Kinomuzda səmt küləyi hara əsir? – Sorğu

“Kinoyazar”ın növbəti sorğusu Azərbaycan kinosunda tendensiyalar, daha doğrusu, tendensiyasızlıq mövzusuna həsr olunub.
Sovet dövrü Azərbaycan kinosunda müxtəlif illərdə həmfikirlilik işartıları tapmaq mümkündür. Məsələn, 1960-1970-ci illərdə çəkilən filmlərimizin bir çoxunun vizual həllində, mövzu seçimində neorealizm cərəyanının təsiri, fərd və cəmiyyət qarşıdurması və onun sosial- psixoloji aspektlərdən analizinə cəhdlər var. Böyük ehtimalla, sözügedən filmlərin müəllifləri günlərin bir günü toplaşıb “gəlin bundan sonra belə çəkək” deməyiblər. Bu, müəlliflərin mənsub olduqları icmanın sosial-siyasi mənzərəsi fonunda təbii şəkildə formalaşmış ümumi bir qənaət, yəni, tendensiyadır. Eyni rakursdan yaxın qonşularımızın təcrübələrinə baxsaq, İran kinosunda minimalist üslub, gündəlik həyat hekayələrinə diqqət və humanist baxışın önə çıxdığını, Gürcüstan kinosunda sosial problemlər, kollektiv yaddaş və poetik üslubun bir çox filmlərin ortaq xətti olduğunu müşahidə edə bilirik. Bəs müasir kinomuzda belə ortaq estetik prinsiplər formalaşırmı? Bəlkə “niyə formalaşmır?” soruşmaq daha düzgün olar? Və təbii ki, səbəblər…
Suallarımızı ünvanladığımız mütəxəssislərin cavabları göstərir ki, səbəblər çoxdur.
1. Sizcə, Azərbaycan kinosunda tendensiyaların formalaşmamasının əsas səbəbi nədir?
Sevda Sultanova – kinotənqidçi

– Məncə, bunun bir yox, bir neçə səbəbi var. Bizdə çəkilməyən filmlər çəkilənlərdən çoxdur. Əsas problemlərdən biri, kino adamlarında yaradıcılıq üçün vacib olan entuziazmın çatışmamasıdır. Burada düzgün qurulmayan kino siyasəti və maddi amillər də rol oynayır. Filmlər çox çəkildikcə istər-istəməz müəyyən tendensiyalar da formalaşır. Sənətdə tendensiyalar mövcud ictimai-siyasi və sosial mühitin diktəsindən yaranır. Məsələn, 1988–1990-cı illərin əvvəllərində mürəkkəb vəziyyətə reaksiya olaraq bəzi filmlərdə absurd və qara yumor geniş yer alırdı. Bizdə bu mənada reaksiya filmləri yaranmadı. Tendensiyaların meydana gəlməsi həm də, oxşar ideya və estetik prinsiplərə malik yaradıcı insanların birgə çalışması ilə bağlıdır. Dünya kino praktikasında bu öz təsdiqini tapıb. Bizdə isə həmfikir yaradıcı qruplar formalaşmadı. Kino adamlarımız bir qədər tənbəldir, sözdən əmələ keçid çətin alınır.
Toğrul Abbasov- kinoşünas, sosioloq

– Dünya kinosunda yaranmış dalğalara və cərəyanlara baxanda görürük ki, bir qrup insan oxşar təcrübələrindən, təhsillərindən və ya perspektivlərindən çıxış edərək həyat və dünya haqqında ortaq bir “dərd”i ifadə edib. Azərbaycanda isə kino adamlarının çoxunun belə bir dərdi olmayıb. Mənə elə gəlir, Azərbaycanda kino adamlarının çoxunun dünyaya və həyata dair, onu yatmağa qoymayan bir dərdi olmayıb, o ki qalsın, bu dərd ortaq ola və hansısa tendesiyanın ortaya çıxmasına təkan verə. Həyat və dünya ilə dərdi olan tək-tük insan isə sadəcə öz fərdi kinosunu yaradıb, ona görə də kollektiv bir tendesiya ortaya çıxmayıb.
Hacı Səfərov – kinotənqidçi
– Mən belə düşünürəm ki, Azərbaycan kinosunda tendensiyaların formalaşmamasının əsas səbəbi rejissorların və yaradıcı insanların aktiv polemikalarda iştirak etməməsi, öz fikirlərini bildirməməsi və ümumiyyətlə, kino haqqında nəzəri müzakirələrin çox az aparılmasıdır. Çünki bu cür tendensiyalar, adətən, eyni nəsli təmsil edən və ortaq dəyərləri daşıyan insanların fəaliyyətindən meydana çıxır. Bizdə isə belə hal yoxdur. Məhz buna görə də, hər hansı bir tendensiyadan danışmaq mümkün deyil. Hər rejissor dünyanı öz bildiyi və qavradığı şəkildə çatdırmağa çalışır. Bu, bir tərəfdən Azərbaycan kinosunun rəngarəngliyidir, digər tərəfdən isə qlobal miqyasda Azərbaycan kinosu haqqında konkret bir təsəvvürün yaranmamasına gətirib çıxarır. Ümid edirəm ki, zamanla Azərbaycan kinosunda özümüzü necə göstərəcəyimiz barədə daha konkret qənaətlərə gələrik. Bu da müəyyən mənada Azərbaycanı təmsil edən tendensiyaların yaranmasına səbəb ola bilər.
Nadir Bədəlov – sənətşünas, ssenarist
– Yaradıcı adamlar iş prosesində, bir əsər meydana gətirərkən tendensiya haqqında düşünməməlidirlər. Onlar necə tendensiya haqqında düşünə və ya onu formalaşdıra bilərlər? Onların başqa bədii öhdəlikləri var. Yaradıcı vəzifə tamamilə başqadır. Ona görə də, tendensiyanı yalnız kinoşünaslar və kinotənqidçilər müəyyənləşdirə bilərlər. Yəni, biz kənar baxışla bunu görə və formalaşması mümkün olan meyilləri müəyyənləşdirə bilərik.
2. Müasir Azərbaycan kinosunda hansı mövzular və ya estetik yanaşmalar ümumi tendensiya ola bilərdi, amma formalaşmayıb?
Sevda Sultanova – kinotənqidçi
– Bədii kinoda mövzu seçimi və yanaşma baxımından xaos var. Bu, kino sənayesinin formalaşmaması ilə də bağlıdır. Müasir rejissorların işlərinə baxanda, ata-oğul konflikti (ümumilikdə valideyn-övlad münasibətlərində böhran) əsas motivlərdən biri kimi görünür. Məsələn: İlqar Nəcəfin « Nar bağı”, İlqar Safatın ”İçərişəhər”, Rüfət Həsənovun ”Daxildəki ada”, Asif Rüstəmovun ”Axınla aşağı” və ”Mərmər soyuğu”, İsmayıl Səfərəlinin ”Balıqçının qızı”, Yavər Rzayevin ”İlahi məxluq”, Emin Əfəndiyevin ”Tənha insanın monoloqu » filmləri.
Mövzular olsa da, ümumi tendensiyaya çevrilməyib. Bunun səbəbi rejissorlarla cəmiyyət arasındakı əlaqənin qopuq olmasıdır. Onlar şəxsi ağrılarını önə çıxarır, amma bunları cəmiyyət kontekstində universallaşdıra bilmirlər. Bədii kinoda estetik tendensiya demək çətindir, amma bir neçə rejissor öz üslubunu ardıcıl inkişaf etdirir: Elvin Adıgözəl, Hilal Baydarov. Rüfət Həsənov isə forma axtarışları ilə seçilir, baxmayaraq ki, dramaturji baxımdan kamil deyil.
Sənədli kinoda vəziyyət bir qədər fərqlidir. Burada hibrid yanaşmaların artdığını müşahidə edirik.
Toğrul Abbasov – kinoşünas, sosioloq
– Burada əsas məsələ məzmundur. Ən yaxşı nümunələri ilə Latın Amerikasının kinosunda rastlaşdığımız, fərdi həyat ilə ictimai (siyasi, iqtisadi və s.) həyatın bir-birinə necə təsir etdikləri, fərdi ziddiyyətlərlə ictimai ziddiyyətlərin bir-birini necə müəyyənləşdirdiyi, ikisi arasındakı gərgin, iç-içə keçmiş münasibətin nəyə səbəb olduğu mövzusu Azərbaycan kinosu üçün həm labüd olub, həm də buna uyğun münbit “material” bolluğu olub və var. Amma bu, heç vaxt rejissorlar, ssenaristlər tərəfindən dərd edilməyib, halbuki elə rejissorlar, ssenaristlər özü də (hamımız kimi) bu mövzunun “materialıdır”. Onlar isə bu nöqtədən öz içlərinin dərinliyinə baxmağa, özləri ilə üzləşməyə və bunu ifadə etməyə çəkiniblər – elə tendesiyanın başlanğıc nöqtəsi də məhz bu ola bilərdi.
Hacı Səfərov – kinotənqidçi

– Azərbaycan kinosunda diqqətimi çəkən iki əsas tendensiya var. Bunlar diqqət mərkəzinə gələ bilərdi, amma davamlı olmadı. Birincisi, İran kinosuna əsaslanan, onun saflığını və sadəliyini götürməyə, eyni zamanda, müəyyən qədər uğurunu təkrarlamağa çalışan tendensiyadır. Bu istiqamətdə müəyyən cəhdlər olsa da, davamlı olmadı və imtina edildi. Böyük ehtimalla, əsas səbəb bu idi ki, nəticə sadəcə uğursuz bir parodiya təsiri bağışlayırdı.
Digər tendensiya isə Azərbaycanın ictimai-sosial həyatı ilə bağlı realist kino yanaşması idi. Bu yanaşma da müxtəlif səbəblərdən, xüsusilə, rejissorların özlərini ifadə etməkdə çətinlik çəkməsi və ya cəmiyyətin problemlərini ekrana gətirməkdən imtina etmələri səbəbindən davam etmədi. Halbuki bu istiqamət inkişaf etsəydi, Azərbaycan realist kinosu formalaşa bilərdi, müasir realist kinoda Azərbaycanın gündəlik həyat hekayələri, qayğıları və müxtəlif problemləri əks oluna bilərdi. Amma bu da pərakəndə qaldı: bir neçə filmdə görünürdü, bir neçəsində yox idi, sonda isə tamamilə imtina edildi.
Sadalanan məsələlərin formalaşmamasının istər obyektiv, istərsə də subyektiv səbəbləri var. Bu normaldır. Çünki hər bir rejissor öz fərqli dilini və yanaşmasını ortaya qoyur. Ümid edirəm ki, gələcəkdə rejissorlar öz üslublarını və mövqelərini daha aydın şəkildə müəyyən edə biləcəklər.
Nadir Bədəlov – sənətşünas, ssenarist

– Azərbaycan kinosunda bəzi mövzular müəyyən qədər təkrarlanır, bəzi motivlərin filmdən filmə keçdiyini müşahidə etmək olar. Mənim müşahidəmə görə, burada daha çox tənhalıq mövzusu ön plana çıxır. Mən buna “Azərbaycansayağı Robinzonada” adını vermişdim. Sanki Azərbaycan kinosu hər il belə bir Robinzonada yaradır. Bir-birindən xəbərsiz ssenari müəllifləri bu mövzunu işləyirlər. Bu da maraqlı bir haldır.
Ümumiyyətlə, insan prinsip etibarilə həmişə tənhadır. Ünsiyyət olsa da, biz bir-birimizi ancaq müəyyən qədər tanıyırıq. Daha dərindən baxanda isə etdiklərimizə və əməllərimizə görə cavabdehliyi yalnız özümüz daşıyırıq. Bu baxımdan insan bu dünyada tənhadır. Amma burada bir qədər başqa məsələ qoyulur: sanki insan mövcud vəziyyətlə razı deyil, baş verənlərin hamısını yenidən yazmaq istəyir.
Bunu bir çox filmlərdə görmək olar. Məsələn, Fariz Əhmədov adada tək yaşayan bir adam haqqında sənədli film çəkmişdi (“Sonuncu” filmi – red.) – çox maraqlı film idi. Bundan başqa, Rüfət Həsənovun “Daxildəki ada” filmi də Robinzonada mövzusu ilə bağlıdır. Ümumiyyətlə, filmlərdə qəhrəman ya evdə, ya adada tək qalır, ya da ada yoxdursa, özünə bir ada təsəvvür edir. Əksər hallarda qəhrəman bütün ailə üzvlərini itirir və tənha yaşayır. Biz bunu bir tendensiya kimi müşahidə edə bilərik.
Bu nə ilə bağlıdır? Bax, bu da müzakirə üçün maraqlı mövzudur. Hətta bunu bir diaqnoz da adlandırmaq olar. Demək olar ki, kinematoqrafiyanın özünün qəribə bir magiyası, qabaqcadan görmə qabiliyyəti var. Bu təsadüfi deyil. Kino şüurun alt qatlarında gizlənən məqamları üzə çıxarmaq funksiyasına malikdir. Biz də filmlərdə bunu görə bilirik. Ola bilər ki, illər keçdikdən sonra bu barədə daha rahat, obyektiv və dəyərləndirici mövqedən danışmaq mümkün olsun.
Sorğunu hazırladı Aynur Kazımova