“Hamlet”: Aqnesin faciəsinin işığında və kölgəsində

Rejissor Xloya Djao Şekspirin hekayəsini ekrana gətirir və bir ailənin fərdi dramı ölümsüz sənətin doğuluşuna çevrilir.
“Oskar-2026” mükafatlandırma mərasimi ərəfəsində Xloya Djaonun “Hamnet” filmi, nəhayət, Bakı kinoteatrlarının repertuarına düşdü. Filmə böyük ekranda baxmaq gözləntiləri əhəmiyyətli dərəcədə doğrultdu, xüsusilə də, monitor və displeylər üçün nəzərdə tutulmuş pirat nüsxələrin fonunda.
“Hamnet” filmi, Meqqi O’Farrellin eyniadlı romanının ekranizasiyasıdır. Kitab, Vilyam Şekspirin həyatından və ailəsində baş vermiş bir faciədən bəhs edir. Bəzi versiyalara görə, böyük dramaturqun taleyində ən mühüm əsərin yaranmasına məhz bu faciə təkan verib. Lakin film nə bu möhtəşəm mətnin mənşəyini izah etməyə çalışır, nə də bir dahi haqqında klassik tərcümeyi-hal portretinə çevrilir. Şekspirin oğlunun ölümü sadəcə uşaq ölümlərinin yüksək səviyyədə olduğu dövrün sərt reallığına dair tarixi faktdır. Hətta bu faciəli kontekstdə dramaturqun ailəsi müəyyən mənada “bəxtigətirmiş” də sayılırdı, onlar yalnız bir övladlarını itirmişdilər. Xloya Djao isə bu hadisəni, demək olar ki, sənədli dəqiqliklə, cismən hiss edilən və geri dönüşü olmayan daxili qırılma kimi təqdim edir.

Çində doğulmuş rejissor Xloya Djao “Hamnet”ə doğmasını itirmiş bir ailənin itkiyə reaksiyasının universal hekayə olduğunu göstərmək üçün müraciət edib.
Bu hekayədə onu maraqlandıran şey orta əsr Britaniyasının detallı rekonstruksiyası deyil, çox uzaq bir dövrü emosional gerçəklik vasitəsilə müasir tamaşaçı üçün canlandırmaq imkanıdır. Rejissor etibarlı mühiti yaradaraq aktyorların öz rollarını izafi səhnə pafosuna varmadan, personajlarının daxili dünyasına təbii şəkildə daxil olaraq oynamasına fürsət verir. Bunun sayəsində obrazlar pazl kimi ayrı-ayrı epizodlardan yığılır və tədricən, inandırıcılıq, dərinlik qazanırlar. Nəticədə ekranda baş verənlərə dair qeyri-adi məhrəmlik təəssüratı yaranır, sanki tamaşaçı eyni anda həm kino zalında, həm də teatr səhnəsində oturub.
Romanda olduğu kimi, filmdə də Şekspir öz adı ilə təqdim edilmir. O, sadəcə “ər” və “ata” kimi mövcuddur, hərçənd ailə dünyasının mərkəzi Aqnes üzərində cəmlənib, ailənin hekayəsi məhz onun baxış bucağından açılır. Şəxsi əzablar, duyğular, tədricən, impulsa çevrilir. Final epizodlarında teatr səhnəsində işıq görünür və fərdi faciə artıq qlobal teatr süjeti formasını almağa başlayır. Beləcə, “Hamlet” pyesi ortaya çıxır. Şekspir əsrləri aşan, tamaşaçılara və oxuculara Aqneslə eyni hissləri təkrar-təkrar yaşadan bir mətn yaradır.
Cessi Baklinin Aqnes rolundakı ifası “Qızıl qlobus” və “Oskar” mükafatlarına layiq görülüb. Bu mükafatlar onun aktyor ustalığının miqyasını təsdiqləyir. Ümumiyyətlə, filmin bütün aktyor ansamblı yüksək qiymətləndirilib. “Hamnet” filmi səkkiz nominasiyada “Oskar” mükafatına namizəd olub ki, bu da rejissorun baxışı ilə aktyor oyununun dəqiq və incə sintezini vurğulayır.
Operator Lukaş Jalın işi kadrların yumşaq, təbii işıqlandırılması, gözoxşayan, rəngarəng kompozisiyalar üzərində qurulub. Kamera müşahidəçidir, sakit hərəkət edir və məişət səhnələrini meditativ yaddaş obrazlarına çevirir. Orta əsr Britaniyası dumanlı alatoranlıq içində canlanır və tədricən, yarıqaranlığa qərq olur. Bununla belə məkanın yumşaq işığı qorunur. Bu işıq yerini yavaş-yavaş dramatik hadisələrə verən kövrək ailə idilliyası hissini ötürür. Yalnız finala doğru vizual perspektiv tamaşaçını teatr səhnəsinə gətirir — burada ilk dəfə demiurq Vilyam Şekspirin yaratdığı faciə canlandırılır. Bu cür incə və həssas vizual dil sayəsində film ənənəvi dramatik deklamasiyadan çox, təfəkkürə söykənən seyr və düşüncə kimi qəbul olunur.

Yeri gəlmişkən, polşalı operator Lukaş Jal böyük, akademik Lodzi məktəbinin varisidir. Həmçinin o, Britaniya Kral Fotoqrafiya cəmiyyətinin üzvü və “Lümyer” mükafatı laureatıdır. Operator oskarlı “İda” (2015) filmindəki işindən sonra məşhurlaşıb.
Fleşbeklərdən birində Vilyam ilk görüş zamanı Aqnesə Orfey və Evridika haqqında qədim yunan mifini danışır. Film ilk baxışda aldadıcı təəssürat yarada bilər: təhkiyə bəzən məsafəli, soyuq, hətta demək olar, sarsılmaz təsir bağışlayır. Lakin final bu təəssüratı dəyişir. Yüngül sentimental çalarına baxmayaraq, film sonda həqiqi katarsisə çatır. Son aktda Aqnes, nəhayət, oğlunu onun qaranlıq xəyallar və müəmmalı görüntülərlə dolu meşəsinə buraxır. Duyğular, narahatlıq, təlaş, tədricən, məzmuna çevrilir və faciə formasını alır. Bu, məşhur “Olum, ya ölüm?” monoloqunda xüsusilə aydın hiss olunur. Əvvəlcə limanda dayanmış və ölüm haqqında düşünən Vilyam – aktyor Pol Meskal sanki bir anda gələcək monoloqun ipucunu tapır. Daha sonra isə bu düşüncə səhnədə təcəssüm olunur: Noa Cup “Hamlet” tamaşasında baş rolun ifaçısı qismində səhnəyə çıxır.
Həqiqətən, bütün dünya bir səhnədir. Ancaq hərdən səhnənin real həyata böyük üstünlüklə qalib gəlməsi alqışlamaq istəyi yaratmır, səssiz bir “ah” çəkdirir. Məncə, “Hamnet” də hər şeydən çox məhz bu “Ah!”a layiqdir.
Ülvi Mehdi