İNDİ OXUYUR
İki sevgi arasında donub qalmış zaman

İki sevgi arasında donub qalmış zaman

Hüseyn Mehdiyev və Ramiz Rövşənin birgə yazdıqları “Özgə vaxt” filmi ilə Mixael Hanekenin “Sevgi” filmi arasında müəyyən paralellər mövcuddur. Hər iki filmdə obrazlardan biri ağır vəziyyətə düşür, həyatla əlaqəsini itirir. Digər tərəfdə dayanan obrazlar isə mövcud vəziyyətdə necə davranacaqlarını bilmirlər.

“Özgə vaxt” filmində ata damdan yıxılır, qızı isə həmin gündən başlayaraq ona qulluq etmək üçün evdən çıxmır. “Sevgi” filmi isə yaşlı ər və xanımının həyatından bəhs edir. Qadın xəstələnir, yeriyə bilmir. Ər onu xəstəxanaya göndərmir və evdə müalicə etməyə çalışır.

“Özgə vaxt” filminin giriş səhnəsində əlil arabasında oturan yaşlı bir kişi görürük. İlk baxışda onun ölü olduğunu düşünürük. Lakin kamera yaxınlaşdıqca kişinin boğazındakı damarın tərpəndiyini görürük. Bu, rejissorun tamaşaçıya “hələ gözlə” deməyidir. Kişi ölümün astanasındadır, amma bu sərhədi adlayıb keçmir. Bu da tamaşaçını ekrana daha yaxın oturmağa sövq edir. Tamaşaçı, kişinin həyatda qalmasının tərəfdarıdır, axı film hələ təzə başlayıb, amma, Leyla bizim kimi düşünmür. Kişi sərhəddə dayansa da, onun qızı üçün sərhəd damar kimi partlayır. Bu zaman rejissor bizi keçmişə aparır. Filmin fonu dəyişərək ağ-qara olur. Bu ağ-qara fonun içində qəhqəhələr eşidilsə də, nəyinsə baş verəcəyini duyuruq…


Haneke “Sevgi” filmində oxşar məsələyə fərqli şəkildə yanaşır. Filmin başlanğıcında biz artıq ölü bir qadının bədəni ilə qarşılaşırıq. Burada nəticə əvvəlcədən göstərilir və bütün filmboyu müəllif bu nəticəyə aparan səbəbləri izah etməyə çalışır.


“Özgə vaxt” filmində kişinin başına gələn məşum hadisədən sonra qız, atasının çəkdiyi rəsmlərin arasında əvvəllər görmədiyi bir əsərini aşkarlayır. Kətan üzərində insan əli təsvir olunub. Açılmış əlin ətrafında isə quşlar dövrə vurur. Bu motiv tamaşaçıya istiqamət verərək filmin sonrakı gedişatına işıq salır. Bu rəsm zamanın dondurulmasının simvoludur. Əlin bu cür təsviri daxili bir impulsun təzahürüdür. Kişini belə əsər çəkməyə bəlkə də onun təhtəlşüurundan gələn təsəvvürü vadar edib. Çünki hadisələrin davamında həmin rəsm obrazın taleyi ilə eyniləşir və ya onun taleyini əvvəlcədən təyin edir. Mehdiyevin mövzuya belə yanaşması onun göstərir ki, faciənin qaynağı xaricdə deyil, daxildə yerləşir.

Hanekenin “Sevgi” filmində isə biz bunun əksini müşahidə edirik. Burada xaricdən gələn bir müdaxilə əsas rol oynayır. Corc və Anna gecə simfonik konsertdən evə qayıdanda evlərinin qapısının zorla açılmağa cəhd edildiyini görürlər. Bu, filmin tərkibində olduqca kiçik, önəmsiz bir detal kimi görünür. Onlar da buna fikir vermir. Amma gedişatda Annanın xəstələnməsi və Corcun gördüyü yuxu yenidən bu kiçik detalı bizə xatırladır. Belə ki, Corcun yuxusunda qapını açıb dəhlizə çıxması, dəhlizlə irəliləməsi və sonda naməlum bir adam tərəfindən arxadan boğulduğunu görüb oyanması filmin nüvəsini çöldən gələn bilinməz qorxunun təşkil etdiyini anlatmağa çalışır. Qadının xəstəliyi sanki “xarici toxunuş”un nəticəsidir; burada faciə bədənə və həyata kənardan – çöldən daxil olan pozuntu kimi təqdim olunur. Hüseyn Mehdiyev filminin nüvəsinə şüuraltı, metafizik bir səbəb yerləşdirir. Haneke səbəbi fiziki nüanslarla, xarici elementlərlə açmağa çalışır.

“Özgə Vaxt” filmində hadisələrin mərkəzində ata ilə qız arasındakı münasibət dayanır. Atanın xəstəliyi qızı həm peşəsindən, həm sevgisindən, həm də sosial həyatdan uzaqlaşdırır. Əvvəldə qız, atasına qulluq etməyi sadəcə bir övlad borcu kimi görür. Bu məsələdə həm də qızın günahkarlıq hissi rol oynayır – Leyla damda göyərçini tutmağa çalışan atasını aşağıdan səsləməsəydi, bəlkə kişi oradan yıxılmazdı. Leylanın valideyni qarşısında öhdəliyi getdikcə onu zindana salır. Qız məhkum həyatı yaşamağa məcbur olur. O, orkestrdə fəaliyyətini dayandırır, dostlarından uzaqlaşır və tədricən evə qapanır. Orkestrin məşqində hamının susduğu, Leylanın skripkada ağlayaraq tək ifa etdiyi səhnə onun öz taleyinə ağladığını, tamamilə tək qaldığını göstərir.


Leylanın vəziyyəti ilə göyərçinlər arasında paralellik apara bilərik. Atasının ovcundan dən yeyən, amma kişinin əli bağlananda quşların düşdüyü vəziyyət qızın taleyinin metaforudur. Atanın əli sanki zamanın ovcudur, qız isə o ovucun içində qalmış zamandır. Atası sanki onun vaxtını öz içində udur. O, atasına baxmaq məsuliyyətini daşıdıqca həm zaman, həm də məkan hissini itirir. Ev onun üçün qapalı bir sahəyə çevrilir. Sadəcə pəncərələri açanda azadlığın az da olsa, nəfəsini duya bilir. Əşyaların reallığı da bu tənəzzülün içində əriyir; qız çayı masaya qoyur, amma təkrar eyni hərəkəti edir, sanki zaman dairəvi hala düşür, əşyalar artıq toxuna bilmədiyi xəyali formaya çevrilir. Bütün bunlar qızın reallığın sərhədini itirməsindən doğur. Əvvəllər musiqi vasitəsilə azadlığını ifadə edən Leylanın sərbəstliyinin sərhədini atası ilə onun olduğu salon arasındakı qapı müəyyən edir. Zaman onun üçün axmır, dairəvi şəkildə təkrarlanır.

Hanekenin “Sevgi” filmində isə vəziyyət əksinə qurulub. Burada Annanın xəstəliyi və həyat yoldaşı Corcun ona qulluq etməsi mərkəzdədir. Lakin kişi bu vəziyyəti könüllü olaraq qəbul edir. Bu vəziyyətdə məcburiyyət deyil, sevgi və bağlılıq ön plana çıxır. Corcun evə qapanması bizə məhkumluq kimi yox, şüurlu seçim kimi göstərilir. “Özgə vaxt” filmində ev zamanın donduğu, həyatın dayandığı məkandır. “Sevgi” filmində isə zaman obrazların həyatı kimi yavaşlamağa başlayır. Anna Corcun zamanını oğurlamır, əri özü bilərəkdən vaxtını Annaya sərf edir. Çünki onlar birdirlər. Onlar üçün zaman – birgə keçirdikləri günlərdir. Belə deyə bilərik: Zaman – Corc və Anna üçün yaddaşdır. Yaddaş yaşlı ər və xanımının münasibətində təzahür edir. Onların sevgisi artıq gündəlik qayğıdan, fiziki baxımdan daha çox, mənəvi səviyyəyə qalxmış bir bağdır. Corcun danışdığı xatirələr, Annanın hekayələrə diqqətlə qulaq asması və bu dialoqların mahiyyəti tamaşaçı üçün gözəl şəkildə açıqlanır. Biz anlayırıq ki, onları bir-birinə bağlayan, uzun illər yan-yana yaşadan hissin adı sevgidir. Corc, sevdiyi qadını yad əllərə təhvil vermək istəmədiyindən xəstəxanaya göndərmir. Bu, ərinin Annaya baxmaq üçün tutduğu baxıcının pulunu verib evdən qovmasından aydın olur. Çünki həmin baxıcı Annanın saçlarını darayarkən onu incidir. Qız işdən çıxarılma səbəbini anlamır, hətta Corcu təhqir edir. Amma diqqətli tamaşaçı nə baş verdiyini çox yaxşı başa düşür.


Onların qızı Evanın anasının vəziyyətinə münasibəti fərqlidir. Onun anası ilə yaxınlığında artıq mənəvi dəyərlərin arxa plana keçdiyi görünür. Qız üçün ana və ata bir dəyər deyil, bir məsuliyyətdir. Buna görə də o, anasını xəstəxanaya yerləşdirmək istəyir. Bunu sevgisindən etmir. “Düzgün davranış” belə tələb etdiyi üçün Eva bu addımı atmaq istəyir. Onun məsələyə baxışını yaşadığı cəmiyyət formalaşdırıb. Yəni sevgi burda artıq borca və vərdişə çevrilib.

Yuxarıda danışdıqlarımıza istinadən, öz filmimizə bu rakursdan yanaşanda görürük ki, əslində, Leyla ilə Eva arasında o qədər fərq yoxdur. Sadəcə biri Azərbaycan mühitində böyüyüb, digəri isə Fransa. Ona görə Leylanın mənəvi borcu – atasına baxması – bir qədər sonra, onu azadlıqdan məhrum edən bir yükə çevrilir. Qız atasına “sevgidən” yox, boynuna qoyulan öhdəliyə görə baxır. Biz görürük ki, o, atası üçün tutduğu dayələrin qalmasına çalışır, amma buna heç cür nail ola bilmir. Leyla onu yedirməyə çalışan baxıcıları incitdiyinə görə atasını yüngülcə, gülə-gülə məzəmmət edir. Corc ilə Leyla arasında fərq burada özünü göstərir. Onun Orxanla sevgi münasibətini də bu məcburiyyətlər zədələyir. Sevgi burada sanki bir qurtuluş ehtimalı kimi göstərilir, mənəvi bağ kimi yox. Leyla ümid edir ki, Orxan gəlib onu bu “zindan”dan qurtaracaq. O, sevgilisindən gələn məktubları oxuyur, cavab yazır, amma göndərmir. Biz siyirmədə qalaqlanmış məktub topasını görürük. Bu onun artıq xarici zamanla bağının qırıldığını, yalnız daxili zamanın içində yaşadığını göstərir. Yazmaq burada kommunikasiya vasitəsi deyil, öz-özünə danışmaqdır. Orxanın əvəzinə daim qızın ətrafında hərlənən qonşunu görürük. Onun niyyətini açıq şəkildə başa düşürük.

“Sevgi” filminin gedişatında da Corca kömək edən qonşuları görürük. Bu qonşular ona təmənnasız deyil, pul qarşılığında yardım əli uzadırlar. Bu nöqtədə biz onlarla Leylanın qonşusu arasında fərq olmadığını anlayırıq. Corc onları uzaqlaşdırır, Leyla isə nə qədər mübarizə aparsa da, sonda qonşu onun tükənən ümidinin son parıltısı olur.


“Sevgi” filmində həm kişi, həm qadın musiqiçidir. Onların həyatı bir zamanlar musiqi ilə, yəni ritmlə, axınla müəyyən olunurdu. Filmboyu biz bu musiqinin get-gedə kəsildiyini, səssizliyə çevrildiyini görürük. Bu dayanma, əslində, yaddaşın tənəzzülünün simvoludur. Qadın artıq nə danışa, nə də hərəkət edə bilmir, yalnız inildəyir. Bu iniltinin içində həyatın özü boğulur. Kişi isə onunla bir yerdə qalır. Onu tərk etmir, evdən çıxmır, dünyanı qapının o biri üzündə buraxır. Çünki onun üçün həyat, artıq yalnız bu qadınla, onun nəfəsi və əzabı ilə bağlıdır. Qadının yeməkdən imtinası, həyatla bağını qırmaq istəyi kişi üçün böyük ağrıya çevrilir. Qadın öz imtinası ilə həyatdan tam qopmaq qərarını verir. Kişinin qadına vurduğu şillə çarəsizliyin təzahürüdür. O, həyat yoldaşını sevdiyinə görə onu itirmək istəmir, amma onu belə əzabla yaşatmaq da istəmir. Kişi son ana qədər tərəddüd etsə də, nəhayət, qadınını boğaraq öldürür. Haneke bu səhnəni nə qəddarlıqla, nə də melodram kimi təqdim edir. Sadəcə sevginin ən kəskin həddinə çevrilən ölüm anı kimi göstərir. Düşünürəm ki, bu cinayətin ardınca bir səhnəyə toxunmaq vacibdir. Kişi evə girən quşu tutur və ovcuna alır. O, quşu buraxmır, əlləri arasında saxlayır. Bu quş artıq həyat yoldaşının ruhuna çevrilib, kişidə isə onu azadlığa buraxmağa cəsarət yoxdur. Bu mənada quş, filmdə azadlıqdan imtinanın, sevgini ağrıya çevirməyin simvoluna çevrilir.


Quş sonradan sanki Annaya çevrilir: Corcu yuxudan oyadır, onun əlini tutur, birgə çölə çıxırlar. Biz anlayırıq ki, Corc ümidini (Leyladan fərqli olaraq) heç vaxt çöldə axtarmayıb. Onun ümidinin nişanəsi həmişə yanında olub. Sadəcə bu “ümid” onu çölə çıxarmağı bacarır. Bəlkə də çölə çıxan, Corcun cismi deyildi, ruhu idi…

Leyla atasını yedirtmək istəyəndə kişi də Anna kimi davranır. Qız atasına əl qaldırmır. Çünki bu, Qafqaz cəmiyyətində qəbuledilməz sayılır. Amma içindəki qəzəb, məhkumluq, azad ola bilməmək hissi onu boğur. O, atasının zamanında, həyatında batır. Bu vəziyyətdə atanın da bir növ dərk anı yaşadığını görürük. O, qızına yük olduğunu anlayır və intihar etməklə həm qızı, həm də özünü bu yükdən xilas etmək istəyir. Amma qızı onu xilas edir. Ona görə ki, onun üçün artıq bu məsuliyyət bir seçim deyil, taleyə boyunəymə aktıdır.

Filmin sonunda Leylanın qurtuluşu simvolik şəkildə baş verir. Rejissor tamaşaçını zamanın durduğu, hər şeyin başladığı səhnəyə qaytarır. Qız divardakı saatı dayandırır, zaman kəsilir. Atanı öldürən bəslədiyi, həm də üstlərində hakimiyyət qurduğunu düşündüyü göyərçinlər olur. Salonda saatın durdurulması kişinin zamana hökmetmə gücünü ovcundan alır. Onun idarəsi bir anlıq başqasının əlinə keçir. “Başqası” dediyimiz adamı sadəcə qapıdan çıxanda görürük. Onun “tükənən ümidinin son parıltısı” olduğunu başa düşürük. Atası öləndən sonra qız atasının yerini tutur, onun kimi davranmaq istəyir, ovucunu açır və bağlayır, quşlara baxır, İndi artıq o, quşları azad buraxmaq istəmir. Zaman bu dəfə onun ovcuna keçir.

Qız, atasının ölümündən sonra sanki reallığa qayıdır, lakin bu qayıdış natamamdır. O, yenidən skripka çalmağa başlayır. Zaman yenidən hərəkətə gəlir, amma saatın bir tərəfi hələ də ağappaq qalır. Bu onun üçün zamanın qismən bərpası, amma yaddaşın artıq geri dönməz şəkildə itirilməsi deməkdir.

Nəcəf Əsgərzadə

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya