İNDİ OXUYUR
Gümüşgölün sirri nədir?

Gümüşgölün sirri nədir?

Qədim Misir mifologiyasına görə, insan öldükdən sonra onun qəlbi lələklə tərəzidə çəkilərdi. Əgər qəlbi lələkdən yüngül olsaydı, o, axirətdə cənnətə getməyə layiq görülərdi. Gümüşgöl əfsanəsi də belədir ki, sadəcə təmiz və günahsız insanlar onun üzərində gəzə bilər. Göl, insanın mənəvi saflığını yoxlayan sakral bir məkandır. Rejissor Eldar Quliyevin “Gümüşgöl əfsanəsi” filmi bu mövzu ətrafında dövr edir. 

Gənc sənətşünas olan Fərid filmin əsas obrazıdır. Hələ ilk dəqiqələrdən etibarən anasının Fəridə qız tapmaq cəhdlərini izləyirik. Lakin Fərid bu təşəbbüslərə məhəl qoymur. Peşəsi ilə əlaqədar olaraq əl işi xalçalarının alqı-satqısı ilə məşğuldur. Bacarıqlı xalçaçı olan Səidədən xəbər gəlmədiyi üçün Fərid onu razı salmaq məqsədi ilə kəndə yollanır. Lakin bu yeganə səbəb deyil. Dostları ilə əylənərkən səhvən bir adamı maşınla vururlar və onun öldüyünü düşünərək hadisə yerindən qaçırlar. Yəni, Fərid kəndə sadəcə iş üçün yox, həmçinin öz vicdanının səsindən qaçmaq üçün üz tutur. 


Fərid kəndə daxil olanda qarşılaşdığımız ilk mənzərələrdən biri qadının alovun başında dua etməsidir. Dua ərəbcə oxunsa da, bu, bizi İslami ritualdan daha dərin qatlara zərdüştlüyə, hətta şamanistik inanclara yönləndirir. Sufilər tez-tez Allaha olan sevgini “yanmaq”, “ərimək”, “kül olmaq” kimi ifadələrlə təsvir ediblər. 

Bu səhnə artıq bizim müqəddəs, sirlərlə dolu bir məkanda olduğumuzun xəbərini verir. Evin içində qabların üç dəfə ardıcıl olaraq düşüb qırılması sadəcə təsadüfi məişət hadisəsi deyil. Hər sınmaq bir xəbərdarlıqdır. Bu, məkanın, içərisində oturan günahkara verdiyi metafizik reaksiyadır. Səidənin bu anlarda dilləndirdiyi “Allah xeyrə calasın” ifadəsi də əbəs yerə səslənmir. Səidə hər şeyin fərqindədir.

Səidənin qızı Leyli mənəvi təmizliyin, səmimiyyətin və təbiətlə vəhdətin təcəssümüdür. O, sanki bir güzgüdür. Fəridlə ilk yaxın ünsiyyəti – onların birlikdə çay içdikləri səhnə – bu güzgü metaforasını vizual olaraq canlandırır. Onlar əvvəlcə bir-birilərini diqqətlə süzür, susaraq baxışırlar. Sonra çayı eyni anda içib hər ikisi də dillərinin yandığını hiss edirlər. Leyli, Fəridin içinə “güzgü tutur”, ona onu göstərir.

Leyli bu kəndin mistikasında xüsusi yer tutur. O, otları tanıyır, onların dillərini bilir. Onun səmimiyyəti, təbiiliyi və şirindil ünsiyyəti insanın hələ də korlanmamış tərəfini təmsil edir. Leyli haqqında bircə kəlmə neqativ söz belə demək mümkün deyil. 


Leyli Fəridi Gümüşgölə aparır. Onun gölə hər gəlişində yaylığını çıxarması ritual xarakteri daşıyır. Bu, ya hörmət ya da azadlıq aktı kimi yozula bilər. Bu hərəkət Leylinin gölə qarşı münasibətindəki səmimiyyəti ifadə edir. O, bu suyun sirrini bilir və bura daxil olarkən maskalardan azad olur.

Gümüşgöl filmdə mənəvi imtahanın təcəssümüdür. Burada Gümüşgöl, Maat lələyidir, Sirat körpüsüdür, Sanzu çayıdır. Leyli gölün üstündə yeriyir, bəli, o batmır. Bu səhnə açıq-aşkar İsa Məsihin metaforudur. Leyli suyun üstündə yeridikcə onun mənəvi saflığı öz təsdiqini tapır. Fərid isə hər addımında daha çox batır. Bu da əlamətdardır: göl onu qəbul etmir, çünki o hələ özü ilə barışmayıb, öz günahını qəbul etməyib. Gümüşgöl bu mənada bir ayna deyil, tərəzidir. Leyli bu tərəzidə yüngül, Fərid isə ağır gəlir.

Filmdə Dəmir obrazı sakit və sərt xarakterlə təqdim olunur. O, Leylinin nişanlısıdır, lakin onların münasibəti heç zaman emosional əks olunmur. Hətta onlar filmboyu qarşılıqlı dialoq belə qurmurlar. Ən simvolik səhnələrdən biri Dəmirin hasar hörməsidir. Vizual kompozisiyada Dəmir hasarın bir tayında, Leyli isə digər tayındadır. Onların arasında nəinki fiziki, həmçinin ruhi sədd var. 

Fərid kənddə yaşadığı mənəvi sarsıntıdan sonra şəhərə qayıdır, sevgilisi Nərgizin evini ziyarət edir. Dostunun içəridə radio dinlədiyini görəndə artıq bu məkana mənsub olmadığını anlayır. Elə bu səbəbdən, açarı qapının üstündə qoyub çıxır. Bu jest, onun bu evdən və bu münasibətdən imtinasıdır. Fəridin laqeydliyi bununla bitmir, davam edir. Nərgizin xəyanət etirafına belə biganə yanaşır. Lakin, fikrimcə, onun “xəyanəti” kifayət qədər motivasiyaya malik deyil. Nərgiz obrazı daha anlaşıqlı və dərindən işlənə bilərdi. 


“Məhəbbəti qazanasan gərək, hələlik sənin əlindən gəlmir bu” – Nərgizin səsləndirdiyi bu fikir, Fərid obrazının açar nöqtələrindən biridir. O, Leylinin təmsil etdiyi mənəvi ucalıqdan hələ uzaqdır, o hələ tam təmizlənməyib.

Bir tərəfdə Leyli xalça toxuyur. Bəlkə də, bu, onun üçün Fəridlə təkrar qarşılaşmağın yeganə yoludur. Digər tərəfdə isə Fərid həqiqətlə üzləşir: maşın qəzasında vurulan adam sağdır. Budur, Fərid əslində heç bir xəta törətməyib. Lakin bu həqiqət onu yüngülləşdirmir. İndi Fərid dostları ilə şənlikdədir. Hamı gülür, rəqs edir, lakin musiqi yoxdur. Fərid, olduğu məkana aid deyil, onun ağlı, fikri Leylidədir. 

Bu səhnədə rəngli işıqlar, rəqs edən bədənlər və vizual canlanma var. Lakin Fəridin mənəvi narahatlığı bu görüntü ilə dissonans yaradır. Məhz bu səssizlikdə Fəridin zehnində Leylinin zorakılığa məruz qaldığı səhnə canlanır. Bu hadisə real olaraq baş veribmi ya da bu, Fəridin günah hissinin vizuallaşmasıdırmı?

Filmdə Dəmirin kəndi tərk etdiyi göstərilir, bu da zorakılıq aktının həqiqi yoxsa xəyali olduğunu ayırmağı çətinləşdirir. Hadisənin həqiqətən baş verməsi mümkündür, amma onun təsdiqi və ya təkzibi filmdə açıq qalıb. Bu səhnə real hadisədən daha çox Fəridin vicdanının inikası kimi oxunur. Gölə addımlayan Leyli yavaş-yavaş batır. “Məni aldatsan, bataram” xəbərdarlığını xatırlayırıq. Bu cümlə filmin bütün mənəvi arxitekturasının dayağıdır. Hətta Leylinin göldə batma səhnəsi, real olub-olmamasından asılı olmayaraq, bu sözlərin doğruluğunu təsdiqləyir: o aldanır və batır.


Rejissor Eldar Quliyev burada reallıq və illüziya arasındakı sərhədi bilərəkdən pozur. Bu pozuntu da filmin mistik mahiyyətini daha da gücləndirir. 

Filmdə maraqlı obrazlardan biri də Həsənağa Turabovun canlandırdığı hamıya maraqlı suallar verən Ağazəki obrazıdır. Fərid əvvəllər Ağazəkinin bir sualını belə cavablaya bilmirdi. Çünki o özü də hələ kim olduğunu, nə istədiyini, hansı dəyərlərə sahib olduğunu qavramamışdı. Sonda isə bütün sualları cavablayır. Bu səhnə sufist “mürid-mürşid” münasibətini xatırladır: şagird mənəvi yolun sonunda müəllimin sınağından keçə bilir. Bu da Fəridin mənəvi tamamlanmasından xəbər verir. 

Fərid artıq əvvəlki adam deyil. O, laqeyd münasibətlərdən uzaqlaşaraq kəndə, Leyliyə qayıtmaq istəyir. Lakin bu yol maneələrlə doludur. Kəndə avtobus bileti yoxdur, geriyə dönüş mübarizəsiz olmur. Yoldan keçən bir başqa avtobusda Fərid Leylini görür. Avtobusun arxasınca qaçır lakin avtobus saxlamır. Ta ki… Leyli pəncərədən ona baxır. Artıq Fərid kim olduğunu anlayır. Avtobus elə bu anda dayanır. Nə qədər ustalıqla qurulmuş olsa da, final səhnəsindəki qovuşma çox sürətli baş verir. İzləyici bu anın emosional yükünü tam mənimsəməmiş film bitir.

Film sona çatır, lakin bir sual bizi narahat edir. Xəta törətmədiyin halda vicdanın narahatdırsa, sən hələ də günahsızsan? “Gümüşgöl əfsanəsi” bu sualı cavabsız qoymur. O göstərir ki, günah sadəcə konkret əməl yox, həmçinin niyyət və məsuliyyəti boynuna almamaqdır. Həqiqi mənəvi təmizlənmə isə öz “mən”inlə üzləşəndə baş verir. Fəridin təmizlənmə yolunda keçdiyi sınaqlar filmin əsas fəlsəfi xəttinə çevrilir. Nəticədə, vacib olan – günahsız olmaq yox, öz günahının ağırlığını daşıya bilməkdir. 

Aytən Abdullayeva

Fotolar Azərbaycan Dövlət Film Fondundan təqdim olunub.

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya