İNDİ OXUYUR
Həyat – rinqdir!

Həyat – rinqdir!

Hər bir kino təzahürü orijinal ideyanın nəticəsi olaraq meydana çıxır. Əvvəlcə ideya aydın cizgilərədək yetişib dolğunlaşır: ştrixlərə, qeydlərə, əlavələrədək və hazır ssenarinin yekun qatı ilə örtülür. Və bundan çıxış edərək layihəni reallaşdırmaq olar.

Peşəkar rejissorun əlində zəif ssenari (onun müdaxiləsi və həmmüəllifliyi ilə) uzun illər uğurlu film statusunda qalıb pərəstişkarlar və davamçılar qazana bilər. Dahiyanə ideya və yaxşı ssenari istedadsız bir rejissorun əlində iflasa uğrayaraq, kinoprosesə çevrilmədən puç ola bilər.

Bütün mükəmməl və uğurlu filmlərin ideyaları  yaradıcılar tərəfindən müəyyən mövzu axtarışında deyil, bu və ya digər dramaturji fabulanın sonadək ifadə edilməməsində doğulur. Ola bilər ki, bu dramaturji mövzuları taparaq, rejissorlar bütün zamanların filmlərini ərsəyə gətirirlər.

Əsas qəhrəman Marqaret Ficeraldın (Hilori Suenk) idmançı həyatı dramını 2004-cü ildə “Milyonluq körpə” adı ilə ekranlaşdıran Klint İstvud da kinosüjet xəttində belə bir mövzu tapmışdı. Film 2005-ci ildə “Ən yaxşı film”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı rejissor işi” nominasiyalarında bir neçə Oskar mükafatına layiq görüldü, bundan əlavə, “Kinotənqidçilərin seçimi” mükafatının “Ən yaxşı qadın rolu” nominasiyasında Hilori Suenk bir daha qalib gəldi.  


Niyə məhz bu film ilin filmi oldu? Məncə, Klint İstvud burada təkcə boksdakı çətinliklərin, qarşıdurma və həyat qaydalarının problemini, onun birmənalılıqdan uzaqlığını, gözlənilməzliyini, qaçılmazlığını göstərməyib, həm də insani tərəfləri, məşqçinin şagirdi ilə timsalında ustad və tələbə münasibətlərini açıb. Nəyə görə idmandan bəhs edən filmlər bu günədək mükafatlara təqdim edilirlər? Ola bilər ki, həyatımız idmanla, oyunla, işlə, istirahətlə ayrılmaz tellərlə bağlıdır və bu alqoritmdə əsas yerlərdən birini idman tutur. Birinci olmaq, qalib olmaq, tanınmaq – özündə Olimpiada çələngini ehtiva edir. Və biz hər yerdə özümüzü Olimpiya oyunlarının davamçıları sanır və hiss edirik, sanki bütün həyatımız bundan asılıdır və özümüzü belə apararaq “müharibə” cığırına qədəm qoymuş oluruq!?

Film, hələ 1960-cı illərdə boks məşqçisi kimi fəaliyyətə başlayan Frenk Dannın (Klint İstvud) qapısının kandarından içəri ötürülmüş möhürlənməmiş məktubları döşəmədən yığması ilə başlayır. O həyatının ağır dönəmini yaşamaqdadır. Sonrakı epizodların birində onun sakit, tənha otaqda dua etdiyini görəndə anlayırıq ki, bu məktubları qızı Ketiyə ünvanlayırmış və məktublar ona “göndərənə qaytarmaq” möhürü ilə qayıdırmış. Və günlərin bir günü onun boks zalında Meggi adlı bir qız peyda olaraq, onunla məşqlərə başlamağını rica edir. Kiməsə bağlanıb onu itirməyin acısını növbəti dəfə çəkmək qorxusundan Frenk bu ricaya əvvəlcə qətiyyətlə “yox” deyir.

Filmin leytmotivi mister Skrepin (Morqan Friman) kadrarxası mətni ilə qüsursuz şəkildə uzlaşır – mister Skrep keçmiş boksçudur, rinqdə ömrünün iyirmi üç ilini keçirib, indi isə Frenkin köməkçisi və zalın təmizliyinə cavabdeh şəxsdir.


“Boks qeyri-təbii məşğuliyyətdir; boksda ənənəvi məntiqə əks hərəkət etmək lazımdır. Bəzən maksimal, effektiv zərbə endirməkdən ötrü geri çəkilmək gərək olur. Lakin çox uzaq məsafəyə geri çəkilsən, artıq döyüşmək mümkün olmayacaq”.

Mister Skrepin sonuncu cümləsində nəsə gərginlik və həyəcan yaradan, nədənsə xəbərdar edən əhval hiss olunur. Bununla belə, Meggi ilə məşq etmək fikri Frenkin ağlına batmır. Lakin bu hal qızın, kişilərin belə həsəd aparacağı susqun “dəmir” iradəsini, çalışqanlıq və əməksevərliyini görənə qədər davam edir. Meggi özü üçün həyat istinadları müəyyənləşdirib – sarsılmaz iradə və qələbə əzmi. Frenk Megginin qaradərili boskçunu məğlub etməsinin və bununla zaldakıların əhvalını qaldırdığının şahidi olur. O anlayır ki, bu qızın dili “itidir”, istehzalı, sarkazmla danışmaq bacarığı isə ağlın göstəricisidir və bu keyfiyyətlər döyüşdə zəruridir.

Bir axşam Frenk boş zalda tək-tənha məşq edən Meggini görür və onun inadkarlığına, yaranmış şərait qarşısında dəyanətinə həqiqətən təəccüblənir. Bu qızın belə dönməzliyinin səbəbindən agah olanda isə şəfqət və insani anlayış duyğusu Frenkə qayıdır. Meggi – sivilizasiyalı “Amerika demokratiyasının” qeyri-sabit standart məhsuludur. Mənəviyyatın erroziyaya uğradığı insan cəmiyyətində yoxsulluq və ehtiyac çuxuruna yuvarlanmaq çətin deyil. O ofisiantdır, artıq otuz iki yaşı tamam olub, boşqablardan yemək qalıqlarını təmizləyərək kafeyə gələnlərə xidmət edir və Frenkin ehtimalına görə otuz yeddi yaşı tamam olana qədər boks torbasını döyəcləməyi öyrənəcək. Onun qardaşı Cey Ci həbsxanadadır, bacısı bir il əvvəl həlak olmuş uşağa görə vəsait alır, atası vəfat edib, anası isə yüz iyirmi beş kilo çəkisindədir. Buna görə onun məşqçiyə çox böyük ehtiyacı var, lakin şəfqət hissinə, xüsusən də minnətə qətiyyən ehtiyacı yoxdur. Və Frenk böhran riskini nəzərə alaraq, son nəticədə Meggi ilə məşqlərə başlamaq qərarına gəlir.


Həm Qərb, həm də postsovet kinoməkanında futbol, basketbol, beysbol, bilyard, rəqs, yarış, fiqurlu konkisürmə və s. haqqında xeyli sayda filmlər çəkilib. Lakin boks – kino üçün xüsusi imkanlar meydanıdır, bu meydanda müxtəlif rejissor rakursları altında insani ehtirasları, ağrıları, ümidləri göstərmək olar, burada ən əsası odur ki, yaradıcı şəxs zəruri, yaxşıca gizlədilmiş məqsədi tapa bilsin – “onun konkret hədəfi nədir”, göstərmək istədiyi başlıca nəsnə nədən ibarətdir və hansı sualları işıqlandırmaq istəyir.

Boksda kinotamaşaçı qəzəb, qəddarlıq, özünün daxili aqressiyasını görünməz, lakin aşkar, əksər hallarda isə hətta heç də aşkar olmayan, sirli və gizli, sövq-təbii hiss etdiyi, lakin üzdən tanımadığı düşməni qarşısında üzə çıxarır. Kinoterapiyanın sehri elə bundadır. Məhz bu İblislə, onların daxili şeytanı ilə döyüşmək istəyirsən.

Dramaturji xəttin qatqısında birbaşa əlavə məşqçi Frenkin boş vaxtında Şotland dilini öyrənməsidir; o, kilsə ayinlərində iştirak edir və nadir hallarda müqəddəs atanın qarşısında etiraflar edir. Frenk on yeddi il əvvəl Bobi Maloudan boks zalını alıb, amma bu zalın xərci, qazanc və gəlirindən çoxdur.

O – Meggi, Missurinin Cənub-Qərbindən, sidr və palıd ağacları arasında itib-batmış, tanrının da yadından çıxmış Teodosi şəhərciyindən gəlib. Meggi böyüdükcə anlayır ki, cəmiyyətin üz döndərdiyi təbəqəyə aiddir. İyirmiyə yaxın uğurlu döyüşə imza atandan sonra o, hələ də elə yaşayır ki, sanki, doğma Teodosi yaxınlıqdakı təpənin arxasında qalıb. O, qazandığı pulları böyük qənaətlə xərcləyir. Lakin o, inadla ən böyük arzusuna doğru irəliləyir, ona çempion titulu qazandıracaq döyüş haqqında düşünür.

CLINT EASTWOOD as Frankie and HILARY SWANK as Maggie in Warner Bros. PicturesÕ drama ÒMillion Dollar Baby.Ó The Malpaso production also stars Morgan Freeman. PHOTOGRAPHS TO BE USED SOLELY FOR ADVERTISING, PROMOTION, PUBLICITY OR REVIEWS OF THIS SPECIFIC MOTION PICTURE AND TO REMAIN THE PROPERTY OF THE STUDIO. NOT FOR SALE OR REDISTRIBUTION.


“Əgər boksda hansısa möcüzə baş verirsə, bu möcüzə tükənən gücünə, qabırğalarının sınmasına, partlamış böyrəklərinə, hədəqədən çıxmış bəbəklərinə rəğmən, boksçunun döyüşü davam etdirməsində ifadə olunur. Möcüzə, insan ondan başqa heç kəsin görmədiyi arzusu naminə bütün riskləri göz altına aldığı anlarda baş verir”. 

Boksçu ilə məşqçi arasında Frenkin ustad, ata rolu və Megginin sözəbaxan qız övladı münasibətindən başqa ümumi nə var?

Onlar ikisi də boksa və sevimli işlərinə sadiqdirlər. “Mənim sizdən başqa heç kəsim qalmayıb, Frenk”, – deyə Meggi etiraf edir, o isə “boks zalının üfunətini sevirəm” deyir. Frenk öz idmançılarının sədaqətinə və xarakterinə dəyər verməyi bacarır və boksçu Böyük Billi Cons onun yanından biznesmen-menecer Mikki Meqin yanına gedəndə (daha sonra isə o, dünya çempionu olur) Frenk “azad” olur və nə vaxtsa idman zalında birbaşa üzünə “bu sirk indi dəbdədir, mən qızlarla məşq etmirəm!” dediyi qızın inadkarlığının fərqinə varır.

Birmənalı olmayan, təkəbbürlü xasiyyətinə baxmayaraq, Frenkin böyük, xeyirxah ürəyi var. O, öz şagirdlərinə dost və ata münasibəti bəsləyir. Məhz o, Billi Consa arvadının maşınını qaytarmaqda kömək edir. Meggi isə Frenkdən üz döndərib Mikki Meqin yanına getmir və bununla öz məşqçisinə etibar və sədaqətini ifadə edir.

Frenk ilk andan Meggiyə israrla tövsiyə edir ki, özünümüdafiəni unutmasın, lakin buna baxmayaraq, Meggi bütün məsələləri birinci raundda nokautla həll etməyə öyrəşib.

“Boks qeyri-təbii məşğuliyyətdir, sola tərəf yerdəyişmə etməkdən ötrü həmin istiqamətə addım atmağa gərək yoxdur, sağ ayağın pəncəsi üstündə dövrə vurmaq lazımdır, sağa yönəlmək üçün isə eyni hərəkəti sol ayağın pəncəsi üstündə etmək lazımdır. Ağrıdan qaçan, ağlı başında olan hər bir adamdan fərqli olaraq boksçu ağrının üstünə gedir. Boksda hər şey məntiqə zidd olaraq baş verir”.


Hər bir idman növündə olduğu kimi boksda da pərdəarxası danışıqlar aparılır, qələbə və ya məğlubiyyətə hesablanmış faiz nisbətlərinə əsaslanan oyunların “qara mühasibatlığı” işə düşür.

Əvvəlcə, Meggini başqa bir menecerə həvalə edərək, Frenk onun iştirakilə döyüşün getdiyi zala gələrək qızı xoşagəlməzliklərdən hifz edir və tövsiyələrini verib onun məşqçisi olmaq qərarına gəlir. Həyat özü zəruri prioritetləri müəyyənləşdirir, Megginin ümid və inamını xilas edir, o, artıq Frenk üçün doğma övlad kimidir!

“Boksa yeni başlayanlar düzgün dayanmağı öyrənməlidirlər ki, ayaqları çiyinləri ilə bərabər müstəvidə olsun. Boksçunun beynindən gərəksiz fikirləri təmizləyib ona əsasları aşılamaq lazımdır. Yeni başlayan boksçu tarazlığı saxlamalı, rəqibini isə tarazlıqdan məhrum etməlidir”.

Meggi ard-arda on iki nokautlu oyun keçirəndən sonra Frenk çox sərfəli təkliflər alır. Meggi qısa zamanda zirvələrə ucalır. Zaman keçdikcə Frenk menecerlərə pul ödəyir ki, onun üçün layiqli namizəd tapsınlar. Sonra isə o, risk etmək qərarına gəlir (baxmayaraq ki, əvvəllər belə vərdişi yox idi) və Meggini ağır çəkili kateqoriyaya keçirir.

İşlərinin yaxşı getdiyini görən Meggi ailəsinə sürpriz etmək qərarına gəlir. Onlar üçün ev alaraq anası ilə bacısını “qanadının altına alır”. Lakin ailəsinin Meggiyə münasibəti özünəməxsusluğu ilə fərqlənir – bu münasibətdə qərəzlilik nəzərə çarpır. Onun anası və bacısı Megginin nəcib hərəkətinə – onlara ev hədiyyə etməyinə heç də şad deyillər. “Onlar axı bizim evimiz olduğunu bilsələr, mənə vəsait ödəməyi dayandıracaqlar. Bəs dərmanları hansı pula alacağam?!”, deyə bacısı deyinir. Anası isə qızının gözəl niyyətini “yerə vuraraq” deyir: “Özünə iş tap, adamlar sənin işin haqqında eşidəndə bizi ələ salırlar”.


Bu, kapitalist cəmiyyətinin adi bürokratik sisteminə aid olan hər hansı ağıl və dərrakə işartısından məhrum, yerindən tərpənmək istəməyən “Adamslar ailəsi”dir. Onlar üçün “çıxış yolu”, “perspektiv” anlayışları mövcud deyil. Onlar aşağı təbəqəyə məxsus meşşan təfəkkürlü “sıravi”insanlardır.

Bununla belə, Frenk sərfəli təkliflər almaqda davam edir və ilk belə təklif “Göy Dişi Ayı” ləqəbli dünya çempionu Billi Ostermanla ikinci döşəmədə, orta çəkidə, çempion adı uğrunda döyüşün təşkilindən ibarət olur. Sədaqətdən başqa, Frenk öz yetirmələrində özünəməxsusluq, mənəviyyat, xarakter kimi keyfiyyətlərə də dəyər verir. Əbəs yerə deyil ki, onun iş otağında belə bir şüar asılıb:  “Təzyiq – cəfəngiyyatdır”.

“Bütün boksçular inadkardırlar. Qəlblərində onlar əmindirlər ki, bu və ya digər boks incəliyində istənilən məşqçidən daha yaxşı baş çıxararlar. Hətta iflasa uğrayacaq dərəcədə siz onları dəyişməyə müyəssər olursunuzsa, deməli onlar döyüşçü deyillər”.

Ötəri olaraq xatırlatmaq istərdim ki, boks mövzusuna 2005-ci ildə Rassel Krounun iştirakilə “Nokdaun” filmini çəkmiş Ron Hovard kimi rejissorlar müraciət ediblər. Film bir neçə – ABŞ Kinoaktyorlar Gildiyasının Pol Camatiyə  təqdim etdiyi “İkinci planda ən yaxşı kişi roluna görə”, “Tənqidçilərin seçimi”, Rassel Krou isə Avstraliya akademiyasının beynəlxalq mükafatlarını almışdı Bundan başqa, 2001-ci ildə əfsanəvi “rəqs edən boksçu” Məhəmməd Əlinin (keçmiş adı Kassius Kley) həyat və fəaliyyətindən bəhs edən Uill Smitin baş rolda çəkildiyi və rejissoru Maykl Mann olan “Əli” idman dramı ekranlaşdırılmışdı. Bu film 2002-ci ildə “Ən yaxşı kişi rolu” nominasiyasında Oskara və “Qızıl qlobus”a layiq görülür. Hər iki mükafat Uill Smitə təqdim edilir. “İkinci planda ən yaxşı kişi roluna görə” Oskar və “Qızıl qlobus”u Con Voyt da alır. 

Deyilənlərə Silvester Stallonenin rejissoru, ssenari müəllifi və baş rolun ifaçısı olduğu “Rokki” film-sikvelini, həmçinin Rusiya kinematoqrafçılarının kriminal dramı olan rejissor Aleksey Sidorovun “Kölgə ilə döyüş” filmlərini də əlavə etməmək olmaz.

Əgər Meggi Frenkin dönə-dönə təkrarladığı özünümüdafiə mövqeyi haqqındakı “qızıl” qaydanı unutmasaydı, onun “Göy Dişi Ayı” ilə döyüşü ağır nəticələnməyə də bilərdi.

Meggi arxayınlaşır, bu isə təcrübəli boksçular üçün yolverilməzdir, onlar hər zaman ayıq-sayıq, ehtiyatlı olmalıdırlar, Billi “Göy Dişi Ayı” isə bundan istifadə edib səssizcə qadağan edilmiş, çirkin zərbəsini endirir – faciə ilə nəticələnən belə bir zərbə hamı üçün tamamilə gözlənilməz olur. Meggini reabilitasiya mərkəzinə yerləşdirib əlil arabasına öyrəşdirirlər. O artıq müstəqil şəkildə nəfəs almaq iqtidarını itirib, yanında fasiləsiz olaraq süni nəfəs aparatı işləyir və sutka boyunca onun ağciyərlərini oksigenlə təmin edir.  

Megginin “Adamslar ailəsi” çox yubanmır, onlar hüquqşünas və həbs müddətini çəkib çıxmış qardaşı ilə hospitala tələsirlər ki, ömürlük şikəst olmuş Meggi bütün  əmlakın və pulun onlara keçməsi haqqındakı zəruri kağızları imzalasın. Onlara gərək olan ancaq budur. Bu onların davranış tərzi və mənasız həyat formasıdır. Frenk məsələyə qarışmaq istəyir, lakin son anda Meggi, ailə üzvlərini qovmaq üçün təşəbbüs və güc tapır. 

Frenk tam hərəkətsizlikdən yataq yaraları açılan Meggiyə sonsuz şəfqət və səbrlə qulluq edir. O, ölkənin bütün xəstəxanalarına zəng edib həkim axtarmaqdan yorulmur, lakin onların hamısı təbabətin gücsüz olduğunu deyirlər. Meggi məşqçisindən ona ölümcül iynə vurmasını xahiş edir – nə vaxtsa onun atası ev itləri olan Ekslə belə edibmiş. Lakin Frenk bu barədə eşitmək belə istəmir.


“Hər gün insanlar ölür. Adamlar döşəməni süpürürlər, boşqabları yığışdırırlar və bilirsənmi nə barədə düşünürlər? Onların ağlından şanslarından faydalanmamaqlarının təəssüf hissi keçir…”

Mən doğulanda çəkim elə az imiş ki, bu dünyaya döyüşlə daxil olmuşam”.

Megginin halətindən, onun əzablarından tamam ümidsizliyə qapılan Frenk süni nəfəs aparatını söndürməyə və qıza bir neçə nəfərə kifayət edəcək dozada adrenalin iynəsi vurmağa razılaşır. Sonra isə məchulluqla yaddaşsızlıq arasında itib-batır. Düşünürəm ki, nə o, nə də başqa biri ayrı cür hərəkət edə bilməzdi.

Və bir də düşünürəm ki, Klint İstvud da dünyasını dəyişəndə Amerika kinosu daha bir görkəmli aktyor və rejissor sarıdan yetim qalacaq. Onun çəkdiyi “Medison vilayətinin körpüləri”, “Qran Torino”, “Çağırılmamış”, “İvodzimdən məktublar” və digər ekran əsərləri dünya kinosunun “qızıl” kolleksiyasında möhkəm yer tutub.

“Milyonluq körpə” filmi – birmənalı şəkildə ağır, hər kəsin baxmağa gücü çatmayacağı, əsəbləri zəif adamlar üçün nəzərdə tutulmayan  kino işlərinə aiddir. Marqaret Ficerald özünün çempionluuq uğrunda son döyüşündə, rəqibi Billi “Göy Dişi Ayı” ilə döyüşmür, burada kabus kimi çıxış edir. Megginin son döyüşü  – idmanın çürümüş, satqın sistemi, menecerlər və bukmekerlər dünyası ilədir. Meggi “fahişə” sistem ilə vuruşur və obrazlar məcmusu kimi meydana çıxan Billinin keçmişi məhz bundan ibarətdir.

Mo Kuşlanın (ipək xalatının üzərində tikilmiş yazıya görə Megginin tamaşaçıları və fanatları onu belə adlandırırdılar. Bu xalatı ona Frenk bağışlamışdı. İflic olandan sonra o, məşqçisindən bu ifadənin mənasını soruşur. Frenk onun alnından öpərək cavab verir: “Bu – mənim dəyərlim, mənim canım və qanım mənasındadır”) sonuncu döyüşü, boksdakı rüşvət içində boğulmuş sistemlədir, ona arxadan, ən gözlənilməz anda qadağan edilmiş zərbəni endirən məhz bu sistemdir!

Bəşər tarixi dahi qadın adları ilə o qədər də zəngin deyil, lakin hər dəfə onların adlarını eşidəndə biz ehtiram hissi ilə dolub-daşırıq: Janna D`ark, Roza Lüksemburq, Mariya Küri, Marqaret Tetçer (və ya Meggi).

Qadının kişi qarşısında ilkin qorxusu onu daha güclü olmağa sövq edir. Qadın müstəqilliyini, fərdiliyini qoruyaraq münasibətlərdən, kişilərdən, həyatdan, bütün fani mətləblərdən azad olaraq qalmağı üstün tutur. Dünya dümağ və yumşaq deyil, dünya təcavüzkarlıq, zorakılıq və qəddarlıqla doludur və qadın patriarxatla matriarxatın dağıdılmış tarazlığında artıq sağ qalmağı bacarmır, o qalib gəlir! Və vacib deyil ki, bu idmandır, mədəniyyətdir, dindir və ya siyasətdir. Əsas odur ki, özünü qoruyasan və Kölgə ilə döyüşməyəsən!

Elçin Əsədov

Tərcümə etdi: Samirə Behbudqızı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya