İNDİ OXUYUR
Kinoda sevginin və məhvolmanın estetikası

Kinoda sevginin və məhvolmanın estetikası

Kinoda vizual estetika təkcə ayrı-ayrı elementlərin məcmuəsi deyil, bütün komponentlərin (rəng, işıq, çərçivə, məkan, faktura) bir-birilə qarşılıqlı əlaqədə olduğu, filmin özünəməxsus bədii qavrayışını yaradan mürəkkəb sistemdir. Bu, rejissorlara, kinematoqrafçılara, rəssamlara və geyim dizaynerlərinə fikirləri, hissləri və obrazları sözsüz ifadə etməyə imkan verən bir dil növüdür.

Vizual estetika, sadəcə gözəl kadrlar deyil, həm də hekayəni orijinal üslubda danışmaq üçün vizual ifadə vasitələrindən məqsədyönlü istifadədir. Estetika tamaşaçının emosiyalarına, obrazların motivasiyalarını, hətta süjetin cərəyan etdiyi dünyanın ab-havasını necə qəbul etməsinə təsir edir.

Vizual estetika ilə tamaşaçının duyğuları arasındakı əlaqə dərin şüuraltı qavrayışa əsaslanır. Bəzi tanış vizual üsulları gördükdə – məsələn, müəyyən bir rəng və ya işıqlandırma növü – bizim qavrayışımız bunu müəyyən təcrübələrlə əlaqələndirməyə başlayır və bu, müəyyən hisslərin yaranmasına səbəb olur.

Tamaşaçının ekranda gördüyü hər şey onun emosional qavrayışına təsir edir, filmin mürəkkəb mənzərəsini formalaşdırır ki, bunu yalnız rasional qavrayış yolu ilə dərk etmək mümkün deyil.

Bir il, bəlkə də çox, bundan əvvəl sosial şəbəkədə qarşıma bir filmdən fraqment çıxdı. Əvvəlcə düşündüm ki, bu fraqment müəyyən səhifədə paylaşılan estetik videodur. Başlığı oxuyanda bunun, gənc aktyor, rejissor Elnur Rzanın “Sevginin zərif metafizikası” filmindən bir fraqment olduğunu öyrəndim. Sonra müəllifin “Qırmızı həsrət”“Payız prelüdiyası” adlı daha iki qısametrajlı filminə də baxdım. Həmin filmlərin vizual həlləri də birinci filmlə eyni sxem əsasında qurulub və tamaşaçını biganə qoymur.

Əsasən, simvolizmdən ibarət olan, lakin aydın ifadə olunmuş süjeti olmayan bu filmləri mücərrəd və konseptual bir iş kimi qəbul etmək olar. Elnur Rza, filmlərində vizual həllə və onun vasitəsilə ötürülən emosiyalara, duyğulara diqqət yetirib. Müəyyən bir hekayəni tamaşaçıya ətraflı ötürməkdənsə, əhval yaratmaq üçün simvollardan istifadə edib. Müəlliflə söhbət zamanı o da öz filmləri haqqında eyni fikirləri dedi. Bu səbəbdən mənə elə gəlir ki, xətti hekayəni nəzərdə tutmayan bu filmləri, bir növ, araşdırmaq tamaşaçıda da maraq oyada bilər.

Elnur Rzanın “Sevginin zərif metafizikası” adlı ilk filmi sevginin intim və özünəxas fəlsəfi yozumudur. Burada o, qəhrəmanların hissləri ilə yanaşı, düşüncələrini də çatdırmağa çalışır. Müəllifin təqdim etdiyi sevgi efemer, kövrək, əlçatmaz bir məfhum kimi qəbul edilə bilər – demək olar ki, dəqiq qavranılması mümkün olmayan, lakin hiss oluna bilən fəlsəfi anlayış kimi.

“Sevginin zərif metafizikası”

“Sevginin zərif metafizikası” üç fəsildən ibarətdir:  1. “Mən ağac oldum” 2. “Yuxu ovçusu” 3. “Külək nə haqqında oxuyur”.

Filmin “Mən ağac oldum” adlanan birinci fəsli “Mənəvi cəhətdən yaxın olan iki şəxs toqquşanda onlardan biri ölür” epiqrafı ilə başlayır və Dantenin “İlahi komediyası” ilə paralel aparılır. Daha sonra, çobanyastığı çiçəklərinə toxunan qadın əllərini müşahidə edirik. Çiçəklər qadının, demək olar, bütün bədəninə yayılır. İncəsənətdə çobanyastığı çox vaxt incəlik, saflıq, məsumluq, eləcə də təbiətin dövriliyi və harmoniya ilə əlaqələndirilir. Bu səhnə təbiət, həyat, sevgi, qadınlıq və doğum mövzularını özündə cəmləşdirən metaforik anlam daşıya bilər. Qadın həyatın başlanğıcı olan “torpağa” çevrilir. Bu o deməkdir ki, onun ətrafında baş verən hər şey üçün əsas məhz elə o özüdür. Torpaq isə sadəcə maddi element deyil, o, dərinliyin, köklərin təcəssümüdür.

Qadın ruhunun məqbərəsinə çevrilən ağac onun xatirəsinin, mahiyyətinin qorunduğu məkandır. Burada belə bir fikir ortaya çıxır ki, ölüm – tamamilə yox olmaq deyil, ruhun yaşamağa davam etdiyi fərqli bir çevrilmədir. Bu vəziyyətdə ağac həm də ruhun “yeni bir bədən əldə etdiyi”, mövcudluğunu təbiətlə harmoniyada davam etdirdiyi müqəddəs obyekt kimi çıxış edir. Məqbərə də ziyarətgaha, qadının xatirəsini, onun davamını saxlayan bir yerə çevrilir…

“Yuxu ovçusu” fəslində rejissor, reallıq və xəyalların bir-birindən ayrılmaz hala gəldiyi sürreal tablo yaradır. Sevdiyi qadına məktublar yazmaqdan özü kitaba çevrilən insan, adətən, yaxınlığı əks etdirən məişət elementləri (masa, stullar, ağ süfrə və s.) boşluq və itki hissi yaradan həmin tablonun elementləridir.

“Külək nə haqqında oxuyur” fəslində dağılmış evin xarabalıqları səhnəsi fəlsəfi kompozisiyanın son akkordu rolunu oynayır.

“Sevginin zərif metafizikası” daha çox, insan əlaqələrinin mürəkkəbliyi, kövrəkliyi və məhvi haqqında fəlsəfi məsəldir. Simvolizm, metafor və mücərrəd elementlər vasitəsilə Elnur Rza məhəbbətin mahiyyəti, onun ağrı və itki ilə qarşılıqlı əlaqədə olması, fiziki və emosional elementlərin bir-birini necə ləğv edə bildiyi haqqında düşüncəyə çevrilən bir əsər yaradıb.

Qəhrəmanları Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının gənc aktyorları Səma Vəliyeva və Cohar Abdullayev ifa edirlər. Bu və növbəti filmlərin operatoru və montajçısı isə Ketevan Baramidzedir.

Rejissorun “Qırmızı həsrət” filmi də duyğularla zəngin ekran əsəridir. Onun sükut, jest, mimikalar və obrazlar vasitəsilə nəql edilməsi tamaşaçıya qəhrəmanların daxili dünyasının dərinliklərinə qərq olmağa imkan verir.

“Qırmızı həsrət”


Hekayənin mərkəzində gözləri bağlı, simvolik olaraq ətrafda baş verənləri görmək və dərk etmək qabiliyyətindən məhrum bir insan (kişi) dayanır. Onun korluğu, həm də, qaça bilmədiyi emosional təcriddir. Bu rolu Elnur Rza özü ifa edir. Filmboyu onun emosiyalarını görə bilməməyimizə baxmayaraq (gözləri bağlı olduğu üçün), daxili gərginliyini hiss edə bilirik. Kişinin hər hərəkəti, hər jesti qeyri-mümkün bir şeyə olan istəyini vurğulayır. Məhdud görmə şərtlərində davranışı xüsusilə ifadəlidir və reallıqla təmas imkanı olmadan sevgi axtarışı bütün mənzərənin mərkəzi motivinə çevrilir. Kişi və qadının bir-birinin yanında uzandıqları, lakin bir-birlərinə toxunmadıqları yataq səhnəsi bütün film üçün mühüm məqama çevrilir. Sükut burada öz mənasını tapır və fiziki yaxınlığın olmaması obrazlar arasında mənəvi məsafəni əks etdirir. Kişi tək qaldıqda və yalnız sevgilisinin paltarını tapdıqda, rejissor həqiqi birliyin mümkünsüzlüyünü vurğulamaq üçün yenidən simvolizmdən istifadə edir. Kişi paltarın bir hissəsini tutur və sevdiyi qadını hiss etmək istəyir. Bu səhnə tamaşaçıya nəinki itkini, hətta tam kəşf edilməmiş bir şeyi qoruyub saxlamağın mümkünsüzlüyünü göstərir.

Nar, narın şirəsi, mim – bütün bu fəndlər filmin hər anına nüfuz edən faciəvi əlçatmazlığın özünəməxsus mənzərəsini yaradır. Sevginin əlçatmazlığını anlamaq müəllifin əsas mesajına çevrilir. Bəlkə də, müəllif işinin məhz bu nüansı süjetə minimalist yanaşmaya baxmayaraq, filmi bu qədər dərin və çoxqatlı edir.

“Qırmızı həsrət”in rəng sxemi onun emosional təsirini xeyli artıran əsas cəhətlərdən biridir. Bu, personajların daxili təcrübələrinin dərinliyini, eləcə də münasibətlərinin gizli mənasını hiss etdirən bir ab-hava yaradır. Rejissor rəngi sadəcə bəzək elementi kimi istifadə etmir, onu məna ilə doldurur, hekayənin mühüm alətinə çevirir.

Ənənəvi olaraq sevgi və ehtirasla əlaqələndirilən qırmızı, burada hətta faciəvi məna kəsb edir. Qırmızı, aşiq olmaqla yanaşı, ağrı, qorxu və ümidsizliyin rəngidir. Azərbaycan mədəniyyətinin incisi olan nar həqiqətən də daxili quruluşuna görə bir növ birliyi, harmoniyanı, bütövlüyü simvolizə edir. Baş qəhrəmanın onu səbirsizcəsinə yeməsi, qəhrəmanlar arasında olan bütovlüyün pozulmasını nümayiş etdirir.

Nar şirəsi, qəhrəmanların bədənində və əllərindəki parlaq ləkələr – bütün bunlar ehtirasın dağıdıcı təsirindən, onları yeyən, geridə yalnız izlər buraxan amansız reallıqdan xəbər verir.

Ağ-qara çalarlar isə, sanki qəhrəmanın daxili boşluğunun və tənhalığının metaforuna çevrilir. Sevgilisi kadrdan itəndə qəhrəmanın dünyası rəngsiz olur. Ağ-qara rənglər onun tənhalığını, düşüncələrə qərq olmasını, parlaqlığını və zənginliyini itirən xatirələrini vurğulayır.

“Qırmızı həsrət” filmi insanlar arasındakı münasibətlərə özünəməxsus baxışdır.  Bu həm də bizim bəzən bir-birimizi həqiqətən dərk edə bilməməyimiz, yalnız fiziki aləmdə deyil, bir-birimizi dərk etməyimizdə də mövcud olan korluq haqqındadır. Rejissor münasibətlərdə tənhalıq və həsrət mövzularına toxunub. Yəqin hər birimiz bu hisslə tanışıq. Bu heç vaxt həyatımızın bir hissəsinə çevrilməyən, hər zaman sürüşüb gedən bir şey və ya biri üçün səy göstərmək və hər birimizin həyatında, heç olmasa, bir dəfə üzləşdiyi ümumi insani vəziyyətin, imkansızlığın əksidir.

Elnur Rzanın “Payız prelüdiyası”, əbədi suallar – zaman, sevgi və qaçılmaz itkilər haqqında düşünməyə vadar edən filmdir. Zənnimcə, filmdə məhz bu məqam – adətən, gündəlik həyatda fərqinə varmadıqlarımız: zamanın dəyişkənliyi və itkilərin qaçılmazlığı toxunur tamaşaçıya. Yayın ötüb keçməsi, yoxa çıxan yarpaqlar, istilik – bütün bunlar məlum həqiqətdən bəhs edir: heç nə əbədi deyil. Qəhrəmanlar birdirlər, lakin eyni zamanda onların arasında boşluq var və bu boşluq get-gedə sanki böyüyür. Qəhrəmanın başını sevgilisinin qucağına qoyduğu və onların sükut içində, tökülən yarpaqların əhatəsində olduğu səhnə, bütün simvollar – payızdan tutmuş səssiz ümidsizliyə qədər – sanki bu anda birləşir. Həmin dəqiqə çox şəxsi, sözlə ifadə etmək çətin olan, ürəksıxan nəsə baş verir. Onlar sanki bir-birlərini cəlb edirlər, lakin bu dəyişən dünyada bir-birlərini tapa bilmirlər. Eyvanda siqaret çəkən qadın və ya yerə səpələnmiş yarpaqlar kimi xırda detalları incəliklə ötürən kamera sanki “Bax, hər şey gedir” deyir.

Qəhrəmanların xəzəllərin arasında uzandıqları an xüsusilə təsirlidir. Onlar o qədər həssas görünürlər ki, sanki təbiətin özü onları əhatə edir. Kişi yatır, sevgilisini qucaqlayıb, duruşunda sadə, demək olar ki, uşaq incəliyi var. Elə bil bu keçici anı qorumaq istəyir, amma bacarmır, çünki gecə artıq yaxındır və vaxt daralır. Zənnimcə, bu məqam bizə məhz qəhrəmanların gücsüzlüyünü – zaman, həyat qarşısında məğlubiyyətini göstərmək üçün seçilib.
Qadının baxışları xüsusilə diqqət çəkir: o, kameraya baxır. Bu baxışlarda qorxu və ya çarəsizlik yoxdur, əksinə, vacib olan hər şeyin yoxa çıxacağının dərki var. Qadın bizə – tamaşaçılara baxır və baxışları “Mən hər şeyin getdiyini bilirəm və bunu qəbul etməyə hazıram, bunun da öz gözəlliyi var” deyir. Bu, ağrı və sükutun heyrətamiz birləşməsidir.

Elnur Rzanın hər üç filmində qadın qəhrəmanı Azərbaycan Dövlət Akademik Rus Dövlət Dram Teatrının gənc aktrisası Səma Vəliyeva canlandırır.  Onun gözləri, həqiqətən, obrazının ən ifadəli elementlərindən biridir. Onlar o qədər geniş və açıqdırlar ki, sanki ətrafdakı hər şeyi sovurur, amma eyni zamanda, onların içində hansısa izaholunmaz kədər gizlənir. Onun baxışlarında filmin fəlsəfəsinə uyğun gələn uşaq məsumluğu və daxili ümidsizlik var. Onun həm kövrək, həm də güclü olması diqqətdən yayınmır. Kameraya yönəldilmiş baxış onun ifasının kulminasiya nöqtəsidir, burada aktrisanın özü onun xarakterinin qarşılaşdığı sualı verir: “Bunu (yəni, zamanı, anı) qoruyub saxlaya bilərəmmi?”

“Payız prelüdiyası”


“Payız prelüdiyası”nda Elnur Rza zaman, qaçılmazlıq və insan kövrəkliyi mövzularını tədqiq edir. Filmdə kadr seçimindən tutmuş, hekayənin təqdimat tərzinə qədər hər şey bir suala cavab axtarır: biz zaman keçdikcə necə dəyişirik və itki anlarında bizə nə qalır? O, payızdan həm də sonun, vacib və qaçılmaz bir şeyin tamamlanmasının simvolu kimi istifadə edir.
Filmdə xətti süjet və dialoqların olmaması, məncə, hadisələrin əhəmiyyətindən qaçmaq cəhdi deyil, daha çox tamaşaçını öz içinə baxmağa məcbur etmək cəhdidir.

Başqa bir vacib detal, qəhrəmanın filmdə oxuduğu Arseni Tarkovskinin “Müqəddəs işıq” kitabıdır, daha doğrusu, həmin kitabdan oxuduğu “Yay da keçib getdi” şeiridir. Arseni Tarkovski bu şeirdə istədiyi hər şeyə nail olmadığını anlayaraq, yaşadığı illər haqda yenidən düşünür, həyatın çox tez keçməsinə təəssüflənir. O əmindir ki, ötüb keçən illərdən daha çox fayda əldə etmək olardı. Arseni Tarkovskinin və “Payız prelüdiyası”nın rejissorunun fəlsəfəsinin ortaq cəhəti də məhz budur.

Bu filmlərdəki rekvizitlər, interyer dizaynı, hətta qəhrəmanların saç düzümləri belə əsərin ab-havasını və dərinliyini artırmaq üçün düşünülüb. Hər bir detal öz kontekstini yaradır obrazların dünyasını, onların hisslərini və münaqişələrini daha yaxşı anlamağa kömək edir.

Boş stullar, sadə masalar, rəsm əsərləri, müxtəlif dillərdə kitablar, ağ süfrələr və zərif bitkilər – bütün bunlar zamanın sürüklənməsini əks etdirir. Bu detallar məkanı doldursalar da, onun səssizliyini pozmurlar.

Filmlərin musiqiləri qəhrəmanların duyğuları ilə ümumi atmosfer arasında əlaqə, kədər və ümid arasında çox kövrək bir xətt yaradır.

Bir məqama da toxunmaq istərdim. Hər üç filmdə yalnız iki qəhrəman mövcuddur- qadın və kişi. Adəm və Həvva – günah, dərketmə və məsumiyyətin itməyinin arxetipik hekayəsidir. Filmlərin istifadə olunan simvolizmi və əsas motivləri nəzərə alaraq, bu miflə paralel aparmaq olar. Bu hekayələrdə fundamental bir şey var – paklıq və məsumluqdan məhvə keçid, qorxu və ağrının qaçılmazlığı, bir vaxtlar “Cənnət”in olduğunu, sonra isə itirildiyini, qaytarılmasının mümkünsüzlüyünü dərk etmək.

“Meyvənin dadı” qadınla kişini, onların arasında olan bağı ilahilikdən məhrum edir. Onlar ölümə məhkum olan adi insanlara çevrilirlər. “Qırmızı həsrət”də aktrisanın narı iştahla yediyi səhnə bir qədər bu motivlə uzlaşır. Üstəlik, narın şirəsini kişinin üzünə tökür, ona da dadmağa verir.

Beləliklə, mifik nöqteyi-nəzərdən filmlərin fəlsəfəsi həyatda hər şeyin dövri olması ideyasına əsaslanır. Bu, Cənnətdən əzab və itkilərlə dolu bir dünyaya, müəyyən dərəcədə xoşbəxtlikdən tənhalığa keçidin əbədi prosesidir. Bu mənada filmdəki qəhrəmanlar, bir növ, “Adəm və Həvva”dırlar və onların hər biri öz seçimlərinin nəticələri ilə üzləşir ki, bu da onları artıq geri dönə bilməyəcəkləri bir dünyaya aparır.

Yazımın əvvəlində qeyd etdiyim kimi, Elnur Rza qısametrajlı filmlərində konkret hekayəni işıqlandırmır, öz şərhini göstərməklə kəşflər etmək və düşünmək üçün yer qoyur, tamaşaçını süjetin qavranılmasından daha çox, şəxsi və subyektiv düşüncələrini formalaşdırmağa sövq edir.

“Mənə elə gəlir ki, vizual estetika insanın hisslərini ötürmək üçün ən gözəl və uyğun vasitədir”- Elnur deyir. Zənnimcə, bu fikri gənc aktyor, rejissor öz filmlərində uğurla tətbiq edir.

Nəzrin Mahu

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya