Hisslər və boşluqlar

Nurlan Həsənlinin (filmin həm də ssenari müəllifidir) “Erkən Hisslər” filminin açılışı “Çexovun silahı” prinsipini xatırladır: Uşaqlar dəmir parçalarını düzləşdirmək üçün relslərin üstünə yerləşdirir və özlərinə bıçaq hazırlayırlar. Ekspozisiyada bıçaq göstərilirsə, deməli, tamaşaçıya filmin davamında onun xüsusi rol oynayacağı haqda informasiya verilir.
Qonşu qadın, yas evində istifadə üçün balaca qəhrəmanın anasından ventilyator istəyir. Ventilyator, oğlanın (Şəfi Sadiq) hisslərinin açılışında, tamaşaçının onu tanımasında başlanğıc nöqtəsi ola bilərdi, lakin uşaq bu səhnədə sadəcə müşahidəçi rolunu oynayır. Əgər, məsələn, uşaq ventilyatoru qonşu qadına verməmək üçün anası ilə mübahisə etsəydi, biz onun dünyasına daxil olaraq, yəqin ki, empatiyanın hələ formalaşmadığını görərdik.


Rejissor, axşamkı hadisədən sonra səhər oğlanın həyətdə dostları ilə futbol oynadığını göstərir. Maşının gəlməsi ilə oyun yarımçıq qalır, oğlan və dostları maşından düşən qızın arxasınca baxırlar. Bu epizoddan başlayaraq, oğlanın emosional dünyası haqqında müəyyən məlumat verilir. Səhnə futbol oyunu ilə dinamika qazanır. Avtomobil meydançaya girəndə oğlanın əsəbiləşdiyini görürük, qızı (rəhmətə gedən qadının nəvəsi) görəndən sonra isə oğlanın duyğuları dəyişir (əsəbiliyin bir anda sevgi qarışıq heyranlığa çevrilməsi), amma bu dəyişmə prosesində dinamika davam etmir, itir. Çünki rejissorun bu səhnədən digər səhnəyə keçidi tez baş verir və əhval, atmosfer qırılır. Biz oğlanın hansı hisslərə qapıldığını ətraflı hiss edə bilmirik.

Digər epizodda uşaqlar qızın atasına torbaları daşımaqda kömək edirlər, oğlan isə dostlarından geri qalır. Üstəlik, ağır torbalar əlində cırılır və dostları ona gülür. Bu cür detalları çoxaltmaq lazım idi ki, hekayənin qəhrəmanı ikinci planda oynayan uşaqlardan seçilsin, fərqli xüsusiyyətləri ilə diqqət çəksin və rejissorun niyə məhz onu qəhrəman kimi seçdiyi aydın olsun.
Futbol meydançası süjetdə heç bir məna qazana bilməyib, halbuki əhvalatda buna geniş imkanların olduğu görünür, oyunun (hisslərin oyunu) xaricdə yox, daha çox daxildə getdiyi sezilir. Həmçinin filmdə ölüm və sevgi motivi, onların ziddiyyətli xarakteri kifayət qədər yaxşı işlənməyib. Oyun meydançası çadırın qurulması ilə zəbt edilir. Oğlanın daxili dünyasını isə qız zəbt edir. Ölüm sanki hələ də çöldəki meydançada qalıb, uşağın daxili meydançasına daxil ola bilməyib. Ümumiyyətlə, rejissor filmin xəttini ölüm və sevgi üzərindən qursa da, sevgi xəttinin ön plana çıxdığını görürük. Uşaq çadırda olanda mollanın Quran oxuduğu səhnədə bir anlıq da olsa, ölüm xofunu oğlanın üzərində hiss etmirik.

“Dekaloq” (1988) teleserialının birinci hissəsində rejissor Kşiştof Kislovski tamaşaçını dilemma qarşısında qoyur: “Tanrı var, yoxsa yox?”. Rejissor bu məsələni bizə ata-oğul münasibəti vasitəsilə göstərir. Ata ateistdir. Oğlu Paveli tək böyüdüb. Ata və oğul bir-birilə inanc-inancsızlıq məsələləri haqqında rahat şəkildə söhbət edə bilirlər. Bir gün Pavel, donaraq ölmüş bir it görür və bu hadisədən sonra ölüm haqqında düşünməyə başlayır, xalasından tanrının kim olduğunu soruşur. Xalası isə Paveli qucaqlayır və Tanrının adının “Sevgi” olduğunu göstərir.
Biz Pavelin anasını görmürük. “Erkən Hisslər” filmində isə ana obrazı var, amma onun süstlüyü gözə çarpır. O, hadisələrin gedişatında heç bir rol oynamır. Tamaşaçı, oğul ilə ata arasında rəqabəti (uzaqlığı, ziddiyyəti) görür. Kşiştofla Pavel arasında bu ziddiyyət, uzaqlıq təsvir edilir. Biz bu uzaqlığı, anlaşılmazlığı ölüm mövzusu ilə əlaqələndiririk. Sevgi xətti isə Pavelin xalası İren tərəfindən qucaqlanması ilə göstərilir. “Erkən hisslər” filmində ata-oğul rəqabəti kobud mənada ifadə etsək, daxili “meydança”nın ölüm tərəfini simvolizə edir. Rejissor, ana obrazını süstlükdən xilas edib, bir qədər önə çıxarsaydı, bəlkə biz Pavel ilə xalası arasındakı yaxınlaşmanı burada da görə bilərdik.

“Erkən hisslər”də meydança ilə bağlı daha bir epizod var. Qəhrəman, Braziliya komandasının, atası isə Türkiyə komandasının azarkeşidir. Onlar evdə birlikdə 2002-ci ildə keçirilən futbol üzrə dünya çempionatından Braziliya-Türkiyə oyununa baxırlar. Bununla da oyun həyətdəki meydançadan ekrana daşınır. Braziliya komandası oyunda 1-0 hesabla uduzur. Biz də oğlanın dostları ilə rəqabətdə eyni hesabla geridə olduğunu görürük. Rejissor bu paralelliyi bilərəkdənmi aparır?! Əgər belədirsə, bu məqamı daha tutarlı işləmək olardı.

Oğlan, yas evindən verilən əşyaları zibilxanaya aparmaq üçün (daha çox, qızı görmək üçün) dostları ilə yarışır. O, yas evindən ona verilən yastığın ölən şəxsə aid olduğunu yalnız zibilxanaya tullayanda anlayır, qorxur, birbaşa evə qaçıb yuyunur. Hamamdan çıxanda atası ona hesabın bərabərləşdiyini deyir. Həm Braziliya komandası, həm də oğlan (onun yuyunması buna işarə edilə bilər) hər şeyə yenidən başlayır. Amma atanın televizoru söndürməsi, bunun paralelliyində yas evində işlərin sona çatması yeni başlanğıcın qabağını kəsir. Oğlan hər şeyə yenidən başlamağı sabaha saxlayır. Amma bu başlanğıc “başlamır”, qəhrəmanımız “daxili meydança”sında məğlubiyyətə uğrayır.
Qızın məhəlləyə gəlişi ilə oğlanın duyğularının dəyişməsində keçidin tez olmasını, dinamikanın pozulduğunu yuxarıda qeyd etmişik. Həmçinin oğlanın ölüm xofuna qapılması (yastığın zibilxanaya atılması ilə) da qısa müddətli olur. Bu da o qorxunu bizə dərindən hiss etdirmir. Rejissor sevgi xəttini önə çıxarsa da, biz filmboyu qızın üzünü görə (iki epizod xaric olmaqla) bilmirik. Ölüm xətti isə, demək olar ki, işlənməmiş qalır.
“Dekaloq”un birinci hissəsində isə biz Pavelin donub ölən iti görməsi ilə başlayan ölümün özünü hiss etdirmə tempinin yavaş-yavaş artdığını müşahidə edirik. Narahatedici tempin kiçik addımlarla yüksəlişi özü ilə bərabər Tanrının var olub-olmadığı, elmin hər şeyə cavab verib-verə bilmədiyi məsələlərini qarşımıza bir dilemma kimi çıxarır. Sonda Kislovski tamaşaçını kulminasiya nöqtəsinə çatdırır və bizi oradan aşağıya itələyir.

“Erkən hisslər” filminin son epizodlarında uşağın bıçağı çıxarması ilə “Çexovun silahı” prinsipi işə düşür. Oğlan, öldürmək istədiyi (yenə yas olsun deyə) kişinin ardınca qaranlıq bloka daxil olur və oradan atasının qucağında çıxır. Sual yaranır: uşaq sabah yenidən bıçağa əl atacaqmı? Bəlkə bu dəfə atası onun qabağına çıxmayacaq?
Oğlan atası ilə birgə futbol oynayır, qol vurur, hər ikisi sevinir. Filmin əvvəlindən tək mübarizə aparan oğluna sonda atası əl uzadır. Atanın oğluna əl uzatması onların daha rəqib olmadığını, onun rəqiblərinin də vaxt gələndə yenidən dosta çevriləcəyinə işarə edir.
Nurlan Həsənlinin “Erkən Hisslər” filmi onun irəlidə daha uğurlu filmlər çəkəcəyinə ümid verir. Filmin prodüseri Emil Nəcəfov, operatoru Daniel Quliyev, ikinci rejissoru Asif İsgəndərov, rəssamı Erturan Məmmədovdur.
Nəcəf Əsgərzadə