İNDİ OXUYUR
Hamlet olmaq…

Hamlet olmaq…

Vilyam Şekspirin bütün əsərləri istisnasız olaraq dünya klassik irsinə məxsusdur və bu əsərlər bu günədək ən iti ağılları təlatümə gətirir. Fundamentallıq, miqyas, aktuallıq və kolorit – zaman ötdükcə solğunlaşmayan, populyarlığını, maraqlılığını və öyrənmək üçün cəlbediciliyini, bəşəriyyətin genetik yaddaşında hər hansı dəyərə sığmayan xəzinə olaraq əhəmiyyətini qoruyub-saxlayan ədəbiyyatın zəmini bu deyilmi? Şübhəsiz ki, Şekspirin şedevrləri arasında ən parlaq olanı, qəbahət əməllə mübarizədə insan ruhunun aliliyini qabardan, əbədi sorğu-suallar mənbəyi kimi tanıdığımız “Hamlet” faciəsidir.  

Şekspirin “Hamlet” faciəsinin özünəməxsusluğu fokusun xarici hadisədən (qisasdan) qəhrəmanın daxili psixoloji konfliktinə, onun insan həyatına dair şübhələrinə və fəlsəfi düşüncələrinə keçməsindədir. Bu, humanizm prizmasından mənəviyyatsız dünyaya qarşı çıxan intellektualdan bəhs edən, daxili təzadlarla, monoloqlar və güzgü effektli süjet xətləri ilə dolu əhvalatdır. Əksər kinematoqrafçılar da məhz bu məziyyətlərinə görə “Hamlet”ə müraciət etmirlərmi?

“Hamlet” kino tarixində ən çox ekranlaşdırılan əsərlərdən biridir. İlk ekranlaşdırma versiyaları XX əsrin əvvəllərinə, səssiz kino dövrünə təsadüf edir. Dünya kino tarixinə kiçik bir ekskursiyaya çıxaq:

– 1900-cü il də Kleman Morisin baş rolda Sara Berxardı çəkdiyi “Hamlet”; -1907-ci il; ilk adaptasiyalardan biri olan Jorj Melyesin “Hamlet”i ;

-1910-cu ildə naməlum rejissorun ekranlaşdırdığı qısametrajlı “Hamlet” filmi;

-1913-cü ildə britaniyalı rejissor Heyvord Maksvellin çəkdiyi “Hamlet”;

– 1917-ci ildə Ernst Lübiçin quruluş verdiyi daha bir səssiz “Hamlet”;

-1920-ci ildə Svend Qade və Haynts Şalın “Hamlet”i qadına çevirdikləri “Hamlet” filmi  
Növbəti illərdə klassik ekranlaşdırmaları müşahidə edirik. 1940-cı ildə Lourens Olivyenin rejissorluğu ilə ərsəyə gələn “Hamlet” “Ən yaxşı film” və “Ən yaxşı aktyor” nominasiyalarında “Oskar”a, “Ən yaxşı rejissor işi”nə görə isə Venesiya kinofestivalının əsas mükafatı olan “Qızıl şir”ə layiq görülür. Rejissor Kişor Saxunun çəkdiyi “Hamlet” isə ingilis dramaturqunun əsərinin ilk hind versiyası kimi kino tarixinə düşür. 1964-cü ildə Qriqoriy Kozintsevin baş rolda İnnokenti Smoktunoski olmaqla çəkdiyi “Hamlet” də Venesiya kinofestivalının xüsusi mükafatına, BAFTA nominasiyasına və “Qızıl qlobus”a layiq görülür və “Hamlet”in ən uğurlu ekranizasiyalarından biri hesab olunur. Filipp Sevil 1964-cü ildə “Hamlet Elsinorda” filmini çəkir və baş rolun ifaçısı Kristofer Flammer “Emmi” mükafatına layiq görülür. 1969-cu ildə Toni Riçardson ilk rəngli versiyanı çəkir. 1970-ci ildə avstraliyalı rejissor Culian Prinqlin “Hamlet”i tamaşaçılara təqdim edilir. 1980-ci ildə Rodni Bennetin “Hamlet”i ekranlara çıxır. 1990-cı ildə Franko Dzeffirelli öz “Hamlet”ini çəkir və baş rolu Mel Gibsona həvalə edir. 1996-cı ildə Kennet Brananın “Hamlet”i “Oskar” mükafatına namizəd olur. 2000-ci ildə Maykl Almereydanın “Hamlet”i ilə tanış oluruq. 2018-ci ildə Robert Aykın çəkdiyi “Hamlet” ekranda teatr effektini canlandırır. O cümlədən, 2024-cü ildə Sem Kreyn və Pinni Qrillsin “Hamletin dahiyanə oğurluğu” adlı eksperimental filminin də adını çəkə bilərik. 2025-ci ildə Eneyra Kariyanın Riz Ahmedin iştirakı ilə çəkdiyi “Hamlet”i isə bu silsilədə müasir yanaşmanı canlandırır. Və nəhayət, 2025-ci ildə ekranlara “Hamnet: “Hamlet”ə ilham verən əhvalat” filmi çıxır. Xloya Çjaonun tarixi faciə janrında çəkdiyi filmin süjeti Meqqi O`Farrellin eyniadlı romanına əsaslanır və Vilyam Şekspirin gənc yaşında dünyasını dəyişən Hamnet adlı oğlunun hekayəsini əks etdirir. Filmdə baş rolları Pol Meskal (Vilyam Şekspir) və Cessi Bakli (V.Şekspirin həyat yoldaşı Aqnes) ifa edirlər. Bu filmin özünəməxsusluğu ondadır ki, o, ciddi tarixi rekonstruksiya meyilindən çox uzaqdır. Hamnetin əhvalatı tamaşaçılara bədii (uydurulmuş) interpretasiya kimi təqdim edilir. Əlbəttə ki, burada real faktlar var, lakin əsas vurğu müəllif fantaziyasına edilib.


Bu və ya digər janrda qələmə alınmış dram əsərinin, yaxud filmin rejissor versiyasının yaradılması müqəddəs irsə müdaxilə kimi deyil, artıq oturuşmuş bədii əsərə yeni nəfəs vermək və vizuallaşdırmanın qeyri-adi baxış bucağından baxmaq imkanı kimi nəzərdən keçirilməlidir.

Xloya Çjaonun “Hamnet”i məhz bu hipotez üzərində bərqərar olub – Vilyam Şekspirin oğlunu dəfn etməsi kimi şəxsi faciəsi “Hamlet” əsərinin yaranmasına emosional təkan verib. Film kino tənqidçilərinin müsbət rəyini və bir sıra nüfuzlu mükafatlar qazanıb. Filmin janr xüsusiyyətləri özündə bir neçə xətti birləşdirir. Bu, həm tarixi dramdır, həm qəhrəmanların daxili aləminin araşdırılması olaraq XVI əsr İngiltərə həyatının təsviridır, həm də mediativ ritmi, rəmzləşmiş obrazları və minimalistik dramaturgiyası ilə müəllif kinosudur.

Rejissor, əhvalatı müşahidə tərzində danışır: son dərəcə asta temp, dövrün məişət detallarına yönəlmiş diqqət, personajların psixoloji dərinlik qatları və təbiətin simvolikası. Quruluşçu rejissor romanda və filmdə Aqnes adlandırılan Şekspirin həyat yoldaşının surətini qabardaraq ailədaxili və şəxsiyyətlərarası münasibətlər fonunda Vilyamın proyeksiyasını, bir növ holoqramını əks etdirir. Filmin əhəmiyyətli hissəsinin Şekspirin həyatını təşkil edən hadisələrdən yox, məhz Aqnesin daxili vəziyyətinin tədqiqindən ibarət olmasının səbəbi də bundadır. Aktrisa Cessi Bakli mürəkkəb psixoloji ana obrazı yaratmağı bacarır, onun, tədricən, mənəvi olaraq çökməsinə rəğmən daxili gücünü saxlamasını tamaşaçıya çatdıra bilir. Aktyor Pol Meskal Şekspiri adi insan kimi oynayır, onun Vilyam Şekspiri ədəbi büt təsiri bağışlamır.


Rejissor təbii işıqlandırmadan, təzadlı məkanlar effektli vizual estetikadan, iri planlardan istifadə edərək qəhrəmanların emosional vəziyyətini görünüb-duyulan edir. Yuxarıda qeyd etdiyimiz kimi, ekran əsərinin bədii təqdimatının özünəməxsusluğunu tarixi faktların minimum, emosional interpretasiyaların isə maksimum olması təmin edir – “Hamnet” tarixi rekonstruksiyadan daha çox, kədər haqqında meditasiyadır.

Pyesdəki Şekspirin ədəbi fəaliyyətə ifrat aludəçiliyi, eqoizmi, qürurlu, kinli, özünəvurğun olması arxa plana keçir və o, Aqnesin təbirincə desək, “vəfat etmiş oğlu ilə yerini dəyişir”. Vilyam astral olaraq özünə axirət dünyasında bir hücrə tapır, kölgəyə çevrilir, oğlunu isə dirildərək ona əbədi xatirə və ədəbi həyat bəxş edir. Oğlu və bütünlüklə ailəsi qarşısındakı günahını bu şəkildə yuyur.

Ritorik “Olum, ya ölüm?” sual-monoloqunun saxlanması əsərin, pyesin müstəqil adaptasiyası olduğunu bir daha vurğulayır. “Hamnet” filmi orijinalın manifestasiyası deyil, məşhur əhvalatın yenidən dərkinə imkan verən sərbəst bədii ifadə “açarlarından” biridir. Roman Vilyam Şekspirlə rəqabətə və ya Hamnetin yaranma səbəbini izah etməyə  girişmir, əksinə, Meggi O`Farrell fokusu ehkamlaşdırılmış müəllifdən əhvalatın bir qədər kölgədə qalan tərəflərinə – ailəyə, uşaqlıq çağlarına, övlad itkisinin qadın taleyinə təsirinə yönəldir. Bütün bunların sayəsində “Hamnet” filmi klassikanın illüstrasiyasına yox, xatirə, sevgi və itkilərin qaçılmazlığı haqqında öz sözünü deməyi bacaran, incə və emosional cəhətdən zəngin kino yaradıcılığı nümunəsinə çevrilir.


Hamnet və Hamlet adlarının oxşarlığının haradan qaynaqlandığına aid alimlərin izahı ondan ibarətdir ki, XVI əsrdə bu adların eyni bir ismin müxtəlif variantı kimi istifadə edilməsinə tez-tez rast gəlinirdi. O dövrün sənədlərində Hamnet və Hamlet bir-birini əvəz edən yazılış forması olub.

Hamlet olmaq – seçim barəsində danışmaq mənasını vermir. Hamlet olmaq – fikirlə hərəkət arasındakı daimi pauzada varolma sindromundan agah olmaq deməkdir. Burada hər bir baxış, hər bir susqunluq və hər bir ləngimə əhvalatın faciəvi ritminin bir hissəsinə çevrilir, biz hamımız isə bu axarda qeyri-iradi olaraq dönüb Hamlet oluruq.

Elçin Əsədov

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya