İNDİ OXUYUR
“Kədər üçbucağı”: düşünən insana nostalji

“Kədər üçbucağı”: düşünən insana nostalji

“Sizin yelkənləriniz çirklidir, halbuki reklam fotolarında onlar ağappaq görünürdü. Siz onu təmizləyə  bilərsiniz?

– Mem, bu mümkün deyil, çünki bizdə yelkən yoxdur.
– Necə yoxdur? Mən baxdığım fotoda yelkənlər ağappaqdır.
– Belə olan halda biz onları sabah təmizləyərik”.

Bu dialoq rejissor Ruben Estlundun “Kədər üçbucağı” filmindəndir.

250 milyon dollarlıq yaxtın varlı sərnişini daha əvvəl personala verdiyi sualı bir də kapitana verir. Bu adi istehlakçı hikkəsi deyil. Bu, kapitalizmin, transhumanizmin, istehlak cəmiyyətinin, qlamur ideologiyasının xoşbəxtlik illüziyası ilə zəhərlədiyi ən yeni insanın hikkəsidir. Sanki yelkənlər ağ olsa, xoşbəxt olacaqmı yaşlı qadın? Yoxsa aldandığının fərqinə bu yelkənin çirkliliyi ilə varıb?


Rejissor bu sualların ardınca getmir, onu o yaşlı qadının bədbəxtliyi və ya xoşbəxtliyi yox, insanın öz gerçəyi ilə üzləşməsi maraqlandırır. Hələliksə, Estlund öz sosial satirasını yeni nümunələrlə zənginləşdirir:

“- Siz nə istehsal edirsiniz?
– Partlayıcı qurğular. Minalar. Arvadımla şərikli biznesimiz çox yaxşı gedir. Xeyli ölkəyə məhsul ixrac etmişik.
– Oo…
– İçək əzizim. Sevginin şərəfinə”

Dünyaya təhlükə, ölüm, nifrət vəd edən partlayıcı qurğular istehsal edən birinin sevginin sağlığına içməyi nədir? Saxtalıq? Axmaqlıq? Merkantillik? Trend?

Və “Kədər üçbucağı”nın Allah-Rejissoru bu görüntüyə dözə bilmir. Bir neçə dəqiqə sonra tufana düşmüş yaxt yırğalanır, qlamurlar cəmiyyəti kayutlarında öz qusmağının, nəcisinin üstündə döşəmədə sürüşür. Rejissorun bu cür dəbdəbəni soyundurub rüsvayçı görkəminə qaytarmağı bizə, rejissorun özünün “Kvadrat” filmindən tanışdır. Kamali-ədəblə ziyafət masaları arxasında əyləşmiş qlamurlar cəmiyyəti- Avropa sivilizasiyasının nümayəndələri sənət eksperimentinə dəvət olunur. İbtidai instinktlərlə hərəkət edən vəhşi insan onlara hücum edir. Zamanla bu vəhşinin, onların alter-eqosu olduğunu anlayırıq. Amma dəbdəbəli ziyafətin, çox mədəni, sanki bütün dəyərlərin üzərində əyləşmiş kimi təşəxxüslə masa arxasında əyləşib mədəniyyəti təmsil edən gözəl geyimli qadınlar və kişilər gözləmədikləri bir hücuma məruz qalır. Art-eksperimentin məzmununda bu var idimi? – bu önəmli deyil. Əsas, rejissor Estlundun varlı, eyni zamanda da özlərini yüksək dəyərli və mədəni, zövqlü və əxlaqlı sayan kübar cəmiyyətin çaşqınlığını həvəslə çəkməsidir. Yarı-vəhşi Oleqin simasında məzmun sanki, zahiri formaya hücum edir, onu dağıdır. Və bu, məhz oradakıların öz məzmunudur.


Bu günün sivil insanı məzmunu bilərəkdən iqnor edir. Ona görüntü, layk, diqqət, təmtəraq lazımdır. Bu yeni bir şey olmaya bilər. Yeni olan odur ki, bu günün insanı hansısa məzmunu yox, ümumiyyətlə məzmunu iqnor edir:

“ – Sizin təklif etdiyiniz bizim layihənin ideya məzmununa ziddir.

-Başa düşürəm, amma mən jurnalist kimi yanaşıram, mənə onun necə bir təəssürat yaradacağı maraqlıdır. Əgər o kvadratın içərisinə yoxsul geyimli ağdərili isveç uşağını qoysaq və orada o xəsarət alsa, ya da buna bənzər bir hadisə olsa… Reaksiyaları təsəvvür edirsiniz? Bu partlayacaq. Baxış sayı çox olacaq”.

Sosial satira üçün spesifik olan bu nümunələrlə Estlund, flmlərinin fokusuna ən yeni insanı gətirir. Buna transhuman da, insanın surəti də deyə bilərik. Nə adlandırmağımızdan asılı olmayaraq, çağdaşımız olan bu insan, coğrafi baxımdan lokal məkanı – Avropanı təmsil edir. Estlund bəşər tarixinin sosial, siyasi, psixoloji, ideoloji, texnoloji, siyasi inkişaf dövrünü nümunə kimi, keçmiş sivil Avropanı seçir, bu bildiyimiz avropamərkəzçiliyin tənqididir. Bunu Estlundun göstərməyi də cazibədardır. Zira, Estlund özü də əsl avropalıdır; onun ən inkişaf etmiş ölkəsi olan İsveçdəndir.

Beləliklə, Estlund planetin sivil cəmiyyətinin insanını fokusa gətirməklə, bu cəmiyyətin mənəvi qütblərini axtarır, onun dəyərlərini və bu dəyərlərin həqiqiliyini şübhə işığına tutur və sanki bir laboratoriyada təcrübə kolbasına salar kimi, onu müxtəlif situasiya və şərtlərdə necə davrandığını göstərərək, tapmaq istəyir ki, tarixin müxtəlif transformasiyalarını keçmiş insanın bugünkü gerçəyi nədir.


Fərq etmir, onu “kvadrat”ın içinə salır, ya “kədər üçbucağı”na qısnayır, yoxsa dairəyə salacaq. Önəmli olan bu sosial varlığın nə qazanıb, nə itirdiyini ayırd etməkdir.

“Kədər üçbucağı”nın qəhrəmanları olan cütlüyün – inflüenser Yaya ilə model Karola bağlanan süjet xətti irəlilədikcə, rejissorun niyyəti də aydınlaşır. Bir havayı yeməklə özünü ovudan varlı bədbəxtlərdən sağ qalanlar bir adaya düşürlər. Amansız sosial ierarxiyanın hökm sürdüyü düzən dağılır.Yeni düzən yaranmalıdır. Məlum olur ki, qarşısında hamının müntəzir dayandığı varlılar adi ocaq qalamağı bacarmır. Yeni məkanda, yeni düzəndə hakimiyyət yaxtda olanda tualet təmizləyən orta asiyalı qadının – Ebiqeylin əlinə keçir: yalnız o ov edə, ocaq qalaya bilir.

Estlund insanı lap əvvəllərə – kapitalizm qanunlarının, ideologiyaların işləmədiyi təbiətə qaytarır. Məlum insan bu əsrlər ərzində təbiətlə özü arasında ideologiyalar zibilxanası yaradıb.

Indisə məlum olur ki, bu ideologiyalar onu mükəmməlləşdirmir, əksinə, onu müxtəlif komplekslərlə yükləyir. Indi də o, çirkin işlər görür, sadəcə, əvvəlkindən fərqli olaraq indi o, bunu utana-utana, qorxa-qorxa edir. Utana-utana ət yeyir, utana-utana heyvan öldürür, saxta sevgi nitqləri söyləyir. İndi o, özü öz ətrafına düzdüyü tələlərdən ehtiyat edə-edə qeyri-təbii hərəkət etməyə məcburdur.

O, ideologiyaların transformasiyalarından öz surətini çıxarıb. Ya da ümumən surətdir (Jan Bodriyarın simulyakrını xatırlayaq). Müasir insan etiraf etmək qabiliyyətini itirib. “Kvadrat”ın Kristianı yenicə cinsi münasibət yaşadığı jurnalist qıza ona etibar etmədiyini deməkdən utanır, hədələdiyi və dolayısı oğru adlandırdığı (qarabuğdayı) uşaqdan üzr istəməyə də gecikir.

“Kədər üçbucağı”nda Yaya da hesabı ödəmək istəmədiyi üçün hesabödəmə epizodunu gözardı etdiyini etiraf etməyə utanır. Çünki, orda tələnin olduğunu bilir. Özü də o tələnin qurulmasında iştirak edib: bu, “kişi qadın bərabərdir” – deyən feminist şüarıdır.

Lakin Kristian kimi Yaya da az sonra etiraf edə bilir.


Rejissor liberal cəmiyyətlərdəki azadlıq, bərabərlik anlayışının müxtəlif ideologiyalardan, sosial statuslardan arıtlayır. Özü ilə üz-üzə gəlməkdən, öz gerçəyini görməkdən qorxan insan əvvəl-axır gerçəklə, (orijinalla) rastlaşır. Estlund elit məclislərdəki kübar təbəssümü həyəcanlı çaşqınlığa çevirməkdən sanki zövq alır.

“Kədər üçbucağı”nda kapitanla şam yeməyi epizodu xüsusən əlamətdardır. Özünü “nəcis kralı” adlandıran, peyin ticarəti edən rus iş adamı ilə gəminin daim sərxoş və depressiv  kapitanının aforizm deyişməsi, liberal kapitalizmlə marksizmin küçə davası kimidir. Sovet ittifaqında yaşamış rus tacir liberal kapitalizmin tərəfindədir (çünki bunun həsrətini çəkib), avropalı kapitansa marksizmin (o da bəlli). Batan gəminin içndə adamlar sudan da əvvəl, nəcis və qusmaq içində batırlar. Gəmi yırğalanır, kapitanın otağından isə kayutlara kapitanın özünün (“mən sosialistə yaraşmayan zənhin həyat yaşayıram”) və sivil liberal cəmiyyətin etirafları  yayılır…

Bütün bu epizodları xatırlatmaqla, Estlundun kino yaradıcılığına xas bir xüsusiyyəti bəlkə də qənaətimi bölüşməyə hazırlaşıram: Estlundun filmləri yozmaqdan çox, yozulmağa hesablanıb. Estlund, sanki, hadisələri düşünüb onları yozmaqdan çox, tamaşaçıların onu necə yozacağını düşünür. “Kvadrat”ın mövzu ideyalarından biri də bu idi xatırlayırsınızsa; Predmetin özü yox, ona münasibətin əsas olması.

Əgər qənaətim doğrudursa, rejissor öz filminin içinə düşmüş sayılır.

Hərçənd, bu nümunələr deyilmiş, yazılmış fikirləri vizullaşdırmaqla, süjetə çevirməklə (məs. Avropanı bir hüquq, bərabərlik, təhlükəsizlik ərazisi olan kvadrat kimi təsvir etməklə) həm də davam etdirir. “Kvadrat”da Kristianın düşündüyü amma məsuliyyətsizliyi üzündən izləmədiyi layihədə, kvadrat formalı ərazidə avropalı qız uşağını partlatmaqla, rejissor bu ideyanı irəli sürən media nümayəndəsi vasitəsilə liberalizmin özünə qarşı çevrilə biləcəyini söyləyir.

Və ya irəli gedib etikanın problemlərindən biri olan əxlaq və ideologiya haqqında, ya da şüurun sosial asılılığı haqda düşüncələrə dala, liberal cəmiyyətin tənqidiylə aktuallaşan ən məşhur kitabları “Əxlaqın şəcərəsi”ni (müəllif: Fridrix Nitsşe), “Avropanın qürubu”nu (müəllif: Osvald Şpenqler) xatırlaya bilərik.


Bunlardan ən maraqlısı və “Kədər üçbucağı”nın ideya-fokusunda dayananı əxlaq və ideologiyadır. Biz bilirik ki, ideologiya əxlaq deyil. Amma ideologiya, adətən, əxlaqa söykənir, onunla özünə nüfuz qazanır. Bəs, ideologiyadan arınmış əxlaq necədir? (onu ki, bizə Estlundun ibtidai şərtlərə salınmış qəhrəmanları göstərir). Bu, azad əxlaqdır. Onun tərifini Aleksandr Brodski fəlsəfə və mədəniyyət jurnalına yazdığı məqalədə verir: “Əxlaq azadlığı o deməkdir ki, qərar qəbuletmə məqamında, insan ona başqa cür davranmağı qadağan edən hər hansı zərurətdən ümumiyyətlə xəbərsizdir. Müəllifin fikrinə görə, daha bir təyinedici məqam əxlaqın inkaredici cəhətidir: əgər ideologiya insana necə davranmalı olduğunu göstərirsə, əxlaq “nəyi etmək olmaz”ı deyir. Üçüncü və mübahisəli bir xassə kimi isə həmin müəllif təbiiliyi göstərir. Cəmiyyət, din və mədəniyyətlə bağlı olmayan, davranış normaları olan təbii əxlaqdır. Bunu bəzən sinderesislə – intuitiv əxlaqla da izah edirlər.

Madam ki bu ideologiyalar əxlaqı cilalamır, əksinə, müasir insanı daha riyakar və kompeksli davranmağa sövq edir, ondan qurtulmaq yaxşı olmazmı?

“Kədər üçbucağı”nda orta asiyalı qadın Ebiqeyl tək bir cəmiyyət daxilində sinfi bərabərsizliyi deyil, həm də dünyadakı üçüncü sinif ölkələrin vəziyyətini təmsil edir. Adada hakimiyyətini qurduqdan sonra onun kompekslərindən dolayı, qəddar davranacağını gözləyirik. Ebiqeyl məntiqi olaraq sahib olduğu gənc oğlanın Karlın sevgilisi Yayanı öldürmək istəyir. Üstəlik, Yaya ilə ikisi adada gəzərkən təsadüfən müasir otel aşkar etdikdən sonra, qısqanclıqdan da yox, sadəcə öz hakimiyyətini qorumaq kimi sadə səbəbdən Yayanı öldürməlidir.

Film, Karlın Yayanı Ebiqeyldən xilas etmək üçün onların ardınca qaranəfəs qaçması ilə bitir. Vacib deyil ki, Karl Yayanı Ebiqeylin əlindən qurtaracaq ya yox. Əsas odur ki, o, sevgisini qorumağa qaçır və Sevgi qanunu hər şəraitdə işləyir. Ən “təbii əxlaq” kimi..

Aliyə Dadaşova

“Fokus” analitik kino jurnalı, İyun 2023 / №12

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya