İ.Nəcəf: “Filmə təkcə hekayə yox, ssenari də lazımdır”
Müsahibimiz “Teatral həyat”, “Buta”, “Nar bağı” filmlərinin rejissoru İlqar Nəcəfdir. Onun “Suğra və oğulları” adlı sonuncu bədii tammetrajlı filmi hələlik Azərbaycanda nümayiş olunmasa da, artıq Hindistanda keçirilən Kerala Beynəlxalq Kinofestivalında, Almaniyanın Nürnberq şəhərində keçirilən Türkiyə-Almaniya Film Festivalının Kinematoqrafiya dünyaları bölməsində, XIV Asiya və Sakit okean hövzəsi ölkələri Ekran mükafatlarının “ən yaxşı ssenari” nominasiyasında iştirak edib, Los-Ancelesdə keçirilən Cənub-Şərqi Avropa ölkələri Film Festivalında isə münsiflər heyətinin xüsusi diplomuna layiq görülüb. İlqar bəylə söhbətimizə də elə “Suğra və oğulları” filmindən başlayırıq.
– İlqar bəy, Azərbaycan kinosunda II Dünya müharibəsi mövzusuna toxunan sonuncu film Rasim Ocaqovun 1989-cu ildə çəkdiyi “Ölsəm, bağışla” və Sergey Ratnikovun 1990-cı ildə çəkdiyi “Yapon və yaponiyalı” filmi olub. Az qala 30 ildən sonra sizi İkinci Dünya müharibəsindən danışmağa nə vadar elədi?
– Öncə onu deyim ki, “Suğra və oğulları” filminin ssenarisi təqribən 12-13 hekayənin əsasında yaranıb. Onlardan bir neçəsi mənim babalarımın, yəni öz ailəmin başına gələn hadisələrdir.
– Onlar da repressiyaya məruz qalıblar?
– Bəli. Yaşadıqları yerləri tərk etməyə məcbur olublar, həmin köç zamanı çoxlu itkilərə məruz qalıblar. Hekayələrin bir qismi isə şəxsən tanıdığım insanların əhvalatlarıdır. Biz ssenarinin ilkin variantını Asif Rüstəmovla işlədik, sonra Rolfa (Rolf Jan Minneboo – red.) göndərdik və ora daxil etdiyimiz hekayələrin bir çoxunun müharibə illərində baş verdiyinə əmin olduq. Odur ki istər-istəməz ssenari də bizi həmin dövrə yönləndirdi. Əslində, məncə, bir sənət əsərində əsas şey hekayədir, dövr ikincidərəcəli məsələdir, hekayəni istədiyin dövrə və məkana yerləşdirə bilərsən. Bir halda ki bizim ssenarinin təməlində dayanan hekayələr müharibə illərində baş veribsə, niyə zaman olaraq həmin dövrü seçməyək?! Əlbəttə, bu yükün altına girmək bizdən cəsarət tələb edirdi. Çünki söhbət təxminən 85 illik keçmişdən gedir və bu həmin dövrə aid dekorasiyalar, rekvizitlər, geyimlər və konkret detallar deməkdir. Filmin büdcəsi az olduğundan bütün bunları təşkil etmək çətin idi. Filmi ağ-qara çəkmək fikrinin yaranma səbəbi də elə bu oldu. Düşündük ki, o dövrü doğru təsvir etmək baxımından bu forma bizə yardımçı olacaq. Bir də, təbii ki, operatorumuz Ayhan Salara güvəndik. “Suğra və oğulları” filmi Ayhanla birlikdə işlədiyimiz ikinci filmdir. Bir rejissor və operator olaraq bir-birimizi çox yaxşı başa düşürük, hekayəni duymaq və təsvir həllini müəyyənləşdirmək baxımından aramızda çox gözəl daxili uzlaşma yaranıb, onunla işləmək çox rahatdır. Beləcə, bütün sadaladıqlarım zaman olaraq 1941-1945-ci illərə köklənmək fikrini gücləndirdi. Yəni material özü bizi müharibə illərinə apardı.
– “Suğra və oğulları” filmi mənə “Tütək səsi” filmini xatırlatdı. Daha doğrusu, elə bil “Tütək səsi”nin astar üzünü çəkmisiniz: müharibə dövrü, kolxoz sədri, qadınlar, ağsaqqal və s. Ancaq orada bütün hadisələr qələbə arzusu fonunda baş verir. Siz isə, əksinə, hər şeyin birqütblü olmadığını və başqa bir gerçəkliyin mövcudluğunu göstərirsiniz. Bu paralellik əvvəlcədən düşünülmüşdü, yoxsa təsadüfən belə alınıb?
– “Tütək səsi” filmi Azərbaycan kinosu tarixində çox sevdiyim filmlərdən biridir. Rasim Ocaqovun yaradıcılığını müzakirə etmək olar, amma mənim üçün “Tütək səsi” filminin yeri ayrıdır. Amma paralellik… doğrusu, o film indi siz deyəndə mənim yadıma düşdü. Biz ssenarini yazanda, ümumiyyətlə, o barədə fikirləşməmişdik. Hər halda, öz adıma deyə bilərəm ki, mən o filmi düşünməmişəm. Doğrudur, “Suğra və oğulları” filmində də hadisələrin mərkəzində kolxoz sədri dayanır. Amma “Tütək səsi” filmində bu obraz təzadlı, daha çox müsbət, çətin şəraitdə radikal qərarlar verən insan kimi təsvir olunub. Ancaq mən o dövrdə yaşayan kolxoz sədrlərinin ləyaqətsiz əməlləri, sistemin siyasətindən sui-istifadə edərək insanlara qarşı zorakılıq törətdikləri barədə xeyli əhvalat eşitmişdim və onlar məni avtomatik həmin istiqamətə yönəltdi. Yəni mən bu personajı özümdən uydurmamışam, çoxlu yaşlı insanlarla söhbət etmişəm. Odur ki Barat onlarla, yüzlərlə o tip kolxoz sədrlərinin ümumiləşmiş obrazıdır. Bu baxımdan nöqtəni doğru yerə qoymuşam.
– Filmin bəyəndiyim tərəflərindən biri də aktyorların oyunu oldu. Xüsusən Günəş Mehdizadəni fərqli bir yöndən görə bildim. İlqar Cahangirə isə Barat obrazı çox yaraşmışdı. Elə uşaqlar da rollarını peşəkar həmkarları qədər yaxşı oynayırdılar. Kimin hansı rolu oynayacağını əvvəldən bilirdiniz, yoxsa kastinq oldu? Təbii ki, söhbət əsas personajlardan gedir.
– “Suğra və oğulları” peşəkar rejissor kimi mənim üçüncü filmim sayılır. Yəni artıq müəyyən təcrübə toplamışam. Hərdən ssenari üzərində iş mərhələsində rejissorun, ssenari müəllifinin gözləri önündə konkret bir aktyor və ya aktrisa canlanır və ssenaridə bir çox məqamlar məhz onun imkanlarına uyğun yazılır. Bu çox normal haldır. “Suğra və oğulları” filmində də mən Suğra obrazı üçün tamam başqa bir aktrisanı nəzərdə tutmuşdum, ancaq o, ailəvi problemlərinə görə roldan imtina etməli oldu. Ondan sonra kastinq üçün bir neçə aktrisa dəvət olundu. Günəş Mehdizadə də onların arasında idi. İlk fotokastinqdən sonra Günəşlə müzakirə oldu və mən onun energetikasını dərhal hiss etdim. Onu da deyim ki, onunla ilk dəfə görüşürdüm. Eyni sənət dünyasında olsaq da, o vaxta qədər üz-üzə gəlməmişdik; onu sosial mediadan, efirdən tanıyırdım, amma dialoqumuz olmamışdı. Elə ilk kastinqdə düşündüm ki, o bizim Suğramızdır.
– Etiraf edim ki, çəkiliş prosesindən fotolardakı üz ifadəsi, mimikaları mənə teatral təsir bağışlamışdı. Amma filmə baxanda yanıldığımı gördüm. Təmkinli oynayır, ifasında sünilik və mübaliğə yoxdur.
– Günəş çox istedadlı aktrisadır. Aktyorla, aktrisa ilə necə və hansı çərçivədə işləmək, dialoqu necə qurmaq isə rejissorun işidir və bu çox önəmlidir. O ki qaldı mənə, “Buta” filmini deyə bilmərəm, amma “Nar bağı” filmindən sonra peşəkar aktyorlarla işlə bağlı fərdi bir təcrübəm formalaşıb. Odur ki son filmimdə Günəşlə də, İlqar Cahangirlə də, Rasim Cəfərlə də lazımi harmoniyanı tapa bildim. Qurban İsmayılovla isə “Nar bağı”nda işləmişdim, baş rollardan birini ifa edirdi. Mənim üçün aktyorlarla işləyəndə bircə çərçivə var, o da mənim film üçün təyin etdiyim çərçivədir. Aktyoru o çərçivədən kənara çıxmağa qoymuram. Amma onun içində istədiyini edə bilər. Əgər ürəyimdəki hekayəni tapdalamırsa, pozmursa, problem deyil. Üstəlik ekranda bu iş tərzinin effektini görürəm və bu məni qane edir. Bu baxımdan aktyorlarla iş prosesində xüsusi bir çətinliyim olmadı. Həmçinin uşaq aktyorlarla da. Uşaqları elə çəkiliş məkanında – Daşkəsəndə tapmışdıq. Onları Bakıya gətirdim və burada onlarla işlədim. Daha sonra biz Daşkəsənə bir az tez getdik. Rasim Cəfər sağ olsun, bizə çox kömək etdi, uşaqlarla işləməyə başladı.
– Növbəti sualım elə uşaqlar haqqındadır. Sizin filmlərinizdə uşaqlar xüsusi yer tuturlar; siz onları həmişə vaxtından əvvəl böyüdürsünüz. Yəni daha çox öz uşaqlıqlarını yaşaya bilməyən uşaqları göstərirsiniz – “Nar bağı”nda da, “Suğra və oğulları”nda da, qismən “Buta”da da. Bu öz həyatınızdan qaynaqlanan bir baxışdır?
– Çox dəqiq vurğulayırsınız. Biz ailəlikcə evimizdən – Ermənistandan qaçqın düşəndə mənim 13 yaşım vardı. Uşaqlığı doyunca yaşamamaq, ehtiyac içində böyümək, psixoloji adaptasiyanın çətinliyi beyində müəyyən travmalar buraxır. Mən istəsəm də, istəməsəm də, hamısı şüuraltına oturur və yazıçı da olsan, rəssam da olsan, fərqi yoxdur, sənətinə təsir etməyə başlayır. Odur ki hər üç filmimdə belə uşaqların olması normaldır. Hətta onlara İlqar deyə bilərsiniz. Hər filmimdə bir “İlqar” var. Sanki onun uşaqlıq travmalarını sağaltmağa çalışıram. Mənə elə gəlir ki, belə şeylər yaradıcılığa kömək edir. Hər kəsin içində bir uşaq var, bu bizim ən müqəddəs tərəfimizdir. O uşaq bizi dartıb aparır, həvəsləndirir, motivasiya verir. Mən içimdəki o uşağı qoruyub saxlaya bildiyimə görə sevinirəm. O hər filmdə, hər yeni işimdə mənə arzularımı, xəyallarımı xatırladır.
– Adətən, ssenarilərinizi həmmüəlliflə yazırsınız. Hətta son iki filminizin üç ssenari müəllifi var. Birlikdə necə işləyirsiniz, rol bölgüsünü necə aparırsınız?
– Başqa rejissorların adından danışmaq istəmirəm. İlqar Nəcəf kimi deyim ki, bir neçə müəlliflə işləmək çox effektivdir. Əlbəttə, dörd müəllif çoxdur, amma bir müəllif də azdır. Həm “Nar bağı”nda, həm də “Suğra və oğulları”nda Asiflə birlikdə hekayəni inkişaf etdirib ssenari halına salandan sonra Rolfa göndərirdik. Bu təcrübəyə “skript doktor” işi də demək olar. Amma Rolfun əlavələrini, qeydlərini nəzərə alanda o artıq skript doktor yox, həmmüəllif olur. Çünki çox dəyərli əlavələri var. İki azərbaycanlı, iki Şərq adamının yanında Qərbdən olan bir müəllifin olmasının müsbət təsirini hiss edirəm. Rolf ssenarini azərbaycanlı kimi yox, holland kimi oxuyur, hekayəyə holland kimi yanaşır. Onun fikirləri mənim üçün çox qiymətlidir. Çünki hər müəllif istəyir ki, filmi bütün dünyada qəbul olunsun. Təkcə lokal tamaşaçı üçün çəkmirsən axı… Ən azından iddiamız budur. Filmi çəkib bitirəndən sonra necə alınacaq – bu, başqa mövzudur. Nə mən, nə də Asif Rüstəmov peşəkar ssenarist deyilik. Mən çox yaxşı hekayə yaza bilirəm, bu işdə iddialıyam. Amma filmə təkcə hekayə bəs etmir, ssenari lazımdır. O baxımdan Rolf mənim üçün dəyərli insandır. İndidən deyim ki, onunla artıq dördüncü filmimin ssenarisini yazmağa başlamışıq.
– İlqar bəy, bu mövzunu bir az genişləndirmək istəyirəm. Əminəm ki, məhz ssenari yazmaqla bağlı, xüsusən gəncləri çox şey maraqlandırır. Bir cümləniz diqqətimi çəkdi: bir Şərq hekayəsinə Qərb düşüncəsinin etdiyi əlavələr, ssenariyə holland baxışı… “Nar bağı” və ya “Suğra və oğulları” filmlərindəki praktikanızdan buna bir örnək göstərə bilərsiniz?
– Bununla bağlı bir neçə nümunə göstərə bilərəm. Məsələn, “Nar bağı” filmində ər-arvadın sevişmə səhnəsi var. Rolfun versiyasında o səhnə nar bağının içində, ağacların arasında baş verirdi. Mən onu çardağa keçirdim. Bir qərbli ilə bir şərqlinin fərqinə baxın. Biz daha çox gizlinliyə üstünlük verən bölgənin insanlarıyıq. Bəzi şeyləri dilimizə gətirmirik. Amma qərblilər daha açıqdırlar, çərçivələri yoxdur. Sevgilərini paylaşmaqdan çəkinmirlər, məsələn, qonşu görəcəksə, görsün; onlar üçün problem deyil. Mən demirəm ki, Rolfun versiyası maraqsız alınacaqdı, yox. Amma burada inandırıcı olmayacaqdı. Bir filmin bütün səhnələri ipə düzülmüş muncuqlar olsa belə, həm də hər biri ayrı, avtonom xarakter daşıyır. Yəni bütün səhnələri pazl kimi yığmaq lazımdır. Bir də hər səhnə planlarından, görüntüsündən tutmuş dialoqlara, aktyorun, kameranın hərəkətinə qədər fərqli olur. Bu mənada mən pıçıltı və gizlinliyi daha çox sevirəm və bir müəllif kimi filmdə bunu göstərmək istəyirəm. Bəlkə, bu, Asifə və Rolfa aid deyil. Gizlinlik daha çox mənim istəyim olur. Mən belə sevirəm. Axı insan dua edəndə qışqırmır, ya ürəyində dua edir, ya da pıçıldayır. İnsanın içində həmişə bir ada olur və ora heç kimi buraxmır. Bu cəhətdən mən heç vaxt həmmüəlliflərə güzəştə getmirəm. Qəti qərar vermişəmsə, onu hökmən yerinə yetirməliyəm. Çünki dəqiq bilirəm ki, tamaşaçının reaksiyası hansı səhnəyə müsbət olacaq, ya da filmdən sonra tamaşaçı gəlib mənə deyəcək ki, belə olmur. O “belə olmur” cümləsini eşitməmək üçün öz düşündüyüm kimi çəkməyə üstünlük verirəm. Hekayə müəllifin, rejissorun beynindən su kimi axmalıdır. Əgər o səndə təbiilik hissi və harmoniya yaratmırsa, onu tamaşaçıya da çatdıra bilməyəcəksən. “Çəkək, görək nə deyəcəklər” düşüncəsi ilə yola çıxmaq mümkün deyil. Bir nümunə də “Buta” filmindən gətirim. “Buta”nın ssenarisini Gürcüstanda, Zanussinin bədii rəhbərliyi altında yazırdım. Ssenarini bitirəndən sonra içimdə bir narahatlıq qalmışdı. Çünki acgöz kimi bütün duyğularımı o ssenariyə tökmüşdüm və hiss edirdim ki, yarı yolda qalacağam. Yəni bu filmi alındıra bilməyəcəyəm. Odur ki Ramiz Fətəliyevi dəvət etdim. Allah canını sağ etsin – ssenarini oxudu, bəyəndi. Amma son dərəcə xaotik yazılmışdı. Ramiz müəllim onu dramaturji olaraq qaydaya saldı. Onun “Buta”nın ssenarisinə verdiyi dəstək mənim üçün danılmazdır. İndi gələk “Suğra”ya. Asiflə ssenarini yazıb bitirəndən sonra Rolfa verdik və Rolf hadisələrin ardıcıllığını nizamladı. Bizim variantda bəzi səhnələrin yerləri fərqli idi, Rolf isə onları rahat şəkildə, doğru ardıcıllıqla düzdü. Yenə bayaqkı fikrimə qayıdıram: müəllif tək olanda həmişə öz hekayəsinə bir az mühafizəkar, hətta diktator kimi yanaşır. Amma iki müəllif olanda, hekayəni başqası ilə bölüşəndə artıq sənin hekayə üzərindəki dominantlığın zəifləyir və bu çox müsbət nəticə verir. Sonra prosesə üçüncü müəllif – daha peşəkar bir dramaturq müdaxilə edir. Nə qədər müdaxilə edir – bu, başqa məsələdir, sənin ssenarini hansı səviyyəyə gətirib çıxarmağından asılıdır.
– Hazırlıq mərhələsində və ya ssenarini yazmağa başlayarkən dövrlə bağlı araşdırma aparmışdınız? Ona görə soruşuram ki, çünki filmdə o dövr üçün xarakterik olmayan bəzi detallar var. Məsələn, hava işıqlanmamış küçə lampalarının yanması. Bildiyim qədər, müharibə dövründə gecələr hətta evlərdə belə işıq yandırmaq qadağan idi.
– Düz vurğulayırsınız, amma nəzərə alın ki, hekayə Qafqazın ucqar bir dağ kəndində cərəyan edir. O dövrdə Hitler, sadəcə, Şimali Qafqaza qədər gələ bilmişdi və Qafqazı tam ələ keçirməmişdi. Artıq 40-cı illərdə əyalətlərdə belə küçələrdə elektrik dirəkləri var idi. Xatırlayırsınızsa, SSRİ-də insanların beyinlərinə təsir vasitələrindən biri də meqafonlar idi; hər kəndin mərkəzində belə meqafonlar var idi və hər gün əhaliyə məlumat verilirdi. O meqafonlar elektriksiz işləyə bilməzdi. O ki qaldı gecə lampaların yanmasına, alman təyyarələri o səmada uçmursa, işıqların yanması problem deyil. Digər tərəfdən, mən nəinki dövrü, hətta hekayəni də mütləq araşdırıram. Hadisələrə ötəri baxmağı sevmirəm, insan beyninin dərinliklərinə getməyi xoşlayıram. Hansı xarakter hansı vəziyyətdə hansı hərəkəti edə bilər? Filan şeyi edə bilər, ya yox? Və ya bunu etsə, süni alınacaq, çünki bir insanın həmin situasiyada belə davranmağı mümkün deyil. Bu baxımdan mən dərinə getməyi xoşlayıram. Çünki səhnənin həmin vəziyyət üçün özünü təsdiqləməsini, inandırıcı olmasını istəyirəm. Belə şeyləri öz axarına buraxmıram.
– Filmin psixoloji baxımdan ən ağır səhnələrindən biri zorlama səhnəsidir.
– Rejissorlar bilirlər ki, o cür səhnələri çəkmək asan deyil. Mən sırf texniki baxımdan yaranan çətinliyi nəzərdə tutmuram. İnsani olaraq çətindir, psixoloji baxımdan aktyor və aktrisa üçün çətindir. Rejissor əvvəlcədən bir şey planlaya, çəkilişə hazırlaşarkən daha radikal, daha iddialı ola bilər. Amma çəkiliş anı gələndə artıq mövcud vəziyyəti dəyərləndirib müəyyən qədər kompromisə getməyə başlayırsan. “Nar bağı”nda da, “Suğra və oğulları”nda da belə oldu. Mən zorlama səhnəsini daha qəddar düşünmüşdüm. Ancaq çəkiliş zamanı bəzi məqamlarda kompromisə getməli oldum. Aktrisa üçün də çətin idi. Baxmayaraq ki, aktrisa çəkiliş meydançasında “bu mənim üçün yenidir” deməsin deyə ona əvvəlcədən hər şeyi deyirəm.
– Belə səhnələrdə emosional baxımdan qızıl ortanı tapmaq, inandırıcılığa nail olmaq asan deyil. Sizdə bu alınıb.
– Əgər siz tamaşaçı kimi bunu hiss etmisinizsə, deməli, kompromisə getməklə düzgün addım atmışam. Amma aktyorlar da sağ olsunlar. Aydan böyük potensialı olan aktrisadır və əminəm ki, kinoda hələ çox yaxşı obrazlar yaradacaq. Düzü, mən Günəşi də, Aydanı da çox bəyəndim. Aydanla da ilk dəfə idi işləyirdim, başqa işlərini heç görməmişdim. İlk işimiz olsa da, mənə çox yaxşı təsir bağışladı, onunla işləmək rahatdır. Çox zəkalı qadındır. Rejissorla aktyor, aktrisa arasında anlaşma, dialoqun alınması çox önəmlidir.
– Ümumiyyətlə, elə bil ki aktrisalarımız daha əvvəlki qədər çərçivəli, gərgin deyillər və sənətlərinin haqqını verirlər. Bəlkə də, bunun səbəbi filmlərimizin lokal mühitdən çıxmasıdır. Əvvəllər rejissorlar şikayət edirdilər.
– Rejissorların şikayət etməyə haqqı yoxdur. Bu bizdən asılıdır, onları biz yetişdiririk. Elə işləməliyik ki, sabah İlqar yox, başqa bir rejissor film çəkmək istəyəndə desin ki, mən bu aktrisanı filan filmdə görmüşəm və mənə lazım olan obrazı yarada bilər. Mən həmişə deyirəm və yenə təkrar edirəm: Azərbaycan kinosunun aktyor, aktrisa, hətta bəstəkar problemi yoxdur. Azərbaycanda rejissor problemi var. Tutaq ki, aktyor ssenarini oxuyur və psixoloji olaraq öhdəsindən gələ bilməyəcəyi bir səhnə ilə qarşılaşır. Ona kömək etmək rejissorun boynuna düşür. Mən demirəm ki, rejissor yoxdan var yaratmalıdır, xeyr. Amma rejissor aktyor və aktrisada potensial görübsə, rolu bacaracağına əmindir. Sadəcə, daxili harmoniyanı təmin etməlisən. Onda görürsən ki, hər şey su kimi axıb öz yerini tutur. Mən həmkarlarımı tənqid etmirəm, özümü onlardan ayırmıram. Sadəcə, aktyor və aktrisa yoxdur deməklə olmur. Bir az keçmişə qayıtsaq, görərik ki, sovet Azərbaycanı kinosunda da kifayət qədər yaxşı aktyorlarımız, aktrisalarımız, rejissorlardan iki baş yuxarı olan kino bəstəkarlarımız olub. Filmə baxırsan, görürsən ki, bəstəkar rejissora meydan oxuyur.
– “Suğra və oğulları” filmi artıq bir neçə beynəlxalq festivalda nümayiş olunub.
– Bəli. Kerala festivalında bizi Günəş təmsil edirdi və “uğurlu nümayiş” adlı simvolik mükafat aldıq. Busan kinofestivalına isə Rolf getmişdi.
– Əcnəbi tamaşaçıların filmə reaksiyası necə oldu?
– Nürnberqdə filmi iki dəfə göstərdilər, ikisində də salon ağzına qədər dolmuşdu. Almanların reaksiyası o qədər fantastik idi ki, hətta kövrəldim.
Yaxınlaşıb əlimdən tutub soruşurdular ki, doğrudanmı, azərbaycanlılar həmin dövrdə bu qədər əziyyət çəkib, yoxsa bu, sadəcə, rejissorun fantaziyasıdır? Deyirdim ki, yox, film real hadisələr əsasında çəkilib, bu hadisələrin çoxu mənim ailəmin başına gəlib.
– Onlar üçün təsəlli olub. Özü də Nürnberqdə.
– Orada çox böyük bir jurnalda müsahibəm nəşr olundu. Jurnalist Ukrayna müharibəsi ilə film arasında militar və imperialist gücün Azərbaycanda bir ailəyə təsiri və bu gün həmin imperiya və sistemin bir ölkəni necə dağıtması paralellərini aparmışdı. Hətta məndən Rusiyanın bizə qarşı həqiqətən o qədər aqressiv olub-olmadığını soruşdu. Dedim ki, araşdırsanız, görərsiniz ki, təkcə 1937-1939-cu illərdə nə qədər insanlarımızı güllələyiblər.
– İlqar bəy, yəqin, son vaxtlar sənət adamlarına qarşı olan tələblərdən xəbəriniz var. Nədənsə belə fikir yaranıb, ya da yaradılır ki, 44 günlük müharibə, qələbə ilə bağlı əsərlərin yaranması gecikir. Siz bu prosesi necə görürsünüz? Bu müharibə Azərbaycan kinosunda necə və nə vaxt əks olunmalıdır?
– Yer üzündə baş verən böyük kataklizmlər həmişə sənətdə öz əksini tapır. Amma sənət bunu iki formada qəbul edir. Birinci – statistik və ideoloji formadır, təbliğat funksiyası daşıyır. İkinci forma isə sənətdir, baş verənləri özündən keçirib insanlara çatdırmaqdır. Müharibələr miqyasına görə insanların həyatına son dərəcə dərindən təsir edən bir hadisədir və ilk zamanlar müharibədən bəhs edən əsərlər daha çox statistik, təbliğat xarakteri daşıyır, daha çox öz həqiqətini, ölkənin maraqlarını çatdırmaq məqsədi güdür. Düzünü desəm, bu yol mənə heç vaxt maraqlı olmayıb. Bu yolu seçənlər var və yəqin, ortaya yaxşı işlər qoya bilirlər. Mən etmək istəsəm belə, onlar kimi bacarmaram. Bir müəllif, rejissor kimi bu yol mənə maraqlı deyil. Biz misilsiz bir qələbə qazanmışıq və məni daha çox bu müharibənin, qələbənin insani tərəfi, insanların həyatında, ürəyində, beynində hansı izlər buraxdığı maraqlandırır. Buna müəyyən bir zaman tələb olunur. Onu ürəyində saxlayırsan, beynində saf-çürük edirsən və s. O baxımdan mənim 44 günlük müharibə ilə bağlı öz yanaşmam var və zamanı gələndə o filmi çəkəcəyəm. Bu barədə çox şey demək istəmirəm. Bizi nədəsə günahlandırırlarsa, günahlandırsınlar.
– Artıq çoxdan tələb olunan Kino Agentliyinin yaradılması barədə sərəncam verildi. Siz həm müstəqil işləyirsiniz, həm də Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edirsiniz. Bu baxımdan, sizin fikrinizcə, qurumun strukturu necə olmalıdır ki, yerli kinoya daha faydalı olsun və gözləntiləri qismən də olsa, doğrultsun?
– Əvvəla, onu deyim ki, mən peşəkar rejissor kimi üç tammetrajlı film çəkmişəm və hər üç filmin büdcəsinin böyük qismini özüm təmin etmişəm. O baxımdan mənim Mədəniyyət Nazirliyindən bir asılılığım, onlarla işləmək dərdim yoxdur. Loru dildə desək, mən müəyyən mənada müstəqil respublikayam; mövzu seçimində və ya film çəkəndə “nazirlik bunu necə qəbul edəcək?” kimi narahatlığım yoxdur. Amma bu ölkənin vətəndaşı, bu sahənin bir parçası olduğuma görə, təbii ki, ümumi vəziyyət məni narahat edir. Çünki burada tək deyiləm. Bu sənətdə əllərində layihə, o qapı sənin, bu qapı mənim maliyyə axtaran xeyli insan var. Odur ki kinonun ayrıca bir qurum tərəfindən idarə olunması şərtdir. Birmənalı şəkildə belə olmalıdır. Kinonu gah bu, gah o məmurun masasına yaxınlaşmaqdan xilas etmək lazımdır. O masalarda oturan hər məmurun qarşısında əyiləndə, onların iddiasını, əhvalını nəzərə alanda təqdim etdiyin ssenarinin də, filmin də yaxşı kino olmaq ehtimalı azalır. Buna görə də kinonu bu bürokratik qarmaqdan qoparıb müstəqil qurum etmək çox vacibdir. Əslində, iş bununla da bitmir. O qurumda bir nəfərin yenə öz istədiyini etməsinə, öz zövqünə, öz ambisiyalarına görə qərar verməsinə, ssenari seçməsinə imkan vermək olmaz. Müstəqil qurumda da layihələri seçəcək, istehsalata buraxacaq, düşünməyi bacaran insanlar oturmalıdır. Çünki bəzən layihəni oxuyurlar və şəxsi yanaşma üstün gəlir. Bu, mentallıqdan irəli gəlir və həmişə problem yaradır. Məsələn, tutaq ki, mən layihəni qəbul edən beş adamdan biriyəm, peşəkar kimi bildiklərimdən çıxış edərək nəsə qərar verməliyəm. Amma sırf İlqar kimi qərar verirəmsə, vay o layihəni gətirənin halına. Odur ki müstəqil quruma təqdim olunan layihələrin hansı prosedurlardan keçəcəyi çox önəmlidir. Onlar elə şəffaf olmalıdır ki, necə deyərlər, müəllifləri halqaya salıb boğmasınlar. Düzünü desəm, mən bir az ümidliyəm. Əvvəllər ümidim yox idi. Amma agentliyin yaradılması barədə sərəncam veriləndən sonra nəsə bir yol açılacağına bir az ümidim yaranıb. Təbii ki, yaşayıb görəcəyik. Sadəcə, çalışmalıyıq ki, hansısa məmur bu qurumu öz bostanı kimi idarə etməsin. Bilsin ki, onun səhvlərini deyə biləcək adamlar var bu ölkədə.
– Söhbətimizi elə bu müsbət notda bitirmək istəyirəm və təşəkkür edirəm.
Aygün Aslanlı
“Fokus” Analitik Kino Jurnalı. Sentyabr 2022 / №11