İNDİ OXUYUR
Kannda ikinci gün və dörd film

Kannda ikinci gün və dörd film

Kann Film Festivalı hər ilin kino mənzərəsini formalaşdırır və önə çıxan mövzuların, qayğıların anonsunu verir. Festivalın əsas yarışmasında ilk göstərilən filmlərdən artıq iddialı filmlərin bizi gözlədiyi hiss olunur. Tamaşaçılar da filmlər barədə qızğın müzakirələr edir, filmlərin vacib məqamlarını müəyyənləşdirməyə çalışırlar.

Mənim festivala başlanğıcın ukraynalı rejissor Sergey Loznitsanın “İki prokuror”u ilə olur. Loznitsa bizi Stalin terrorunun qızğın çağına aparır, tarix bizə də yad olmayan 1937-ci ili göstərir. Hər kəsin ucdantutma həbsxanalara doldurulduğu, öldürüldüyü dövrü təsəvvür etmək üçün Loznitsa, Georgi Demidovun eyni adlı novellasını ekranlaşdırmağı seçib. Demidov özü də Stalin dövrünün qəzəbindən yan ötə bilməyib, sağ qalsa da, həbsxanada illərini keçirib və ölənə qədər təzyiqlərə məruz qalıb.

“İki prokuror”


Filmin ilk görüntüsü bir qıfılın açılmasıdır. Bu qıfıl həbsxananın qapısınındır və hadisələrin yarısı bu həbsxanada keçir. Yoldaş Stalinə göndərilmək üçün yazılan müxtəlif məktubları yandırmaq bir qocaya tapşırılır və o aralarından bəzilərini oxuyaraq, bəzilərinə isə heç diqqət etmədən ocağa atır. Ancaq bir məktub diqqətini çəkir: Həmin məktub digərlərindən fərqlidir, çünki qanla yazılıb. Özü də yoldaş Stalinə deyil, bölgənin prokurorluğuna müraciət edilib. Yenicə təyin olunmuş gənc və idealist prokurora həmin məktub çatır. Prokuror Kornyev məsələni araşdırmaq üçün həmin həbsxanaya yollanır.

Loznitsa dövrün atmosferini formalaşdırmaq üçün statik kadrlardan istifadə edir. Bürokratiyanın ağırlığını və ya fəaliyyətsizliyini isə filmin yavaş tempi ilə eyniləşdirir. Açılması bitmək bilməyən qıfıllar, qapılardan ötüb başqa qapı önündə dayanmalar isə Stalinin dövrünün kafkasayağılığna (qaranlıq, depressiv, irrasionallıq və absurdluqla dolu) eyham edir. Bu dövrün zalımlığını açmaq üçün nə işgəncələr, nə də qətllər birbaşa göstərilir. Əvəzində, beyinlərdə qorxunun yerləşməsi və cücərməsi prosesinə aparan addımlar təsvir olunur.

Loznitsanın “İki prokuror”u öz estetik yanaşması ilə ardıcıl tablolarla dövrün qorxu və istibdad ruhunu versə də, məsələyə yeni yanaşma gətirməkdə çətinlik çəkir. Xüsusilə postsovet bir ölkənin vətəndaşı olaraq mövzuya kifayət qədər bələd olduğumdan yeni nəsə demədiyi aşkar idi. Buna baxmayaraq, rejissorun vizual dünya qurması və filmin əhvalatı ilə formasının iç-içə keçərək uğurlu həlli diqqətəlayiqdır.

Festival başlar-başlamaz özündən bəhs etdirməyi bacaran “Çöküşün səsi” oldu. Alman rejissor Maşa Şilinskinin ikinci tammetrajlı filmində bir evdə yaşayan dörd nəslin hekayəsi danışılır. Filmin ilk bir saatı ərzində keçmişə və gələcəyə keçidlərlə hər dövrün atmosferi qurulur, qəhrəmanlarla tanışlıq baş tutur. Hekayənin parçalanmış olması qəhrəmanlarla empatiya yaratmaqda çətinlik törətsə də, film ümumi təsəvvür və emosiya yaratmağı bacarır.

Film estetik olaraq ənənəvi yanaşmanı rədd edir. Kamera gah qəhrəmanı izləyir, gah obyektiv reallığı çatdırır, gah isə detallara fokuslanaraq emosional gücü artırır. Bir evdə yaşayan 4 nəslin hekayəsi olduğu üçün görüntülər bəzən “homemovie” materiallarına bənzəyir. Qəhrəmanların reallıqdakı təsvirləri asanlıqla yuxu və ya xəyala yerini verir. Yaddaş isə filmin qəhrəmanlarının fərdi hekayələrində vacib yer tutduğu kimi, alman xalqının son 100 ili ilə üzləşmə vasitəsinə çevrilir.

“Çöküşün səsi”


“Çöküşün səsi” dörd yeniyetmə qızın həyatına fokuslanır. Bu qızlar böyüyərkən həm öz daxili dünyalarındakı arzuları və istəkləri müəyyənləşdirməyə, həm də ətraf dünyadakı baş verən hadisələri mənalandırmağa çalışır. Xüsusilə qadınların erkən yaşlardan etibarən üzləşdikləri sərt reallıq ölkənin tarixini də təsəvvür etməyə fürsət yaradır. Filmboyu kadrarxası mütləq səslər danışır ki, bunlar əksər hadisələri gözündən gördüyümüz qəhrəmanlardır. Obrazların ekzistensial qayğıları, narahatlıqları və təşvişləri bu yolla çatdırılır. Ancaq bu danışıq, hadisələrə əlavə izah gətirən monoloqlar deyil, evin divarlarında gəzişən ruhların söhbəti kimidir. Bu ruhlar vasitəsilə faciəni, qəzəbi, seksual arzuları, insanın özünü və ətrafını mənalandırmasını görürük.

“Çöküşün səsi” süjet xəttini anlamaq və qavramaq üçün çətinlik yaradan filmdir. Ancaq bu, rejissorun bilərək seçdiyi formadır. Çünki filmdə əsas olan nəyin baş verdiyini göstərməkdən çox, baş verən hadisənin necə hiss etdirdiyi, hansı daxili yaralara yol açdığıdır. Həm vizual olaraq, həm də səs olaraq sanki film insanın təhtəlşüurunda gizlənmiş xatirələri, örtülməyə çalışılan günahları, travmaları tapıb üzə çıxarmaq üçün can atır. İddialı bir yanaşma və baxış bucağı gətirən film geniş auditoriya tərəfindən birmənalı qarşılanmaya bilər, ancaq kinotənqidçilərin və kinoşünasların diqqətini çəkəcəyi şübhəsizdir.


Nümayiş edilən ilkin filmlər arasında isə hər kəs tərəfindən heyranlıqla qəbul edilən Oliver Laşenin “Sirat” filmi oldu. Mərakeş çöllərində və səhralarında keçən filmdə qızını axtaran ata və onun balaca oğlunun hekayəsi göstərilir. Laşe “reyv” mədəniyyətini hekayənin ortasına yerləşdirir. “Reyv” – elektron rəqsə verilən addır və reyv edilən yerlər daha çox səhra, meşəlik, anbarlar və sair yerlərdir. Luis (ata) və Esteban (oğul) reyverlərin arasında axtarışlarına ümidsiz davam edirlər. Ancaq əraziyə hərbçilərin gəlişi və onları tərk etməyə məcbur etməsi hadisələri başqa bir məcraya yönəldir.

“Sirat” ilk baxışdan ssenarisində qüsurlar olan, baş verənlərə məna verə bilmədiyin post-apokaliptik yol filmi təəssüratı bağışlayır. Bu post-apokaliptik atmosfer “Dəli Maks: Qəzəbli yol” filminin atmosferinə bənzərdir. Ancaq rejissor hekayəni elə diqqətli və ustalıqla danışır ki, yalnız sonda “Sirat”ın çox ciddi siyasi ambisiyaları olan alleqoriya olduğunu anlayırsan. “Sirat” cənnətə çatmaq üçün cəhənnəmin ortasından keçənlərin hekayəsidir və bu hekayə orientalist tondan uzaq olsun deyə baş qəhrəmanı ispan, digər qəhrəmanları da avropalıdır. Filmdə nə katarsis var, nə də ənənəvi dramaturji gedişat. Filmdə reyv musiqisi barədə deyilən “dinləmək yox, oynamaq üçündür” ifadəsini “Sirat”ın özünə də tətbiq etmək olar: İzləmək yox, məruz qalmaq üçündür.

Oliver Laşenin bizi məruz qoyduğu reallıq sərt və amansızdır. Şok effekti yaradan hadisələr, tənhalığa və tərk edilmişliyə edilən vurğunu gücləndirən səhra, elektron musiqinin valehedici cazibəsi “Sirat”ın güclü cəhətləridir. Üstəlik, Luisin yolda qarşılaşdığı və qoşulduğu “reyver”lərin özünəxas dünyası, yumoru “Sirat”ın rəngarəngliyini artırır, canlılığını təmin edir. Rejissor dünyanın əksər insanlar üçün artıq yaşanılası olmadığını duyur və başqalarının tətbiq etdiyini tamaşaçısına təklif edir. Dünyanın böyük əzabları və çətinlikləri qarşısında nə edə bilərik? Heç nə. Ancaq ağrını yüngülləşdirmək üçün rəqs etmək olar.

“Dosye 137”


Festivalın əsas yarışmasında izlədiyim ilk 4 film arasında ən az diqqətimi çəkən “Dosye 137” oldu. Rejissor Dominik Molun filmində “polislərin polisi” olan qadının – Stefaninin mübarizəsi göstərilir. O, polislərin etdiyi qanunsuzluqları araşdırır, günahkar polisləri müəyyən edib məhkəmə qarşısına çıxarmalıdır. Ancaq bu peşəsi ona müəyyən sıxıntılar yaradır. Digər departamentdə işləyən polislər heç də ona yaxşı münasibət bəsləmir. Stefaninin oğlu isə ondan bu sualı soruşur: İnsanlar niyə polislərə nifrət edirlər? Stefani özlüyündə bilir ki, bunun əsas səbəbi vəzifəsindən sui-istifadə edən polislərdir və onları təmizləməklə polisin adını təmizə çıxarmaq mümkündür.

Dominik Mol 2018-ci ildə Fransada baş verən “Sarı jiletlilər” aksiyalarını təsvir və orada baş verən bir hadisənin həqiqətini göstərməyə çalışır. “Dosye 137”də maraqlı məqamlar olsa da, Fransa cəmiyyətinin sosial dinamikasını açmağı bacarsa da, bundan o tərəfə gedə bilmir. Xüsusilə mexaniki dialoqlar, mövzunun ideoloji qatına enə bilməmək, problemləri səthi göstərmək, vizuallıqdan daha çox sözlü təhkiyə ilə təsvir onu zəiflədir. Polisləri sui-istifadəsinə gətirib çıxaran məqamları, onlara bu şəraiti yaradan elementləri ustalıqla ifşa etsə də, xarakterlərin psixoloji dərinliklərinə varılmaması “Dosye 137”nin bədii təsirini zəiflədir.

Qarşıda bizi əvvəldən böyük gözləntilərə sahib olduğumuz rejissorların yeni filmləri ilə tanışlıq gözləyir. Ari Aster, Riçard Linkleyter, Linna Remsi onlardan sadəcə bir neçəsidir.

Hacı Səfərov

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya