İki film – bir təhlil (“Günel” / “Sonuncu foto”)
Şirin Əhmədov “Günel” qısametrajlı bədii filmində (həm də filmin ssenaristdir) mentallığımız və cəmiyyətimizin həssaslıqla yanaşdığı xəyanət mövzusunu işləyib. Həssaslığı nəzərə alaraq, Yutub kanalında yerləşdirilmiş sözügedən filmə yazılan şərhləri oxudum. Çünki şərhlər, bu mövzuda çəkilən kinohekayələri sıravi tamaşaçının necə bir rakursdan görmək istəməsi haqda ümumi təsəvvürlər yaradır. Gözlədiyim kimi, bir qism şərhçi rejissordan tələb edirdi: final başqa cür bitməliydi!
Hekayəyə əsasən, maddi çətinliklər içində yaşayan gənc ailənin qadını Günel (İlmira Odinayeva) varlı kişiylə ərinə (Ümüd Abbas) xəyanət eləyir. Xəyanətə şahidi olan ər mənəvi ağrıya dözərək, susaraq qadını tərk edir. Tamaşaçını qıcıqlandıran məhz kişinin susması, hərəkətsizliyidir. Açıq yazılmasa da, şərh müəllifləri kişinin qadını qətlə yetiriliməsinin vacibliyinə eyham vururudular.
Azərbaycan Kinematoqrafçılar İttifaqının “Yeni Azərbaycan kinosu” layihəsində “Günel” filmi nümayiş ediləndə, onda rejissora qadını “qətlə yetirmədiyi”nə görə təşəkkür eləmişdim. Təbii ki, bütün növ xəyanətlər (dost, vətən, əqidə) son dərəcə ağır mövzudur. Qadın-kişi xəyanəti daha individual, subyektiv, mürəkkəbdir və bu, elə bir situasiyadır ki, ondan çıxış yolunun qətl olmadığını göstərmək, alternativ hekayələr təklif etmək kinonun vacib vəzifələrindən biridir. Vaxtaşırı xəbər saytlarında xəyanət səbəbilə törədilən qadın qətlləri haqda oxuyuruq. Görünür, hadisənin təfərrüatını açmayan, sadəcə informativ yüklü bu məzmunlu xəbərlərin yayılması, eyni zamanda, qadın xəyanətini yalnız qanla yumaq haqda düşüncə ştampları səbəbindən fərd, alternativ seçimi qəbul etmək istəmir. Və kinoda da bu, baş verməyəndə hadisə qeyri-təbii qəbul olunur. Yeri gəlmişkən, xəyanət motivinin yer aldığı “İkinci pərdə”nin prodüseri Orxan Mərdanın fikrincə, kommersiya baxımından filmin uğursuzluğunun səbəbi onun hekayəsinin səhv qurulmasındaydı, yəni xəyanətlə üzləşən kişinin qadını bağışlaması tipik hadisə deyildi…
Reallığımızda mətbuata çıxmayan, ölümlə sonlanmayan xəyanət hekayələri illah da ki mövcuddur. Ş.Əhmədov bu mənada ənənəvi yolla getmir, qəhrəmanını instinktiv aktdan çəkindirir, qatili yox, xəyanəti mənəvi və fiziki çöküş səviyyəsində yaşayan kişi qəhrəmanı mərkəzə gətirir…
Hərçənd, rejissor nəqli bir sıra hallarda düzxətli işləyib, hadisələrin zəruri gözlənilməzliyini saxlamayıb, tamaşaçını belə demək mümkünsə, psixoloji cəhətdən çox rahatlayaraq öncədən açıq informasiyalar ötürür. Misalçün, xəyanətin baş verəcəyini Floberin “Madam Bovari” əsərinin iri planda xüsusi vurğulanması bəyan edir. Analoji hal, Günelin xəyanət elədiyi gənc kişini kadrın mərkəzinə qoymaqla, ərdə şübhə toxumlarının cücərtilərini açıq göstərməklə təkrarlanır. Bundan başqa, bərbərin kişini oğurluq haqda söhbətə çəkməsi (qəhrəman maddi imkansızlıq üzündən oğurluq edir) səhnəsi də əhvalatın strukturuna təbii şəkildə daxil olmur. Daha doğrusu, rejissor niyyətinin ifadəsi üçün uyğun bədii vəziyyətlər, həllər qurmayıb.
Başqa bir məsələ, Şirinin qadına özünübəraət üçün yer qoymamasıdır. Sırf maddi səbəblər üzündən ərinə xəyanət illüstrativ yanaşmadır. Yaranmış vəziyyətdə tamaşaçı qadını tanımır, daha doğrusu, müəllif onu ümumi, sxematik ştrixlərlə tanıdır. Günelin səliqəli geyimi ilə evin pinti görkəmi arasında ziddiyyət maddiyyata, meşşanlığa meylinə dair qəti qənaət yaradır, lakin onun daxili dünyası haqda məlumatsız qalırıq.
“Bakı küləyi”ndə olduğu kimi burada da, başlıca yanaşma sosial-məişət problemləri fonunda fərdin mənəvi dünyasına, onun reaksiyalarına, çətinliklərə nə qədər dayanıqlı olmasına yönəlir. Personajların yaşamı, aid olduğu mühiti dolğun göstərmək və əhvalatı sosial qatda daha dramatikləşdirmək üçün yoxsul estetikada məkanlar – təmirsiz, köhnə-kürüş əşyalı interyer, boz şəhər mənzərələri, küçədə zibilikdə eşələnən kişi (təsvir rejissoru Yusif Qasımlı) vurğulanır.
Ümumiyyətlə, müəyyən qüsurları istisna etsək, rejissor sosial anturaja vizual detallarla nail olur, maraqlı musiqi həlli tapır və materialda onun təcrübəsi, müşahidəsi sezilir. Kişi həqiqəti öyrəndiyi andan kamera daha ləng templə işləyir, onun çarəsizliyi, ağrısı yalnız mənəvi-psixoloji yox, fizki səviyyədə də təzahür eləyir, qəhərini boğmaq üçün masada qalmış yeməkləri tıxaması, arvadının həzz səsini eşitməməkdən otrü qulaqlıq taxaraq musiqi dinləməsi, barmaqlarını panik şəkildə didişdirməsi və s.
Şirin Əhmədov daha çox natura musiqisindən istifadə eləyir, Günelin mobil telefonundakı həzin zəng musiqisi kişinin ovqatını əks etdirir. Arvadının məşuquyla gülüş səsinin eşitməməsi üçün ərin dinlədiyi, Lui Armstronqun caz tərzində “La vie en rose” mahnısı həm kadrdaxli, həm kadrarxası musiqiyə çevrilir, paralel montajda o, əzab çəkən ərin kədərini, qadının isə xoşbəxtliyini ifadə edir. Musiqinin ikili mənayla istifadəsi materiala dramaturji müstəvidə başqa keyfiyyət qazandırır. Proloqda bu musiqinin müşayiətilə Günelin yaxın planda gülümsəyən üzü həm də hekayənin final səhnələrindən biridir.
Hər halda kişi rejissorlarımıza arzulayıram ki, gələcək filmlərində xəyanət hadisəsinə bir də qadın qəhrəmanın gözüylə baxsınlar.
************************************
Türkan Hüseynin debütü “Sonuncu foto” qısametrajlı bədii filmi janr nöqteyi-nəzərdən milli kinomuzun tarixinə qısa dönüşə – retrospeksiyaya dəvət eləyir. Kriminal, detektiv janrlı filmlərin ənənəsi sarıdan təəssüf ki, zəngin tarixə malik deyilik və klassikaya çevrilmiş “Arxadan vurulan zərbə”, “İstintaq”, “Şeytan göz qabağında”, “Aşkarsızlıq şəraitində” kimi peşəkarlıqla çəkilmiş filmlərin sayı çox olmadı.
Hərçənd, Türkanın əhvalatının qəhrəmanları polis orqanlarının işçiləri olsa da, filmin yuxarıda sadaladığım janrlarla elə bir əlaqəsi yoxdur. “Sonuncu foto” (ssenarist Türkan Hüseyn) janr etibarilə daha çox psixoloji drama uyğun gəlir. Çünki müəllifin tədqiqatı, əsasən, müstəntiq (Qorqud Cəfər), ekspert (İsmayıl İman) və polisin (Kənan Məmmədli) iş prosesində üzləşdikləri qeyri-adekvat, çətin vəziyyətlər zamanı keçirdikləri mənəvi çətinliklər, tərəddüdlər haqdadır. Ona görə rejissor intihar aktının səbəblərinə, onun araşdırlmasına və intihar edənin özünü şübhəli aparan nişanlısına ötəri zaman ayırır, bunlarla bağlı detallara girmir. Yanılmıramsa, milli kinomuzda polis işçilərinin fəaliyyətinə ilk dəfə belə mənəvi-əxlaqi rakursdan yanaşılır.
Filmin məzmununa görə, polis əməkdaşları intihar törədilən yerə təhqiqata gəlirlər. Lakin istintaq tələblərinə uyğun olaraq intihar edənin son fotosunu çəkməyi unudurlar. Və hadisə yerinə qayıdaraq, intihar edən şəxsi yenidən asaraq fotosunu çəkmək onlara mənəvi əzablar bahasına başa gəlir. Elə əhvalatın ən maraqlı, gərgin hissəsini də onların reaksiyaları, düşdükləri durum təşkil eləyir.
Rejissor, cəmiyyətimizdə ümumən, müsbət obraza malik olmayan polis işçisini mənəvi tərəfdən araşdırır, qeyri – tipik hadisədə yaşananlar tamaşaçını emosional baxımdan onlara istər-istəməz yaxınlaşdırır. Dramatik vəziyyətin içindən yumor təbii şəkildə meydana çıxır, əslində, yumoru diktə eləyən elə vəziyyətin özüdür. Hadisəyə zahiri sakitlik xasdır, daxili gərginliyi ötürmək üçün rejissor pauzalardan yerində istifadə edir, pessimizm ovqatlı gecə təsvirləri, rakurslar (operator Xalid Zeynalov), adamsız küçələr, küləyin kədər, tənhalıq hissi verən uğultusu, əhvalata bir az da nuar ab-havası qatır.
“Sonuncu foto” sadə struktura malik, hissə qapılmadan, soyuqqanlı çəkilən, səliqəli montajı olan pafossuz filmdir. Rejissorun montaj mərhələsindəki pedantlığı hiss olunur: filmdə artıq kadr yoxdur, dialoqlar isə lakonikdir.
Qorqud Cəfərdən başqa digər iştirakçılar qeyri-peşəkar aktyorlardır. Ümumiyyətlə, Qorqud müasir kinonun maraqlı simalarından biridir, filmdə onun tərəf müqabilləri ilə müqayisədə rahatlığı da dərhal nəzərə çarpır.
Sevda Sultanova