İNDİ OXUYUR
Kinetoskopun revanşı

Kinetoskopun revanşı

Təsəvvür et ki, qaranlıqdasan və parlaq ekranı yalnız sənin görə biləcəyin şəkildə gözlərinə  tuşlanmış cihazla qısa videolara baxırsan. Gah rəqs edən qızı, gah əzələ nümayişi edən idmançını, gah da ehtiraslı cütlüyü izləyirsən. Nəzərlərini ayıra bilmirsən, kontent səni cəlb edib özünə. Bəzən də eyni videonu təkrar-təkrar izləyir, bu prosesdən həzz alır, əylənirsən. Həyatın boyu nəinki görmədiyin, hətta təsəvvür belə etmədiyin bir fəaliyyətlə tanışlıq səni həyəcanlandırır. Amma hiss edirəm, – “bir dəqiqə” – deyirsən özün özünə, – “hansı yeni tanışlıq, mən ki sadəcə, smartfonumla instaqram və ya oxşar tətbiqlərlə qısa videolar izlədiyimi sanırdım, bunun nəyi yeni fəaliyyətdir axı?!”  

Bax, burada yanılırsan. Nəinki instaqram, heç smartfon da ixtira olunmayıb hələ. İl – 1894, məkan – Brodveydə salon, izlədiyin cihaz isə, kinetoskopdur. O cihaz ki, öyrəşdiyimiz adı ilə kinematoqrafiya, başqa sözlə isə, hərəkətli şəkillər sənətinin ilkin təyinatı üzrə hədəfinə çatan ilk ixtiralardan ən barizidir. Ona qədər fotoqrafiya sahəsində olan eksperimentlər və ixtiralar da yeni yaranacaq kino sənətinə işıq tutan, əsasını təşkil edən mühüm fəaliyyətlər idi, təbii ki. Hətta Media-arxeologiya təliminin nümayəndələri min il əvvəl belə kino sənəti ilə uzlaşan vasitələrin olduğunu iddia edirlər. Platonun “Dövlət” əsərindən, Maybricin ippodromdakı təcrübəsinə qədər qət edilmiş uzun yol, ağır zəhmət var geridə.

Nəhayət, Tomas Edison və assistenti Vilyam Dikson ilk çəkiliş cihazı – kinetoqrafı və nümayiş aparatı – kinetoskopu yaratmağa nail oldular. Bu ixtira sayəsində onlar qısametrajlı filmlər çəkə və attraksion qismində kommersiya xarakterli nümayişlər həyata keçirə bilirdilər. Çəkilişləri dünyanın ilk kinostudiyası sayılan, daha çox “Qara Mariya” adı ilə tanınan məkanda, ödənişli nümayişləri isə salonlarda təşkil edirdilər. Hər birinin içində bir qısa film olan 10 ədəd kinetoskopun quraşdırıldığı salonda tamaşaçılar fərdi şəkildə bu filmləri izləyə bilirdilər. Qısa zamanda xeyli tamaşaçı rəğbətinə səbəb olan bu yeni növ fəaliyyət təsvir-görüntü sənəti sahəsində sonradan böyük bir sənaye magistralına çevrikəcək təzə bir cığır açdı. Lakin dünyada kino sənətinin başlanğıcını məhz Lümyer qardaşlarının ixtirası olan sinematoqraf aparatı ilə çəkilən və proyeksiya olunan filmlərin 1895-ci il 28 dekabr tarixindəki nümayişindən hesablayırlar. Buna səbəb həm sinematoqrafın funksionallığı, həm də kütləvi kommersiya xarakterli seansın məhz həmin tarixdə baş tutması olmuşdur. Kinetoskop isə hələ 1894-cü ildə baş tutan kommersiya nümayişlərinə baxmayaraq, kütləvi deyil, yalnız fərdi nümayiş imkanına görə sinematoqrafa  məğlub olurdu. Lakin təkamül edən dünyada bu günün multimedia sahəsini şərtləndirən amilləri nəzərə alaraq kinetoskopa yeni anlam yükləməyin mümkünlüyünə diqqət çəkmək istərdim.

Əvvəla ona görə ki, müasir dövrdə filmlərin kinoteatrlarda kütləvi nümayişi ilə paralel olaraq individual nümayiş üçün Netflix, MUBI, Quibi və sair kimi platformalar da geniş yayılıb. Mobil tətbiqlərdə isə, qısa video kontenti tendensiyası günü-gündən geniş vüsət alır. Bundan əlavə, kinoteatr tamaşaçılarının filmdən aldıqları təəssüratları yerindəcə müzakirə edə bilmək imkanlarını artıq başqa müstəvidə, virtual gerçəklikdə reallaşdıra biləcəkləri sosial şəbəkə platformaları mövcuddur. Və bunlar hamısı tamaşaçının məhz fərdi ekranında gerçəkləşə, həyat qazana bilir.

Media-arxeologiyanın kino sahəsi üzrə tədqiqat müəlliflərindən biri Erkki Huhtamoya görə, bu gün gündəlik həyatının çoxunu ekrana: televizor, smartfon, planşet, kompüter, reklam lövhəsi və s. baxmaqla keçirən insan üçün onlar haşiyəyə alınmış ikiölçülü müstəvi sayılsa da üçölçülü gerçəklik təsiri bağışlayır. O həm də bu gün mobil ekranın gündəlik həyatımıza hakim kəsilməsi faktının, əslində, qədim zamanlarda da olduğunu sübut etməyə çalışır. Buna ən bariz nümunə isə pəncərədir. Necə ki, bu müşahidə alətini Alfred Hiçkok “Həyətə pəncərə” filmində ustalıqla istifadə edib. Qəhrəman öz pəncərə-ekranından qonşuları izləməklə, sanki onların hər birinin baş rolda oynadığı filmləri izləyirdi.

Fransız kino nəzəriyyəçisi Kristan Metzin fikrincə isə, insanı filmə baxmağa məcbur edən iki istəkdən biri vuayerizmdir. Kimisə və ya nəyisə gizlində güdmək. Tanış gəldimi? Gözünü kinetoskopun okulyarına tuşla və ehtiraslı cütlüyü bir də izlə.

Fikir verirsənmi, “cütlüyün ardıcıl, hərəkətli şəkillərini” demədim, birbaşa “cütlüyü” dedim. Çünki kinonun yaratdığı illüziya reallığa bənzədiyi üçün orada əsl insanların olduğuna bizi inandırıb. Biz orada hərəkətdə olan surət deyil, surətin hərəkətini gördük. Bu hərəkətə minnətdar olaraq surətin (obrazın) fəaliyyətinə məna veririk. Ancaq unutmaq lazım deyil ki, bu surətə bizə – tamaşaçıya qədər artıq kameranın gözü ilə baxılıb və biz yalnız həmin baxış bucağının yaratdığı perspektivlə izləməyə məhkumuq. Kinoteatrda sıralardan hansında olursan ol, hansı bucaqdan izləyirsən izlə, yenə də şəxsi ekranından (və ya kinetoskopun okulyarından) baxdığında görəcəyin perspektivdən fərqlisini görməyəcəksən. Amma görünənlərdə görünməyəni görmək ixtiyarı hər zaman sənin əlindədir. Bu görünənlərin əhatə dairəsinin genişlənməsi isə kino sənəti ilə mümkün olmuşdur ki, kino tarixçisi Tomas Elzesser də Dziqa Vertovun “Kinoaparatlı adam” və “Kino-göz” filmlərini misal çəkərək kameranın köməyi, başqa deyimlə, gözün bədəndən ayrılması ilə insanın dünyanın müxtəlif yerlərinə “səyahət edə bilməsi” imkanından yazmışdır.

Məlumdur ki, kinonun yaranışı daha vacib bir bacarığı da təqdim etdi: axıb gedən zamanı qoruyub saxlamaq. Kino addım-addım, ölçülərin həqiqi nisbətində, zövq oxşayan gözəllik və bədbin çirkinliyi, ən müxtəlif duyğuların müşayiəti və eşidə biləcəyimiz səs tezlikləri ilə hərəkətli dünyamızı özündə əbədiləşdirə bilən sənət növüdür. Bu sənətin əsas ideyası zamanı və məkanı bütün təzahürləri ilə əks etdirməkdir. İstər bu, istərsə daha əvvəldə də qeyd etdiyim ideyalara həyat verən ilk məhsuldar cihazın – kinetoskopun öz zamanında aktual tələb meyarlarına tamlıqla cavab verə bilməməsinə baxmayaraq, bu gün, XXI əsrdə multimedia sahəsindəki yeni tendensiyaların fonunda onun daha çox diqqətə layiq olduğunu düşünürəm. Məncə, bu günün kino sənətinin təkamül nəticələrinin üzərindən o dövrə boylandıqda onun olduqca əhəmiyyətli bir başlanğıc olduğu qənaətinə gəlmək olar.

Sonda isə,  kinetoskopun okulyarına bir dəfə də gözlərini tuşlamağını istəyəcəyəm. Budur:  Edisonun assistenti Dikson şlyapasını çıxararaq, kinetoskopun qayıdışı münasibətilə bizə təzim edir.

Xəyal Əfəndi

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya