İ.Smailova: “Kinoşünaslıq qul əməyi tələb edir”
İnna xanımla sentyabrın 3-dən 8-dək keçirilən IX Bayqonur kino festivalının açılış günündə, festivalın nəzdində keçirilən MDB ölkələrinin kinotənqidçilər və kinoşünasların üçüncü Forumunda tanış olduq. Forumda İnna Smailova “Qazax filmində yeni nəfəs: kövrəklik, ağrı və ləyaqət haqqında” adlanan, ən yeni qazax kinosunda qadın mövzusunu gözdən keçirən müəllif mühazirəsi ilə çıxış etdi.
Kinoşünas, kino tarixçisi və rejissor İnna Smailova müxtəlif beynəlxalq kinofestivallarla, o cümlədən, “AvroAsiya” festivalı ilə sıx əməkdaşlıq edir. 2000-ci illərdən T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət akademiyasının “Sənətşünaslıq” fakültəsinin “Kino və televiziya tarixi və nəzəriyyəsi” kafedrasının müəllimidir. Müntəzəm olaraq kino dərgilərində, qəzet və jurnallarda məqalələrlə çıxış edir.
– İnna xanım, ilk növbədə sizdən festivalda iştirak edən Azərbaycan filmi haqda soruşmaq istəyirəm. Teymur Qəmbərovun “İki gün” qısametrajlı filmi. Bayaq siz danışanda təsadüfən eşitdim ki, film sizin xoşunuza gəlib. Maraqlıdır, filmdə məhz nəyi bəyənmisiniz?
– Elədir. Rejissorun əhvalatdakı atmosferi yarada bilməsi xoşuma gəldi, ailə başçısı – ata yoxa çıxıb, qadınlar – ana və qız başa düşür ki, situasiya dəyişir və onlar bu situasiyanın içindədirlər. Biz bu vəziyyəti məkan (ev) 0vasitəsilə, ailənin reaksiyası vasitəsilə öyrənirik. Ananın ərinin itkin düşməsi ilə bağlı narahatlığı, qızın rəqsi… Keçid çox xoşuma gəldi. Əvvəlcə bir anlaşılmazlıq, donub qalmaq, sonra isə qırılma, dağıtma nöqtəsi, hətta dağıtmaq da yox, qəbul olunmaq, ya da olunmamaq, fərq etməz, ona keçid… Bir də final səhnə çox uğurlu idi, ana və qız stol arxasındadır və artıq gözləmədikləri atanın stula asılmış pencəyi… Bu açıq final gözəl idi. Sizin hesabatdan da başa düşdüm ki, sizin gənc kinematoqrafçılar ciddi işlər ortaya qoyur. Görünür ki, bunda müharibə vəziyyəti dərin rol oynayır. Bizdə Qantar hadisəsi oldu, (2022-ci il yanvarın 2-də Janaozendə maye qazın bahalaşmasına qarşı kütləvi etirazlar ilə başlayan, daha sonra, bütün ölkəyə yayılan etirazlardır. Etirazlar sürətlə başqa şəhərlərə, o cümlədən, Almatıya sıçradı. Komendant saatı elan olundu. Polislə toqquşmalar başladı. Yanvarın 9-da verilən məlumata görə, Qazaxıstandakı iğtişaşlar zamanı əksəriyyəti Almatı şəhərində olmaqla 164 nəfər insan həlak oldu və 2265 nəfər yaralandı – A.D.) amma bu Qantar hadisəsindən sonra, sakitlik yarandı, mən böyük kinoda baş verəni anlamaq cəhdi heç görmədim, təəssüf ki, gənclərdə də görmədim. Məni təəccübləndirən odur ki, onlar dünyanı öz məkanlarından kənarda qəbul etmirlər. Yəni, bizdə hər şey yaxşıdır, bunları yaşadıq, amma keçdi, vəssalam. Bəs o biri tərəf nə yaşadı, nə baş verdi, bunu təəssüf ki, kino dilində düşünən olmadı. Hansısa eskapizm, infantillik… Amma sizdə baxıram ki, dərindən toxunuş varmış.
Əlbəttə parlaq işlər də var, Assel Auşakimovanıın “Veloşah” filmi var, o filmdə məsələn, siyasət haqda, yuxarıdan verilən sifarişlər haqda dərin sarkazm var, bilə-bilə ki, bu, “göz yaşları içində gülüşdür”, mən bütün filmi gülmüşdüm, amma dəhşətli dramatik final, əhvalatı tamamilə başqa yerə döndərir. Yəni ayrı-ayrı filmlər var, amma bu çox azdır.
Sizdə isə xoşuma gələn məqam rejissorların mövzuda dərinlik axtarması, assosiasiyalarla oynamasıdır, sizin çıxışınızda dediyiniz o pafoslu ümid yox, təsəllidir. Bu hansı film idi?
– Hilal Baydarovun “Balıqlara xütbə” filmi. O poetik kinodur, işarəvi səhnələri çoxdur, simvol da çoxdur. “Müharibədən qayıtmaq mümkün deyil” – deyir film. Qəhrəman qayıdıb görür ki, bütün yaxınları cüzamdan ölüb, ya da çürüməkdədir. Film qorxulu yuxu kimidir….
– Mənim təsəlli məqamını vurğulamağınız xoşuma gəldi. Bilmirəm, siz Yerjan Adilxanovun “Qoliaf”ına baxmısınız ya yox, orada oxşar kadrlar var, orada hansısa müharibə var, hətta anlaşılmır nə olduğu, apokalipsisdir, kimsə hamını orada saxlayır və öldürə-öldürə gedir. O filmdəki mətnaltı məna ekranda göstəriləndən daha dəhşətlidir: zorakılıq – zorakılıq doğurur. Ona görə, filmin belə dərin tonallığı çox vacibdir… Yəni, çətin zamanlarda belə, incəsənətin missiyasını unutmamaq…
– İnna xanım, madam ki, incəsənətin missiyası mövzusuna toxunduq, necə düşünürsünüz, bu gün kinonun missiyası nədir? Axı kino dəyişib, indi kütləvi olmayan arthaus kinosu var, bir də, kütləvi kommersiya kinosu var, artıq, kino model təklif etmir. İndi insanlara yaşamağı instaqramdakı psixoloqlar, həyat kouçları öyrədir…
– Mən bu haqda çox düşünürəm, məncə, xüsusən, bizim postsovet məkanında olan, bu hadisələri yaşayan bütün ölkələr üçün vacib olan, sadə insana tərəf dönməkdir, hərçənd incəsənət həmişə insandan yanadır, insan meyarlıdır, amma, mən indi əzilən, kövrək, kiçik, zəif insandan danışıram. Onu təhdid edən səbəblər nədir? Məncə, bunlar açar mövzular olmalıdır. Məncə, sistem fərddən danışanda, kino şəxsi mövzulardan, ağrıdan əzabdan danışanda yaranır… Mən Süzan Sontaqın bir məqaləsini oxumuşdum, o deyirdi ki, gözdən keçirməli üç vacib problem var: Öz keçmişini mənalandırmaq problemi, yaddaş problemi, özünlə dürüst danışmaq problemi, yeni mənanı qəbul etmək üçün əzab-əziyyətdən keçməli olan insanın problemi… Vacib odur ki, müəllif başqasının ağrısını özündən keçirərək hansısa mənaya, ideyaya çatsın.
Yadımdadır ki, bir dəfə gənc yoldaşlarla söhbət edirdik, qadın və kişi mövzuları haqda. Soruşdum ki, görəsən, niyə qadın mövzusu bu qədər populyar olub? Çoxu indi bundan danışır, kimsə spekulyasiya edir. Gənc bir oğlan mənə cavab verdi ki, bilirsiniz, görünür, uzun zaman iqtisadi, sosial, siyasi institutlar, həyatın özü kişi qanunları ilə qurulub. Tabeçilik mövqeyi, hakimiyyət mövqeyi, sistem, zorakılıq mövqeyi və s. özünü dağıtmaq deməkdir, artıq dünya məhv olmağa gedir, sivilizasiya isə irəli getməlidir, nələrsə baş verməlidir, durub-qala bilməz, həyat özü mahiyyətcə belədir, irəli getməlidir. Qadınların isə, birləşdirmək, kömək etmək, halına yanmaq, sevmək, qorumaq kimi qabiliyyəti var. Bu mənada qadına dönüş anlaşılandır.
– Siz mühazirənizdə Qazaxıstandakı qadın rejissorlardan danışdınız. Bir dalğa kimi. Bəs bununla yanaşı ölkədə hansısa feminist hərəkat var mı?
– Yox, bilirsiniz, burada situasiya Rusiya ilə paralel gedir, bizdə də LGTB haqqında qanun müzakirə olunur, mübahisələr gedir, cəmiyyət çox kəskin mövqedədir. Bəllidir ki, patriarxal düşüncə bu qanunu dəstəkləyir, az sayda insan nə baş verdiyini və bunların nə demək olduğunu anlayır, düşünür. Feminizm də bu məsələlərə aiddir. Mənim xoşuma gəlir ki, gənclər bu haqda danışmağa başlayırlar. Mənim yaşıdlarım belə mövzuları qaldırmır. Yaxşıdır ki, oğlanlar da qadın mövzusunu işləyir, axı, bu təkcə kiminsə məsələsi deyil, bu, cəmiyyət və zorakılıq məsələsidir. Cəmiyyət isə bu haqda danışmaq istəmir. Qorxuram, qanun qəbul olunsa, vəziyyət pisə doğru gedəcək. Məsələn, bu gün qadın kinematoqrafçılarla görüşməliyəm. Onlar bir qurumda birləşmək istəyirlər. Onlara bu vacibdir. Problemləri birgə aşmaq üçün.
– Sizin təqdim etdiyiniz, mövzusu qadın olan filmləri dövlət dəstəkləyir mi?
– Yox, yalnız rejissor Şaripa Orazbayeva dəstək almışdı, amma o, özünü feminist kimi təqdim etmir, qadınların da olduğu sosial mühiti çəkir. O özünü açıq ifadə etmir, kəskin çıxışlar eləmir. Dəstək də alır. Ayjan Amadinov isə müstəqil işləyir. Onun öz studiyası var. Bir də, çılpaq bədən təsviri də böyük problemdir. Onun filmində bir epizod var idi: qadın bir yol qət edib və başa düşüb ki hər şey edə bilər, dialoq qura, oğlanı qoruya bilər. Oradakı final səhnəsi metaforikdir, o, bütövlük hissi, həyat harmoniyası hissi duyur və soyunub suya tullanır. Əla sualtı çəkilişlər var, kadrlar da gözəldir, amma onu heç yerdə göstərmirlər. Belə filmləri müstəqil studiyalar, müstəqil prodüserlər dəstəkləyir.
– İnna xanım, siz Astanada Jurgenov adına Akademiyanın müəllimisiniz. Gənc kinoşünasların, tələbə kinoşünasların peşə ilə bağlı nə kimi perspektivləri var?
– Bizim kafedra 2011-ci ildə yaradılıb. Çox azad məkandır. Çünki, çox yaxşı ustadları kafedraya cəlb ediblər. Hər hansı təzyiq yoxdur. Biz xarici universitetlərlə əlaqələr qururuq, daim yazışırıq. Qərb kino məktəbinə daha çox yaxınlaşmışıq. Kinoşünasların ən böyük problemi odur ki, kinoya aid nəşrimiz yoxdur. Yazmağa yer yoxdur, yazırlarsa da, yazdıqları nəşrlər daha çox populizmə yönəlib. Sağ olsun, Gülnarə Abikeyeva. O, zamanında kinotənqidçiləri və kinoşünasları bir assosiasiyada birləşdirdi. Bizi (Assosiasiya nəzərdə tutulur) heç kim dəstəkləmir və yaxşı ki dəstəkləmir. Heç kimdən asılı deyilik. Bizim assosiasiya ildə bir dəfə kino tənqidçilərinin mükafatını təqdim edir: Ən yaxşı tammetrajlı film. Böyük kinofestivalların olmaması səbəbindən – Avroaziyanı nəzərdə tuturam – böyük kino, festivaldan kənar milli meydandadır. Bununla kinotənqidçilər məşğul olur. Gülnarə xanım işinin “dəlisidir”, kinematoqrafla yaşayır, kitablar yazır. İndi, məsələn, iki kitabı hazırdır, amma maliyyə yoxluğu üzündən qalıb, dövlət dəstək vermir, kinematoqrafçılar ittifaqı kömək etmir. Kinoittifaq bir tərəfə, Milli Kino Akademiyası var, “Kazaxfilm” var, onlar da kömək edə bilərlər. Kinoşünaslıq qul əməyi tələb edir. Bununla belə kinoşünaslıq çox aktualdır. Bilmirəm sizdə necədir. Kinoşünaslıq geniş anlayışdır, siz yazmasanız da, filmin redaktoru ola, çəkiliş meydanında işləyə, ya da prodüserlik edə bilərsiniz.
– Bəs oxunma necədir? Yazılanları oxuyurlarmı?
– Oxunma yaxşıdır. Əlbəttə, dərin şeylər oxumurlar. Məlumat xarakterli şeylər oxuyurlar.
– Bəs kinoşünaslığa, teatrşünaslığa qəbul zamanı qabiliyyət imtahanı, ya xüsusi imtahan keçirilirmi?
– Bəli, ümumi testdən başqa iki xüsusi imtahan da keçirilir, təsadüfi qəbulun qarşısının alınması üçün. Biri yazılı imtahandır. Abituriyent hansısa film, ya tamaşa haqqında esse yazmalıdır. Beləliklə, onun yazı qabiliyyəti yoxlanılır. Bir də şifahi olaraq onun dünyagörüşü, sahəyə nə qədər maraqlı olduğu yoxlanılır.
– İnna xanım, Rusiyadakı mədəni-siyasi durum Qazaxıstana təsir edir mi?
– Çox təsir edir. Həm də, bu təsir yuxarıdan gəlir. Təsəvvür edin ki, sizə bir şeyi vəd edirlər və siz heç nəyin dəyişmədiyini görürsünüz və susursunuz, bu susmaq qorxuludur. Həyat pisləşir və bu hiss olunur. Böyük şəhərlərdə o qədər yox, kiçik yerlərdə isə üzücü vəziyyətdir. Qapalılıq var. Bəs hanı o açıq proseslər? Mədəniyyət naziri ildə bir dəfə dəyişir. Bəs hansısa biri öz konseptini açıqlayıbmı? Çünki, yoxdur konsept. Mədəni hərəkat getməlidir axı. Ancaq göstəriş verməklə inkişaf ola bilməz. Get-gedə geri gedirik. “Kazaxfilm” studiyasında hər il direktor dəyişir, amma biri də demir ki o, studiyalarla necə işləyəcək, hansı filmlərə yönələcəklər. “Qazaxfilm” nə edəcək? Hara kimi düşəcək? Müstəqilliyin otuz illiyi olanda bizim partizan hərəkatı haqda (Qazaxıstanda 10 il əvvəl bir qrup gənc qeyri-konformist rejissor “Partizan kinosu” adlı yeni etiraz hərəkatı yaratdı. Onlar heç bir dəstək olmadan sərt və aktual hekayələrlə bir tammetrajlı film çəkəcəklərini vəd etdilər. -A.D) keçid dövrü kinematoqrafının dialektikası haqda yazmışdım: yuxarıdakılar istəmirlər, aşağıdakılar da daha boyun əyməyi arzulamırlar. O zaman radikal kəsim kəskin sosial dramlar çəkməyə başlayır, həm də yaxşı çəkirlər. Bu, bədii xüsusiyyətləri olan, həqiqət axtaran filmlərdir.
– Onlar prokata verilirmi?
– İndi hə. Sakitcə verirlər. Bizim naziri həbs ediblər. Onun qara siyahısı vardı, orada çox rejissor vardı. Uzun əhvalatdır…
– Situasiyalar oxşayır, bizim nazir də dəyişir, amma struktur dəyişmir. Lakin bizim rejissorlar 50-60 yaşınadək dövlətdən dəstək gözləyirlər. Köhnə nəsildən gedir söhbət. Partizan hərəkatı da yaranmır.
– Onlar Sovet vaxtının sehrli nağılında yaşayırlar. Bizim kinematoqrafçılar partizan kinosu yaranandan sonra da sübut etdilər ki, susmaq olmaz, problemləri danışmaq lazımdır. Onlar sosial şəbəkələrdə fəaldırlar, çıxış edirlər, problemləri deyirlər. Yeni nazir də dəyişməyə, nələrisə etməyə məcbur olur. Əlbəttə ki, bu təzyiq sayəsində. Bizim sənədli film çəkənlər də birləşir və problemlərlə birgə mübarizə aparır, festivallara qoşulurlar. Yəni, gənc nəsil intellektuallar daha çevikdir, mənim nəslimə baxanda və nəticə də əldə edə bilirlər. Bundan başqa, dil maneəsi yoxdur, ingiliscə bilirlər, xaricdə müxtəlif yerlərdə təhsil alırlar, layihələrdə iştirak edirlər, dil sayəsində yeni imkanlar qazanırlar.
– İnna xanım, bəs Avropadan başqa uzaq Şərqlə hansısa kino layihələri varmı?
– Yaponiya ilə. Məsələn, Yerlan Nurmuxambetov, mənim nəslimdən olan rejissordur, onun “Kiçik samuray” filmi Yaponiya ilə müştərək layihədir. Üçüncü, dördüncü layihəsidir. Amma bunlar ayrı-ayrı işlərdir. Cənubi Koreya ilə gənc kinematoqrafçı kommersiya filmi etdi. Ötən il bizim gənc rejissor Avstraliyada pitçinqdə layihə qazandı. Amma bunlar tək-tük hallardır. Busan festivalları ilə əməkdaşlıq edirik. Mənim “Qazax kinosunun tarixi haqda” sənədli filmimə Busan maliyyə ayırdı. Orada Asiya kinematoqrafiyası bölməsi var idi və orada bizim layihə qazanmışdı.
– Vaxt ayırdığınız üçün təşəkkür edirəm.
– Siz də sağ olun. Azərbaycan kinosu mənə maraqlıdır. Təqdim etdiyiniz filmlərə baxmaq istəyərdim.
Aliyə Dadaşova