Kannda beşinci gün

Festivalda ən maraqla gözlənilən filmlərdən biri Cəfər Pənahinin çəkdiyi “Sadə bir təsadüf”dür. Növbədə gözləyərkən iranlı jurnalistərlə tanış olmaq və söhbətləşmək fürsəti əldə etdim. Pənahinin indi Kannda olduğundan bəhs etdik. Onun həbsdə olub-olmadığını soruşuram. Olunmadığını, sadəcə şayiə olduğunu deyirlər. İnandırıcı gəlmir, daha sonra özüm xəbərlərə baxıram. 2022-ci ildə həbs olunsa da, qısa müddət sonra həbsdən çıxıb və indi Kannda öz filmi ilə yarışacaq.
“Sadə bir təsadüf” bir hadisənin yol açdığı silsilə nəticələrə İran siyasi-ictimai kontekstində nəzər salan bir filmdir. Maşınla səyahətə gedərkən ailə yola birdən atılan itə dəyir və bundan sonra maşınları nasazlayır. Bu səbəbdən, yaxınlıqdakı bir iş yerinin yanında dayanmalı olurlar. Burada isə ailənin başçısını tanıdığını düşünən bir kişi onları izləməyə başlayır. Həmin kişi şübhələnir ki, onlar həbsdə olarkən ona və həbsxana yoldaşlarına müxtəlif əziyyətlər verən, təhqirlər edən məhz bu ailədəki atadır. Ancaq o, əmin olmaq üçün başqalarının təsdiqinə ehtiyac duyur.

Hekayənin çıxış nöqtəsi Cəfər Pənahinin həbsxanada ikən gözləri bağlı halda olduğuna görə qulaqları ilə ətrafdakı bütün səslərə diqqət etməsidir. Filmin baş qəhrəmanı Vahid də məhz o adamı ayaq səslərindən tanıdığını düşünür və intiqam almaq istəyir. Filmdə komik elementlər uğurla işləyir, xüsusilə İranda “şirinlik” adı ilə hər addımbaşı rüşvət istənilməsi bir məqamdan sonra qrotesk təəssürat yaratmağa başlayır. Hekayəyə qoşulan başqa qəhrəmanlar komediyaya əlavə çalarlar qatır, onlar arasındakı konfliktlər komediyanın əsas daşıyıcı qüvvəsinə çevrilir.
Pənahi komediyanı filmin daşıyıcı qüvvəsinə çevirir və dramatik üzləşməni sona saxlayır. Burada isə qəhrəmanlar öz xarakterlərindən çıxıb sanki Pənahinin İran hökumətinə və rejiminə demək istədiklərini dilə gətirən kuklaya çevrilir. Bəzi səhnələr bilərək bir planla çəkilir ki, bu da reallıq hissinin artmasına xidmət edir. Lakin bu hissi artırmağa çalışarkən Pənahi kino üçün yeni nəsə deyə bilmir. Obrazlar isə siyasi nitqə vasitəçilik etməkdən o tərəfə keçmir. Ortaya qoyduğu əxlaqi dilemma da səthi qalır və baxış bucağı dəyişmədiyi üçün reallığını da itirir. Pənahini xalqının və özünün məruz qaldığı haqsızlıqlar narahat etməyi anlaşılandır, ancaq gündəmin nəbzinə uyğun film çəkmək gələcəkdə unudulmaq təhlükəsi ilə qarşılaşacağından xəbər verir. Hərçənd son filmləri arasında bəlkə də ən yaxşısı elə “Sadə bir təsadüf”dür, amma karyerasının əvvəlindəki parlaq kino gözündən və fəhmindən uzaqlaşdığı aşkardır.
Pənahi bundan əvvəlki filmlərində də ara-sıra Azərbaycan dilində danışan obrazlar yaratmışdı, hətta “Üç üz” filmi demək olar tamamilə Azərbaycan dilində idi. Bu dəfə isə baş qəhrəman Vahid təkcə Azərbaycan dilində danışır, o da təkcə anası ilə. Rejissor ana dilinin hansı olduğunu bu yolla göstərir.
Bundan əvvəl çəkdiyi və “Qızıl Palma budağı” qazandığı “Titan”a görə Juliya Dükurnonun yeni filmi “Alfa” həyəcanla gözlənilən əsas yarışma filmlərindən idi. Ən çox gözlənilən məqam isə Dükurnonun sevimli “body horror” janrına gətirəcəyi yenilik idi. Bu dəfə rejissor qorxu elementlərini azaldaraq ailədaxili drama və insanlar arasındakı münasibətlərə fokuslanmağı üstün tutur.

Alfa yeniyetmə bir qızdır və bir məclisdən geri qayıdarkən qolunda “A” döyməsi olduğunu anası görür. Gülşiftə Fərahaninin qəhrəmanı xəstəxanada çalışır, qardaşı narkoloji asılılıqdan əziyyət çəkir, qızını tək böyütməyə çalışır, üstəlik, ətrafda qəribə bir virus da ortaya çıxıb: İnsanlar qanla yoluxan bir xəstəliyə görə mərmərə çevrilirlər. Ana məhz bu səbəbdən qızının da eyni xəstəliyə tutulacağından qorxur və qızını itirməmək üçün əlindən gələni etməyə çalışır.
Dükurnonun “mərmər” metaforu əksəriyyət tərəfindən QİÇS-ə olan alleqoriya kimi qəbul edildi və bu cür yozuldu. QİÇS ehtimalını kənara atmamaqla birlikdə, buradakı mərmərin daha insani bir məqama – peşmanlığı təmsil etdiyini düşünürəm. Filmdə baş verən hadisələri Alfanın gözündən görsək də, ananın yaşadıqları və qorxuları əsas xətdir. O, qardaşının narkoloji asılığı ilə mübarizə aparır və bu mübarizənin gətirdiyi qorxu nəticəsində qızının da bu yola düçar olacağından ehtiyat edir. Alfa müxtəlif yuxular görür, təşviş keçirir, ana isə hər dəfə onu xilas etməyə çalışır.
Filmin və obrazın adının “Alfa” olması “Z” nəslindən sonra gələn “Alfa” nəsli ilə əlaqədardır. Alfanın məhz bu nəslə uyğun gələn yaşlarda olması rejissorun nəsildən-nəsilə ötürülən travmaların və qorxuların olduğuna işarəsidir. Bir insan başına gələnlərə və dəyişə bilmədiklərinə görə peşmanlıq hissi yaşayırsa, bu hissdən onun övladı da təsirlənir və istər-istəməz xoşbəxtlikdən uzaq bir həyata sahib olur. Mərmər alleqoriyası interpretasiyaya açıqdır və “Alfa” gələcəkdə fərqli şəkildə yozula bilər. Dükurnonun isə hələlik “Çiy” filmində əldə etdiyi şok və heyranlıq hissinə yenidən qayıda bilmədiyi aşkardır.
Müsabiqədəki yeganə İtaliya filmi Mario Martonenin “Fuori”sidir (Çöl mənasını verir). Bayopik janrda olan film italyan yazıçısı Qolardiya Sapienzanın həyatının vacib məqamlarından bir neçəsinə işıq salır. Sapienza maddi sıxıntı səbəbindən oğurluq edir və buna görə həbsə düşür. Həbsxanada isə birgə qaldığı Roberta və Barbara ilə dostlaşır, azadlığa çıxandan sonra görüşürlər, bir yerdə vaxt keçirirlər. Filmdə hadisələr, xətti təsvir edilmir. Həm keçmişə, həm də indiyə keçidlər var. Sapienzanın Roberta ilə arasında olan münasibət dinamik və diqqətçəkən olsa da, ümumilikdə film bundan daha çoxunu təklif edə bilmir. Martonenin göstərdiyi hekayə Sapienzanın nə dahiliyinə, nə də dünyaya baxışına aydınlıq gətirmir. Dövrün ruhu yaxşı göstərilsə də, obrazlarla əlaqə qurmağın çətinliyi hekayəyə daxil olmaqda və onlarla birgə həm həbsxana həyatının çətinliyini, həm də azadlıqdakı həyatın mürəkkəbliyini duymaqda problemlər yaradır.

Burada bir haşiyəyə çıxıb əsas yarışmada yox, “Un certain regard”da (“Xüsusi baxış”) kateqoriyasında yarışan bir filmdən danışmaq istəyirəm. Kolumbiya istehsalı olan, Simon Mesa Soto tərəfindən çəkilən “Şair” filmi indiyə qədər Kannda izlədiyim 24 film arasında ən yaxşısıdır. Filmin adı “Şair” olsa da, poetik kino dilindən yox, realist təsvirlərdən istifadə edilən əsərdir. Bu, Simon Mesa Sotonun ikinci tammetrajlı filmidir və uğursuz, alkoqolik şairin yaşadıqlarını bizə göstərir. Oskar Restrepo başqaları tərəfindən tanınmır, gəncliyində iki şeir kitabı yazsa da, mükafatlar alsa da, az tanınır. Oskar isə insanları həqiqi şeirinin nə olduğunu anlamamaqda, incəsənətin dəyərini bilməməkdə günahlandırır.

Simon Mesa Soto hekayəsini komediya janrında tamaşaçıya çatdırır. Yüksək templə hadisələr bir-birinə bağlanır və pis vəziyyətdə olan Oskarın daha da dibə necə çökdüyü göstərilir. Rejissor öz ölkəsinin müxtəlif çətinliklərini, yaradıcı insan olmağın müşküllərini hekayəyə uğurla yerləşdirdiyindən heç gözə batmır. Dinamik kamera ilə obrazın izlənilməsi, onun ətrafı ilə arasındakı ziddiyyətlər ustalıqla göstərilir. Oskar yenidən qızının sevgisini qazanmaq, onun gözündə ucalmaq istəyir. Ancaq bu heç də asan deyil. Çünki cəmiyyət artıq onu lazımsız bir insan kimi görür. Oskar əvvəlcə bunu dəyişməli, cəmiyyətin normalarına uyğun gəldiyini təsdiqləməli, sonra isə qızının sevgisini qazanmalıdır. Film həm ata-qız, həm də ana-oğul münasibətlərini işıqlandırır. Oskarı heç kim sevməsə də, onu fərsiz görsələr də, ona inanan anası, bizə obrazın sevilməyə layiq olduğunu xatırladır.
Filmin son yarım saatında isə hadisələr yeni bir istiqamət alaraq dramatikləşir. Bu dramatiklik emosional gücü artırır, qəhrəmanın pis insan olmadığını, onun faciəsi gözündə tam aydınlaşır. Oskarın yaxşılıq etmək istərkən özünü daha da batırması acı bir gülüşlə birgə, dərin bir kədər hissi yaradır. 16 millimetr formatda çəkilən film həm səmimi ab-havası, həm Kolumbiyanın aşağı təbəqəsinin arzularının necə sərhədlənməsi, həm də üçüncü dünya ölkələrində yaradıcı insan olmağın dözülməz ağırlığını çatdırması ilə insanı heyrətləndirir. Dünyanın həssas qəlblər üçün cəhənnəm olması şair Oskarın timsalında yenidən bütün amansızlığı ilə qarşımıza çıxır.
Hacı Səfərov