İNDİ OXUYUR
Hər zaman – “indi”dir, sonra isə, “çox gec”dir

Hər zaman – “indi”dir, sonra isə, “çox gec”dir

Zaman axını insan iradəsindən qeyri-ixtiyari baş verir. Bununla belə, bu axın insan tərəfindən dərk edilir. Biz əvvəli, indini və sonranı qavrayırıq. İlkin olaraq bu zaman anlayışlarını baş vermiş hadisələrlə assosiasiya edirik: həyatımız boyu keçmişdə baş vermiş, indi baş verən və gələcəkdə baş verməsini gözlədiyimiz hadisələr bizə əvvəli, indini və sonranı ayırd etməkdə, həyatımız boyu bizi keçmişdə baş verənlərdən nəticə çıxararaq daha yaxşı gələcək üçün çalışmaqda dəstəkləyir. Deməli, insan keçmişin izlərini və gələcəyin qayğısını indiki zehni və emosional halı ilə özündə daşıyır və bu zaman kəsimlərinin hamısı indiki durumda vəhdət halındadır.

İndi – insan üçün bütün zamanların vəhdətidir. Bu vəhdət halı ilə yanaşı, insanın aktiv fəaliyyətdə olduğu zaman da məhz indidir. Belə ki, keçmiş, artıq yaşanıb, gələcək isə hələ irəlidədir. Həm də buna görə, həmişə indidir. Bəs indi nə vaxtdır? Bu sual bizi zaman anlamı ilə bağlı başqa problemlər barədə düşünməyə sövq edir: axı “indi” dediyimiz anda belə, artıq indi olmur. Bu hal ilk baxışdan insan üçün aydın görünən zaman anlamının nə qədər müəmmalarla zəngin, “biz hansı zamanda yaşayırıq?” sualının insanı bu müəmmalarla tanış edən açar sual olduğunu və əslində, bu sualın verilməsilə zaman anlamının göründüyü qədər də bizə aydın olmadığını göstərir.

Yunan rejissor Teo Angelopulosun “Əbədiyyət və bir gün” bədii filmində məhz bu keçmiş, indi və gələcək vəhdətinin insan zehnində və emosional vəziyyətində yaratdığı təsviri çətin olan duyğuların aydın bədii ifadəsini müşahidə etmək mümkündür.


1998-ci ildə istehsal olunmuş bu film ölüm ayağında olan Aleksandr adlı bir şairin son gününü təsvir edir. Bu təsvirlə həyat, ölüm, zaman, varlıq anlayışlarına özünəməxsus yanaşma nümayiş etdirilir. Filmin baş qəhrəmanı Aleksandr varlığının mənasının axtarışındadır və filmboyu əsas götürülən problem məhz bu axtarışdır.

Hadisələrin yaşandığı günün ertəsi Aleksandr xəstəxanaya müalicə üçün getməlidir, lakin onun sağ qalması üçün heç bir ümid yoxdur, çünki ümidini birinci növbədə o özü itirmiş və aqibətilə barışmış vəziyyətdədir. O, köməkçisi və qızı Katerina ilə vidalaşır və evindən ayrılır. Yolda polislərdən qaçan sısqa bir uşağı öz maşınına götürür və beləcə, o bütün gününü həmin uşaqla keçirir. Bu uşaq, şairə ölmədən öncə tamamlamaq istədiyi şeirini bitirməkdə kömək edir və şair bu uşaqdan yeni kəlmələr öyrənir. Bu öyrəndiyi kəlmələr isə onun məna axtarışındakı əvəzsiz tapıntıları olur. Çünki həyatı boyu sözlərlə işləyən bir insanın ən böyük rahatlıq mənbəyi məhz nələrəsə ad qoymaq ola bilərdi: hadisələrin, hərəkətlərin, duyğuların, faktların, vəziyyətin və s. adını qoymaq.


Bu “adqoyma” axtarışları nəticəsində zaman, məkan, mənalandırmaq problemləri baş qəhrəmanda ciddi ekzistensial böhranlar yaradır və filmdə bunları təsvir edən çoxlu sayda səhnələr mövcuddur. Bu böhranlar əslində, hər birimiz üçün keçərlidir. Lakin gündəlik yaşantılar və qayğılar bizi bu böhranlar barədə düşünməkdən yayındırır. Bəlkə də sonuncu günümüzü yaşadığımızı anladığımız zaman bu böhranlar, çılpaqlığı ilə həyatımızın mərkəzinə oturacaqdır. “Əbədiyyət və bir gün” həm də bu baxımdan qiymətlidir ki, bizə “ömrümüzün sonuncu günü”nü realda yaşamadan sınaqdan keçirmək imkanı verir. Çünki müasir zamanın, insanı sürətli və tələskən olmağa sövq etməsi bəzən bir çox məqamlardan yan keçməyimizə səbəb olur. Hər zaman harasa, yaxud hansısa işi görməyə tələsməli oluruq ki, bu da keçirdiyimiz zamanın axarını duymaqda, hansısa işi görərkən prosesin mahiyyətini qavramaqda bizə mane olur. Müasir insan, əfsus ki, tələsməyə məhkum olmuş insandır. Halbuki hər zaman, tələsdiyimiz qədər gecikəcəyik. Bütün “indi”lərin “sonra”sı vardır və “sonra”nın “çox gec” olması qaçılmazdır.

“Əbədiyyət və bir gün” filmi, sanki bu baxımdan bizi yavaşlamağa, mövcud vəziyyəti qavramağa, zaman yanaşmamızdakı mühakimələrimizi yenidən nəzərdən keçirməyə dəvət edən çağırışdır.

Bu çağırış özünü filmin məzmunu ilə yanaşı, texniki xüsusiyyətlərində də göstərir. Xüsusilə də, bəzi səhnələrdə keçmiş hadisələrin fasiləsiz göstərilməsi, indiki zamanın özündə keçmişi sığışdırmasının və daşımasının bariz ifadəsidir.


Keçmiş ilə indini iç-içə təsvir edən bu filmin baş qəhrəmanının şair Dionisios Solomos ilə qarşılaşdığı məqamlar belə səhnələrdəndir. Aleksandr, 1798-1857-ci illərdə yaşayıb-yaratmış və müasir yunan poeziyasının “atası” hesab edilən Solomosun yazdığı, tamamlanmamış “Azad məhbus” şeirini tamamlamağa çalışır. Zaman-zaman Aleksandr, Solomosla görüşür, onunla söhbət edir. Lakin bu görüşlərin əsas özəlliyi odur ki, o, indiki zamanda baş verir: keçmişə səyahət edilmir və ya görüşlər xəyali olmur. İkisi də eyni zamanda və eyni məkanda qarşılaşdırılır. Beləliklə, zaman-məkan və varlıq anlayışlarının sərhədləri itir. Filmi bütöv bir mətn olaraq nəzərdən keçirib təsvir etdikdə aydın olur ki, bu “itmə” məqsədsiz deyil: o bizi həmin anlayışların sərhədləri barədə düşünməyə dəvət edir.

Filmin adının “Əbədiyyət və bir gün” olmasının özü belə, fəlsəfi mühakimə yükü daşıyır. Bu ifadə, filmdə səsləndirilən və bütün filmin təməl fəlsəfəsini təşkil edən suallardan birinin cavabı olaraq Aleksandrın mərhum həyat yoldaşının dilindən deyilir:

“Sabah nə qədər çəkəcək?” “Əbədiyyət və bir gün”.


Əslində, sabah hər zaman gözlənilir. Hazırda yaşadığımız gün, dünənin sabahıdır. Bu günün sabahını isə bir sonrakı gün olaraq da, tamamilə əbədiyyətə çevrilən bir zaman kəsimi olaraq da qəbul edə bilərik. Çünki sabahkı günün də bir sabahkı günü olacaq və beləcə bütün həyatımız boyu, bilərəkdən və ya bilməyərəkdən ömrümüzün sonuncu günündə belə sabahı gözləyəcəyik və həmin sabah bizim üçün mücərrədlik və əbədilik simvolu olacaq.

İnsana həyatı boyu naməlum vəziyyət hakimdir. Məhz bu müəmma da onun həyatına maraq qatan əsas ünsürlərdən biri olmaqla, onun yaşamasını davam etdirməkdə mərkəzi motivlərdən birini təşkil edir. Bu filmdə bu müəmmanı duymaq mümkündür. Baş qəhrəman bilir ki, o, ömrünün son günlərini yaşayır. Lakin o, ömrünün sonunu bu müəmmaya həsr etməklə mümkün olduğu qədər həyata bağlı qalmağa çalışır.

“Son vaxtlarda dünya ilə yeganə bağlantım bu naməlum, qarşı pəncərədir. Mənə həmişə eyni musiqi ilə qarşılıq verir. Kimdir o? Necə biridir? Bir səhər onu tapmağa çıxmışdım. Amma sonra bir daha düşündüm: Bəlkə də bilməmək və xəyal etmək daha yaxşıdır.

O da mənim kimi yalnız ola bilərmi? Bəlkə də kiçik bir qız uşağıdır. Məktəbə getməzdən öncə naməlum bir oyun oynayır.

…Hər şey çox sürətlə oldu. Bu şübhəli ağrı, öyrənmək üçün israrım – bilmək istəyim… Sonra da qaranlıq… Ətrafımı bürüyən səssizlik…Səssizlik…”


Filmin əvvəllərində baş qəhrəman bu monoloqu ona eyni musiqi ilə qarşılıq verən tanımadığı qonşusu haqqında deyir. Ona maraqlı idi ki, bu qonşusu kimidir. Lakin onun kimliyini öyrənməkdən artıq vaz keçir. Təbii ki, burada izləyici olaraq bir sıra versiyalar irəli sürə bilərik: O, qonşusunu tanısa, gözləntilərini qarşılamayan bir insanla da tanış ola bilər, buna görə də onu tanımaq istəmir; daha əvvəlki bilmək həvəsi onu ağır xəstəliyə tutulduğu məlumatı ilə qarşı-qarşıya qoymuşdu, odur ki, o ömrünün son çağında bu istəyindən vaz keçib və s.

Bu versiyalar sırasına yenilərini də əlavə etmək mümkündür. Dəqiq olan isə odur ki, qonşusunu tanımaq, baş qəhrəmanın həyatla olan yeganə bağlantılarından biridir və o bu bağını da qoparmamaq üçün məchulluğu üstün tutur. Məlumatsızlıq, həm də, azadlığın təməl şərtlərindən biridir.



“Şair kəlmələr alır!”

Filmin baş qəhrəmanı Aleksandr yeni sözlər axtarışındadır. Bu “söz axtarışı” onun varlıq arayışını simvolizə edir. Çünki nəyinsə adını qoymaq arzusu insanı axtarışlara sövq edir və bu axtarışların nəticəsi olaraq insanın mənalandırmaq – faktlara məna yükləmək fəaliyyəti yaranır.

Aleksandr, şeirini tamamlamaq məqsədilə yol yoldaşı olan balaca uşaqdan kəlmələr “almağ”a başlayır, onun aldığı ilk söz  korfulamu olur. Bu sözün hərfi mənası “çiçəyin qəlbi”dir. Rejissor, filmdə istifadə edilən bu sözün izahını “anasının qucağında yatan körpə” olaraq bildirir. Bunu isə həm Aleksandrın, həm də yol yoldaşının itirdiyi doğmalıq, şəfqətlə əhatə olunmaq duyğularına yozmaq mümkündür. Bu baxımdan korfulamu – ana qucağı doğmalığından uzaq düşmək və bir daha bu qucağa qayıtmağın imkansızlığının çarəsizliyini ifadə edir. Məhz bu səbəbdən baş qəhrəman film boyu tez-tez uşaqlığına geri dönür.

Aleksandrın öyrəndiyi ikinci kəlmə xenitisdir. Bu söz, “yad” mənasını verir. Aleksandrın məna axtarışında olduğu zaman özü-özünə yadlaşmasını bununla bağlamaq mümkündür. İnsanın zamanı və öz varlığını axtarmağının ağırlığı onu özünə yadlaşdırır. Bu axtarışın ağırlığını xəstə anası ilə görüşən baş qəhrəmanın ona verdiyi suallarından da müşahidə etmək mümkündür:

“Niyə heç nə gözlədiyimiz kimi olmadı? Niyə? Niyə insan çürüyüb gedir, səssizcə, ağrı və ehtiras arasında parçalanaraq? Niyə bütün həyatım sürgün kimi keçdi? Niyə evin içində yalnız öz ayaq səslərimi eşitdim? Niyə?”


Filmdə şairin balaca uşaqdan öyrəndiyi üçüncü kəlmə isə argathinidir. Bu söz “çox gec” mənasını verir. Aleksandr nə qədər yaxın gələcəkdəki ölümü ilə barışmış vəziyyətdə olsa da, o, narahatdır. “Çox gecdir” məhz bu qayğının ifadəsidir. Həmişə indidir, sonra isə argathini.


İnsan nə qədər yaşayırsa, yaşasın, sonda hər zaman natamam qalan işləri olacaq və mütləqdir ki, bəzi şeylər üçün “çox gec” olacaq. Odur ki, gələcək zaman bizim üçün əbədiyyət qədər uzaq olmaqla yanaşı, gecikmə, qayğı və natamamlığın simvoludur.

Filmin sonunda Aleksandr dəniz kənarındakı evinə gəlir. Bu zaman mərhum həyat yoldaşı Annanın 30 il öncə yazdığı və film boyu mütəmadi oxunan məktubu hələ də oxunmaqdadır.

“Mənə bu günü hədiyyə et, bu günü xatırla və bu məktubu unutma. Çünki ona gözlərim və əllərim toxunub”.

Bu, Aleksandrın arvadının dilindən deyilən bu təsirli ifadələr, keçmişin, indinin içərisində təkcə izləri ilə deyil, bütün varlıq və sərhədləri ilə mövcud olduğunun göstəricisidir. Aleksandr sonuncu dəfə arvadı ilə görüşür və bütün axtarışlarının mahiyyətini ifadə edən bir şey soruşur: “Sabah nə qədər çəkəcək?” və nəhayət, cavabını alır: “Əbədiyyət və bir gün qədər”. Film bu cavabdan sonra Aleksandrın yeni öyrəndiyi üç sözün ard-arda təkrarlanması ilə sona çatır: korfulamu, xenitis, argathini…

Ceyhun Əsədov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya