İncəsənətdə yeni nəfəslərin gücü – fransız Yeni Dalğası
Kino tarixində yeni dil, bir hekayəni, hissləri, düşüncələri ötürmək üçün yeni kinematoqrafik üsul – fransız Yeni Dalğası bizə nəyi öyrədir? Kinematoqrafiya dənizini dalğalandıran və o dalğanın altında köhnəlmiş kino estetikasını əbədi gizlədən sənətkar-üsyançılar bizə nəyi çatdırmaq istədi və bunu necə bacardı? Kino estetikasında “Yeni formalar” arxasınca gedən gənc sənətçilər nələrə nail olmaq üçün nələri enmək qərarına gəldilər? Onlar kino sənəti və ölkədəki siyasi-ictimai vəziyyət arasında hansı əlaqə qurmuşdular?
Hələ fransız Yeni Dalğasından çox-çox əvvəl kinematoqraf yaranandan 1950-ci illərin sonlarına qədər Fransanın kino sənəti studiya çəkilişi çərçivəsində inkişaf edir, primitiv mövzuları əhatə edir və pafoslu, süni oyunu, uzun-uzadı məna kəsb etməyən səhnələri özündə birləşdirirdi.
1950-ci illərdə bir qrup fransız kino tənqidçisi və jurnalistlər kino sənətinin bu tərzdə mövcudluğuna davam etməyinə və inkişafının dayanmağına tab gətirməyərək əllərinə kameraları aldılar və studiya çərçivələrini aşaraq fransız kinosunu xilas etmək uğrunda küçələrə çıxaraq ilk müəllif filmlərini ərsəyə gətirdilər. İlk dəfə bir rejissor öz əsərinin həm ssenaristi, həm operatoru, həm rəssamı, lazım gələndə hətta aktyoru oldu. Müəllif filmi rejissor-sənətkarın sənət əsəri idi, o sanki bir rəssam tək öz daxili düşüncələrini, narahatlıqlarını, öz zövqünü, dünyaya baxışını, öz hisslərini kətanda əks etdirirdi. Kinematoqraf studiyalardan ayrılaraq azad sənətə çevrildi və artıq prodüsserlərin diktəsi ilə deyil, sənətçinin ətraf hadisələrə öz münasibəti ilə davam edirdi. Filmlər pyeslərdən alınan süjetlərlə və primitiv, bəsid ssenarilərdən qurtularaq, yeni mövzulara üz tutdu. Rejissorlar vicdan, ədalət, yarğı, sevgi, ölüm və yaradılış mövzularına yeni baxış sərgilədilər. Onlar cəmiyyətin yazılmamış qanunlarına, ölkədəki siyasi durumuna öz münasibətini göstərərək onlara təsir edirdi. Kinematoqrafın yeni dalğası qəhrəman və cəmiyyət arasında qarşıdurma yaradaraq onların biri biri ilə razılığa gəlməyinə imkan vermirdi. Burada əsasən cəmiyyətdə insani dəyərlərin itməsi tənqid olunurdu. 1968-ci ildə Jan-Lük Qodar, Fransua Trüffo, Jan-Pyer Leo, Klod Berri başçılığı ilə kinematoqrafçılar ölkədəki siyasi-içtimai vəziyyətinə münasibətini bildirmək üçün burjua Kann festivalının yarıda kəsilərək bağlanmasına nail oldular. Yeni dalğanın rejissorları kino sənətində oturuşmuş qaydalarından çıxaraq yeni formalar gətirə bildi. Jan-Lük Godar montaj prosesində kadrları gözlənilmədən kəsməklə (Jump cut) və filmdə personajların qəfil kameraya baxaraq danışmaqla tamaşaçıda kanarda qalma hissini oyatdı və sadəcə bir film izlədiyini xatırlatdı. Anyes Varda bədii və sənədli janrılarının sintezindən yaranmış filmləri ərsəyə gətirdi. Kris Marker fotoşəkilləri arxa fonda səsləndirməklə, Jak Demi personajların bütün dialoqları musiqili oxumaqla, Fransua Trüffo qəhrəmanlarını realist üslubda bütün ruh çılpaqlığı ilə göstərməklə, Klod Leluş personajların düşüncələrini səsli canlandırmaqla fransız kinematoqrafiyasının inkişafını təmin etdilər. Rejissor-sənətkarlar bizə kinonun fərqli ola biləcəyini, sənətçinin iç dünyasının əks etdirdiyini və heç bir çərçivəyə sığmadığını göstərdilər. Bizə isə bu sənət əsərlərinə baxaraq bunu öyrənmək və ən əsası Yeni dalğanın prinsiplərini xatırlayaraq: cəsarətli və tamaşaçı ilə səmimi olmaqla, insan faktorunu üstün tutaraq insani dəyərlərə önəm verməklə, cəmiyyətə həyata öz mövqeyini sərgiləməklə rejissor-sənətkar kimi hərəkətə keçmək qalır. Qoy bizim də kino istehsalımız yeni nəfəslərin gücü ilə dalğalanaraq mədəniyyət sahilinə öz sənət əsərlərini gətirsin.
Leyla Atayeva