İNDİ OXUYUR
Hasarın daxilində

Hasarın daxilində

Amerika kinosunda eyniadlı pyeslərin ekranlaşdırılması və kinoya adaptasiya edilməsi adət halını alıb və bir növ tendensiyaya çevrilib. 2020-ci ildə Florian Zellerin “Ata” psixoloji dramı ABŞ-də nümayiş olundu və 2021-ci ildə bu ekran əsəri “İlin ən yaxşı filmi” nominasiyasında “Oskar” qazandı. Dörd il əvvəl (2016) aktyor Denzel Vaşinqton amerikalı dramaturq Oqast Uilsonun 1985-ci ildə yazdığı “Hasarlar” pyesini lentə aldı. Bu, Uilsonun onhissəli “Pittsburq silsiləsi” əsərinin altıncı hissəsinin ekran təzahürüdür. Daha əvvəl Klint İstvud, Mel Gibson kimi özlərinə uğurlu karyera qurmuş görkəmli aktyorların rejissorluq cəhdləri uğurlu alınmışdı. Xüsusi təqdimata ehtiyacı olmayan aktyor Denzel Vaşinqton (“Təlim günü”, “İlayın kitabı”) cəsarətlə “Hasarlar” filmini çəkir və 2017-ci ildə ekran işi “Oskar” da daxil olmaqla, bütün kino mükafatlarına, o cümlədən Viola Devis “Ən yaxşı qadın roluna görə”, Denzel Vaşinqtonun özü isə Amerika Kino Aktyorları Gildiyasının təsis etdiyi “Ən yaxşı aktyor” mükafatına layiq görülür.

Rolu seçərkən, daha sonra yaradarkən, filmdə oynayarkən aktyor, ilk növbədə, öz daxili aləmindən çıxış etməli, qəhrəmanında bu keyfiyyəti birləşdirib gücləndirməlidir. Psixofiziki tərkib hissəsi ekranda təcəssüm olunan xarakterlə zəruri oxşarlıq tapmaya da bilər, lakin aktyorun xarakterinin dərinliyində gizlənən bəzi təmas nöqtələrinin rejissorun birbaşa köməyi ilə yaradılan obrazın üst qatına çıxmaq şansı var. Hətta aktyorun antropologiyası ilə ekranda yaradılan qəhrəman arasındakı uyğunsuzluq da qüsursuz oyunla yenilənə, “retuş” edilə bilər. Bunun üçün peşəkarlıq və bacarıq kifayətdir.

“Hasarlar”, rejissor Denzel Vaşinqton

Troy Maksson (Denzel Vaşinqton) filmdə göründüyü ilk dəqiqədən irqi ayrı-seçkilik və irqlərarası münasibətlərdən bəhs edir. Dərhal aydın olur ki, o, özünə hörmət və diqqət tələb edən bir insandır. Təəccüblü deyil ki, filmdəki hadisələr 1950-ci illərdə baş verir. Amerikada bu dövr 1954-cü ildən başlayaraq 1968-ci ildə vəfat edənə qədər qaradərili insanların vətəndaş hüquqlarının müdafiəsi hərəkatının ən görkəmli təmsilçisi və lideri kimi şöhrət qazanmış amerikalı baptist vaiz, fəal ictimai xadim Martin Lüter Kinqin epoxası kimi tarixə düşüb.

Troy Maksson real həyatın çətin şəraitində ailəsini təmin etmək üçün əlindən gələni edir. O, Pittsburq küçələrindən tullantıları toplayaraq pul qazanan və bu yolla ailəsini dolandıran zibilçidir.
Troy ictimai şəkildə olmasa da, kəskin etiraz formasında öz hüquqlarını tələb edən yeni sosial tipli vətəndaşdır. Onun auditoriyasına dostu Bono (Stiven Henderson), həyat yoldaşı Rouz (Viola Davis), oğlu Kori (Jovan Adepo), qardaşı Qeybl (Mykelti Williamson) və oğlu Lyons (Russell Hornsby) daxildir. Özü üçün istədiyini – xoşbəxt, firavan gələcəyi – ailəsi üçün də istəyir, eyni zamanda öz həyat həqiqətini onlara var gücü ilə təbliğ edir.

Troy Maksson, ömrünü sürüb başa vurmuş qul sistemi ilə irqi ədalətsizliyin hökm sürdüyü, inkişaf etmiş iqtisadiyyatı və qüsursuz demokratiyası olan bir sistemdə – bir növ, ümidsizliķ təlqin edən kapitalizm formasında – “zibil”in varlığını görən işçi sinfindən olan metaforik adept, davamçıdır. Troy çox tənqidi və tam yerində olaraq öz narazılığını dostu Bonoya belə bildirir: “Həmkarlar ittifaqındakı qaydanın üslubunu elə dəyişəcəyəm ki, hər kəs sükan arxasına keçə bilsin”, arvadı Rouza: “Yalnız yaxşı münasibət gördüyüm yerdə sövdələşmə aparacağam, bu mənə on sent baha başa gəlsə də…” və oğlu Koriyə “ağ adam sənin futbolda qabağa getməyinə imkan verməz”.

“Hasarlar”, rejissor Denzel Vaşinqton

Troy, təbiəti etibarilə, onun üsyançı qəlbi ilə güclü şəkildə birləşən təkcə fəhlə sinfinin rüşeymlərini ehtiva etmir, özündə həm də xalq folklorunun elementlərini daşıyır ki bu da onun kütlə ilə vahidliyinin göstəricisidir. 

Onun çəkici, parlaq gülüşü və yumoru sanki gözəgörünməz elektrik naqili ilə tamaşaçıya ötürülür və biz onun həqiqətinin səssiz şahidi oluruq. Onunla həmrəy olduğumuzu bir daha təsdiq edirik. Troyun mənəviyyat dərsləri acı həqiqətə və ayıq reallığa dayaqlanır, onlar nə  tamaşaçıları, nə də personajları qorxutmur və onlar Troyun qəfil ölümündən sonra ona bəraət qazandırıb həyatda “həm əzilmiş, həm də hamar topları əldə etmək lazımdır” sözlərini təqdir edirlər.

Onun hər iki oğluna, o cümlədən, həyat yoldaşına həyatı hər hansı bəzəkdən xali halında göstərmək kimi sərt, üzücü istəyi, Troy Liona (birinci evliliyindən olan oğlu) on dollar borc verməkdən imtina etməyini “həyatda öz səhvlərindən dərs alması və kəmərini uzun müddət tarım çəkməyə məcbur olması”, yeni mebel dəsti aldığına görə hər ay ondan on dollar qoparan kreditorun simasında iblislə qarşılaşana qədər uzun bir yol keçməsi ilə izah edəndə apogey nöqtəsinə çatır.

Troy və Kori (ikinci arvadı Rouzdan olan oğlu) arasındakı ziddiyyətlər, gənc oğlanın təhsili, işi və futbola marağı müzakirə obyektinə çevrildikdə ata yalnız işləmək və oxumaqda israr edir ki, oğlu həyatda özünə müstəqil yol açmağın öhdəsindən gələ bilsin.  Kori atasından onu niyə sevmədiyini soruşduqda Troy suala sualla cavab verir: “Səni sevməli olduğuma aid qanun varmı?”

Troyun kəskin qətiliyi onun fikrincə, zəncilərin boş yerə pul xərclədiyi lotereyada arvadının oynamasında da özünü göstərir. Kreditorlar, lotereya və hökumətin vətəndaşlara olan yalançı məhəbbəti xalqın beynini dumanlandırmaq üçün hakimiyyətin ağıllı bir güc katalizatoru sisteminin işə saldığı saxta illüziyalar və şirin aldatmalardır. Vaiz Troy məhz buna qarşı üsyan edir.

“Hasarlar”, rejissor Denzel Vaşinqton

Onun müsbət cəhətlərindən biri də nümunəvi ailə başçısı olmasıdır, bütün gəlirini arvadına verir və hər şeyi evə, ev üçün gətirir, evin varidatını tar-mar etmir.

Bizim onun haqqında yaratdığımız kişi obrazının ideallaşmaq dərəcəsi rəvan şəkildə qəhrəmanımızın məişət və insani ehtiyaclarına kimi enir. Troyun xəyanətsiz, möhkəm ailədaxili münasibətləri və arvadına olan sədaqəti bizi insan zəiflikləri və istəkləri haqqında anlayışlı olmağa yaxınlaşdırır. Onun Yaponiya müharibəsində ağlını itirib ruhi xəstəyə çevrilmiş qardaşı Qeyblla rəftarı, konkret olaraq, dövlətin müharibə veteranına təzminat olaraq ödədiyi pul vəsaitini mənimsəməsi və ondan uşaq dünyaya gətirməyə hazırlaşan gənc qız Alberta ilə nikahdankənar əlaqəsi (onun sevgi macəraları haqqında dostu Bono Troya film boyunca eyham vurur, dost burada, sanki, səmadan enmiş mələk rolunu oynayır – qoruyur, hifz edir və düz yoldan sapınmağa qoymur), lakin biz baş verənlərə inanmaq istəmirik və onun heç də həmişə uydurma olmayan, gerçək, diqqəti özündə saxlayan əhvalatlarından həmən məyus oluruq.

Qeyd etmək lazımdır ki, süjet xəttinin lap əvvəlindən Troy kiçik həyətin ətrafını hasarlamağa çalışır. Və o qədər də ağır olmayan bu işə gah Bononu cəlb edir, gah da Korini. Və film boyunca tikintinin hazırlıq prosesi gedir. Elə bu məqamda Korini belə bir sual narahat etməyə başlayır: “Həyətin ətrafında hasar anamın nəyinə lazımdır?”, Bono isə bu formulu Troya belə açıb izah edir: “Birinə hasar içəri heç kimi buraxmamaq üçün, digərinə isə içəridən heç kəsi buraxmamaqdan ötrü lazımdır. Rouz sizin getməyinizi istəmir, Rouz sizi sevir”.

Arvad anadan sonra ərin-oğulun Yeni Torpaq (qadın) axtarışına getməməsi üçün onu evdə saxlamaq istəyən ikinci qadındır.

Troyun özü də ölümünü qabaqcadan hiss edir və görünən, görünməz cinlərlə, bəzən hətta ölümün özü ilə mübarizə aparır. Zurna ilə ətrafda gəzən qardaşı Qeybl ona təkrarlayır: “Sənin adın Müqəddəs Pyotr kitabındadır, mən sənin adını özüm görmüşəm”.

“Hasarlar”, rejissor Denzel Vaşinqton

Evdən çıxmaq, dünyanın kiçik küncünü tapmaq, sonra yenidən ata evinə qayıtmaq – bu həyat trayektoriyası filmin əvvəli ilə sonunu sanki qırmızı sapla birləşdirir.

Rembrandtın “Dönük oğulun qayıtması” filmin əsasında və ideyasında fərqli dilə malik ismarış kimi özünə yer tapıb. Bono Troyla söhbətində etiraf edir ki, o özü də oturaq həyatdan qorxurmuş və yerlərindən qoparaq onlar yol qüssəsinə qərq oluncayadək yol gedirmişlər. Lakn arvadı Lüsilə rast gələndən sonra övladlarına yaxşı ata olub-olmayacağı haqqında düşünməyə başlayıb. Troydan fərqli olaraq Bono öz “hasarını” çoxdan inşa edib. Troyun atası və böyük oğlu Layons haqqında danışdığı əhvalat isə heç də az ibrətamiz və maraqlı deyil: “Mən şəraiti araşdırandan sonra atamdan qorxmağım keçib getdi. Məhz onda mən kişi oldum. On dörd yaşımda. Onu qovub uzaqlaşdırmaq növbəm gəlib çatdı. Və birdən anladım ki, atam “iblisdir” və ata evini tərk etmək vaxtıdır. Dünya böyüdü, mən uzun müddət onu öz ölçülərimə uyğunlaşdırıb kiçiltdim. Sonra içimdə onun qanını və bir neçə ilin məni ondan necə ayırdığını hiss etdim”.

Deməliyəm ki, filmdəki dram, dərhal gərginlikdən və danışılan əhvalatı ciddi qavramadan sonra azad gülüş və yumorla əvəzlənir. Ataların “borcunu” necə qaytarmaqdan bəhs edən əhvalat – Layonsun atasına on dolları qaytarmasından ibarətdir.

“Hasarlar”, rejissor Denzel Vaşinqton

Atalar və oğullar mövzusuna filmdə xüsusi yer ayrılıb. Və övladların valideynlərinə, o cümlədən atalarına əbədi sualı və iradı və Korinin etirazı – “Sən mənə heç nə verməmisən!. Nə vermisən sən mənə?!” – ədəbiyyatda olduğu kimi kinoda da diqqətçəkən mövqedə olacaq. Əxlaqlı ər və sadiq ailə başçısı – bu Amerika xoşbəxtliyinin tablosudur və bu tablo demək olar ki, bütün filmlərdə nişan üzüyü prizmasından tamaşaçılara bir büt kimi nümayiş etdirilir. Bu ailə və ev qarşısında sədaqət, məsuliyyət nişanəsidir. Və Hasar da mahiyyətcə dairənin həndəsi təsvirini ifadə edir. Hasarın daxili bizə gərəksiz nəsnələrdən – ölümdən, iblisdən, dönüklükdən, dünyəvilikdən, istəklərimizdən, nəfsimizdən, vərdişlərimizdən, özümüzdən, tez sıradan çıxan və artıq şeylərdən uzaq qalmaqdan ötrü lazımdır. .

Filmin sonuna doğru Troy öz hasarını inşa edib başa çatdırır. Hasar tikilib qurtaranda o, artıq heç kimə çevrilir, eyni zamanda özünü həm itirir, həm də tapır. Bu bizim könüllü olaraq daxil olduğumuz dairədir. Bu səbəbdən də ata oğlu Koriyə öyüd-nəsihət verərək deyir: “Bu mənim evimdir, get və öz Evini inşa et”.

Troy özünü və evini hasara aldıqdan sonra ölür. O ölür və göylərə yollanaraq rahatlığa və azadlığa çatır. Yalnız beysbol topu əvvəlkitək ağacdan asılmış qalır və Qeyblın zurnası Rəfailin (İsrafilin) zurnasıtək dünyaya onun haqqında səs salır.

Rejissor ilk növbədə müstəsna estetik və yaradıcı zövqə malik olmalıdır. Çoxsaylı kadrların içindən ən zəruri olanları və bir böyük ideyaya xidmət edənləri seçməlidir. Və əlbəttə ki, o, başlıca olanı ikinci dərəcəli olandan, buğdanı samandan ayırmağı bacarmalıdır, necə ki bunu “Hasarlar” filmində görürük və məhz bu cəhətinə görə bu film hələ uzun müddət özünəməxsusluğunu saxlayacaq.

Elçin Əsədov

Tərcümə etdi Samirə Behbudqızı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya