Hekayə haradadır?
Təxminən beş il bundan qabaq, gülərüz bir yaz günü qapalı qrupda dostlara belə bir mesaj yazdım: “Nə deyirsiniz, Akademiya parkında, göyərçinlərin yanında görüşüb günəşin şərəfinə sarışın içkilər içməyə gedəkmi? Kim razıdırsa, qrupa qısaqol köynək fotosu atsın”. Beş dəqiqə keçməmiş hamı bir-birinə bir köynək də yaxın oldu.
Həmin gün sarışın içkilər şöləninə gedərkən köhnə “Jiquli”sinin yük yerində “duty free” siqaretlər satan dayıya dəymək üçün yolüstü Cavid prospekti ilə kəsişən küçələrdən birinə buruldum, ancaq dayını yerində görmədim. Əvəzində hər gün görsəm də, həmin gün sanki ilk dəfə gördüyüm “Əbdürrəhim bəy Haqverdiyev küçəsi” sözü içimdə başqa cür bir xəritə açdı; həmin xəritədə Bakı vergül döngələri, bəzən nidaya, bəzən suala oxşayan şair heykəlləri və bir-biri ilə kəsişən, yüzlərlə sənətçinin adını daşıyan küçələri ilə böyük bir Mətn idi! Məsələn, görəsən, Bakıdan başqa, dünyanın hansısa şəhərində Qoqol küçəsi Tolstoy küçəsi ilə kəsişirmi? Həmin gün ağlıma bir ideya gəldi: esse ilə sənədli filmin sərhədində bir layihə. O vaxt bu layihənin adını şərti olaraq “Küçələr” qoydum, ancaq sonra inkişaf etdirmədim. O dövrdə zahirən heç cür bir-birinə yaxın gəlməyən esse ilə filmi birləşdirmək, film-esse tipində bir janrın mümkünlüyü haqqında düşünürdüm, bu gün “mokumentari”, yəni “saxta dokumentalistika” deyilən istiqamət həmin ideyaya çox yaxındır. Fərq odur ki, mən sənədli material ilə bədii film arasında yeni əlaqələr haqqında düşünürdüm, “mokumentari”də isə məzmun fiksiyadır, sənədli filmin təqlidi forması.
Haqverdiyev küçəsində xatırladım ki, vaxtilə İsi Məlikzadə və Sabir Əhmədov onun “Mirzə Səfər”, “Papaq” və “Bomba” hekayələri əsasında “Evlənmək istəyirəm” adlı filmin ssenarisini yazmışdılar. Ancaq həmin filmin ilk epizodlarında gecəyarı camaatın qapısını döyüb lağlağı axtaranlar “Uca dağ başında” hekayəsindən götürülüb. “Uca dağ başında” hekayəsinin canında amansız, eyni zamanda unikal bir mövzu durur: adamlar darıxmamaq üçün hər dəfə bir nəfəri dəli edib oynadırlar ki, başları qarışsın… Ümumiyyətlə, mənə elə gəlir ki, şəhər fırıldaqçılarından bəhs edən yaxşı bir kommersiya filminə ehtiyac var. Ancaq bir şərtlə ki, bu, yüngül yumor üstündə olan, karikatura yuvarlanan personaj vasitəsilə təqdim edilməsin. Nə vaxtsa könlümə belə bir ssenari yazmaq düşmüşdü. Adını bir az Molla Nəsrəddinin məlum lətifəsinə, bir az da ötən əsrin doxsanıncı illərində baş tutan məşhur muncuq fırıldağına eyhamla “Muncuq oyunu” qoymaq istəyirdim. Gəlin xatırlayaq: Mollanın iki arvadı olur. Birinə göy muncuq verib deyir o biri bilməsin, sonra eynilə bu birinə də göy muncuq verib deyir o biri bilməsin. Arvadlar arasında münaqişə düşür ki, Molla hansımızı daha çox sevir? Molla deyir göy muncuq kimdədirsə, onu.
Doxsanıncı illərdə baş tutan məşhur muncuq əməliyyatını, yəqin, çoxları bilir. Bir qrup fırıldaqçı şəhərin mərkəzində bir ofis tutub elan verir ki, gəlib bizdən ucuz qiymətə muncuq alın, sonra bu muncuqla müxtəlif şeylər düzəldib bizə gətirin, ikiqat-üçqat pul qazanın. Nəzərə alsaq ki, bizim prozamızın mayası tənqidi realizmlə yoğurulub, elə bilirəm mərkəzinə, onurğasına bu cür ikonik bir əhvalatı qoymaqla, tutalım, klassikadan Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”ndakı, müasir ədəbiyyatdan Şərif Ağayarın “Xanım T.” kitabındakı yığcam hekayətlərdəki fırıldaqçıları və Mübariz Örənin “Oğru” hekayəsini sintez edərək, maraqlı, yaddaqalan bir film çəkmək olar.
Yadıma gəlir, “Milli kitab mükafatı” keçirilən ərəfədə Əjdər Olun məşhur portret-hekayələri haqqında deyirdilər ki, bunlar daha çox sənədli nəsrə yaxındır, halbuki biz həmin hekayələrdəki adamları – fantast yazıçı Namiq Abdullayevi, şair Əlisəmid Kürü, yazıçı Rafiq Tağını, şair Adil Mirseyidi və başqalarını – tanıdığımız üçün bu cür reaksiya veririk. Bu, tipik klişedir. Məsələn, haradan bilirik Tomas Bernhardın hekayələrindəki personajların real qarşılığı var, ya yox? Bu suala heç ehtiyac da yoxdur, çünki hər hansı personajın real həyatda prototipi olsa da, ədəbi mətnin dünyasına düşən kimi o artıq başqa adamdır. Məncə, Əjdər Olun portret-hekayələrindən təxminən Cim Carmuşun “Yer üzündə bir gecə”si formatında bir film toplusu çıxarmaq olar.
Çağdaş Azərbaycan hekayəçiliyində qiymətli nümunələr var, lakin onların hamısı kino üçün yararlı deyil, çünki ya dil ustalığı üstündədir, ya da vizual imkanları müəllif tərəfindən tükədilib. Bu mənada dünya təcrübəsində geniş istifadə edilən ayrı-ayrı müəlliflərin bir yox, bir neçə hekayəsinin kollajı vasitəsilə yaxşı bədii film ssenarisi yazmaq olar. Belə ki, Ataqamın, Fəxri Uğurlunun, Həmid Piriyevin, Seymur Baycanın hekayələrindən müəyyən parçaları kino materialına çevirmək olar.
Şübhəsiz ki, çağdaş hekayəçiliyimizdə dil ilə məzmun arasında uçurum da var, belə ki, mədəni fon olaraq paytaxt və onun konfliktləri, demək olar ki, yazılmır. Əksər hekayələrdə bir ezamiyyət ovqatı, komfort zonasında qalmaq refleksi var; süjetin vektoru (istiqaməti) əvvəldən şəhərdən kəndədir, özü də qloballaşan dünya ilə siması dəyişən çağdaş kəndə yox, yaddaşdakı idillik, nostalgik kəndə. Bu da ədəbi dil ilə məzmun arasında uçurum yaradır, məkan yaddaşdakı idillik məkandır deyə dil də folklora, etnoqrafiyaya dartınır, beləcə, indinin dili, konflikti fasiləsiz şəkildə əldən çıxır. Bu gün dünyanın nüfuzlu ədəbiyyat mükafatlarında qalib olan, adı siyahılardan düşməyən xeyli müəllif var ki, onlar elə əyaləti, öz kəndlərini, həndəvərlərini yazırlar, ancaq məhz indiki əyaləti, indiki vəziyyəti ifadə edirlər, qloballaşmadan əvvəlki idillik məkana ekskurs var, nostalgiya yoxdur.
Bizim Yaradıcılıq fakültəsindəki hekayə emalatxanalarında daim deyirəm ki, uzağa boylanmamışdan qabaq ətrafınıza baxın. Məsələn, son illərdə həyatımıza daxil olan, pandemiya ilə birlikdə artıq oturuşan çatdırılma xidmətləri, onların hər gün bütün şəhəri qət edən kuryerləri olduqca maraqlı mövzudur. Müxtəlif əhvalatları bir-birinə bağlamaq üçün gündə şəhərin bu başından o başına gedən, neçə-neçə evə girən, yüzlərlə adamla ünsiyyət quran bu kuryerlərdən daha yaxşı hansı personajı tapmaq olar? Bir az daha dərin, fəlsəfi qatda baxsaq, yol böyük və əbədi mövzulardandır.
Məncə, həm kinomuz, həm də ədəbiyyatımız üçün hələlik xammal şəklində olan mövzulardan biri də “ofis planktonu”, “plaza insanı”dır. Kameramız tragik, həyati, nəbzi döyünən mövzuları şüşələri par-par yanan holdinqlərin, plazaların, molların içində də axtara bilər.
Ən böyük arzumu isə sona saxlamışam: tələbəlik həyatından bəhs edən bir roman, bir film. Qapıçısı, xadiməsi, dekanı, müəllimləri, bufetçisi ilə hər gün qaynayan bu ekosistem hələlik ədəbiyyatımızda və kinomuzda öz layiqli əksini tapmayıb.
Təxminən beş il bundan qabaq, gülərüz bir yaz günü günəşin şərəfinə sarışın içkilər içmək üçün toplaşdığımız göyərçinli parkda inandım ki, hər şey yaxşı olacaq!
Qismət Rüstəmov
“Fokus” Analitik Kino Jurnalı. Sentyabr 2022 / №11