İNDİ OXUYUR
Geri dönüb biabır olanlar

Geri dönüb biabır olanlar

Kommersiya komediyaları və televiziya serialları ilə tanınan ssenarist və prodüser Fariz Əliyev nəhayət ki dram janrına tammetrajlı “Geri dönənlər” bədii filmi ilə giriş edir. Daha doğrusu, girişə cəhd edir. Və cəhdin nə qədər uğurlu olduğu haqqında aşağıdakı məqaləmdə danışacağam.

Filmin ssenari müəllifləri Fariz Əliyev və Əcəmi Əsədulla, quruluşçu rejissoru isə Vüsal Hacı Qədirdir. Film, 2016-cı il İtaliya istehsalı olan “Mükəmməl qəriblər” (Perfetti sconosciuti, rejissor Paolo Cenoveze) bədii filminin remeykidir. Həmin bu filmin dünya üzrə remeyklərinin sayı 20-yə yaxındır. Bu siyahıya qonşu ölkələrdən Türkiyə və Rusiya da daxildir. “Mükəmməl qəriblər” filmi ”Ən çox remeyki olan film” kimi Ginnes Rekordlar kitabına da daxil edilib. Azərbaycan kinematoqrafçıları da bu tendensiyadan geri qalmamaq üçün adıçəkilən filmin remeykini ərsəyə gətirdilər. Filmin süjeti barədə məlumat mediadan hamıya məlumdur, odur ki, süjeti təkrarlamağa ehtiyac duymuram.


Müəlliflər adıçəkilən filmdəki hadisələri lokallaşdırsalar da, süjetin Qərbə xas olduğu açıq-aydın görünür. Ssenari müəllifləri özlərinə çox əziyyət verməmək və yerli tamaşaçıya yaxşı tanış olan süjeti dağıtmamaq üçün filmi birəbir təkrar ediblər. Nəticədə, filmdə baş verən hadisələrin və personajların qeyri-təbiiliyi, yadlığı nəzərdən qaçmır. Azərbaycanlı mentallığına aid olan yeganə detal qəhrəmanların qulaq batıran səs-küyü, çığırtıları və dava-dalaşıdır. Müəlliflər məhz bu yolla tamaşaçının diqqətini cəlb etmək istəyiblər. Filmin prodüseri və ssenari həmmüəllifi Fariz Əliyev bir dəfə belə bir fikir səsləndirmişdi: “Əgər tamaşaçı kanalları çevirən zaman, efirdə qışqırıq və səs-küy eşitsə, həmin kanalda saxlayıb baxacaq”. Müəyyən mənada, bu doğru fikirdir, amma bu, tamaşaçının diqqətini nə qədər saxlaya biləcək? Bu sualın cavabı qeyri-müəyyəndir. Dünya kinosunda hər hansı bir ekran əsərini birəbir kopiyalamaq təcrübəsi sonsuz saydadır. Lakin, yuxarıda qeyd etdiyim kimi, əsəri lokallaşdırmaq, yerli tamaşaçı kütləsinin qəbul edəcəyi kimi ona təqdim etmək xüsusi bacarıq tələb edir. “Geri dönənlər”in müəllifləri süjeti kopiyalamaqla bərabər, filmin italyan versiyasındakı interyer dizaynını da eynilə köçürüblər. Ümumiyyətlə, müasir Azərbaycan film və seriallarına baxanda, əhalinin böyük qisminin bahalı villalarda yaşaması, bahalı avtomobillərdə gəzməsi, hər gün çaxır içməsi və sair kimi təəssüratlar yaranır. Əlbəttə, bu istisna deyil, amma əhalinin mütləq çoxluğu bu həyat tərzinin yalnız arzusundadır və belə yaşayışı yalnız xarici filmlərdə görürlər. Və böyük qism yerli müəlliflərin ekranda bu tip zadəgan həyat tərzini canlandırması snobizmdən savayı bir şey deyil. Bu filmdə də qəhrəmanlar modern tipli bahalı villada toplaşıb, qonaq otağının divarında kitabla dolu rəflər, ayrı bir küncdə isə XIX əsrə aid qrammafon qoyulub. Amma evin sahibləri Eldar və Cahan (Səmimi Fərhad və Dilarə Əliyeva) orta statistik fərdlərdir. Evinə bu qədər kitab toplayan  və qrammafonda musiqiyə qulaq asan ailənin belə banal düşünməsi tərs mütənasibdir. Filmdəki digər qəhrəmanların peşələri də şərti verilib. Lakin heç bir personaj (və ya demək olar ki heç biri) peşələrinə yaraşmırlar. Misal üçün, psixoloq Səlimin (Elcan Rəsulov) filmin ortasında söylədiyi “müalicəvi” mentorsayağı nitq, sosial şəbəkələrdə mütəmadi paylaşılan motivasiya tipli mətnlərdən fərqlənmir. Rejissor Kventin Tarantino deyir: “Mənim filmimdəki qəhrəmanın epizodu 1 dəqiqə də ola bilər, amma onun xarakteristikasının təsviri 100 səhifəlik mətndir”. Yəni, qəhrəman, öz keçmişinə, təhsilinə, peşəsinə, cəmiyyətdəki mövqeyinə və sair xüsusiyyətlərə əsasən filmdə canlandırılmalıdır. Haqqında danışdığım filmdə personajların davranışları öz peşələrinə adekvat və inandırıcı deyil. Bununla yanaşı, Səfər (Ziya Ağa) adlı personajın filmin ikinci aktında narkoman olduğunu etiraf edənə qədər, narkomanlara xas olan idarəolunmaz hərəkətləri ilə inandırıcı görünür və onun davranışı asılılığına adekvatdır . Filmin italyan versiyasının əvvəlində ailənin azyaşlı qızının valideynləri ilə gərgin münasibəti göstərilir. Qız anasını o qədər də sevmir və atasına daha çox meyllidir. Səbəb, ananın öz qızının həyatına həddən artıq müdaxilə etməsidir. Bu gərginliyin səbəbi, ananın, qızının çantasında axtarış etməsilə açılır. Lakin milli versiyada qızın öz anasına qarşı olan neqativ münasibəti əsaslandırılmır. İtalyan filminin ikinci aktında, qəhrəmanların öz həyat yoldaşlarına, nişanlılarına xəyanət etdiyi, digər bir tənha kişi personajının homoseksual olduğu və sair məqamlar aydın olur. Milli versiyanın müəllifləri cəsarətli addım ataraq bu epizodları da ekrana gətiriblər. Açıq demək olar ki, “Geri dönənlər” filmi, homoseksual personajın olduğu ilk Azərbaycan dramatik bədii filmidir. Lakin, bu personaj filmdə, digər personajlar tərəfindən  təhqir olunur və qısnamaya məruz qalır. Zənnimcə, müəlliflər məhz bu məqsədlə homoseksual personajı da ekrana gətiriblər. Tolerantlıq bir yana, istənilən kəs filmdə aşağılana və məhv edilə bilər, amma əsaslandırılmalıdır.


Film nəinki bir məkanda, hətta bir otaqda çəkilib. Bu fakt da bu filmi Azərbaycan kino tarixində “ilk”lər sırasına salır. Ümumiyyətlə, bir məkanda film çəkmək, tempi daim nəzarətdə saxlamaq hər rejissorun və ssenaristin cürət etdiyi üsul deyil. Bu üsulda çəkilmiş film nümunələri dünya kinosunda belə barmaqla sayılacaq qədərdir (“12 qəzəbli kişi”, “Qırğın”, “Qaraj” və s.). İtalyan filmində müəlliflər, tamaşaçılara və personajlara toxtaqlıq verməkdən ötrü, onları hərdən binanın eyvanına siqaret çəkməyə “çıxarır”. Amma bu da əbəs yerə verilməyib. Qəhrəmanlar, ay tutulmasına baxmaq üçün və ayın bu evdən daha yaxşı göründüyü üçün məhz bu evə toplaşıblar. (Fikir verin, müəlliflər evin seçimini belə əsaslandırırlar.) Və ay tədricən tutulduqca hava daha da qaranlıqlaşır, paralel olaraq, mənzilin içində toplaşmış qəhrəmanların münasibətini də “qara buludlar alır”. Bu üsulla müəlliflər bir növ evin içində baş verən hadisələrin vizual həllini və ya metaforasını canlandırırlar. Milli versiyada qəhrəmanların bir yerə toplaşmasının əsas səbəbi, ikinci doğum günlərini qeyd etməkdir – onlardan bəziləri həyatına qəsd ediblər, lakin sağ qalıblar (Bu detal yerli ssenaristlərimizin əlavəsidir). Və filmin əvvəlində Cahana hədiyyə olunan Feniks (Simurq) quşunun rəsmi vasitəsilə, müəlliflər, italyan filmindəki ay tutumu ilə qəhrəmanların münasibətlərinin gərginləşməsinin paralelliyini özünəməxsus tərzdə əvəzləyiblər. İtalyan filmində ay tutumu qəhrəmanlararası prosesin, yerli filmdə isə Feniks quşu qəhrəmanların artıq keçmişdə baş tutmuş dramasının (uğursuz özünəqəsd cəhdi) metaforasıdır. (Feniks quşu qədim Misir mifologiyasında, öləndən sonra yenidən dirilən varlıqdır. Günəşə pərəstliyin simvolu olan bu quş hər dəfə günəşə yaxınlaşaraq külə dönür və yenidən küldən doğulur.) Amma həmin rəsm, elə filmin əvvəlində görünür və qeybə çəkilir, onun funksiyası yarıda qalaraq inkişaf etdirilmir.  


Həm yerli, həm də xarici versiyada filmin mövzusu, insanların və ümumiyyətlə bəşəriyyətin necə kövrək olduğunu, plastmas telefondan və “vayfay” adlı gözəgörünməz şüadan asılılığını göstərir. Virtual aləm həyatımıza hopub və istənilən an telefona gələn hər hansı bir bildiriş zəngi bizim həyatımızı və taleyimizi alt-üst edə bilər. Xoşbəxt o kəslərdir ki, bu virtual aləmdən özlərini qopara biliblər və ya ümumiyyətlə bu aləmə qatılmayıblar. Filmin xarici versiyasında bu cür insanlar da öz əksini tapıblar. İtalyan versiyada filmin üçüncü aktında qalmaqallı qəhrəmanlar evin eyvanında ayın tutulmasını durbin vasitəsilə izləyən zaman, üzbəüz evin eyvanında yaşlı bir cütlük, artıq açılmaqda olan aya tamaşa edə-edə qucaqlaşırlar. Onları heç nə narahat etmir, həyatın hər anından zövq almağı bacarırlar. Azərbaycan versiyasında isə belə alternativ öz əksini tapmayıb. Bir balaca haşiyəyə çıxım; pul əsginasının həqiqiliyini sübut edən, onun gözlə görünməyən su nişanlarıdır. Saxta əsginaslarda bu nişanlar olmur və əsginas sadəcə səthi kopiya olaraq qalır. Azərbaycanlı müəlliflər də filmin sadəcə “üzünün surətini” çıxarmaqla kifayətləniblər , “su nişanları” – dramaturgiyanın vacib elelmentləri olan, qəhrəmanların davranışlarının əsaslandırılması, davranışlarının sosial və peşə mənsubiyyətlərinə adekvatlığı, epizodlararası rabitə isə itirilib. Müəlliflər bu itkini qəhrəmanların ekspressivliyi ilə əvəz ediblər. Unutmayaq ki, məhz düzgün qurulmuş dramaturji struktur tamaşaçını filmə təkrar baxmağa vadar edir. Əlbəttə, tamaşaçıların böyük hissəsinin dramaturgiyadan anlayışı yoxdur, amma onların təhtəlşüuru dramaturji boşluğu dərhal hiss edir.


“Geri dönənlər” filmini izləmiş hər bir tamaşaçı aktyor ansamblının ifasını xüsusi vurğulayır. Bu danılmaz faktdır; filmdə rol almış hər bir aktyor, əsl heykəltaraş kimi kobud daşdan heykəl hazırlayıb. Günay Əhmədin öz monoloqu zamanı haldan-hala düşməsi, eyni anda gülməsi həm də ağlaması tamaşaçını biganə qoya bilmir. O cümlədən, Oksana Rəsulovanın, Ziya Ağanın və Elcan Rəsulovun virtuoz ifaları filmi xilas edir. Qeyd etdiyim bəzi nöqsanlara baxmayaraq, “Geri dönənlər” filmi Azərbaycan kinosunda bir məkanda film çəkmək ənənəsinin pioneridir.

P.S. Filmə kinoteatrda baxan zaman maraqlı bir hadisənin şahidi oldum. Nümayiş həftənin iş gününə və səhər saatlarına təsadüf etdiyi üçün kinozalda tamaşaçı sayı az idi. Mənim arxamda çox gənc bir cütlük əyləşmişdi. Film boyu onlar filmə gülə-gülə tamaşa edirdilər. Amma filmin sonlarına yaxın, onların səsi kəsildi və film bitəndən sonra gənc qız, oğlanın yazışmalarına baxmaq üçün ondan telefonunu tələb etdi. Gülə-gülə onun tələbini rədd edən oğlan, gənc qızın qoluna keçərək onu zaldan çıxarır. Ticarət mərkəzindən çıxana qədər onların arasındakı mübahisə konfliktə çevrilir (eynilə filmdəki kimi) və artıq ağlaya-ağlaya küçəyə çıxan qız oğlanın yanından iti addımlarla uzaqlaşır, zavallı oğlan isə onun ardınca gedir. Bu hadisədən belə qənaətə gəlmək olar ki, filmin müəllifləri tamaşaçı kütləsinin nəbzini tam dəqiq tutublar. Biz skandala, səs-küyə meylli insanlarıq. Amma tamaşaçının istəyini “sığallamaq” üçün çəkilən filmlərin “uzunömürlülüyü” sual altındadır.

İlqar Quliyev





© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya