İNDİ OXUYUR
Günümüzə işıq salan gündəlik

Günümüzə işıq salan gündəlik

İTV-də yayımlanmış “Gündəlik” (ideya müəllifi və layihə rəhbəri Şakir Eminbəyli) serialının ilk bölümü sosial mediada aqressiv müzakirələrlə qarşılandı. Mübahisəli epizod haqda fikirlərimi bölüşüb, daha sonra serialın təhlilinə keçəcəyəm.

Sözügedən epizodda jurnalist Rüfət (Elşən Hacıbabayev) bir qrup şagirdin futbol oyunu zamanı dalaşmalarının səbəbini, guya araşdırmaq məqsədilə, onları videoya çəkərək müsahibə alır. Əslində isə ortada mediaya çıxarılacaq material yoxdur. Çünki, hadisə yoxdur. Uşaqlar Rüfəti ələ salır və qəzəblənən jurnalist məktəbə gedərək onlardan şikayət edir. Narazılıq doğuran məqam, məktəbin tarix müəlliməsi və serialın baş qəhrəmanlarından biri Dilarənin (İranə Kərimova) fikirləri idi: “Müsahibə götürməyə gəlmisiniz? Lap yaxşı. İndi qabağınıza bir kağız qoyub, sizə imla yazdıraram, görüm necə yazacaqsınız?  Nə vaxta kimi ucuz şeylərdən sensasiya edəcəksiniz” və s.


Obrazın dilindən səslənən mətn peşəkar jurnalistlərə hörmətsizlik kimi dəyərləndirildi. Halbuki, serialda jurnalistlər təhqir edilmir. Sadəcə, eyni redaksiyada çalışan iki jurnalist modeli göstərilir: Rüfət manipulyativ jurnalistika ilə məşğuldur ki, bu, ümumiyyətlə, dünya mediasında yayılmış tendensiyadır. Mətnlə üst-üstə düşməyən, “çığıran”, qeyri-etik başlıqlarla, mövzunu araşdırmadan, mahiyyəti bilmədən səthi, şişirdilmiş, savadsız məqalələrlə oxucu yığmaq.  

Rüfətin iş üslubunu qəbul etməyən digər jurnalistlər Sənan (Türkay Cəfərli) və Kəmalə (Rasimə Abbasova) isə dürüst, peşəkardırlar və bu iki fərqli mövqe həm də, süjetin davamlı konfliktli nöqtələrindən biridir. Yəni, epizod kontekstdən çıxarılaraq yayımlanıb və yanlış təsəvvür formalaşdırılıb. Əslində, analoji vəziyyətlərə biz artıq öyrəşmişik; oxucu yalnız məqalənin başlığını oxuyub qiymət verir, Tamaşaçı hər hansı filmdən, serialdan yayımlanan fraqmentlə bütün əsərin mahiyyətini, ideyasını dəyərləndirir. Və beləcə, heç nədən səs-küy qalxır. 


Qısası, “Maarif” jurnalının əməkdaşı Rüfət jurnalistikamızda mövcud olan neqativ halları özündə cəmləşdirən obrazdır. Sənan, Kəmalə, Dilarə isə əks qütbün təmsilçiləridirlər.

Bir məqamı da qeyd edim və mövzunu bitirim. AKİ-nin təşkilatçılığı ilə Şahmar Ələkbərovun “Sahilsiz gecə” filmi nümayiş olunurdu. Tədbirə gələn mədəniyyət jurnalistlərindən biri rejissordan müsahibə alıb-ala bilməyəcəyini soruşdu. Mədəniyyətdən xəbəri olmayan, yazdığı mövzunu bilməyən jurnalistlərimiz var və təəssüf ki, qeyri-peşəkarlığı, savadsızlığı təhsildə, tibbdə və digər sahələrdə də müşahidə edirik.

Ailə-məişət seriallarından fərqli olaraq, “Gündəlik” dar mənada tematik serialdır, yəni, fokusda təhsilin və jurnalistikanın problemləridir. Geniş mənada isə, təhsil işçilərinin və jurnalsitlərin peşə fəaliyyətləri vasitəsilə cəmiyyətin müxtəlif, aktual problemlərinə nəzər salınır (erkən nikaha məcbur edilən qızların hekayəsi, valideynlərin uşaqların peşə seçiminə müdaxiləsi, psixoloji təzyiqi, nəticədə yeniyetmələrin intihara sövq edilməsi, şantajla məktəb rəhbərliyindən pul qoparmağa çalışan reket jurnalistlər, müxtəlif sahələrdə peşəkar qıtlığı və s.).  Hərçənd, buna qədər sosial-ictimai problemlərin əsas xətt kimi seçildiyi “Yoxlama”, “İfşa”, “İdarə”  kimi seriallar da yayımlanıb.

Struktur etibarilə “Gündəlik”, situasiya komediyası kimi qurulsa da, cəmiyyətin problemləri gülüş, satiradan çox, dramatik, faciəvi hadisələrdə göstərilir. 20 seriyadan ibarət, xronometrajı 25-30 dəqiqə olan serialda hadisələr, əsasən, “Maarif” jurnalının ətrafında baş verir. Bununla belə, mərkəzi süjetlər arasında əlaqə situasiya komediyası janrına uyğun olaraq ya yoxdur, ya zəifdir.


Müxtəlif hekayələr toplusundan ibarət olan serialın bölümləri məzmuna uyğun başlıqlara bölünür: “Müəllimlər çörək yemir”, “Ölən uşaqlardır”, “Casus axtarışı” və s. 

Bölümdən-bölümə mərkəzi motiv (və bu hekayələrin iştirakçıları) dəyişsə də, baş qəhrəmanlar, fəaliyyət məkanları dəyişmir və onların gündəlik iş, məişət qayğıları, münasibətləri, xırda-para konfliktləri əsas hekayənin yan süjetlərini təşkil edir.

“Gündəlik”, rejissor Pərviz Həsənovun ilk serial təcrübəsidiir. Bu seriala qədər o, sənədli, qısametrajlı bədii filmlər, eyni zamanda, televiziya üçün filmlər işləyib və işləyir. Rejissorun serial sektorunda debüt etdiyini nəzərə alsaq, sözügedən serialı ümumilikdə uğurlu iş saymaq olar. Rejissor nöqteyi-nəzərindən “Gündəlik” səliqəli işdir,  kadr kompozisiyaları sadədir, zövqlüdür, aktyorlardan alınan nəticə qənaətbəxşdir, kastinq uğurludur, hekayələrin tempo-ritminə uyğun, dinamika məqsədilə sıçrayışlardan  (Jump cut), epizodlar arasında məzmuna uyğun rep (Promete) parçaları ilə müşayiət olunan klip formatından istifadə edilib. Qəhrəmanların xarakterlərinə uyğun geyimlərini (geyim rəssamı Zəhra Məmmədli), həmçinin, əhvalatın  atmosferinin yaranmasında rol oynayan məkan seçimlərini də xüsusi qeyd etməliyəm.

Yaxşı düşünülmüş konsepsiyasına, vacib ideya və məqsədinə rəğmən, serialın əsas problemi ssenaridədir. Ssenari müəllifi Qan Turalı ilə uzun müddət birgə işləmişik, dost münasibətlərimiz olub, az-çox yaradıcı təbiətinə bələdəm. Qan Turalı ədəbiyyatda, indi isə kinoda müəllifliyə iddia etsə də, düşünürəm ki, o hər şeydən əvvəl istedadlı sayt redaktorudur və gündəmin nəbzini dəqiq tutmaq, mövzulara çevik yanaşmaq bacarığı var.  

Ssenarist kimi isə onun ssenarisinə peşəkar redaktor müdaxilələri qaçılmazdır. Əlbəttə ki, kino dilinə, serialın təbiətinə, dramaturgiyaya bələd olan peşəkar redaktorlardan söhbət gedir. Çünki Qan Turalı çoxməlumatlılığını, intellektual resurslarını ssenaridə düzgün nizamlamayıb, fəlsəfə, ədəbiyyat, tarix haqda bilgilərini, poetik, romantik, həyati düşüncələrini obrazların dilindən yeri düşdü-düşmədi dedirtməyə çalışıb. Bəzən bunlar (eyni zamanda postmodernsayağı gedişlər) yerinə düşsə də, əksər vəziyyətlərə süni müdaxilə kimi görünüb. Əksər ssenaristlərimizin ənənəvi problemi burada da təzahür edir; haqqında danışdığı hekayə və xarakterləri yaxşı araşdırmamaq və ya heç araşdrmamaq, həyati bilgilərin məhdudluğu və s.  

Ancaq bu, Turaldan çox, ilk növbədə prodüserin (baş prodüser Che Vuegara) səhvidir. Serial bir prodüser layihəsidir və adətən, seriallarda ssenarist qrupunun çalışması labüddür. Xüsusən də, hər bölümdə ayrı-ayrı süjet xətləri varsa, bu, qrup halında çalışmağı zəruri edir. Təbii ki, ssenaridən irəli gələn problemlər müəyyən məqamlarda rejissor işinə də təsirini göstərir.

Birinci ondan başlayım ki, ssenaridə plakatçılıq manerası önə çıxır. Problemlər, neqativ halların tənqidi, müəlliflərin niyyəti bədii vəziyyətlərdə həllini tapmaqdan çox, birbaşa bəyan edilir.


Misalçün, Dilarənin insanları qaranlıqdan çıxarmaq, şüurunu dəyişmək arzusu, yaxud “Konstitusiyada yazılıb ki, uşaq hüquqları dövlət tərəfindən qorunur. Yekə-yekə hərflərlə yazılıb. Axı biz uşaqlarımızı qoruya bilmirik. Yazmayaq da onda bunu. Biz uşaqlarımızı qoruya bilmiriksə, necə müəllim oluruq onda?!” kimi fikirlər son dərəcə didaktikdir və aktrisa İranə Kərimova (həm də rejissor) heç olmasa, fikrin doğru, təbii intonasiyasını, ifadə vasitəsini tapmalıydı. Üstəlik, tarix dərslərindən parçalarda, Dilarənin maarifləndirici mühazirələrində vizual həll kasadlığı, aktyor oyununda deklamasiyaçılıq sosial çarx intonasiyasını gücləndirir. Müəllimin hər hansı bilgini çatdırmasına zəmin yaradan ziddiyyətli, konfliktli situasiyanın olması vacib idi ki, bu zaman bədiiliyə xitab etmək də asanlaşardı. Yaxud bilgilər, informasiyalar şagirdlərlə müəllimin müzakirəsi zamanı, interaktiv formada ortaya çıxsaydı, bu səhnələr elə də yorucu olmazdı. 


Müqayisədə Natiq Qasımovla bağlı səhnə daha keyfiyyətli işlənmişdi və Dilarənin çıxışı təsirli, səmimi alınmışdı. Bəlkə, Natiq Qasımova qədər olan hissədə, onun hekayəsinə müraciətə səbəb verən, kontrastı gücləndirən hadisənin baş verməsi bu epizodu daha effektli edərdi. Ssenariyə görə, Dilarəni Natiqin hekayəsinə müraciətinin səbəbi, şagirdlərin löhvədə oğrular dünyasının işarəsini cızması olur və belə bir yanaşma bir qədər səthidir. Məsələn, “Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllimin Makedona dediyi “Əgər bir vaxt başa düşsən ki, səni nəyin üstündə vurdular, onda bəlkə səndən adam oldu” tənbehi-öyüdü ona görə inandırır və təbiidir ki, öncəki səhnədə Makedonun siçovulu yandırması hadisəsi baş verir.  Sonrakı epizodun əsaslandırılması, emosiyalara təsir göstərməsi üçün öncəki hadisə buna təkan verməlidir.


Yaxud, məktəblinin nişanlısı tərəfindən öldürülməsi hadisəsinə nəzər yetirək. Qətli şouya çevirən “Tik-tokerlə” Sənanın mübahisəsi, təklif olunmuş vəziyyət verbal və təsvir yanaşması baxımından yaxşı işlənilib. Lakin Sənanın sonradan müstəntiqlə söhbətdə erkən nikahlarla, “Tik-tokerin” davranışı ilə bağlı maarifləndirici, hüquqi şərhlərə ehtiyac yox idi. Çünki epizod dolğun işləndiyindən sözlər artıq görünür. Həmin epizodda zivədən asılan yeniyetmə donu fonunda bir kişinin asfaltdakı qanı yuması, həyət evinin dəmir barmaqlıqları arxasından televizorda yayımlanan “Bir cənub şəhərində” filmindən (“Bu uşaqların axırı necə olacaq, onlar kimi bandit olacaq” hissəsi) bir səhnəyə vurğu spontan təsir bağışlayır və ifadəli rakurslar hadisənin tragizmini  (operator Pərvanə İlham)  bütün çılpaqlığıyla çatdırır.


Bəzən Kəmalə və Sənanın dialoqlarında Qan Turalının tanış leksikonunun, klişe “mırtlarını”  (market satıcısı əhvalatı detallı danışanda, Kəmalənin “Mətləb  müəllim gəlib eləmir ki buralara”,  Sənanın “28 may” metrosu qabağında qızların ətindən qutab bişirən manyak, niyə qutab əvəzinə dönər etmirdi” replikaları kimi) da hiss edirdim. Ssenari qrupunun və redaktorun olması ona görə vacibdir ki, hər bir qəhrəmanın xarakterinə uyğun fərdiliyi, özünəxas leksikonu formalaşsın.

Bəzən vəziyyətlərin təbii yaranmaması, özü-özündən törəməməsi aydın bilinirdi. Kəmalənin barda oğlanla görüş səhnəsində dialoq belə başlayır:

-Dünən harada idin?

– Qohum toyu vardı, orda idim.

– Kimin toyu?

– Yeznəmizin əmisi nəvəsinin.

Sual-cavab, təklif olunmuş vəziyyət, Kəmalənin yüngül ittihamedici tonu müəlliflərin niyyətini (məqsəd, mentallığımızdakı bəzi nüansların tənqidi idi) erkən bəlli edir.


Bundan başqa kifayət qədər əsaslandırılmamış konfliktlər də vardı. Sənanın keçmiş sevgilisi Əliylə (Əliheydər Zeynalzadə) eşq yaşayır. Əli onu dostları ilə barda tanış edir və arada ciddi səbəb olmadan Dilarə qızı oradan qovur. Seksizm əleyhdarı, gender bərarabərliyinin tərəfdarı, qadın mövzusuna həssas yanaşan Dilarənin bir qadını alçaldaraq, nümayişkaranə qovması onun prinsiplərinə əslində zidd olmalı idi. Burada Dilarənin xarakteri ssenarist tərəfindən yanlış istiqamətləndirilib. 

Bir-birini inkar edən, ümumi ideya-problematikaya tabe olmayan ismarışlar da yox deyildi. Valideynlər birmənalı olaraq haqsız çıxarılır və belə təsəvvür yaradılır ki, bütün məsuliyyəti cəmiyyət, ailə daşıyır, üstəlik, Sövet dövrünün müəllimləri əzazil olublar, normal dərs keçməyiblər. Hətta bir epizodda Dilarə şagirdlərə valideyn səhvləri barədə mühazirə deyir. Növbəti səhnələrdə isə Sənan, təhsilin nüfuzunun aşağı olmasından, elmə tələbatın azalmasından gileylənirsə və əgər bir cəmiyyətin institutları qüsurludursa, təhsil, məktəb, müəllimlər tamamilə müsbət göstərilə bilməz.

Serialda ikinci planda maraqlı qəhrəmanlar yer alıb: orfoqrafik səhvləri düzəldən naməlum adamın terrorist, qatilsayağı obrazı, sevdiyi qız öldüyünə görə psixi travma almış və avtobusda qadınlara, qızlara yer verən kişi (Vüqar Əhmədov),  boşboğaz usta Zeynal (Anar Almazov), psevdointellektual market satıcısı (Midhət Aydın), onun sevib bəyəndiyi ingilis dili müəlliməsi Şəfiqə, süni intellekt istifadəçiləri, Simona de Bovuarı tanımayan feminist Xatirə. Bu obrazlar vasitəsilə vəziyyət bəzən absurd həddə çatdırılır.


Pərviz Həsənov dəqiq kastinq edib, bəzi rollara maraqlı, yeni üzlər seçib. “Yeni üz” demişkən, Marionet teatrının aktrisası Rasimə Abbasovanı kinomuz üçün kəşf saymaq olar. Rasimə Abbasova pafos daşıyan fikirləri belə özününküləşdirərək təbii deyir, düzgün, maraqlı ifadə vasitələri seçir və səmimi oyun göstərirdi.

Özünəməxsus xarakterlərdən biri, futbol həvəskarı, ictimai-siyasi hadisələrlə maraqlanan ana (Zemfira Əbdülsəmədova) obrazıdır. Z.Əbdülsəmədova istər kommersiya, istər müəllif filmlərinin təbiətinə uyğunlaşa bilən çox az peşəkar aktrisalardan biridir. Amma mənə elə gəldi ki, Z.Ədülsəmədova obrazın mahiyyətini tam mənimsəyərək, onu individual cizgilərlə xarakterizə etməyib. Formalaşmamış, “bişməmiş” bir xarakter kimi görünən ana obrazının bioqrafiyasını, kimliyini ssenarist özü üçün sanki aydınlaşdırmadan bəsit işləyib. Ananın siyasi şərhlərindən, “İnternasional”ı oxumasından, onun sol dünyagörüşünə malik olması sezilir. Ola bilsin ki, o, Sovet dövründə məsələn, komsomol katibi işləyib. İnformasiyanı qabartmaq məqsədilə divarda rəssam Vüqar Muradovun tablolarının asılması yox, solçuluğu ifadə edən vizual informasiyanın olması daha doğru idi. Çünki onda ananın “İnternasional”ı şövqlə oxumasının, replikalarındakı şüarçı intonasiyanın bəraəti olardı.


Dramaturji gedişat ana obrazının bütün seriyalarda görünməsini tələb etsə də, bəzən o, unudulurdu. Həmçinin, orfoqrafiya səhvlərini düzəldən personajın da xətti qırılır. Rejissorun sözlərinə görə, sözügedən obraz növbəti seriyalarda inkişaf etdiriləcək.

Mirzə Cəlilin “Usta Zeynal” hekayəsi ilə Zeynal obrazı arasında ssenarist uğurlu intertekstuallıq yaradır, Əlinin milli filmlərdən sitatlarını yerində işlədir. Sənanın və Kəmalənin serialda oynamalarına dair vurğuları (“ssenaridə oxumuşdum ki, Əli bu kafeyə gələcək”, “bizim ssenarist bir gündə 30 səhifə yazır” və s.) da dramaturji materialda yersiz görünmür.

Pərviz Həsənov dokumental üslubdan da istifadə edir; real tələbələrlə, onların təhsil və gələcək karyeraları barədə müsahibələr bədii materiala xələl gətirmir, əksinə, ona məzmun və rəng qatır.

Yuxarıda bəzi aktyor oyunlarını qeyd etdim. Digərlərinə gəlincə, Türkay Cəfərli istər tamaşalarda, istər filmlərdə, istərsə də seriallarda partnyorları ilə orqanik münasibət qurur, vəziyyəti dəqiq hiss edir.

Arif Kəskini canlandıran İqrar Salamov düşünürəm ki, çətin bir işin öhdəsindən gəldi. Çünki Sovet dövrünün xiffətini çəkən, öyüd-nəsihət verməyi sevən obrazları ifa edəndə aktyorlar adətən nitqlərində və psixo-fiziki planda mübaliğəni çox edirlər. İqrar Salamov bu mənada rolunu ifa edərkən ölçü hissini itirmir.


Rüfət mənfi qəhrəman olsa da, Elşən Hacıbabayev onu simpatikləşdirərək təqdim edir, ifasında şişirtməyə yol vermir, qroteskə qaçmır, hər vəziyyətinə inandırır və üstəlik, onun bəzən yaxşı tərəflərini də görə bilirik. Epizodlarda rol almış “Oyuq” teatr studiyasının istedadlı yetirmələri Selcan Xatunun, Aylin Nəcəflinin və digərlərinin də yaxşı aktyor oyununu qeyd etməliyəm.

Çatışmayan cəhətlərinə baxmayaraq, “Gündəlik” serialı ümumilikdə mövzusuna, yanaşmasına, təbliğ etdiyi ideyalara və digər qeyd etdiyim müsbət cəhətlərinə görə cəmiyyətimiz üçün vacib serialdır.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya