İNDİ OXUYUR
Hilal Baydarova xütbə

Hilal Baydarova xütbə

Təzəlikcə Hilal Baydarovun “Kandar” layihəsində dörd saata yaxın müsahibəsi yayımlanıb. Bu, rejissorun Azərbaycanda yayımlanan ilk müsahibəsidir. Müasir Azərbaycan kinosunun festivallarda ən böyük uğurlar qazanmış nümayəndəsinin kino haqqında düşüncələri və fikirləri dəyərlidir, müzakirə edilməyə layiq bir hadisədir. Bu yazının ortaya çıxmasının səbəbi də məhz Baydarovun qazandığı uğurlar, özündən sonra gələnlərə yol göstərə bilmək potensialıdır. Məşhur bir ifadədə də deyildiyi kimi, Kantın dilindən çıxan “sabahınız xeyir” ifadəsi də fəlsəfidir.

Baydarovun kino haqqında fikirlərinə keçməzdən qabaq başqa bir məsələyə toxunmaq istəyirəm. Ona verilən ilk sual “niyə əvvəllər Azərbaycan dilində müsahibə verməmisən?” olur və cavabda əsas arqument bundan ibarətdir: Çaşacağımdan qorxurdum, çünki təcrübəsiz idim”. Halbuki rejissor 2020-ci ildə “Səpələnmiş ölümlər arasında” filmi dünya premyerası zamanı kifayət qədər müsahibə vermişdi. Həmin müsahibələri nüfuzlu “Variety”, “Current time” və başqa bir çox mətbu orqanları nəşr etmişdi. İngilis dilində müsahibə verərkən çaşmayan rejissorumuz öz dilimizdə çaşırdısa, aradan ötən beş illik fasiləni dilimizi daha yaxşı öyrənməyə sərf etdiyini düşünmək olar. Başqa bir arqument kimi isə sui-istifadə ediləcəyindən qorxduğunu, festivallara seçildiyi üçün mətbuatın diqqət mərkəzində olduğunu deyir. Ancaq festivallara seçildiyin üçün müsahibələrin götürülməsi, film və yaradıcı heyət barəsində insanların məlumatlandırılması dünya praktikasında kifayət qədər yayılmış təcrübədir. Bu, çox normal bir prosesdir və bunu ən yaxşı elə Hilal Baydarovun özü bilməlidir, çünki əksər müsahibələri ya filmi festivalda nümayiş olunandan əvvəl ya da nümayişdən sonra yayımlanıb. Görünür, dünya mətbuatına “sui-istifadə etmək” olar, amma həmyerlilərimiz üçün həmin qapı bağlı imiş. Şükürlər olsun ki, şeytanın ayağı qırıldı.

Müsahibə boyunca daha çox rəsm, incəsənət tarixindən söhbət gedir, kino haqqında isə tək-tük sərrast fikirlər ortaya çıxır. Onlardan biri də sosial mövzulu filmlər barədədir. Hilal Baydarov deyir: “Məişət mövzulu filmlər məndə ikrah yaradır. Əgər bir problemin dövlət səviyyəsində həlli varsa, hansısa nazirlik öz işini düzgün etməyibsə, bunu filmə daşımağa ehtiyac yoxdur”.

Rejissor daha sonra kinonun mənəvi ağrıları, böhranları çatdırmaq üçün əhəmiyyətli olduğundan danışır. Ümumiləşdirib deməli olsaq, kino yalnızca ekzistenzial ağrılardan, güzgüyə baxanda özündən nifrət etməkdən, səsini eşidəndə diksinməkdən ibarət olmalıdır. Bir müəllif kimi, bu cür yanaşma təqdirəlayiqdir, çünki dünyaya müəyyən bir bucaqdan baxan və bu haqda düşünən insanın özünəxas fikirləridir. Ancaq bu fikirlər heç də obyektiv həqiqəti əks etdirmir. Müasir insanın ekzistenzial ağrıları heç də həmişə birbaşa özündən qaynaqlanmır. Bu, ətraf mühitin, ictimai təzyiqin, dövlətlə fərd arasındakı uyuşmazlığın və başqa bir çox münasibət əlaqələrinin nəticəsi kimi ortaya çıxır.

Ardınca Hilal müsahibəni götürən Firudin Həsənovun dediyi “Həmin problem həll olanda film artıq öz aktuallığını itərəcək” ifadəsini təsdiqləyir. Lap keçmişə qayıdıb bu nümunəni vermək olar: De Sikanın çəkdiyi “Velosiped oğruları”ndakı ictimai məsələlər öz həllini tapıb, artıq heç kim işsizlikdən və pulsuzluqdan döşəkağılarını satıb girov qoymur, küçə-küçə gəzib oğurlanan velosipedi axtarmır, buna baxmayaraq, film hələ də aktuallığını saxlayır və böyük ehtimalla, biz artıq həyatdan köçəndən sonra da saxlamağa davam edəcək. Ya da başqa bir nümunə: Artıq müharibə yoxdur, çörəklər kartla paylanmır, uşaqlar da atasız-anasız qalıb özləri çörək qazanmağa məcbur deyillər, lakin “Şərikli çörək” hələ də tamaşaçılarımızın sevimli filmidir.

Başqa bir məqamda Hilal Baydarov “ümumilikdə, kino hekayə janrı deyil, təbiətən poetikaya daha yaxındır” deyir, Odzunun filmin 15-ci dəqiqəsində göstərdiyi qırmızı ayaqqabıları, 60-cı dəqiqədə yenidən göstərib narrativ yaratmağa çalışmasını tənqid edir. Maraqlı məqam odur ki, Odzu kino tarixində poetikanın ixtiraçılarından biri sayılır. Pol Şrederin yazdığı və daha sonra bir çox insanın istinad nöqtəsinə çevrilən “Kinoda transsendental stil” kitabında Odzunun natürmortlar vasitəsilə poetik ustalığa necə çatdığı izah edilir. Odzu insanların emosional vəziyyətini və daxili təlatümlərini natürmort üzərinə keçirərək gündəlik həyatın ardında gizlənən şairənəliyi tapıb ortaya çıxarmağı bacarırdı.

Hilal Baydarov öz rejissor stilistikasını tez-tez mistisizmlə, sirr və müəmma ilə açıqlamağa çalışır. Onun üçün ssenari mövcud deyil, çünki nə çəkəcəyini bilsə, artıq çəkməyin mənası yoxdur. O, anlıq emosional dalğalanmaların kinodakı təzahürlərini tapmağa çalışır. Yeni filmi “Boşluğa xütbə” üçün 250 saatlıq material çəkdiyini və bu materiallardakı obrazların kim olduğunu, haradan gəlib hara getdiklərini bilmədiyini deyir. Sonra da əlavə edir ki, maddi məhdudiyyətlər səbəbindən filmi iki saat sığışdırıb və yekunda bu filmin alınıb. İlk baxışda təcrübəsiz dinləyiciyə elə gələ bilər ki, bu yeni bir kino anlayışının təzahüdür. Əslində isə Hilal Baydarov bu tərzi ilə sanki təkəri yenidən kəşf edir. O, əsas bir məqamı gözdən qaçırır, ya da öz “sirr”inə sadiq qalmağa çalışdığı üçün bu barədə heç nə demir: Hər nə qədər çəkdiyi kadrlar, deyilən sözlər spontan olsa da, yekunda onu montaj masasında bir yerə yığıb müəyyən ardıcıllıqla düzən yenə müəllifin özüdür. Bu, montaj masasında yazılan ssenaridir və Hilal izlədiyi çoxsaylı (özünün dediyinə görə, bu rəqəm 7000-dir) filmlərdən, baxdığı rəsmlərdən mənimsədiyi intuisiya ilə vizualda nəyin yaxşı, nəyin pis olduğunu ayırd edə bilir. Əslində, ssenarinin yazılmasının səbəbi də vaxt israfının qarşısını almaq, çəkiliş günlərini konkretləşdirmək, əlavə material çəkərək maddi resursların boşa xərclənməsinin qabağını almaqdır. Hilal isə kiçik bir komanda ilə işlədiyi və hekayəsini danışmaq üçün bir neçə nəfərə ehtiyac duyduğuna görə ssenarisini montajda yazır, amma danışanda bu prosesi, az qala, film çəkəndə ona vəyh gəlirmiş kimi təqdim edir.

Müsahibənin bir yerində Hilal “kino tənqid ediləcək, haqqında danışılacaq şey deyil” deyir. Bunu da daha çox rasional ağlın məhdudluğu və filmin yaşatdığı hisslərin ifadə edilə bilməyəcək qədər dərin olması ilə arqumentləşdirir. Burada rejissor öz iddiasında müəyyən qədər haqlıdır. İncəsənətin və sənətkarların intuitiv olaraq hiss etdikləri bəzən zamanı qabaqlayır və vaxt ötdükcə elmi axtarışlar da həmin həqiqətləri tapmağı bacarır. Ancaq bu o demək deyil ki, həmin hissi yaradan faktorları, bunun üçün istifadə edilən alətləri anlamaq qeyri-mümkündür. Baydarovun filmlərindəki uzun kadr davamlılığı, geniş planlar, obrazların səhnədə durduğu nöqtələr daha əvvəl kino tarixində dəfələrlə istifadə edildiyi və rejissor kino dünyasına yeni nəsə təklif etmədiyi üçün haqqında danışmaq daha asandır. Bu görüntülərin, yaradıcı həllərin əksəriyyəti kopyanın kopyasıdır. Rejissor özü də bu təkrarı anladığı üçün “Boşluğa xütbə” filmində real görüntülərdən imtina edib. Necə alındığını isə ancaq filmi izlədikdən sonra demək mümkün olacaq.

2019-cu ildə yolda təsadüfən qarşılaşdığım Hilal Baydarov məni  həyəcanlandıran bir sual vermişdi: “Batumidə festival var, orada kinotənqidçi kimi iştirak etmək istəyərsənmi?” Bu fürsəti o dəqiqə göydə qəbul edib, razılaşmışdım. Məhz həmin səyahətdən sonra kinotənqidin ciddi iş olduğunu, vacibliyini və beynəlxalq potensialını kəşf etmişdim. Buna görə də, hər zaman Hilal Baydarova minnətdar olacağam. Əgər o sual olmasaydı, bəlkə də bu peşəni tərk edib başqa istiqamətə yönəlmişdim. Ümid edirəm ki, Hilalın müsahibəsi də öz yolunu tapmağa çalışan parlaq gənclərimiz üçün müəyyən qədər istiqamət verər.

Hacı Səfərov

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya