Kinoda Milad sehri

Kino sənətinə Milad bayramı mövzusunun gəlməsini film yaradıcıları nəsə sehrli, qeyri-adi, həyəcanlandırıcı və möcüzəli bir təzahür kimi qavrayırdılar. Görünür, bu səbəbdən kino xadimləri diqqətlərini ciddi-cəhdlə reallıqdan uzaq və ülvi nə iləsə müşayiət olunan orijinal süjetlərin yaradılmasına cəm etdilər. Çünki məhz bu cür süjetlər tamaşaçı auditoriyasını həyatı boyunca müşayiət edərək Milad bayramı ərəfəsində ona fərəhli hisslər bəxş edə bilər.
Bu mövzu qısa, sözsüz epizodlardan irimiqyaslı blokbasterlərə və dramatik psixoloji əhvalatlaradək böyük bir yol keçib. Səssiz kino dövrünün Milad bayramı ilə bağlı təsviri və emosional konsepsiyada əsas xüsusiyyətləri küknar ağacı, hədiyyələr, Santa-Klausun peyda olması idi. Bütün bunlar çox asanlıqla vizuallaşdırılırdı. Bununla belə, kifayət qədər tez-tez qısa həcmli Milad etüdləri, feeriyalar, nağılların ekranlaşdırılması da lentə alınırdı.
Rejissor Jorj Melyes teatrallığı və kinonun erkən dövrünə aid xüsusi effektləri istifadə etməklə Yeni İlə və Milad bayramına həsr edilmiş bir neçə fantaziya çəkmişdi. 1901-ci ildə çəkilmiş “Milad nəğməsi” Çarlz Dikkensin povestinin ilk ekranlaşdırılması hesab edilir. Bu film çox qısadır (5 dəqiqəyə yaxın) və erkən kino fəndlərini tətbiq etməklə əsərin qayəsini ifadə edir. Film orijinal mətnin mənəvi dərinliyini çatdıra bilməsə də, Dikkensin ideyasını vurğulamağın öhdəsindən gəlib: Milad – insanpərvərlik, günahları, səhvləri bağışlamaq, şəfqət və birlik məqamıdır. Bu ekran işində Milad mənəvi oyanmanın metaforudur.
Böyük Britaniya kinematoqrafçılarının “Saman üstündə qış səfəri” (1897) və “Santa Klaus” (1898) – Santa-Klausun ekranda göründüyü ilk filmlərdəndir. Bu filmlərdə Milad möcüzəni və sehri var etmək bəhanəsi kimi çıxış edir, bu isə sözsüz attraksion kino estetikasının təbiəti ilə səsləşən bir yanaşmadır. Sözlü kinonun təşəkkül tapması ilə Milad filmləri musiqi, mahnı və ailəvi söhbətlərlə zənginləşir.
Böyük depressiya (1929-1933) fonunda Milad mövzusu ümid təlqin etmək vasitəsi kim bir səciyyə qazanır. Bu dövrün ən yaddaqalan filmləri Frenk Kapranın 1946-cı ildə çəkdiyi “Həyat gözəldir” kinolenti qeyd edilə bilər – dünya kinosunda Milada həsr edilmiş ən dəyərli filmlərdən biri olaraq özündə eyni zamanda sosial dram dramaturgiyasını nağıl elementləri ilə üzvi şəkildə birləşdirib; həmçinin Corc Sitonun 1947-ci ildə çəkdiyi “34-cü küçədəki möcüzə” filmi də “əsl Santa” obrazını kütləvi mədəniyyətdə bərkidən ekran işlərindəndir.


Həmin dövrdə Miladdan bəhs edən musiqili qısametrajlı filmlər və MGM nömrələri yaranır. Və Milad nəğmələri ümumi ab-havanı populyarlaşdıran vacib elementə çevrilir. “Qızıl Hollivud” adlanan dövrdə (1950-ci ildən 1960-cı ilədək) Milad estetikası bərpa edilir və Hollivud müzikllərinin və ailəvi filmlərin fonu kimi istifadə edilir. İkinci Dünya müharibəsindən sonra ailə mövzusu, ev və ənənələr xüsusi əhəmiyyət kəsb etməyə başlayır.
Rejissor Maykl Körtinin Binq Krosbini baş rolda çəkdiyi “Bəyaz Milad” (1954) adlı filmi Milad haqqında musiqili ekran işi olaraq İrvinq Berlinin musiqisi və bayram əhvalı ilə süslənmiş ən baxımlı ekran əsərlərindəndir. Bu film musiqinin, kollektivçiliyin və insani məhrəmliyin xüsusən Milad günlərində taleyi dəyişmək və ümidi qaytarmaq gücündə olmasından bəhs edir.

“Çarli Braunun Miladı” (1965) isə animasiyanın ilk böyük xüsusi buraxılışlarından olub televiziya məkanında “holiday-special” ənənəsini qoydu. .
1970-1980-ci illər kino sənətinin bu tərzinə yeni nəzərlə baxmaq və janr müxtəlifliyi dövrü kimi tarixə düşüb. Yeni tendensiyalar əmələ gəlir və Milad kriminal, ailəvi, fantastik kimi müxtəlif janrlı filmlər üçün dekorasiya rolunu oynamağa başlayır. Tünd boyalı, satirik, sosial interpretasiyalara yol açılır. Belə filmlərə “Elliot üçün yeni ev” (1973) kinolentini misal göstərmək olar – burada bayram günlərində ailədə dramatik əhvalatın baş verməsindən söhbət gedir. “Ölümcül Milad” (1974) filmi sleşer janrının inkişafına doğru atılmış çox əhəmiyyətli bir addım oldu. “Şər qüvvələr” (1984) filmi də diqqətəlayiq ekran işlərindəndir: burada fantastika ilə “qara” komediya Miladın bayram əhvallı fonunda təqdim edilir. Bryus Villislə Alan Rikmanın baş rolda çəkildikləri məşhur “Məğlubedilməz” (1985) filmi döyüş səhnələri ilə zəngin olsa da, gözlənilmədən Milad kinoklassikası sırasında özünə möhkəm yer tutdu. Bu səbəbdən də bayram ovqatı zülmət və qarşıdurma, həmçinin, yeni bədii yanaşmalarla növbələşərək təqdim edilir.
Artıq 1990-cı ildən başlayaraq Milad mövzusunun kütləvi pop-mədəniyyətdə ilkin təzahürləri görünməyə başlayır. Bu “qızıl əsr” komediyalar, ev ab-havası, uşaqların macəraları və ailə dəyərləri olan Milad hitləri ilə əlamətdar oldu.

Ən çox tamaşaçı kütləsi toplayan filmlərə adi adamın Santa Klausa çevrilməsi təsəvvürürnü formalaşdıran “Evdə tək” (1990), “Qıvrımsaç Syu” və “Bütün dünyaya səs salan cinql” ekran işlərini aid etmək olar – bu filmlərdə ailə əhvalatları üçün fon rolunu oynayan Milad süjetləri xoşbəxt və şən finalla yekunlaşırlar.
2000-ci illərdən başlayaraq Milad mürəkkəb, çoxqatlı əhvalatların bir hissəsi kimi tətbiq edilməyə başlayır və ekranlara romantik ansambl filmləri çıxır. Bu dövrün ən yaddaqalan filmlərindən biri kimi “Real məhəbbət” (2003) romantik dram-komediyasıdır desək, yanılmarıq – Milad günlərinin ekranda daha bir əksi olan bu filmdə əsas ideya məhəbbət adlı məfhumun bir çox forma və təzahürlərdə özünü büruzə verməsindən bəhs edir; bu təzahürlər əksər hallarda mükəmməllikdən uzaq, qeyri-sağlam, gözlənilməz də ola bilər, amma hər bir halda dəyərli olması şübhəsizdir. Final bütün qəhrəmanları qayıdış, görüş, talelərin kəsişməsi simvolu olaraq hava limanında bir araya gətirir.
“Qütb ekspressi” (2004) animasiya filmində Miladın əsas ismarışı möcüzəyə və sehrə münasibətdə uşaq sadədilliyini qoruyub-saxlamağa inam ətrafında qurulub. “Qütb ekspressi” tənhalığa, əminsizliyə, yaxud qorxuya köklənmiş hər personajın özünün kiçik əhvalatı olan və Miladın onların hər birinə fərdi yanaşmasını üzə çıxaran CGI-animasiyada önəmli səhifə oldu. Finalda qəhrəman Milad zınqırovunun cingiltisini yenidən eşidir, çünki o, qərara gəlib ki, inansın. Nəticədə o, böyüyür, sehr və möcüzə isə yoxa çıxmır, onun qəlbində qalır. Hətta həyat rasional və möcüzədən uzaq olduğu vaxtlarda belə, daxildəki Milad sehri canlı olaraq qalır, onu yalnız insanın inamının itməsi yoxa çıxara bilər.
2005-ci ildə ekranlara “Narniyanın salnamələri: şir, sehrbaz qadın və sehrli dolab” bədii filmi çıxır. Bu ekran işində Milad, vacib rəmzi və süjet yüklü yer tutur, baxmayaraq ki, birbaşa xristian elementləri ilə ifadə edilməyib, ümidin gəlişi və işığın qayıtması obrazları ilə çatdırılıb. Başqa sözlə, Milad Şərin öz iqtidarını itirməsinin rəmzidir. Daha əvvəl “Şrek” və “Şrek-2“ filmlərini çəkmiş “Narniyanın salnamələri: şir, sehrbaz qadın və sehrli dolab” filminin rejissoru Endryu Adamson Milad rəmzlərindən və fentezi detallarından çox sərbəst və peşəkarcasına istifadə edir.
2010-2020-ci illərdə striminqlərin böyük vüsət qazanması horrordan psixoloji dramadək janr variasiyaları çox müxtəlif olan ilbəil 10-larla Milad filminin ekranlara çıxmasına şərait yaradır. Və faktiki olaraq Milad kinosu qlobal səciyyə qazanır, bu mövzuda filmləri ABŞ-də olduğu kimi, Avropa və Asiyada da çəkirlər.
Əvvəllər Disneydə çalışaraq “Ələddin”, “Herkules”, “Notr-Damdan olan qozbel” kimi yaradıcılıq işləri olan ispan animator Serxio Pablosun rejissor debütü 2019-cu ildə “Oskar”a layiq görülmüş “Klaus” olur. “Klaus” – Miladdan bəhs edən ən isti və insanpərvər filmlərdən biridir. Milad “insanların ən kiçik həcmdə olsa da belə xeyirxah, gözəl işlər gördüyü yerlərdə yaşayır” fikri filmin əsas vurğusudur. “Hər bir səmimi addım daha birinə yol açır” ifadəsi isə əhvalatın mərkəzi ideyası kimi çıxış edir.
“Uğursuzluqlarla keçən Milad”, “Pis Santa”, “Ofis Miladı” kimi kateqoriyadan olan filmlər isə birbaşa Milada əks mövqe tutan komediyalardır. Bu filmləri eksperimental kino kimi nəzərdən keçirmək olar, onların süjeti əhvalatı tamaşaçıya çatdırmağın adət edilmiş dramaturji, montaj, vizual üslub və janr normalarından bilərəkdən imtina edir ki, özünü klassik kino estetikasına qarşı qoysun.

2015-ci ildə ekranlara “Krampus” horroru çıxır (2019-cu ildə bu filmin remeyki çəkilir), janrına və bədbin üslubuna baxmayaraq, film çox ənənəvi, hətta klassik Milad məğzinə malikdir – sadəcə olaraq, bütün bunlar dəhşət effektləri vasitəsilə ifadə edilir. Film təlqin edir ki, əgər insanlar Miladın sevgi və ünsiyyətə aid olduğunu unutsalar, hər şeylərini itirə bilərlər. Və əgər biz xeyirə, hörmətə, sevgiyə və Miladın ruhuna inanmağı yadırğasaq, onların yerini qorxu və dağıdıcı qüvvələr tutar. Filmin əsas qayəsi isə öz ailənin qədrini bilməyə çağırır – ailənin ideala nə qədər yaxın olub-olmamağnın isə heç bir fərqi yoxdur. Milad məhz və yalnız bu dəyəri anlamağa çağırışdır.
Milad üslubu kinoda sadəcə bədii ifadə vasitələri demək deyildir. Bu, qış bayramı fonunda isti, rahat, sehrli, mehriban və yeniliyə açıq ab-hava yaradan vizual, səs, süjet elementlərinin sistemidir. O, vizual kodları (isti işıq, alov, qar, qırmızımtıl-qızılı palitra, rahat interyerlər); musiqi kodları (zınqırovlar, xor nəğmələri, nostalji melodiyalar); tematik kodları (ailə, bağışlama, inam, səhvlərin düzəldilməsi, xeyirxah işlər); süjet arxetipləri (möcüzə və ya onun metaforu, evə qayıdış, barışıq, qəhrəmanın mənəvi cəhətdən yenidən “doğulması”) birləşdirir. Miladın universal mədəni kodu ondan ibarətdir ki, bu bayramı hətta bütün dünya qeyd etməsə belə, demək olar ki, hər kəs ailə, ev, xeyirxahlıq, ümid ideyasını anlayır və bu mövzu indiyədək tükənməyən dünya kinematoqrafının dayanıqlı özüllərindən və sütunlarından biridir.
Elçin Əsədov, rejissor, yazıçı, tənqidçi / tərcümə: Samirə Behbudqızı