Havada qalan addım

“Leyləyin gecikən addımı” başqa yerdə olmaq, yaxud, ölümə atılmaq üzrə havada gözlədilən ayaqdır. Filmoqrafiyasında “köç” anlayışı hər zaman ön planda olan rejissor Teo Angelopulos da bu filmi ilə sanki “ayağını havada saxlayır”.
Onun digər filmlərindən fərqli olaraq, “Leyləyin gecikən addımı”nda daha çox “durma” var, nəinki “köç”. Lakin bu, köç edənlərin durmasıdır. “Köç”lərini qeyri-müəyyənlikdən, qeyri-müəyyənliyə doğru təsvir edən müəllifin bu “durma”ları da qeyri-müəyyənliklər içərisindədir.
Bu girişin davamı olaraq, Teo Angelopulos “köçləri”nin mahiyyətini bir qədər açmaq ehtiyacı yaranır. Ələlxüsus, nəzərə alsaq ki, onun filmləri arasında həm mövzu, həm süjet, həm görüntü, həm musiqi və s. baxımdan üzvi kontekstual bağlılıqlar var, “Arıçı”, “Siteraya səyahət”, yaxud “Əbədiyyət və bir gün”dəki köçlərin məzmununa toxunmadan “Leyləyin gecikən addımı”nı təhlil etmək natamam yanaşma olardı.
Yeri gəlmişkən, həmin filmlər arasındakı üzvi kontekstual bağlılığı fiziki olaraq görmək mümkündür. Yarımçıq bir səhnənin digər filmlərdə davamı, simvolik eyni əşya və insanların davamlı nümayişi bunlara örnəkdir. Buna görə də Angelopulos yaradıcılığında bir filmin özü tam olaraq bütöv mətni təşkil etmir. Bununla belə, izləyici onun bir filmini izləməklə hər hansı natamamlıq duymur. İzləyicini rejissorun digər filmlərini izləməyə sövq edən isə bütövlükdə filmlərin bədii-estetik xüsusiyyətləri ilə birgə adını qoya bilmədiyi və yalnız Teo Angelopulos filmlərini izləməklə duyulan hisdir.

Burada mən, oxuyucuya film yaradıcılığına daha çox mətn aspektindən baxmağımı açıqlamaq istərdim. Bu açıqlamamı səmimi etiraf olaraq da qəbul edə bilərsiniz: mən kinematoqrafçı deyiləm. Sadəcə, izləyiciyəm, kinosevərəm. İxtisasca hüquqşünasam və peşəmin məndən tələb etdiyi mətnə bağlılıq izlədiyim və daha çox təsirləndiyim filmləri də mətn olaraq görüb onları təfsir etməyə sövq edir. Özümdən bəhs etdiyim üçün üzr istəməklə, əlavə edim ki, mən bu təfsir həvəsimi Abbas Kiarostaminin “Yaxın plan” filminin baş qəhrəmanı Hüseyn Xosravininkinə bənzədirəm. Əsas mövzudan uzaqlaşmamaq üçün bu barədə başqa nəsə yazmıram.
Angelopulos filmləri bir çoxları kimi mənim izlədiyim və yaratdığı poetik əhval ilə meditasiya səviyyəsində təsirləndiyim filmlərdəndir. Bu mənada “Kinoyazar”da yayımlanmış ilk məqaləmə istinad vermək istərdim (Bax: Hər zaman – “indi”dir, sonra isə, “çox gec”dir).
Həmin məqaləmdə mən “Əbədiyyət və bir gün” filmini təhlil etməyə çalışmışdım. Orada qeyd etdiyim bir fikir onun bütün yaradıcılığı üçün bir neçə kəlməni hər filmin mətninə uyğun dəyişdirməklə keçərlidir… “Əbədiyyət və bir gün” bədii filmində … keçmiş, indi və gələcək vəhdətinin insan zehnində və emosional vəziyyətində yaratdığı təsviri çətin olan duyğuların aydın bədii ifadəsini müşahidə etmək mümkündür”.[1]
Bu fikirdəki “insan zehnində və emosional vəziyyətində yaratdığı təsviri çətin olan duyğuların aydın bədii ifadəsi” sözləri müəllifin bütün digər filmləri üçün keçərlidir. Bu filmlərdə ötürülən duyğuların təsviri nə qədər çətin olsa da, müəllif onları bir o qədər aydın bədii ifadə edib. Hər şey aydın olduğu qədər dumanlıdır, dumanlılıq aydındır. Eynilə, “Dumanda mənzərə” kimi. Necə ki, bu filmdə baş qəhrəmanları atalarının axtarışına sövq edən evə çatmaq və qayğı ilə əhatə olunmaq motivasiyasıdır. Yəni uşaqların axtarışında olduğu ata realda mövcud olmaqla yanaşı, xəyali obrazdır.[2]

Beləcə bütün obyektiv həqiqətlərlə metaforik həqiqətlər iç-içə keçmiş və bunlar hamısı mistik bir köçün tərkib hissəsidir. Təbii ki, bu köçlərin belə keşməkeşli olmasına müəllifin özünün yaşantıları ciddi təsir edib. Uşaqlığı İkinci Dünya müharibəsi dövrünə düşən Teo Angelopulos bu dövrdə yaşanan siyasi qarışıqlıqlar, diktatorluqlar və müharibədən öncə başlayıb, ondan sonra bitən vətəndaş müharibələri ilə sarsılan bir ölkədə yetişmişdir.[3]
Az qala, bütün dillərdə istifadə edilən migrate feilindən törəyən “köç” anlayışı yunan dilində amöbün bölünərək və axıcı formada yer dəyişdirməsini ifadə edən, həmçinin, “möcüzə” anlayışına da uyğun gələn migwros kəlməsinin kökü olan meigw- önşəkilçisindən formalaşmışdır.[4]
Azərbaycan dilində iqtisadi, sosial, siyasi səbəblərdən fərdlərin və ya qrupların bir ölkədən, yaxud yaşayış yerindən digərinə getmək anlamını daşıyan “köç” sözü “səyahət” anlayışını da ehtiva edir. Lakin bir yerə gediş və dönüşün əhatə etdiyi müddət ərzində şəxsin, ya da şəxslərin qət etdiyi zaman və ya məsafə olaraq anlaşılan “səyahət”dən fərqli olaraq “köç” anlayışında zaman və məkan anlayışları “səyahət”dəkindən fərqli tərif qazanır.[5]
Yunan dilindəki nostos (dönüş) və algos (kədər) kəlmələrinin birləşməsindən yaranan “nostalgia” sözü səyahət və köç arasındakı zaman-məsafə fərqinin anlaşılmasında önəmli yer tutur. Keçmişdə qalan gözəlliklərə duyulan darıxmaq hissi və bu hissin dominant vəziyyətə gəlməsi kimi anlaşılan nostalgiya vətən, yurd, doğma məkan və zaman həsrəti kimi təriflərə də uyğun gəlir.[6]

Köç və səyahət arasındakı fərqi müəyyənləşdirərkən istifadə etdiyimiz bu termin köç içərisində varlığını daha aydın göstərərkən, səyahət boyunca aydın dərəcədə özünü göstərmir. Çünki səyahət bəlli zaman ərzində bəlli bir məsafəyə doğru geri dönmək şərti ilə həyata keçirilir. Köç isə naməluma doğrudur. Nostalgiyanın mahiyyəti də burada özünü göstərir: uzaqda olmaq; geri dönə bilməmək; bir şəxs, yaxud yer ilə bağlı nə baş verdiyindən bixəbər olmaq.[7]
Həm köç, həm də səyahət üçün isə bir ortaq məqam var: yolda olmaq. Angelopulosun filmləri yol filmi janrının müəyyən kodlarını və estetikasını paylaşır. Yol filmlərində qəhrəmanlar, adətən, olduqları yerlər və ya mənşələrini kəşf etməklə özlərini təyin edirlər, yaxud kimliklərini yenidən formalaşdırırlar, beləliklə, öz mahiyyətlərini axtarırlar. Bu axtarış onların şəxsi tarixçələri barədə öyrəndikləri vasitə ilə mövcud vəziyyətlərini daha dərindən anlamağa xidmət edir. Eyni şəkildə, Angelopulosun yol filmləri də tez-tez obrazları onların getdikləri məkanlar vasitəsilə müəyyənləşdirir, həmin məkanların isə çox vaxt tarixlə əlaqəsi olur. Yol mövzusu Angelopoulosun kinematoqrafiyasında həmişə olsa da, rejissorun erkən yaradıcılığında icmalara, sonrakı dövr yaradıcılığında isə tarix qarşısında dayanan fərdlərin hekayələrinə daha çox diqqət yetirməsi ilə fərqlənir.[8]
Angelopulos “Leyləyin gecikən addımı”nda (1991) Balkanların parçalanması və Şərqi Avropanın siyasi çöküşü fonunda bölünmüş bir dünyanın insan üzərində yaratdığı tənhalığı ekrana gətirir. Filmin süjeti sadədir: Uzun illər əvvəl izsiz yoxa çıxmış yunan siyasətçisinin taleyini araşdırmaq üçün bölgəyə gələn jurnalist onun mümkün izlərini sərhədyanı şəhərlərdə axtarır. Lakin bu səfər adi jurnalist araşdırması deyil. O, “bir insanın itməsi” adı ilə başlayan bu araşdırmada əslində, xalqın, torpağın və bir dövrün yox olmasını sənədləşdirir.
Filmdə sərhəd xətti sadəcə coğrafi ayırıcı deyil, o, tarixdən qopmuş insanların toplandığı boşluqdur. Qayığa doluşub qarşı sahilə keçməyə çalışan qaçqınlar, körpünün yarısında dayanıb gözləyən kütlələr, hətta sərhəd boyunca çadırlarda yaşayan ailələr… Bunlar Balkanların XX əsrin 80-ci illərinin sonu-90-cı illərində yaşadığı real faciənin vizual xülasəsidir.
Angelopulos bu insanların heç birini “dramın mərkəzinə” gətirmir. Onlar jurnalistin kadrında təsadüfən görünürlər, çünki o dövrün qaçqınları da elə belə idi: kadrın kənarında qalan, amma dünyanın ən ağır yükünü daşıyan insanlar.

Jurnalist qatarla gedir, qayığa minir, sərhəddə gözləyir, amma nəyə doğru getdiyi bəlli deyil. Bu, Angelopulosun əsas ironiyasıdır: film yolda keçsə də, heç kim heç yerə çatmır. Sərhəd boyunca uzanan yollar qapalıdır. Çay keçilə bilməz. Körpü tamamlanmayıb. Yolların hamısı “yarımçıq addım” kimidir, necə ki filmin adında “gecikən addım” var.
Film elə bir dövrdə çəkilib ki, Şərq bloku dağılır, millətlər yenidən sərhədlər çəkir, yeni dövlətlər doğulur. Angelopulosun göstərdiyi xaos siyasi dəyişikliklərdən çox, bu dəyişikliklərin insanın öz daxili tarazlığını necə pozduğunu təsvir edir. Jurnalist addım-addım keçmişin qalıqlarından gələcəyə baxmağa çalışır, amma hər baxışında qarşısına daha dərindən duman, daha çox boşluq çıxır. XXI əsr yaxınlaşır, amma heç kəs ona hazır deyil. Jurnalist əvvəlcə bitərəf olmaq istəyir, sadəcə, axtarış aparan bir şahid kimi. Lakin sərhədlərin, qaçqınların, yarımçıq şəhərlərin və hər şeyin içindəki boşluğun onun üzərinə çökməsi ilə bu bitərəflik dağılılır. Çünki Angelopulosun dünyasında sərhəd görəndə bitərəf qalmaq mümkün deyil. O, axtardığı siyasətçinin taleyini araşdırarkən, əslində, özünün siyasi mövqeyinin qaçılmazlığını anlayır. Sərhədi keçmək, ya da keçməyə cəhd etmək belə siyasi aktdır. Filmboyu sərhədi keçib sevdiyinə qovuşmaq, evinə çatmaq, itkin adamın izinə düşmək istəyən insanların hamısı eyni aqibəti yaşayır: tək qalırlar. Angelopulos bu təkliyi romantikləşdirmir. Əksinə, çox soyuq göstərir. İnsanların çay sahilində çarəsiz dayanması, körpünün yarısında əllərini yuxarı qaldıraraq qarşı sahilə baxmaqları: bütün bunlar Balkanların qırılma tarixinin real mənzərəsidir.

Filmboyu kədər hiss olunur, amma heç vaxt kədərin “nədən qaynaqlandığı” izah edilmir. Kədər səbəbsizdir – çünki tarixin kədəri səbəblə ölçülmür. Bu Angelopulosun xüsusi yanaşmasıdır: İnsan səbəbini bilmədiyi kədərdən yorulmur, ona alışır. Balkan insanı kimi. Jurnalist kimi. İtkin siyasətçi kimi. Sərhəddə dayanmış minlərlə adsız insan kimi.
“Leyləyin gecikən addımı” Angelopulos kinematoqrafiyasının bütöv ruhunu özündə cəmləyən filmlərdən biridir. Burada o, həm öz ölkəsinin, həm Balkanların, həm də bütövlükdə insanlığın “havada qalan addımını” göstərir. Sərhədlər, çaylar, boşalmış şəhərlər, yarımçıq körpülər rejissorun sevdiyi metaforik baxışla birləşərək tək bir həqiqəti xatırladır: dünya dəyişir, insanlar dəyişir, amma insanın yerini tapmaq mübarizəsi dəyişmir. Bu film bir dövrün siyasi xəritəsini deyil, həmin xəritənin altında qalan insanların taleyini çəkir.
Angelopulosun yaratdığı bu dünya nə romantikdir, nə də tam ümidsiz. O, sadəcə, tarixin içində itmiş insanların səsini dinləməyi tələb edir. Filmboyu rast gəldiyimiz qaçqınlar, sərhədi keçməyə çalışan insanlar, kimliyi bilinməyən sarı paltarlı qruplar – hamısı sanki bizə eyni sualı verir: “Sərhəd harada bitir və insan harada başlayır?” Jurnalist də bu sualın arxasınca gedir və cavab tapmır. Çünki Angelopulosun dünyasında cavabların yoxluğu ümidsizlik deyil; o, həmin boşluqda insanın özünə qulaq asması üçün yaradılan bir məkandır.

Filmin sonunda aydın olan budur ki, rejissor üçün mühacirət yalnız siyasi və ya sosial vəziyyət deyil, zehni haldır. İnsan evində də köçkün ola bilər, sərhədləri keçəndə də. İtkin siyasətçinin taleyi, jurnalistin bitərəfliyinin dağılması, yolboyu rast gəlinən səssiz kütlələr – bunların hamısı köçün yalnız fiziki məsafə deyil, həm də mənəvi məsafə olduğunu göstərir. Angelopulos köçü insanın özünə qayıtmaq cəhdi kimi təqdim edir, lakin bu qayıdışın yolu tez-tez dumanlı, keçidi isə hər zaman yarımçıq olur.
“Leyləyin gecikən addımı” bu mənada təkcə Balkanların deyil, bütün müasir dünyanın filmidir. Sərhədlərin yenidən çəkildiyi, siyasi qütbləşmənin artdığı, insanların bir-birinə yaxınlaşmaq üçün daha çox uzaqlaşdığı bir əsrin başlanğıcında Angelopulos bizə bir həqiqəti xatırladır: bəzən ən böyük hərəkət – durmaqdır, ən ağır addım isə – atılmamış, havada qalan addımdır.
Ceyhun Əsədov
[1] Hər zaman – “indi”dir, sonra isə, “çox gec”dir. https://kinoyazar.az/h%C9%99r-zaman-indidir-sonra-is%C9%99-cox-gecdir/ (Son baxış: 22 noyabr 2025-ci il)
[2] İşıq qaranlıqdan ayrıldı. https://bakuphilosophy.com/isiq-qaranliqdan-ayrildi/ (Son baxış: 22 noyabr 2025-ci il)
[3] Sonsuz yolculukların anlatıcısı Angeleopoulos…. https://www.ozgurpolitika.com/haberi-sonsuz-yolculuklarin-anlaticisi-angelopoulos-39738 (Son baxış: 22 noyabr 2025-ci il)
[4] Migrate (v.). https://www.etymonline.com/search?q=migwros . (Son baxış: 22 noyabr 2025-ci il)
[5] Türker Körük, Kitera`ya yolculuk: Göç ve nostalji, Antropoloji (43) (2022), 89
[6] Nostalgia (n.), https://www.etymonline.com/word/nostalgia (Son baxış: 23 noyabr 2025-ci il)
[7] Yuxarıda istinad 5, 90
[8] Theo Angelopoulos: On the Road between Story and History, https://offscreen.com/view/theo-angelopoulos-on-the-road-between-story-and-history (Son baxış: 23 noyabr 2025-ci il)