“Get-gedə filmlər reklam kampaniyalarının bir parçası olur”
Conatan Rozenbaum
Jan-Lyuk Qodar amerikalı kinotənqidçi Conatan Rozenbaumu Amerikanın Andre Bazeni adlandırırdı. Daha çox populyar fikir və tendensiyalara qarşı çıxmağı ilə məşhurlaşan Rozenbaum Orson Uells, Cim Carmuş, Abbas Kiarostami kimi rejissorlar və ümumiyyətlə, müasir kinoproseslərdən bəhs edən 11 kitabın müəllifidi.
“Əlvida, kinematoqrafiya, xoş gəldin, sinefiliya” (“Goodbye Cinema, Hello Cinephilia: Film Culture in Transition”) adlı kitabı üçün yazdığı “Kino əvəzinə sinefiliya” adlı essesində kinematoqrafiyanın bu günkü vəziyyətinə diaqnoz qoymağa çalışan Rozenbaum, Bazenin “Kino nədir?” sualını “Sinefiliya nədir?” sualı ilə paralelləşdirir və hər ikisinə cavab axtarır.
***
Kino nədir? Bu suala cavab verməyə başlamazdan əvvəl anlamaq lazımdır ki, Fransa və digər ölkələrdə kinonun tərifi eyni olmayacaq. Düşünürəm ki, səbəb aydındır: Fransada bu tərif, daha çox kinonun, incəsənətin bir növü kimi qavranılması üzərində qurulacaq. Ki, bu da digər ölkələr üçün ikinci dərəcəli sayılacaq. Hətta bəlkə elitar yanaşma hesab ediləcək. Digər tərəfdən, əgər “Sinefiliya nədir” sualını versək, hər yer üçün məqbul bir tərif tapmaq asan olacaq.
Yəqin, kino və sinefiliya arasındakı zahiri ziddiyəti belə izah eləmək olar: “kino”, “sinefiliya”nın tərkib hissəsi kimi başqa şeydir, sosial formaları nəzərə alınmadan, bütöv bir anlayış kimi başqa şey.
Çikaqolu sinefilin qülləsindən baxanda “Kino nədir” sualına nikbin cavab vermək çətindir, amma eyni nöqteyi-nəzərdən “Sinefiliya nədir” sualını cavablandırmaq daha əyləncəli məşğuliyyətdir.
Harda olmağımızdan, hərfi, yaxud metaforik danışmağımızdan asılı olmayaraq, adətən, belə hesab edilir ki, “kino” – kinoteatrın ekranında baş verən, bilet alıb başqa insanlarla birlikdə baxdığımız bir şeydir. Ancaq son vaxtlar tez-tez düşünürəm ki, yuxarıda dediyim kinonun ideal modelidir və artıq əksər insanların real təcrübələri ilə üst-üstə düşmür.
Müasir dövrdə insanlar kinoya daha çox televiziya ekranlarında baxırlar, nəinki kinoteatrda. Odur ki, bu teatral model – keçmişin, hadisələrin aktual vəziyyətini o qədər də düzgün əks etdirməyən, nostalji qalığıdır.
Söhbətin nədən getdiyi vacib deyil: istər reklam fasiləli, ixtisarlı, orijinal formatı dəyişdirilmiş (ya da bunların heç biri olmadan) telenümayişlər olsun, istər başqa şey. Kinoya baxmaq qərarı və bu qərarın icrası indi əvvəlki dövrlərdən kəskin şəkildə fərqlənir.
Get-gedə filmlər daha çox reklam kampaniyalarının bir parçası olur. Ki, onlar yalnız filmin özünü satmır. Buna görə də filmin ekzistensial əhəmiyyətinin harda başlayıb, harda bitdiyini dəqiqləşdirmək vacibdir. Təbii, əgər müşahidəçinin affektiv həyatında onun bir yerdə başlayıb bitdiyini qəbul eləsək… Axı, açıq-aşkar bəllidir ki, baxmadığımız flmlər də bizə təsir eləyir.
Milad bayramı ərəfəsində təzə pasport almaq üçün Çikaqo poçt xidmətinin yerli şöbəsinə getmişdim. Orda təcili göndərişləri reklam edən bir plakat gördüm. Plakat eyni zamanda həm də bir həftə əvvəl ekranlara çıxmış, “Şlyapalı pişik” bədii uşaq filminin reklamı idi. Mən, Doktor Syuzun (ABŞ-dan kənarda o qədər də tanınmayan yazıçı Teodor Qeyzelin təxəllüsü) kitabı əsasında çəkilmiş bu filmə baxmamışam, baxmaq fikrim də yoxdur: filmi izləmiş bütün tanışlarım onu bərbad adlandırıblar. Amma bu, o demək deyil ki, həmin film həyatımda olmayacaq. Əslində poçt şöbəsindəki reklam məni, Stalinin mədəniyyətin planlaşdırılması barədə arzusunun müasir Amerikada reallığa çevrildiyini düşünməyə vadar elədi. Hətta bəlkə nə vaxtsa Rusiyada olduğundan daha geniş miqyasda.
“Şlyapalı pişiy”ə qədər mən Qeyzelin əsərinin motivlər əsasında çəkilmiş bircə film görmüşdüm: uşaqlıqda sevdiyim “Doktor T.nin 5 000 barmağı”. 25 il əvvəl Qeyzeldən telefonla müsahibə alanda o dedi ki, kino təcrübəsi həddindən artıq uğursuz alınıb, buna görə də sonralar yalnız televiziya üçün yazıb, çünki orda yaradıcı azadlığın səviyyəsi daha yuxarıdır. Belə görünür ki, varisləri onun fikirlərini bölüşmür.
Amma əvəzində “21 qram”a baxdım – Alexandro Qonsales İnyaruttinin mübaliğəli depressiv art-filminə. “21 qram”, aktyor heyəti (Şon Penn, Naomi Uots, Benisio Del Toro) və kifayət qədər böyük reklam büdcəsi sayəsində KİV-də geniş işıqlandırılırdı.
Deyəsən, Şonn Pennin filmin sonunda söylədiyi kadrarxası monoloq mətbuatın diqqətini daha çox cəlb eləmişdi, nəinki İraq və Əfqanıstanda ölən mülki vətəndaşlar.
Mətn belədir: “Deyirlər ki, bizim hər birimiz ölüm anında 21 qram yüngülləşirik… bir neçə qəpiyin çəkisi. Bir plitka şokoladın çəkisi. Milçəkquşunun çəkisi”.
Monoloqla bağlı rəylərin əksəriyyəti bunun tamamilə yalan söhbət olduğunu isbatlamağa çalışırdı. Amma bu, “Focus Features” şirkətinin (ordakı adamlar bilirlər ki, “mənfi rəy” deyilən bir şey yoxdur) press-reliz əvəzinə şəffaf plastik paketlərdən ibarət üç bağlama göndərməyinə mane olmamışdı. Paketlərin içində hərəsi beş sentlik beş dənə qəpik, “21 qram”ın reklamına bükülmüş bir plitka şokolad və Çin istehsalı plastmas quş vardı.
Zənnimcə, “Focus Features”in, o şəffaf paketlərə filmin reklamı ilə təchiz edilmiş dəqiq ölüm tarixlərimizi yerləşdirmək imkanı olsaydı, cüzi əlavə ödəniş qarşılığında onu da hədiyyə kağızına büküb jurnalistlərə göndərərdi.
Maraqlıdır, görəsən, studiya jurnalistlərə neçə dənə 25 sentlik qəpik göndərib və həmin pula nə qədər evsiz-eşiksizi yedirtmək olardı? Bu kobud və bayağı reklam aksiyası kimisə filmə baxmağa ruhlandırıbmı?
Marketinq departamentləri bu yolda nələrə hazırdılar və bunun bir həddi varmı? Kampaniyanın uğuru onları narahat edirmi?
Bir neçə il əvvəl “DreamWorks” studiyası, Piter Çanın “Sevgi məktubu” filminin reklamı çərçivəsində (Hollivud komediyasıdır, “21 qram”dan daha çox xoşuma gəlmişdi) tənqidçilərə anonim sevgi məktubları göndərmişdi. Filmdə haqqında söhbət gedən məktub kimi onlar da köhnə yazı makinasında yazılmışdı. Etiraf eləməyə utanıram, amma məktub o qədər inandırıcı idi ki, onun şəxsən mənə ünvanlanmış əsl məktub olduğunu düşünmüşdüm. Sonra jurnalistlər üçün keçirilən baxışa getdim və həmin məktubun eynisini ekranda gördüm. Yalnız onda anladım ki, “DreamWorks” vicdansızcasına məni emosional təcavüzə məruz qoyub.
İndi həmin saxta məktub haqqında soruşmaq istəyirəm: Bu, “kino” idimi? Əgər deyilsə, ona nə idi?
Əgər “kino”dusa, filmin özündən daha çox kinodu, yoxsa daha az?
Tərcümə etdi: Aygün Aslanlı