İNDİ OXUYUR
İtmiş zaman axtarışında

İtmiş zaman axtarışında

Pol Tomas Andersonun sonuncu və hələ ki ən iribüdcəli (130 milyon ABŞ dolları) filmi hesab edilən “Döyüş ardınca döyüş” bədii filmi ilk baxışdan sarkastik, yumoristik, komik əyləncə filmi kimi qəbul edilə bilər. Lakin, rejissor 24 sentyabr tarixində verdiyi müsahibəsində bunu təkzib etsə də, filmin radikal siyasi və müasir Amerika reallığının, dövlətinin və ümumiyyətlə ABŞ siyasətinin tənqidi olduğu açıq-aşkar görünür.


Keçmiş solçu-inqilabçı Bob Ferqyuson meksikalı qeyri-qanuni mühacirləri düşərgələrdən azad edən və bankları və hökumət binalarını partladan “Fransız 75” terror qruplaşmasının partlayıcı maddələr üzrə ekspertidir. O, Perfidiya (Teyana Taylor) adlı qaradərili əməliyyatçı yoldaşı ilə ehtiraslı münasibətə başlayır. Filmin ikinci aktında, Bob və Perfidiya, Stiven Lokcou (Şon Pen) adlı qəddar polkovnikin də qəzəbinə tuş gəlirlər. Spoyler verməməkdən ötrü, filmdə baş verən hadisələr haqqında yazmaq istəmirəm.


Maraqlısı budur ki, hələ filmin dünya premyerasından öncə, film ən nüfuzlu saytların və kinojurnalların 100% müsbət rəyini qazanmışdı. Və bəzi tənqidçilərin fikrincə, Leonardo Di Kaprionun bu filmdəki rolu, aktyorun bu günə qədər olan ən yaxşı roludur. Amma mənim şəxsi qənaətimə görə, filmin antaqonistini canlandıran Şon Pen, bu filmdə tamamilə fərqli ampluada tamaşaçıların qarşısına gəlir. Aktyor, səs tembrindən tutmuş, gəzişinə qədər hər şeyi dekonstruksiya edərək, tamam fərqli obraz yaradıb.

Leonardo və Şon Penin personajları bir-birinə qarşı döyüşsələr də, onlar biri-birinin həm əkizi, eyni zamanda, həm də əksidir. Hər ikisində eyni qədər müsbət və mənfi cəhətlər var. Filmin protaqonisti hesab olunsa da, Di Kaprionun personajına “müsbət qəhrəman” deməyə adamın dili gəlmir. O, yuxarıda qeyd etdiyim kimi, filmin fleşbeklərindən də aydın görünür ki, əvvəllər silsilə partlayışlar törədib. Lakin onun törətdiyi bu teraktlar, onun şəxsi mənafeyindən irəli gəlməyib. O, beynində xülyasını qurduğu inqilab və çevriliş məqsədi ilə alışıb-yanan bir qrup cinayətkarın dalğasına qərq olaraq bu yola qədəm qoyub. Onun əməlləri onun şəxsi təşəbbüsündən irəli gəlməyib. Filmin üçüncü aktında keçmiş dəstə üzvləri ilə xüsusi rabitə vasitəsilə əlaqəyə girən Bob, “Saat indi neçədir?” parol-sualına cavab verə bilmir. Çünki bu ona heç vaxt maraqlı olmayıb. Bundan belə qənaətə gəlmək olar ki, Di Kaprionun qəhrəmanı xaraktersiz, öz fikri və məqsədi olmayan birisidir. Lakin klassik dramaturgiya qanunlarına uyğun olaraq, Bob Ferqyuson, filmin üçüncü aktında öz qızını – 16 yaşlı Çeyzi Lokcounun caynaqlarından xilas etmək üçün çevrilməyə məruz qalır və burada onun real təbiəti qarşımıza çıxır.


Lokcou isə filmin əvvəlindən yırtıcı və faşist xisləti ilə qarşısında duran hər kəsə meydan oxuyur. O da, Bob kimi öz şəxsi maraqlarına görə yox, Amerika dövlətinin meksikalılara qarşı aşıladığı nifrət mexanizminin bir vintidir və məhz bu sistemin tələblərinin icraçısı olaraq, əmrə tabe olan bir personajdır. Bob ilə paralel olaraq o da çevrilməyə məruz qalır və filmin sonlarında Amerikanın yüksək təbəqəsində öz yerini tutmaqdan ötrü radikal addımlar atmağa məcbur olur və bu onun üçün faciə ilə nəticələnir. Bob ilə Lokcounun fərqi ondadır ki, Bob filmin sonlarına yaxın öz xarakterini formalaşdıra bilsə də, Lokcou müəllifin təsvir etdiyi qəddar Amerika reallığının və hərbi elitasının rəğbətini qazanmaqdan ötrü hər vasitəyə əl atır. Məhz bu cəhət bu iki personajı protaqonist və antaqonistə ayırmağa imkan verir. Lakin Lokcou nə qədər qəddar olsa da, onun daxilində bir damcı mərhəmət hissi var – o, uşaq qatili olmaqdan imtina edir və bu işi başqalarına tapşırır.

Perfidiya isə inqilab və ədaləti bərqərar etmək arzusunda olan personajdır, lakin hüquq və mühafizə orqanları tərəfindən ələ keçdikdən sonra bütün silah yoldaşlarını ələ verir. Belə çıxır ki, Perfidiyanın da səmimiliyi şübhə doğurur.


Ümumi baxanda, ələkdən keçirsək, bu filmdə Di Kaprionun personajından savayı səmimi və özündən başqa kimisə düşünən qəhrəman yoxdur. O zaman, günahkar kimdir?

Rejissor nə qədər təkzib etsə də, bu filmdə müəllifin siyasi müstəvidən çıxışı açıq-aydın görünür. Mənim zənnimcə, burada Tramp rejiminin, siyasətinin tənqidindən savayı, ümumilikdə Amerikanın tarix boyu apardığı siyasətə də işıq salınır. Ferqyusonun üzvü olduğu dəstənin adı “french-75”, onun baxdığı “Əlcəzair uğrunda döyüş” (Rejissor: Cillo Pontekorvo; 1966) bədii filmi, amerikalı hərbçinin “Lacoste” brendindən geyindiyi köynək, filmin sonunda Çeyzin Kanadaya üz tutması və s. metaforik gizli məqamlar müəyyən tarixi hadisələrə eyhamdır.

Bob Ferqyusonun, cavabını “xatırlaya bilmədiyi” “Saat indi neçədir?” sualının cavabı isə çox sadə imiş: “Vaxt mövcud deyil. Biz hamımız onun axarına düşüb onunla üzürük”. Bu filmin qəhrəmanları da Amerika siyasətinin sonluğu bilinməyən axınına düşüb naməlum istiqamətdə hərəkət edirlər. Və bu təhlükəli axından xilas yolu yalnız səmimilik və sevgidir…

İlqar Quliyev

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya