Kinoda demokratiya modeli
Milliyyətcə çex olub, İkinci Dünya müharibəsində atasını Buhenvald, anasını Osventsim əsir düşərgələrində itirməklə faşizm, 1968-ci ilin Praqa hadisələrindən sonra iki azyaşlı əkiz oğlanlarından, həyat yoldaşından vaz keçməklə kommunist basqılarına məruz qalan rejissor Miloş (Jan Tomas) Formanın (1932) Amerikada Ken Kizinin eyniadlı povesti əsasında 1975-ci ildə çəkdiyi «Qu quşu yuvası üzərindən uçarkən» (ssenari müəllifləri Lourens Hauben, Bo Qoldmen) filmi demokratiya uğrunda mübarizənin uğurlu modelini yaradır. “Dəlilik metodları” məqaləsində “Filmdəki klinika müalicə olunmayan ruhi xəstələrin azadlıqlarının da məhdudlaşdırıldığı məkan kimi göstərilir”[1] yazan tədqiqatçı rejissor Tina Batler ekran əsərinin nüvəsindəki rüşeymi göstərir. Səhər-səhər qapıların, əl-ayağa bağlanmış kilidlərin açılışı, dərmanların paylanması mühiti, açılan ruhi xəstəxanaya yeni gətirilən xəstənin qandallardan azad olması şadyanalığı, yeni ab-havanı önə çəkir. Davakarlığına görə beş dəfə həbs olunmuş, on beş yaşlı qızı zorladığından sonuncu dəfə həbsxanada yatmış MakMörfinin (Cek Nikolson) əməllərinə bəraət qazandırmaq, xəstələri təsir dairəsinə salmaq, diaqnoz qoyan həkimi ələ almaq bacarığı personajın psixoloji imkanlarını nümayiş etdirir. Və xəstələrin mənəvi problemlərini müzakirəyə çıxaran tibb bacısı Retçedin (Luiza Fletçer) yaratdığı qalmaqalın soyuqqanlı müşahidəsi MakMerfinin daxili iradəsinin passiv müqavimətini üzə çıxarır.
Amerikanın demoqrafik zümrə fərqliliyini təmsil edən xəstələr arasından zənci Vaşinqtonun etirazına baxmayaraq, seçdiyi hərəkətsiz, reaksiyasız, ağır xəstə hesab olunan ucaboy hinduya, basketbol topunu səbətə atmağa səbrlə vadar edən MakMörfi özünün ali qayəsini dolayı yolla üzə çıxarır. Paralel olaraq əlil arabasındakı xəstənin çəliyi ilə «boks armudu»nu döyəcləməsi ətalətli mühitdəki həyat eşqinin alovlanmasından xəbər verir. Şərti pul vahidini təmsil edən siqaretlərlə maddi maraq oyadaraq kart oyununa cəlb etdiyi xəstələri öz mənafelərini qurmağı öyrədən MakMörfi məqsədini reallaşdırmaq yolunda növbəti addım atır. «Mən burada fikirlərimi, düşüncələrimi eşitmirəm» mətnini səsləndirən musiqiyə üsyan edən MakMörfi demokratiyanın ilkin şərtini diqqət mərkəzinə gətirir. Xəstələrə zorla qəbul etdirilən naməlum həblərə qarşı çıxmaqla qrafiki dəyişərək televizorda beysbol çempionatına baxmaq tələbini səsə qoyduran MakMörfinin passiv halsızların səsvermədə iştirak etməmələri – auditoriyanın passivliyi ucbatından xanım Retçedə uduzması gözönü qarşıdurmanı səciyyələndirir.
Uduzan MakMörfinin yerindən tərpətmək istəsə də, gücünün çatmadığı əlüzyuyana güc gəlməsi, onun məqsədini diqqət mərkəzinə gətirir. Artıq madam Retçedin açıq müzakirələrinə, standart müalicəsinə müqavimət, çempionata baxmaq istəyənlərin çoxalması xəstəxanadakı oyanışdan xəbər verir və növbəti səsvermədə halsızlar arasından nəhayət ki, hindunun əlini qaldırması çoxluğun qələbəsini təmin edir. Ancaq iclasın bağlandığını bildirməklə həlledici səsi saymayan xanım Retçedin müqavimətindən sonra televiziya ekranındakı yad təsvir üzərində apardığı reportajla qələbənin immitasiyasını yaradan MakMörfi şərti qələbəni təmin edir. Beləliklə, sərbəst bazar, azad söz, müstəqil seçki kimi demokratiya təməllərinin tətbiqi mühiti canlandırır. Baş həkimin, komissiyanın sağlam hesab etməklə mühitdən uzaqlaşdırmaq istəsələr də, başladığı işi sona çatdırmaq niyyətli MakMörfi, ideyası uğrunda ölümə getməyə hazır olan xarakteri səciyyələndirir. Hindunun çiyninə qalxmaqla xəstəxananın hündür hasarını keçərək sükanı arxasında əyləşdiyi avtobusu marşrutdan çıxarmaqla, yolüstü götürdüyü xanım tanışı Kendi ilə birgə dostlarını psixiatriya institutunun həkimləri kimi təqdim edilməsi, gəmi ilə balıq ovunda iri balığın tutulması MakMörfinin xəstələrə azadlığı dadızdırması azadlığın tərənnümünə çevrilir. Təqib olunan gəminin tutulmasına baxmayaraq, bu hadisədən sonra köhnə idarəçilik təməli sarsılan xəstəxanada MakMörfinin yaratdığı basketbol komandasının həyata davamlılığı ümumi mənzərəni dəyişir. Halsızlarla birgə oyuna qoşulan nəhəng hindunun əlini uzatmaqla rəqib komandanın atdığı topun səbətdən keçməsinə mane olması yaranan ümumi canlanmanı təsdiqləyir.
Hovuzdakı xəstələrə əlindəki dəyənəklə nəzarət edən sanitarın buranın xəstəxana olduğunu xatırlatması ilə öz razılıqları ilə buraya düşənləri qaçmağa təhrik edən MakMörfinin barışmaz ziddiyyəti hadisələri gərginləşdirir. Və artıq xəstələrin istirahət saatlarında və günlərində yataq otaqlarının bağlı olmasına, siqaretlərinin əllərindən alınmasına etirazları pozulan hüququn dərki kimi səciyyələndirilir. Bütövlükdə avtoritarlğa qarşı çıxan filmdəki «üsyanda» pəncərə arxasındakı siqareti götürmək üçün şüşəni sındırmaqla zədə alan MakMörfi inzibati amirliyin zorakılığının qurbanına çevrilir. Lal-kar olmadığı üzə çıxan hindu ilə Kanadaya qaçmağa qərar verən, bədəninə elektrik cərəyanının yeridildikdən sonra özünü halsızlığa vurmaqla xanım Retçeddə məmnunluq yaradan MakMörfi qabartmaqla hadisəliliyi artırır. Artıq xəstələrlə dialoqa girmək məcburiyyətində qalan xanım Retçed mühitdə yaranan balansın təsdiqinə çevrilir və məhz bu məqamda televiziya efirindən «Berlin səddinin yarılması» barədə operativ informasiyanın getməsi qlobal hadisəni ekvivalent kimi önə çəkir. Daha sağlam atasının başına gətirilənləri xatırlayan hindunun qaçmaqdan imtina etməsi fonunda, rüşvətlə gözətçini ələ alaraq Kendini rəfiqəsilə Roza ilə birgə xəstəxanaya buraxdırmaqla, sanki Berlin divarının yarılmasını təkrarlayan MakMörfinin xanım Redçetin mikrofonunu əlinə götürərək ayağa qaldırdığı xəstələri şəraba, rəqsə qonaq etməsi hadisələri yeniləşdirir. Və ruhu təzələnən ümidsiz xəstə Billinin bəyəndiyi Kendi ilə cinsi əlaqəsinə inzibati amirliyin müdaxiləsi, xanım Redçetin gəlişi ilə baş alıb gedən kütləvi zorakılığa qarşı müqavimət göstərənlər arasında artıq tam sağalan Billinin sərbəstliyi yeniləşən cəmiyyət modelini təqdim edir. Xanım Redçetin psixi təsiri ilə mənəvi zərbə alan Billinin ölümündən sonra dağ kimi güclü olduğunu deyən hindunun cəzalardan sındırılan MakMörfiyə: «Səni də özümlə aparacağam» desə də, ağzına balış basıb öldürdükdən sonra inzibati amirliyin simvoluna çevrilən ağır əlüzyuyanı yerindən qaldırıb barmaqlıqlı pəncərədən bayıra atması, xəstəxananı su basması istibdada qarşı mübarizədən xəbər verir.
“İskusstvo kino” jurnalının 1988-ci ilin 8-ci sayındakı “Tarixçə maraqlı danışılmalıdır” məqaləsində “Öz filmini yaratmaq üçün sənətkara cəsarət hətta hünər gərəkdir” , “Ssenari yazanda hesab edirəm ki, film üçün əsas ssenaridir, yerdə qalan vacib deyil, aktyor seçəndə isə gözəl aktyorların peşəkarların üzərində dayanıram, çəkəndə isə yalnız çəkiliş barədə düşünürəm, montajda da həmçinin”[2] deyən Miloş Forman özünün peşəkar üslub göstəricilərini açıqlayır. Ümumilikdə beş «Oskar»a layiq görülən bu film (təqdimetmə mərasimində Miloş Formanın yeddi ildən bəri görüşmədiyi əkiz oğlanları da iştirak edirdilər) sənətkara dünya şöhrəti qazandırmaqla ötən əsrin ikinci yarısında kinoda demokratiya modelinin uğurlu həllini yaradan Miloş Forman özünün “Saç” (1979), “Reqtaym”(1981), “Xalq Larri Flintin əleyhinədir” (1996) filmlərində də bu mövzunu davam etdirdi.
Aydın Dadaşov
[1] Tina Butler, The Methods of Madness. news. mongabay.com/ may 6, 2005.
[2] Милош Форман: История должна быть рассказана интересно. ж. Искусство кино 2001, №12.с.178.