Hörümçək adamın qisası
İran əsilli rejissor Əli Abbasi əsasən İsveçdə və Danimarkada faəliyyət göstərir. 2000-ci illərin əvvəlində Tehran Politexnik Universitetində təhsilini yarımçıq qoyan Abbasinin Avropaya səyahəti İsveçdə qalması ilə nəticələnir. O, burada memarlığı, daha sonra, Danimarka kino məktəbində rejissorluğu öyrənir. Abbasinin “Şelli” filmi (2016) ailə dramıdır və Berlin kinofestivalında “Ən yaxş debüt” kateqoriyasında nominant olub. Fentezi janrına xitab edən “Dünyaların sərhədində” filmi, skandinav əfsanələrinə əsaslanan müasir hekayədir və 2018-ci ildə Kann festivalında “Xüsusi baxış” proqramının mükafatına layiq görülüb.
2022-ci ildə Kann festivalının əsas proqramına düşən “Qatil “Müqəddəs hörümçək” filmi isə tipik İran hekayəsidir. Danimarka, Fransa, İsveç və Almaniyanın müştərək layihəsi kimi çəkilən film kriminal, triller, dram janrlarının xüsusiyyətlərini daşıyır və real hadisələrə əsaslanır; Məşhəddə yaşayan bənna Said Xanai (1962 -2002) seks işçisi kimi fəaliyyət göstərən 16 qadını qətlə yetirib. Xanai məhkəmədə bildirib ki, cinayət törətməkdə məqsədi, Məşhədi çirkabdan təmizləmək, seks industriyasının kökünü kəsməkdir. Amma onu cinayətlərə sövq edən başlıca səbəb küçədə bir kişinin arvadını yanlış olaraq fahişə kimi qəbul etməsi olub. Beləliklə, 2000-2001-ci illərdə Məşhəddə baş verən davamlı qətllər rezonans yaratmışdı və hakimiyyət 500-dən çox seks işçisini küçələrdən yığışdırmalı olmuşdu. Məhkəmə zamanı şəhərin yarıdan çoxu Xanainin əxlaqsızlığa qarşı mübarizə apardığını əsas gətirərək, onun cinayətlərinə haqq qazandırmışdı. Yəqin bu səbəblə Xanai digər cinayətkarlar kimi ictimaiyyət qarşısında yox, həbsxanada edam olunmuşdu…
Abbasi, müsahibələrindən birində qeyd edir ki, Iranda silsilə qətllər nadir hadisə sayılmır: “Mənim vətənim mahiyyətcə kriminaldır. Əslində, Saidin şəxsiyyətinə marağım insanlar onu qəhrəman adlandıranda yarandı. Onlara görə Said, Məşhəddə seks işçilərini öldürməklə öz dini borcunu yerinə yetirirdi. İnsan öldürməyinə baxmayaraq, İranda hələ də onun qatil adlandırıb-adlandırılmaması müzakirə olunur. Məni bu filmi çəkməyə motivasiya edən faktorlardan biri, Maziar Baharinin Xanainin edamından sonra 2002-ci ildə “Və Hörümçək gəldi” sənədli filmi oldu. Həmin filmə baxanda başa düşdüm ki, qatilə qəribə şəkildə rəğbətim əmələ gəlir. Çünki mən ekranda “Quzuların susması” filminin qəhrəmanı Baffalo Billə oxşar adam görəcəyimi gözləyirdim. Ancaq Saiddə nəsə vardı ki, adamı özünə çəkir və o mənə sadəlövh adam təsiri bağışlayırdı. Çünki kameraya ona ziyan verəcək şeylərdən danışırdı, xoşbəxt və sakit görünürdü. O, manipulyator deyildi, səmimi təsir bağışlayırdı. Bununla belə, mən Saidin cinayətlərinə haqq qazandırmaq istəmirəm. Sadəcə, onun hekayəsi və şəxsiyyəti düşündüyümdən daha mürəkkəb idi. O, sadəcə monstr yox, sistemin məhsuludur”…
“Qatil ”Müqəddəs hörümçək” filminin vacib keyfiyyətlərindən biri, rejissorun real hadisəyə sadəcə sənədli fakt formatında yanaşmamasıdır. Əli Abbasi hadisənin mahiyyətini yalnız dini inanclara bağlamır, eyni zamanda, qətlləri ölkənin sosial gerçəkliyindən, hakimiyyətin siyasi manipulyasiyasından qaynaqlandığını vurğulayır. Təsadüfi deyil ki, o, qadını hədəf seçən qatilin əhvalatına (Abbasi ssenarini Afşin Kamran Bahrami ilə birgə yazıb) əsas qəhrəman kimi qadın jurnalist obrazını gətirir.
Ssenari üzərində demək olar ki, 15 il işləyən rejissor qətl hadisələrinə daha geniş rakursdan baxmağa çalışıb: “Ssenari üzərində işləyərkən, tədricən həqiqi hekayədən uzaqlaşırdım. Başa düşürdüm ki, film təkcə Said yox, eyni zamanda, qadınlara nifrət haqdadır. Rahimi obrazı bu mənada hekayədə vacib fiqur idi və ona görə onların yolları süjetdə necəsə kəsişməli idi”.
Tehrandan Məşhədə ezam olunan Rahimi (Zara Amir Ebrahimi) qatilin kimliyini araşdırmaq məqsədilə jurnalist təhqiqatına başlayır. Əli Abbasinin yozumunda Rahimi sadəcə, informasiya toplamaq, araşdırma aparmaq funksiyasını yerinə yetirmir. Rahiminin fəaliyyəti fonunda hakimiyyət orqanlarının, məmurların qadına aşağılayıcı, etinasız, diskriminativ münasibəti təsvir edilir, cinayətin açılmasına maraqlı olmadıqları göstərilir. İnadkar Rahimi özünü düşünülmüş şəkildə qatilin hədəfinə gətirir, onun həbsinə nail olur və öz mübarizəsi, etirazları ilə İran qadınlarının səsinə çevrilir. Rejissor, Rahiminin mübarizəsini plakatçı, pafos intonasiyasında həll etmir, əksinə, ədalət ona çətin başa gəlir: psixoloji-fiziki çətinliklərdən, qorxulardan keçərək. Ebrahimi bu roluna görə Kannda “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. O, rolu üzərində işləyərkən özünün emosional təcrübələrinə əsaslanıb. Məsələ ondadır ki, İranda tanınmış aktrisa olan Ebrahiminin şəxsi həyatı ilə bağlı seks videosu yayılandan sonra o, cəzadan yaxa qurtarmaq üçün 2006-cı ildə Fransaya qaçıb.
Rejissor işində qeyd olunmalı digər vacib məsələ, Said (Mehdi Bedjestani) obrazının yalnız müqəddəs şəhəri “seks işçilərindən təmizləyən” kişi-mərkəzçi kimi səthi göstərilməməsidir. Hekayədə ziddiyyətli, birmənalı qarşılanmayan məhz bu obrazdır. Çünki rejissorun təqdimatında Said hər şeydən əvvəl totalitar cəmiyyətin qurbanıdır. İran-İraq müharibəsinin iştirakçısı olmuş Said, burada həyatının mənasını tapır, niyə yaşadığını, nəyin uğrunda mübarizə apardığını dərk edir. Müharibənin bitməsi ilə o, dərin boşluğa düşür, Məşhədi çirkabdan təmizləmək missiyasını üzərinə götürməklə, həyatını mənalandırır və bunu ilahidən gələn bir missiya kimi özünə təlqin edir. Beləliklə, Said, Martin Skorsezenin “Taksi sürücüsü” filminin qəhrəmanı Trevis Biklin İran gerçəkliyindəki prototipi, siyasi hakimiyyətin manipulyasiyasına məruz qalmış, bir növ zombiləşmiş personajdır. Real əhvalatdakı Said öz qurbanlarını öldürməzdən əvvəl onlarla intim münasibətdə olsa da, bədii əsərdə qəhrəman öz nəfsini qoruyur, qadınlarla cinsi aktdan imtina edir. Üstəlik, Said qayğıkeş ata kimi təsvir olunur, o, qızını çox sevir, arvadının fikri ilə hesablaşır və ailədə qarşılıqlı hörmət hökm sürür. Bununla da müəllif, Said obrazını mürəkkəbləşdirərək birmənalılığa yer qoymur. Ona görə daha çox Saidin psixoloji-sosial portreti araşdırılır və onun qətlləri daha çox siyasi hakimiyətin məsuliyyəti kimi anlaşılır: azad düşüncənin buxovlandığı, insanları ekzistensial boşluğa salan cəmiyyətdə manyakların yetişməsi labüddür. Qətl epizodlarında da bu səbəbdən saspens bir növ neytrallaşdırılır və qatilin psixoloji vəziyyətləri qabardılır.
Abbasi müsahibələrində bu haqda deyir: “Tipik trillerlərdə bir qayda olaraq, cinayətkar psixi cəhətdən dağıdıcı təsvir olunur və antiqəhrəmanı təqib edən ya detektiv, ya jurnalist onun şəxsiyyətini, mürəkkəb psixoloji portretini açmağa çalışır. “Quzuların susması” filmində olduğu kimi. Mənim filmimdə də cinayətkar dərhal peyda olmur. Amma Saidin hekayəsində mənim üçün kulminasiya, bəzilərinin onu qəhrəman adlandırmasıdır. Bu hekayə seriyalı qatilin sirri haqda yox, Saidin həyatının banallığı haqdadır. O, əslində sadə, adi bir insandır. Bu mənə daha maraqlıdır, nəinki uydurma obraz olan Baffalo Bill”.
Maraqlı bir detalı da qeyd edim ki, rejissor üçün bu filmə maliyyə tapmaqda ən böyük maneə Xanainin xarakterini və paradoksal təbiətini, özünün dediyi kimi, potensial sponsorlara anlatmaq idi. Onda Abbasi, M.Skorsezenin məşhur “Taksi sürücüsü”nün qəhrəmanı Trevis Bikli nümunə gətirməklə, Xanai obrazını izah edib: “Müharibədə məna tapan qəhrəman, sülhün bərqərar olduğu cəmiyyətə qayıdanda məna yoxa çıxır”.
Fraqmental göstərilən çılpaq bədən və yaxın planda (operator Nadim Karlsen) vurğulanmayan intim akt, hadisələrin gedişatında açar rolunu oynayan detallardan biri və obrazlar haqda informasiya ötürmək üçündür. Epizodlardan birində Said növbəti qurbanının meyitini evində gizlədir və evə qəfil qayıdan arvadı ilə sevişmə səhnəsi təsvir olunur. İntim akt Saidin aldığı həzzlə yox, onun gözlərindəki dəhşət və qorxu ilə yüklənir, beləliklə, müəllif, seks, qorxu və zorakılığın maraqlı vəziyyətini, formasını tapır.
Ümumən, naturalizmin xas olduğu və nuar estetikasında çəkilən hekayəyə paralel iki personajın nəzərindən baxırıq: Rahiminin və Saidin.
Final, Rahiminin Tehrana qayıtması və Saidin yeniyetmə oğluna, atasının qadınları necə öldürdüyünü videoda fəxrlə göstərməsi ilə bitir, oğul, gələcəkdə atasının yolu ilə gedəcəyini istisna etmir. Saidin “Hörümçək” adlanmasına səbəb, onun qadınları şarfla boğandan sonra, hörümçəyin öz ovunu tora bükdüyü şəkildə çadraya bürüməsi idi…
Bu filmdən sonra Əli Abbasinin İrana getməsinə qadağa qoyulub. Danimarka, Almaniya, İsveç və Fransanın birgə layihəsi ilə ərsəyə gələn filmin çəkilişləri İordaniyada baş tutub. Bundan əvvəl çəkilşlər Türkiyədə planlaşdırılsa da, İranın təzyiqi ilə alınmayıb. Halbuki buna qədər o, filmi vətənində çəkmək istəyib: “Mən İranda bu ssenariyə film çəkilməsini təklif etdim. İrana uçdum və hakimiyyət orqanları ilə açıq söhbət etdim. Onlara ssenarini verdim və dedim ki, İran qanunları ilə işləməyə, kompromisə getməyə hazıram. Əgər onlar mənə lazımi lokasiyalarda işləməyə şərait yaratsalar. Bu, mənim üçün vacib idi. Çünki filmdə lazımi lokasiyalar Məşhədin gerçək atmosferini, gərginliyini, əsəbiliyi vermək vacib idi. Onlar nə “hə”, nə “yox” dedilər. amma bu onların dilində “yox” demək idi”.
Abbasinin sözlərinə görə, “Qatil Müqəddəs hörümçək” feminist və siyasi xarakter daşımır: “Mən düşünmürəm ki, İranda qadınların əzilməsini görmək üçün feminist olmağa ehtiyac var”.
Filmin musiqisini danimarkalı bəstəkar Martin Dirkov yazıb. O, altenrativ rokun növü sayılan qranj janrına üstünlük verib: “Musiqinin müasir olmasını və onun Məşhədin sərt, industrial mənzərəsi ilə üst-üstə düşməyini istəyirdim. Filmdə tez-tez eşidilən bir səs də var, bu, Saidin motosikletinin səsidir və musiqi orqanik olaraq bu səsdən doğur. Martin Dirkov Qərb musiqisindən uzaqlaşır, etnik musiqidən qaçır və konkret tonallıq olmadan iransayağı qranj yaradır”.
Hazırda rejissor məşhur isveçli aktrisa Numi Rapasın baş rolda oynayacağı “Hamlet” əsərinin ekran adaptasiyasını hazırlayır.
Sevda Sultanova