Hilal Baydarovun filmlərindəki bədii şərtilik
“Xurmalar yetişəndə”, “Beynimdəki mismarlar” sənədli filmlərində müəyyən epizodlar intibah dövrünün freskalarının – müxtəlif rənglərin oxşar həlli, ruhanilik konsepsiyası – atmosferini xatırladır. Xüsusən, kadrdan kənardakı məkan və zamanın hərəkətlilik hissini nəzərdə tuturam. Hilal Baydarov hərəkətlilik hissini səslərlə, kadrdaxili və kadrxarici reallığın, vizual obrazların vəhdəti ilə yaradır.
2020-ci il Venesiya festivalının əsas müsabiqəsində yer almış “Səpələnmiş ölümlər arasında” bədii filmində isə məkan və zaman bədii kadrın çərçivəsində məhdudlaşır. Yəni hiss edirsən ki (hər halda mən belə duyuram), müəllifin yaratdığı gerçəklik illüziyası kadrdan kənarda mövcud deyil. Ondan kənarda artıq bizim fiziki dünyamız və çəkiliş heyətinin varlığıdır. Səbəb yəqin, Hilalın xarakterinə xas introvertliyin, hermetikliyin təhkiyəyə həddən artıq nüfuzudur ki, bu, öz növbəsində “Səpələnmiş ölümlər arasında”da bədii şərtilik amilini gücləndirir. Bədii şərtilik faktorunu qabardan, eyni zamanda poetik ifadə tərzidir: yaddaş, xəyal dünyası, təhtəlşüur, assosiativ düşüncə, təbiət obrazları ilə bağlantı. Üstəlik, dini motiv və personajlara allüziya, teoloji-fəlsəfi-poetik mətnlərin ritmində səslənən kadrarxası monoloqlar, dialoqlar sayəsində, film pritçadan çox, pritça-yuxu kimi qavranılır. Hətta kriminal motivlər belə poetik təsvir (operator Elşən Abbasov) olunur.
Kinoda bədii şərtilikdən doğru istifadə olunmayanda bu, teatrallığa yol açır. Dialoqların sxematik ruhunu və deklarativliyini, aktyorların rejissor göstərişinə əsasən kadra girərək funksiyalarının yerinə yetirməsinin hiss olunmasını, formal səhnə mizanlarını nəzərdə tuturam. Lakin əhvalatı teatrallıqdan xilas edən mühüm bir məqam var – bu, Hilalın özünəxas hipnotik ritmi, zamanıdır. Və Hilalın qapalılığı, tərkidünya ruhu onun dünyasına daxil olmağa maneə yaratmır.
Bir müəllif kimi Hilalı məxsusi edən həm də ideyalarına, konsepsiyasına sadiqliyi, bu yoldan dönməməsidir və kino sanki onun mövcudluğunun yeganə varolma formasıdır. O, həyat, ölüm, sənət, insan münasibətləri kontekstində daha çox özünü araşdırmağa və özünüdərkə çalışır.
“Səpələnmiş ölümlər arasında” (ssenaristlər Hilal Baydarov, Rəşad Səfər) filminin qəhrəmanı, əvvəldə anasıyla (Məryəm Nağıyeva) konflikt yaşayan Davud (Orxan İsgəndərli. Davud peyğəmbər, eyni zamanda o, ədalətli idarəçiliyi ilə məşhur olan İsrail hökmdarı Davidlə eyniləşdirilir) sevgilisini təhqir edən gənci öldürür. Təqibdən qurtulmaq üçün o, uzun, qeyri-müəyyən yolçuluğa çıxır. Bu qaçış təbii ki, özünüdərkdir, həyatı başqa qatlarda tanımaq, maneələrdən keçərək ali həqiqətə çatmaq, təmizlənməkdir. Davudun özünüdərkə gedən yolu ölümdən və qadından keçir, o, ata, ər, ailə zorakılığına məruz qalan qadınları xilas edir. Qadının xilası, özünəqayıdışı əsasən kişinin (zorakılğın) qətli sayəsində baş verir, ölüm həyatın başlanğıc nöqtəsinə çevrilir. Hətta ailəsinin təzyiqi ilə ərə verilən gənc qızın intiharı onun xilasıdır və ən əsası, o, ölümdən əvvəl sevmək arzusunda çatır. Davud kişilərin brutal dünyasında əzilən qadınların həyatını özünün kişi qayğısı və sevgisi ilə doldurur, beləcə, vacib missiyasını iki cinsin – qadınla kişi münasibətindəki harmonik bütövlüyü formalaşdırır. Günahlarından təmizlənərək, dəyişərək anasına sevgi və qayğısını vermək üçün qayıdır. Oğlunun dəyişməsində rol oynayan ana üzərinə düşən missiyasını yerinə yetirərək ölür.
Əhvalatın başlıca xətti süjetlərarası təkrarlanan epizoddur: Davud, təbiət təsvirləri, başbağlı qadın və uşaq, qadın və kişi səsiylə ifadə olunan özünüaxtarış monoloqları. Burda fon kimi görünən, pastoral həyatı ifadə edən təbiət digər obrazlarla əlaqədədir, özü də ayrıca obrazdır və filmin əhəmiyyətli vizual hissəsidir.
Davudu təqib edən İsa (Kamran hüseynov) və Musa (Samir Abbasov) peyğmbər obrazlarına isitnad olsa da, müəllif onların xarakterlərinin məzmununu dəyişir, onlar təqibçidən çox əhvalatın şərhçiləridir. Davudu, onun xarakterini, başına gələn hadisələri komik elementlərlə şərh edirlər.
Hilalın digər filmləri kimi “Səpələnmiş ölümlər arasında” da meditativdir, müəllif tamaşaçını öz zamanına, asketik dünyasına tabe edə bilir, uzun, statik planlar, minimal montaj və musiqi (Kənan Rüstəmli), hadisələrin ləng inkişafı, çoxmənalı yozumlara açıq olmayan, asan oxunan simvollar (ağac, at, duman və s.) təhkiyəsinin əsasını təşkil edir. Bəzən təsvirlər mətnin illüstrasiyasına çevrilsə də, bu, filmin bədii obrazına xələl gətirmir.
Bundan başqa rejissor “Səpələnmiş ölümlər arasında”nı emosional qatlarda işləmir, ümumiyyətlə, emosionallıqdan imtina edir. Qətl hadisələri gündəlik həyatın zərurəti kimi meydana çıxır. Vəziyyətlər və aktyor oyunları psixologizmlə yüklənmir, aktyor ifasının individual vurğusu, ifadəliliyi yoxdur. Yəni aktyor yaradıcı yox, rejissorun göstərişlərini yerinə yetirən soyuqqanlı icraçı qismindədir. Qeyri-peşəkar aktyorlarla işləyən rejissor oyundakı naşılığı gizlətməkdən, həm də yəqin ki, çox büdcə sərf etməməkdən ötrü orta, ümumi dayanıqlı planlardan yararlanır. Atasının zəncirlədiyi quduz qızla Davudun əlbəyaxa səhnəsi bir rakursdan kölgə effektləriylə həll olunur. Yaxud əri tərəfindən döyülən qadın arxa plandan çəkilir. Beləliklə, aktyor oyununun, vəziyyətlərin təfərrüatlı təsvirindən imtina edən rejissor üçün ideyasını vurğulamaq vacib məsələyə çevrilir.
Sevda Sultanova