Hasarın arxasında eşitdiklərim…

İlkin Umarovun filmlərində yol motivi və daxili qarşıdurma
Gənc rejissor İlkin Umarovun Azərbaycan Kinematoqrafçılar İttifaqında təqdim olunan iki qısametrajlı – “Şam bağı” və “Hasarlar arxasında” – bədii filmini olduqca bəyəndim. “Şam bağı” filminin ssenarisini İlkin Umarov dostu Vaqif Qədirli ilə birgə yazıb. Filmin ümumi büdcəsi cəmi 60 manatdır. Mövzuya gəlincə isə, obrazlardan biri cinayət törədir. Cəsədi basdırmaq üçün dostunun yanına gedib ondan kömək istəyir. Film maraqlı bir açılış səhnəsi ilə başlayır. “Non, je ne regrette rien” (Xeyr, heç nəyə görə peşman deyiləm) mahnısını eşidirik. Mahnının ifaçısı məşhur fransız müğənnisi Edit Piafdır. Musiqinin sədaları altında kamera yerə düşmüş bir bıçağı göstərir. Bıçağın yanından qan axaraq döşəmənin taxta aralarına dolur. Bu kadr tamaşaçıda dərhal cinayət hadisəsi baş verdiyi təəssüratını yaradır. Ardınca tamaşaçı Edit Piafın mahnını televizorda oxuduğunu görür. Bu səhnə xüsusi əhəmiyyətə malikdir. Sonda bu məsələyə aydınlıq gətirəcəyəm. Digər tərəfdən, rejissor maraqlı bir üsula əl atır. Göstərilən kadrlar bizim, cinayəti ağ maykalı obraz tərəfindən törədildiyini düşünməyimizə səbəb olur.

Gedişatda yanıldığımız ortaya çıxır. Cinayəti əslində ağ maykalı obrazın yox, onun yanında oturan dostunun etdiyini öyrənirik. Dostlar maşınla yola çıxırlar. Cəsədi basdırmaq üçün. Maşın hərəkətdə olarkən maraqlı vizual detal diqqəti cəlb edir. Ağacların kölgələri maşının üzərinə, xüsusilə də güzgüyə düşür. Bu kölgələr bəzən şam ağaclarını xatırladır və obrazların danışığı sanki həmin kölgələrin içində qalır. Bu detal filmin atmosferinə psixoloji gərginlik qatır. Söhbət zamanı cinayəti törədən obraz hadisənin necə baş verdiyini danışır. O, evinə girmək istəyən oğrunu öldürüb. Amma tamaşaçı daxilən duyur ki, məsələ başqadır.
Filmin diqqətəlayiq səhnələrindən biri də gödəkçə epizodu ilə bağlıdır. Cinayəti törədən adam qan ləkələri olan gödəkçəsini çıxarıb maşının pəncərəsindən atır. Maşın yoluna davam edir, amma kamera yolun kənarına düşmüş həmin gödəkçənin üzərində dayanır. Burada xüsusi simvolik bir məna hiss olunur. Sanki əsl “cəsəd” maşının arxasında deyil, yolun kənarında qalan həmin gödəkçədir. Gödəkçə, qatilin mənəvi ölümünü ifadə edən bir işarəyə çevrilir. İnsan cinayət törətdikdən sonra əvvəlki insan olmur və onun mənəvi tərəfi sanki yolun kənarında atılmış bir “cəsədə” çevrilir.

Maşının təkərinin partlaması sanki nəyinsə üzə çıxa biləcəyi təəssüratını yaradır bizdə. Ümumiyyətlə fikir verəndə, biz qatilin etdiyi cinayətə görə qürurlanmadığını görmürük. Axı o, dostuna bildirir ki, oğru ona qarşı söyüş söyüb. Əgər ortada söyüş olmasaydı, dostu əlini heç qana bulamazdı. Bu məqam diqqətli tamaşaçı üçün açar rolunu oynayır. Ona görə ehtiyat təkər baqajda cəsədin altından çıxarılanda qatilin tərəddüd içində olduğunu hiss edirik. O, cəsədə yenidən toxunmaq istəmir.

Axır ki, dostlar meşəlik əraziyə çatırlar. Qatil, dostuna 2000-ci illərin məşhur dostluq haqqında olan hekayəsini danışmağa başlayır. Hekayədə bir ata oğluna dostluğun əsl mahiyyətini göstərmək istəyir. Bu hekayə qatilin dostunun səbir kasasını daşdırır. O, dostuna qarşı işlətdiyi sözlər əsasında biz anlayırıq – qatil nə etdiyinin fərqində deyil. O, insan öldürüb. Amma kinayəli sözlərlə dostluğun nə mənaya gəlməsindən dəm vurur. Dostu onun adını Ömər baba qoyur. Bilmirəm bu ifrat yozum olacaq yoxsa yox… Bu məqamda Ömər babanın adının çəkilməsi qatilin əslində nəyisə gizlətdiyini aydın şəkildə bəlli edir. “Kurtlar Vadisi Pusu” serialına baxanlar bilirlər ki, Ömər babanın ölümündən sonra onun, əslində göründüyündən başqa biri olduğu üzə çıxır. Bu xətti əsas tutaraq “Şam bağı” filmin mahiyyətini başa düşmək mümkündür.
Əslində bu epizod cinayəti törədən obrazın daxili mahiyyətini üzə çıxarır. O, dostluq haqqında danışsa da, əslində dostuna hər şeyi demir və bəzi həqiqətləri gizlədir. Bu səhnə filmin kulminasiya nöqtələrindən birinə çevrilir və tamaşaçıya sual verir: kim dostdur, kim isə xəyanət edir?
Filmin sonunda qatil evə qayıdır. Yenidən “Non, je ne regrette rien” mahnısı səslənir. Bacısının tərəddüdlü baxışları, qardaşının bacısının telefonunu əlinə götürməsi… Rejissor bu üsulla filmin strukturunu dairəvi şəkildə qurur. Əslində filmin sonu onun başlanğıc nöqtəsidir. Tamaşaçı əvvəlcə nəticəni görür, sonra isə hadisələrin necə baş verdiyini izləyir.
Mahnının özü də filmin ideyasına uyğun seçilib. Edit Piafın mahnısının əsas mesajı “heç nəyə görə peşman deyiləm” fikridir. Rejissor bu mahnını istifadə etməklə maraqlı bir sual ortaya qoyur: “Əgər qatil həqiqətən peşman deyilsə, nəyə görə dostuna bütün həqiqəti demir? Niyə yolboyu izləri gizlətməyə çalışır, gödəkçəsini atır və hadisəni tam şəkildə danışmır? Digər tərəfdən, Edit Piafın ifasının televizorda göstərilməsi, bunun bir film olduğunu bizə anlatmaq istəyir. Beləliklə, “Şam bağı” filmi dostluq, xəyanət və peşmanlıq kimi mövzuları qısa, lakin simvolik detallarla araşdırır. İlkin Umarov bu qısametrajlı filmdə cinayət hekayəsini yalnız hadisə kimi yox, insanın daxili dünyasını göstərən psixoloji və mənəvi bir vəziyyət kimi təqdim etməyə çalışır.

İlkin Umarovun ikinci qısametrajlı filmi “Hasarlar arxasında” ilə “Şam bağı” arasında müəyyən paralelləri sezmək mümkündür. Bu filmin də ssenarisi İlkin Umarov və Vaqif Qədirliyə məxsusdur, büdcəsi 114 manatdır. Amma burada əsas diqqət başqa bir problemə – atasız böyüyən bir gəncin daxili dünyasına yönəlir. Film fleşbeklə başlayır. Balaca bir uşağın ailə həyatı göstərilir. Uşağın atası evə gəlir, lakin bir müddət sonra evi tərk edir. Bu qısa epizod gələcək hadisələrin psixoloji əsasını qoyur. Uşaq atasız böyüyür və bu travma onun həyatında böyük bir boşluq yaradır.
Sonrakı səhnədə həmin uşağın artıq böyüdüyünü görürük. O, ata evini satmaq istəyir. Lakin evin satılması üçün rəsmi prosedur tələb olunur: həm onun, həm də atasının imzası lazımdır. Bu məqam filmin əsas konfliktini yaradır. Çünki gənc, atasını görmək istəmir. Hətta onun adını çəkməkdən belə qaçır. “Ata” sözünü dilinə gətirmək belə onun üçün çətindir.

Ev satışını həyata keçirən makler onu oğluna oxşadır. O, öz oğlundan şikayət edir. Gənc maklerin oğlu ilə özü arasında hansı oxşar cəhətlərin olduğunu anlaya bilmir. Makler də onun sualını cavabsız qoyur. Ondan daha vacib bir məsələnin həll edilməsini istəyir. Oğlan atasını tapmalı və ondan imza almalıdır. Obrazın düşdüyü vəziyyətdən tamaşaçı başa düşür ki, bu gəncin həyatında nəsə çatışmır. Atasız böyümək onun xarakterində müəyyən boşluq yaradıb. Bu boşluq onun həyatla münasibətində, problemləri həll etmək bacarığında və emosional sabitliyində hiss olunur.
Bundan sonra gənc istəməsə də səfərə çıxmağa məcbur qalır. Elə yolun başında keçmiş xatirələr onun geri qayıtmağa səsləyir. Biz anlayırıq ki, gənc, əslində atasını görmək istəmir. Əgər seçim onun əlində olsaydı, heç vaxt bu səfərə çıxmazdı. Filmin maraqlı tərəflərindən biri odur ki, sanki qəhrəmanın daxili müqaviməti xarici hadisələrdə də özünü göstərir. Onun başına ard-arda uğursuzluqlar gəlir. Əvvəlcə maşını xarab olur və o, yolun ortasında qalır. Sonra avtobusla getmək istəyir, lakin gecikdiyi üçün bütün avtobuslar artıq çıxıb gedib. Nəhayət, gecəni bir dayanacaqda keçirməli olur. Səhər oyananda isə görür ki, çantası da oğurlanıb. Beləliklə, qəhrəman qısa müddətdə iki böyük çətinliklə üzləşir: əvvəl maşınını itirir, sonra isə çantasını. Bu hadisələr sanki onun daxili həvəssizliyinin fiziki cisimləşməsi kimi özünü təzahür etdirir. Sanki onun içindəki “getmək istəmirəm” hissi yol boyu ona maneələr yaradır.
Buna baxmayaraq, qəhrəman geri qayıtmır. Maddi problemlər və həyatın reallığı onu yoluna davam etməyə məcbur edir. Atasının imzasını almadan evini sata bilməz. Beləliklə, onun daxili istəyi ilə həyatın tələbləri arasında ciddi bir toqquşma yaranır. Filmin növbəti səhnələrində maraqlı vizual atmosfer yaranır. Qəhrəman yol kənarında dayanarkən ətrafı sıx duman bürüyür. Hər şey dumanın içində göstərilir. Duman burada yalnız təbiət hadisəsi kimi yox, həm də simvolik element kimi görünə bilər. Duman hadisələri gizlədir, onları qeyri-müəyyən və anlaşılmaz edir. Bu da qəhrəmanın daxili vəziyyəti ilə uyğun gəlir: o da öz keçmişi ilə bağlı aydınlıq tapa bilmir.

Bir müddət sonra bir maşın dayanır və sürücü onu maşına mindirir. Beləliklə, iki yad insan birlikdə yola çıxır və aralarında söhbət başlayır. Bu səhnə “Şam bağı” filmi ilə maraqlı paralellik yaradır. Orada da iki nəfər birlikdə yola çıxırdı — lakin onlar bir cəsədi basdırmağa gedirdilər. Burada isə bir gənc, atasını tapmaq üçün yola çıxır. Hər iki filmdə yol səhnələri obrazların daxili dünyasının açılması üçün istifadə olunur.
Maşında gedərkən gənc öz problemlərindən danışır: maşınının xarab olmasından, çantasının oğurlanmasından və yaşadığı çətinliklərdən. Sürücü isə onu sakitləşdirməyə çalışır və deyir ki, əsas odur ki, insan, qarşısına çıxan çətinlikləri aşmağı bacarsın. Sonrakı dialoqlar vasitəsilə obrazların daxili dünyası daha da açılır. Maraqlı bir fəlsəfi mövzu ortaya çıxır: insan həmişə valideynlərinin sözünə qulaq asmalıdırmı, yoxsa insanın öz şəxsiyyəti və qərarları daha önəmlidir? “Hasarlar arxasında” qısametrajlı filmi tədricən sadə bir səfər hekayəsindən insanın daxili dünyasına aid daha dərin suallara keçir.
Bu dialoq iki fərqli həyat təcrübəsini qarşı-qarşıya qoyur. Atasız böyüyən gənc düşünür ki, insan valideynlərinin sözünə qulaq asmalıdır. Çünki onun həyatında həmişə bir boşluq olub. O düşünür ki, əgər atası yanında olsaydı, anası vaxtsız vəfat etməsəydi, həyatında daha düzgün qərarlar verə bilərdi. Onun fikrincə, valideynlər insan üçün yol göstərən bir dayağa çevrilir. Digər tərəfdən isə sürücü tam fərqli mövqe ortaya qoyur. O deyir ki, bəzən valideynlərin dediyi hər söz düzgün olmur. İnsan bəzən öz həyatını başqalarının qərarları ilə qurmağa məcbur qalır və bu qərarlar onu istəmədiyi istiqamətə aparır. Bu fikir ayrılığı filmin əsas ideya qarşıdurmasını yaradır.

Bu mübahisə çayxanada baş verən bir səhnədə daha da dərinləşir. Sürücü bir əhvalat danışır. Danışılanlar əsasında biz bir insanın iki qadın arasında bölünmüş vəziyyətdə qaldığını anlayırıq. Onun sevdiyi qadın şəhərdə yaşayır. Kənddə isə həyat yoldaşı qalır. O, həyat yoldaşını sevə bilmir. Sadəcə uşağına müəyyən bir bağlılıq hiss edir. Bu bağlılıq da əslində məcburi bir sevgi kimi təqdim olunur. Danışılan əhvalat vasitəsilə sürücü belə bir nəticəyə gəlir: bəzən valideynlərin qərarları insanın həyatını düzgün istiqamətə yox, əksinə, daxili parçalanmaya aparır.
Filmin bu nöqtəsi əsas qəhrəman üçün bir növ daxili dönüş nöqtəsinə çevrilir. O, çayxananın pəncərəsindən çölə baxarkən fleşbek verilir: Balaca bir oğlan uşağının pəncərədən atasının arxasınca baxdığı səhnəni görürük. Bu fleşbek, qəhrəmanın daxilində bir aydınlanma yaradır. O, instinktiv şəkildə atasının nəyə görə evi tərk etdiyini anlamağa başlayır. Filmin başqa bir maraqlı detalı isə odur ki, sürücünün danışdığı əhvalat, əslində onun öz həyat hekayəsidir. Bu fakt tamaşaçıya kiçik bir vizual işarə ilə göstərilir. Sürücü çöldə kiminləsə danışarkən kadrda maşın salonunda buketi və körpə geyimini görürük. Bu detal onun iki fərqli həyat arasında qalmış bir insan olduğunu göstərir. “Şam bağı” filmində olduğu kimi burada da obrazlardan biri özü ilə bağlı həqiqəti dəyişdirilmiş formada təqdim edir.
Filmin sonlarında obraz tərəfindən eşidilən monoloq tamaşaçını rahatlaşdırır. Hamı düşünür ki, axır ki, bu görüş baş tutdu. Amma sonrakı səhnə obrazın atası ilə görüşəcəyi zaman nələri deyəcəyini bizə əvvəlcə bəlli edir. Onun, atasını bağışladığını anlayırıq. Amma atası oğlunun yanına gəlməsindən belə xəbər tuta bilmir. Darvazaya bağlanmış qara lent hər şeyə son qoyur. Onu hasarın çöl tərəfində saxlayır. Amma qəhrəman “Hasarın arxasında” nələrin baş verdiyini yaxşı başa düşür.

Filmin əvvəlindən qəhrəmanın qarşısına çıxan bütün maneələr — maşının xarab olması, avtobusa çatmaması, çantanın oğurlanması sanki son nəticəyə aparan bir yol kimi görünür. Bütün bunlar nəticəsində qəhrəman səfərə çıxmaqla mühüm bir daxili dəyişiklik yaşayır. O, atasını görmədən də onu bağışlamağı bacarır. Bu bağışlama hissi onun içindəki uzun illər davam edən boşluğu doldurur. Ev məsələsi və imza problemi yalnız xarici səbəbdir. Filmin əsas mövzusu isə atasız böyümüş bir insanın öz keçmişi ilə barışmağa çalışmasıdır.
İlkin Umarov çox kiçik büdcələrlə ərsəyə gətirdiyi filmlərdə çox ciddi məsələlərə toxunur. İnanıram ki, rejissorun çəkdiyi qısametrajlı filmlər gələcəkdə çəkəcəyi tammetrajlı filmlərin yaradılmasında böyük rol oynacaq.
Nəcəf Əsgərzadə