İNDİ OXUYUR
Gülbara Tolomuşova: “Veteranlar gənclərə yol verməlidir”

Gülbara Tolomuşova: “Veteranlar gənclərə yol verməlidir”

Qırğız kinoşünası, FİPRESSİ və NETPAC-ın üzvü Gülbara Tolomuşovanın fəaliyyətini sosial şəbəkələr vasitəsilə çoxdan izləyirdim. II Bişkek Beynəlxalq Kino Festivalında isə şəxsən tanış olub xeyli söhbət etmişdik. Gülbara xanım əsl kino aşiqi, daha doğrusu, qırğız kinosunun aşiqidir. “Qırğız möcüzəsi”, keçmiş, indiki rejissorlar, filmlər, aktyor və aktrisalar haqqında saatlarla yorulmadan danışa bilər. 

– Gülbara xanım, “Qırğız möcüzəsi”, “Qırğız fenomeni” nədir? Necə yarandı və ona qədər nə vardı qırğız kinosunda?

– Mən belə başa düşürəm ki, qırğız kinematoqrafiyası bütün keçmiş Sovet məkanında ən gənc kinodur. Qırğız kinosunun ad günü 17 noyabr 1941-ci ildən hesablanır. Məsələn, tacik kinosunun tarixi 1929-cu ilin oktyabrından başlayır. Qırğız kinosunun formalaşması müharibə illərinə təsadüf edib. Başlanğıcda başqa millətlərdən olan gəlmə rejissorlar tərəfindən daha çox sənədli filmlər çəkilirdi. Məsələn, Kiyevdən sonralar məşhur sənədli film rejissorları olan Qerşteyn qardaşları (Yuz və İzya Qerşteynlər – red.) gəlmişdilər. Onlar, bir növ, qırğız kinosunun pionerləri sayılırlar. Qırğızıstanda ilk bədii tammetrajlı film 1955-ci ildə çəkilmişdi və “Səltənət” adlanırdı. (rej:V.M.Pronin – red.)  Bəziləri onu ilk qırğız bədii filmi hesab edirlər. Amma bəziləri, filmin rejissoru da, ssenari müəllifi də gəlmə olduğuna görə bununla razılaşmırlar. Film, qırğız qadınının həyatından bəhs edirdi, aktyorlar qırğız idilər, sadəcə pavilyon səhnələri “Mosfilm”də çəkilmişdi və elə orada montaj edilmişdi. Məhz qırğız rejissoru tərəfindən çəkilən ilk film isə 1964-cü ilə təsadüf edir.  Bu, Melis Ubukeyevin “Çətin aşırımlar” filmidir. Sovet prokatında film “Ağ dağlar” adlanırdı, qırğız prokatında isə “Çətin aşırımlar”. Hərçənd Melis Ubukeyev ilk rejissorumuz deyildi. İlk qırğız rejissorları qadınlar olub, ÜDKİ-nin tələləbələri Fatimə Mamuraliyeva və L.Turusbekova. Amma F.Mamuraliyeva, fəaliyyətini dublyaj rejissoru kimi, L.Turusbekova isə sənədli kinoda davam etdirmişdi. Deməli, birinci, Melis Ubukeyev. İkinci, Tolomuş Okeyev. Okeyev Leninqradda səs rejissoru kimi təhsil almışdı, amma kino çəkmək istəyirdi. Buna görə də ali rejissorluq kurslarına daxil olur. 1965-ci ildə rejissor kimi sənədli “Bu atlar” qısametrajlı filmini çəkir. Yəqin, görmüsünüz, atlar sürətlə çapırlar. Okeyevlə, onun daimi operatoru Kadırjan Kadıralıyev bu prosesi əl kamerası ilə çəkmişdilər. Çox möhtəşəm filmdir. 1966-cı ildə Tolomuş Okeyev “Bizim uşaqlığımızın səması” tammetrajlı bədii filmini çəkir. Bu, onun bütün yaşıdlarının uşaqlığına aid hekayə idi və bu günə  qədər festivallarda ən çox nümayiş olunan filmdir. Bütün qırğızlar bu filmi sevirlər. Yeri gəlmişkən, “Bizim uşaqlığımızın səması”, Sovet prokatında qoyulmuş ad idi. Qırğız prokatında isə film, “Bakayın otlağı” adlanırdı. Üçüncü, Gennadi Bazarov. O, “Çətin aşırımlar” filmində kostyum rəssamı olub. Daha sonra ÜDKİ-də oxuduğu müddətdə “Dua” (1964) və “Pauza” (1965) adlı iki çox gözəl qısametrajlı film çəkir. Filmlər yaxşı mənada böyük səs-küy yaradır. Çingiz Aytmatov da onlara baxır və Bazarova  “Ana tarla” hekayəsini ekranlaşdırmağa icazə verir (1967). Bu, Bazarovun ən yaxşı filmidir. Və nəhayət, dördüncü rejissor Bolat Şamşiyev. O da ÜDKİ-nin məzunu idi. 1965-ci ildə diplom işi kimi çəkdiyi “Manasçı” (“Manas” dastanını danışan insan – red.) 1966-cı ildə Oberhauzen Qısa Filmlər Festivalının əsas mükafatına layiq görülür. Şamşıyev “Manasçı”dan sonra “Çoban” adlı daha bir sənədli film çəkir və ardınca qazax yazıçısı Muxtar Auezovun “Aşırımda atəş səsi” povesti əsasında “Karaş aşırımında atəş” (1968) adlı filmlə bədii kinoda debütünü edir. Bu da unikal filmdir və Qazaxıstanla Qırğızıstanın müştərək işi sayılır. Şamşıyev bu filmlə həm də qırğız kinosunun aparıcı aktyorlarından birini – Suymenkul Çokmorovu kəşf edir. Çokmorov bizim bir nömrəli aktyorumuz idi, Ümumittifaq Kinofestivalında dörd dəfə ən yaxşı aktyor kimi mükafat almışdı. Kurosava da onu çox bəyənirdi. Sadaladığım bu dörd rejissor qırğız milli kinosunun əsasını qoyanlar və “Qırğız möcüzəsi” fenomenini yaradanlardır. Məhz bu ardıcıllıqla: Ubukeyev, Okeyev, Bazarov və Şamşıyev. Niyə onların filmləri “Qırğız möcüzəsi” adlandırılmışdı? O filmlərə baxmaq üçün Moskvadan tənqidçilər, Dövlət Kinematoqrafiya Komitəsinin nümayəndələri gəlirdilər. Belə baxışların birində qonaqların arasında Sergey Yutkeviç də olub və film bitəndən sonra “Bu qırğız möcüzəsidir” deyə qışqırıb. O filmlərin yaranması həqiqətən möcüzə idi, çünki “Qırğızfilm” Sovet respublikaları arasında həm ən gənc, həm də ən pis təchiz olunmuş studiya idi. O qədər pis idi ki, rejissorlar eyni vaxtda işləyə bilmirdilər. Biri çəkib-bitirib montaja girəndən sonra digəri işə başlaya bilirdi. Belə növbələşirdilər. Moskvadan gələnlər də bunu başa düşürdülər. Bu filmlərin post-prodakşnı üçün “Qırğızfilm”də heç bir şərait yox idi. Mənim anam montajçı idi, ondan bilirəm. Rejissorlar post-prodakşn üçün “Mosfilm”ə, “Lenfilm”ə, “Qorki” kinostudiyasına getməli olurdular.

– Təkcə rejissorluq cəhətdən deyil, qırğız kinosunda həm də çox yaxşı operator və montaj məktəbi də var. Mənim festivalda izlədiklərim hələ bərpa olunmamış filmlər idi, buna baxmayaraq, təsvir həllində müəyyən nüansları görmək mümkün idi. Yəni, keyfiyyət hiss olunurdu.

 – Elədir. “Çətin aşırımlar” filminin operatoru Kadırjan Kadıraliyev Qırğızıstanda operator dinastiyasının əsasını qoyub. Onun nəvəsi də, oğlu da operatordur. Bax, bu insanlar, demək olar, heç bir resursları, texniki bazaları olmadan qırğız möcüzəsini yaratmışdılar. Biz onları “60-cılar” adlandırırıq. Həmin illərdə Qırğızıstanda teatr da, opera da, balet də inkişaf edirdi.

– Və 1960-cı illər həm də “Yeni dalğa”nın yarandığı, italyan neorealizminə aid filmlərin Sovet İttifaqına da ayaq açdığı dövrdür. Adlarını sadaladığınız rejissorlar, yəqin ki,  ÜDKİ-də bu cərəyanlar barədə eşitmişdilər, görmüşdülər. Amma filmlərində bunun təsiri hiss olunmur.

– Neorealizmdən təsirlənənlər də vardı. Məsələn, Dinara Asanova. O da sadaladığım rejissorlarla eyni başlamışdı fəaliyyətə. Onların hamısı yaşıd idilər. Yəqin, bilirsiniz, ÜDKİ-yə orta məktəbi bitirən kimi daxil olmaq mümkün deyildi. Ən azı, bir il bu sahədə işləmək lazım idi. Şamşıyev universitetə qədər kinostudiyada asistent işləyib, Dinara Asanova “xlopuşka” vurub. Onların həmin filmləri burada, yəni “Qırğızfilm”də də görmək imkanları vardı. Çünki bilirəm ki, Dinara Asanova hələ ÜDKİ-yə getməzdən əvvəl burada kişi və qadın münasibətindən bəhs edən “Lya-lya” adlı qısa film çəkmişdi. Filmin operatoru danışırdı ki, həmin vaxt onlar Antonioniyə vurğun idilər. Yeri gəlmişkən, 70-cilər adlandırdığımız növbəti nəsil özündən əvvəlkilərin uğurlarını təkrarlaya bilmədi. 1960-cı illərin filmləri daha sərt, daha cəsarətli idi. Məsələn, Ubukeyevin “Çətin aşırımlar” filminin finalındakı süvarisiz atlar, elitası Sovet hökuməti tərəfindən məhv edilmiş Qırğızıstanın simvolu idi. Ümumiyyətlə, o dövrün filmlərində belə simvollar, eyhamlar çoxdur.

– Mən indi 1990-cı illər barədə soruşmaq istəyirəm. Həmin illərdə, SSRİ dağılandan sonra bütün respublikalarda kino dərin böhran içində olanda sizdə 1960-cı illərdəki təzahür təkrarlanır, bir neçə rejissor yığışıb qırğız kinosunu yenidən ayağa qaldırırlar.

– Hə, qırğız kinosunun ikinci böyük dördlüyü. Təsəvvür, edin: 1993-cü il. Hər şey çox pisdir, biz çarəsizlik içindəyik, hər kəs depressiv əhvali-ruhiyyədədir. Elə həmin vaxt biz Aktan Arım Kubatın “Yelləncək” filmini gördük. Filmin qəhrəmanı öz əzablarına qalib gələrək rəssam olur. Və biz başa düşdük ki, hər şeyin öhdəsindən gələ bilərik. Aktan Arım Kubatın ardınca Ernest Abdıjaparov, Temir Birnazarov dahiyanə qısa filmlər çəkməyə başladılar. Marat Sarulu çəkməyə başladı. Bu yolu onlara “Yelləncək” filmi ilə Aktan göstərdi. Filmin dünya premyerası Lokarno festivalının qısa filmlər bölməsində olmuşdu və əsas mükafatı qazanmışdı.

– Gülbara xanım, bu rejissorlar maliyyəni haradan tapırdılar? Çünki artıq kinostudiyaları maliyyələşdirən bir mərkəz yox idi.

– “Yelləncək” özəl şirkətin istehsalı idi və bankdan kredit götürmüşdülər. Film bütün dünyaya səs salandan sonra qırğız prodüserlər yeni müəlliflər axtarmağa başladılar. Marat Sarulunu “Mayakfilm” şirkəti bu cür tapmışdı. Moskvadan gələn pullar kəsilmişdi, amma kinostudiyanın ovaxtkı direktoru onlara qəpik-quruş verə bilirdi. Mənim yadımdadır ki, onlar kinostudiyada işləyəndə köklə qidalanırdılar. Daha sonra, Marat Sarulu özünə Qazaxıstanda prodüser tapmışdı. Onun ilk filmləri qazax prodüserin dəstəyilə çəkilmişdi. Bu dördlük belə başlamışdı. Aktanın “Beşkempir” (“Övladlıq”) adlı növbəti filmi 1998-ci ildə Lokarnoda “Gümüş leopard” mükafatını almışdı və o, “Maymıl” (“Meymun”) filminin üzərində işləməyə başlamışdı. Buna görə də, 1999-cu ildə Kinematoqrafçılar İttifaqının qurultayında ona ittifaqın sədrliyi təklif olunanda o, film çəkdiyini deyib imtina etdi. Onda kim olduğunu xatırlamıram, deyəsən, elə Aktanın özü idi, Kinematoqrafçılar İttifaqını kollektiv idarə etməyi təklif elədi. Nəticədə, ittifaqın Aktan Arım Kubat, Ernest Abdıjaparov, Marat Sarulu, Şamil Cabbarov, Bakıt Karaqulov və Aleksandr Korotenkodan ibarət beş sədri oldu. Korotenko menecer idi. Aktan dedi ki, bizə belə bir adam lazımdır, gəlin, onu da salaq. Beləcə, məşhur yeddilik çıxdı – Qırğızıstan Kinematoqrafçılar İttifaqının yeddi katibi. Ondan sonra Kino Evində həyat canlandı. Onlar bir neçə il, yanılmıramsa, 2002-ci ilə qədər ittifaqa rəhbərlik etdilər. 2001-ci ildə isə Kino Qanunu qəbul olundu. Bütün güc bu qanunun hazırlanmasına yönəlmişdi. O vaxt Dooronbek Sadırbayev adlı bir rejissorumuz parlamentdə deputat idi və o da qanunun qəbul olunmasına lobbiçilik edirdi. Həmin qanuna əsasən, “Qırğızfilm” kinostudiyasına hər il müəyyən məbləğ ayrılması nəzərdə tutulmuşdu. İndi bu qanuna əməl olunmadığı deyilir, amma orada nəzərdə tutulduğuna görə, “Qırğızfilm” kinostudiyasına hər il maliyyə ayrılır.

– Bir də yanılmıramsa, bu rejissorlar Qırğız kinosunun inkişafı strategiyasını hazırlamışdılar.

– Hə, onlar sadə bir strategiya hazırladılar – ildə on film çəkməliyik, onlardan, ən azı, beşi “A” kateqoriyalı festivallarda iştirak etməlidir, buna necə nail ola bilərik və sair və ilaxır. Bu cür sadə bəndlərdən ibarət idi. Bu, 2004-cü ildə oldu. 2006-cı ildə isə rejissor Rüstəm Ataşovun  SVHS-lə çəkdiyi “Nazir qızının sevgisi” adlı film çıxdı. Qorxu filmi idi, amma min yerlik “Rossiya” kinoteatrında on seansla nümayiş olunurdu. Çox populyar idi. Sonra rejissor ikinci, üçüncü filmi də çəkdi. Deyəsən, keçən il o filmin dördüncüsü də çıxdı. Çox gülməli bir büdcə ilə istehsal olunmuşdu və böyük gəlir gətirdi. Bəziləri bunu gördülər və tez pul qazanmağın daha bir yolunu tapdılar. Belə filmləri çəkmək “pirojki” bişirmək kimi idi. Çox və keyfiyyətsiz. Müəlliflər, bu “tezbişən pirojkiləri” qoltuqlarına vurub qırğızların yaşadıqları yerləri gəzir, zal icarəyə götürüb onları göstərir və yaxşı qazanırdılar. Çünki, tamaşaçı qırğız dilində filmlərə baxmaq üçün darıxırdı. Beləcə kommersiya kinosu özü üçün varlanırdı, müəllif kinosu da əlləşib-vuruşurdu. Bunu görən Ernest Abdıjaparov kimi rejissorlar da “onlar günü-gündən varlanırlar, camaat onları tanıyır, mən isə o qədər festival gəzmişəm, amma məni heç kim tanımır” dedilər və balanslaşdırmağa çalışdılar. Yəni, həm kommersiya filmləri çəkirdilər, həm də festivallar üçün. Onların çəkdiyi kommersiya filmləri prokata buraxıldı və insanlar kinoteatrlara gedib o filmlərə baxdılar. Sonra isə bu rejissorların festivallarda iştirak edən filmlərini də görmək istədilər. Çünki kommersiya kinosunun tamaşaçıları arasında daha yaxşı filmlərə baxmaq istəyən insanlar da vardı. Hətta Bişkekdə bir kinoteatr, müəllif filmlərini öz repertuarında uzun müddət saxlayırdı. Biz də festivallarda qalib gələn filmlərə baxmaq istəyənləri həmin kinoteatra göndərirdik. Hətta hərdən bir nəfər üçün belə, film göstərirdi. İndi həmin kinoteatr bağlanıb.

– Bəs indi müəllif kinosunu göstərən, ya da repertuarında uzun müddət saxlayan kinoteatrlarınız var?

– Yox, müəllif kinosunu da kommersiya əsasları ilə göstərirlər, tamaşaçıların sayına baxırlar. Yəqin, fikir vermisiniz ki, Bişkek festivalının müsabiqə bölmələrində müəllif filmləri ilə yanaşı kommersiya filmləri də iştirak edir. Bu da, elə Bişkek festivalının keçirilməsi də, qismən, rejissor Ruslan Akunun fəaliyyətinin nəticəsidir. O, heç vaxt büdcə üçün dövlətə müraciət etmir və kommersiya filmləri çəkir. Mən, yaradıcılığın əvvəllərində onu Qırğızıstanın Vittorio De Sikası adlandırmışdım. Ən məşhur filmlərindən biri olan “Salam, Nyu-York”un prokatı çox yaxşı olmuşdu. Hazırda da “Behişt: Cənnət anaların ayaqları altındadır” filmi prokata çıxıb. Çox keyfiyyətli çəkilmiş filmdir. Ya da Amantur Ormukovun “Boşetunmay” filmi. Keyfiyyətli çəkilib və prokatda gəlir gətirir. Buna görə də, biz onları müsabiqə proqramına daxil edirik, çünki onların sayəsində insanlar kinoya gedirlər. Mən düşünürəm ki, prezident aparatında da o rəqəmləri görürlər. Görürlər ki, festivallarda mükafatlar qazanan qırğız filmləri də var, gəlir gətirən qırğız filmləri də. Qırğızıstan prezidenti Sadır Japarovun 2022-ci ildə verdiyi “Qırğız kinosunun sonrakı inkişafına dair” sərəncam belə filmlərin sayəsində verilib. Buna görə də, biz kommersiya filmlərini məmnuniyyətlə müsabiqə proqramına daxil edirik. Amma keyfiyyətli filmləri. Üstəlik, indi kinonun rəhbərliyi də yenilənir, gəncləşir. Məsələn, festivalın təşkilat komandasında yaşca ən böyük mənəm, qalanları gənclərdir. Düzdür, bu, veteranlar üçün bir az ağrılı məqamdır. Ola bilsin, inciyənlər də var, çünki o gəncləri tanımırlar. Amma digər tərəfdən hamısı haqqında məlumatlar var, sadəcə interneti açıb baxmaq lazımdır. Məsələn, II Bişkek festivalının beynəlxalq müsabiqəsində münsif olan Dastan Japar Uulunun 1988-ci il təvəllüdlüdür – filmi keçən il yerli müsabiqənin qalibi olmuşdu. Bu il yerli müsabiqədə kimlər qalib gəlsə, gələn il onlar münsiflər heyətində olacaqlar. Belə bir varislik sistemi qurmuşuq festivalda. Yəni, yenilənmə gedir və mən buna çox normal yanaşıram. Bu, nə vaxtsa baş verməliydi. Onlar məndən nəsə öyrənirlər, mən də onlardan nəsə öyrənirəm. Axı, biz hamımız xidməti personalıq – kino departamenti də, kino evi də, ittifaq da, digər strukturlar da. Hər şey yaradıcı insanların rahatlığı üçündür.

– Qırğızıstanda keçən ildən daha bir, çox maraqlı layihə başlayıb – “Post Space” Film Camp, film düşərgəsi. Bir az bu barədə danışa bilərsiniz?

– Bu tədbir dağlarda keçirilir. Biz, müxtəlif nüfuzlu festivalların – Kann, Rotterdam, Lokarno, Busan və s. – proqram direktorlarını, seçiciləri dəvət edirik. Ustad dərsləri olur, qısa, uzun, yeni filmlər göstərilir, pitçinqlər keçirilir, festivalların təmsilçiləri, qonaq prodüserlər filmləri müzakirə edirlər, layihələri dəyərləndirirlər. Bizdə bir neçə belə tədbirlər var. Umud Gənclər kinoforumu, Qadın kinosu forumu var, “Qırğızıstan qısametrajlar ölkəsi” adlı tədbirimiz var, “Karaj lab” vardı. Sonuncuda format bir az fərqlidir. Axşamlar bir və ya iki film nümayiş olunur, gündüzlər ustad dərsləri, pitçinqlər keçirilir. Ümumiyyətlə, bizdə festivallar çoxdur. Keçən il Venesiya festivalında qonaq ölkə Qırğızıstan idi və mən buradakı festivallarla bağlı xüsusi təqdimat hazırlamışdım, təxminən, ona yaxın festival, festival tipli tədbir var. Bilirsiniz, biz qırğızlar yaxşı futbol oynaya bilmirik, yüngül atletikada yaxşı qaça, tullana bilmirik, amma biz kreativ və yaradıcı insanlarıq. Biz başa düşmüşük ki, əgər bir qırğız yaxşı film çəksə, bütün dünyada məşhur ola bilər. İstər müəllif kinosu olsun, istər kommersiya. Bizim Aktan Arım Kubatımız var – postsovet qırğız müəllif kinosunun lideri və Ruslan Akunumuz var – kommersiya kinosu üzrə lider. Bilirsiniz, Ruslan necə çəkir? Qırğızıstanın kino bazarı kiçikdir, axı. Ona görə də o, layihələrinə bir neçə ölkəni cəlb edir. Məsələn, “Behişt” filmində hadisələr Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Suriya, Səudiyyə Ərəbistanında cərəyan edir. Bu film həmin ölkələrdə prokata çıxacaq. Yanılmıramsa, Azərbaycanda da “Qırğız kinosu günləri”ndə göstərilib. O belə bir marketinq fəndi tapıb. Dünyada elə kinoşünaslar var ki, qırğız kinosu haqqında bizdən daha çox bilirlər. Odur ki, məncə, Sergey Yutkeviçin vaxtilə dediyi “Qırğız möcüzəsi” hələ də qalır. Qırğız filmləri nüfuzlu festivallarda qəbul olunur, mükafatlar alır.

Müsahibəni hazırladı: Aygün Aslanlı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya