib, daha da inkişaf etdirən olmadı. Son onilliklərdə kinomuz yenə “festival filmləri” müstəvisinə əyildi, yalnız “onlar”ın xoşuna gələn kimi çəkmək cəhdləri daha da gücləndi, yalnız “onların baxış bucağı” düzgündür, – deyib xeyli filmlər çəkdik.

İnsafən, o istiqamətdə uğurlarımız da oldu. Birinci dərəcəli olmasa da, ikinci-üçüncü dərəcəli festivallardan mükafatlar qazandıq, filmlərin adları hallandı. Lakin əfsuslar olsun ki, bütün bu filmlərin əksəriyyəti geniş tamaşaçı kütləsinin ruhuna toxunmadı. Elə ona görə də, bu gün kinonun olmamasından şikayətlənirik. Əgər ikinci-üçüncü dərəcəli festivallardan mükafatlar gətirmək inkişaf göstəricisi olsaydı, onda “kinomuz yoxdur” deyən olmazdı. Deyərdik, kinomuz var, xeyli sayda da mükafatlarımız var.

Xalqı isə hansısa mənşəyi bilinməyən xarici mükafatlarla aldatmaq mümkün deyil, xalq öz ruhunun dərin qatlarına toxunan, onun genetik kodlarını əks elətdirən, kollektiv təhtəlşüurunun arxetiplərinə söykənən audiovizual materiallar istəyir. Xalqın milli-mənəvi dəyərlərinə, milli sənət nümunələrinə söykənən müasir filmlər yaratmaq isə o qədər də asan deyil. Məhz bu istiqamətdə, məncə, Cahangir Mehdiyevin yaradıcılığı daha dərindən öyrənilməli və nümunə götürülməlidir. Hər şeyi başqalarına baxıb öyrənsək, sonda elə başqası olacağıq. Hərdən özümüzə baxaq, özümüzdən də öyrənək. Yoxsa, bir müddət sonra özümüzdən əsər-əlamət qalmayacaq.

İlqar Fəhmi

“Ədəbiyyat qəzeti” / İyun 2024

Fotolar Azərbaycan Dövlət Film Fondu tərəfindən təqdim olunub.

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top