İNDİ OXUYUR
G.Abıkeyeva: “Gənclərin qığılcımını alovlandırmaq lazımdır”

G.Abıkeyeva: “Gənclərin qığılcımını alovlandırmaq lazımdır”

Müsahibimiz Qazaxıstanın tanınmış kino tənqidçisi Gülnara Abıkeyevadır. Gülnara xanımla sentyabr ayında VIII Bayqonur Qısametraj Film Festivalının nəzdində keçirilən MDB ölkələri kinoşünasları və kinotənqidçilərinin II Forumunda görüşmüşdük. Gülnara xanım forumda Qazaxıstan kinotənqidçilərinin fəaliyyətilə bağlı geniş və maraqlı məruzə ilə çıxış edirdi. İstər-istəməz müsahibəmiz də tənqidçinin məruzəsində toxunduğu məqamlar və iki ölkənin kinematoqrafiyasında gedən proseslərin müqayisəsi üzərində quruldu.     


– Gülnara xanım, Sovet İttifaqı dağılandan sonra ittifaqa daxil olan ölkələrin, demək olar ki, hamısı eyni çətinliklərlə üzləşdi: köhnə sistemin dağılması, böhran, yeni sistemin qurulması cəhdləri və s. Qazaxıstan kinosu 1990-cı illərin böhranından necə çıxdı?

– Bizdə vəziyyət bir qədər fərqliydi. 1980-ci illərin əvvəllərində “Qazaxfilm” kinostudiyasının baş redaktoru kulturoloq, filosof Murad Muxtaroviç Auezov idi; məşhur yazıçı Muxtar Auezovun oğlu. Mən onu Qazaxıstan “yeni dalğa”sının xaç atası adlandırıram. O da, elə hamımız belə hesab edirdik ki, Qazaxıstanda Sovet İttifaqının siyasi təsiri həddindən artıq güclüdür. Hətta mənə elə gəlir ki, Qazaxıstan digər respublikalardan daha çox senzura təzyiqi altında idi. Bəlkə ona görə ki, sərhədləri daha böyük idi; bəlkə ona görə ki, əhalinin yarısı slavyanlar idi; bəlkə ona görə ki, rus dilinin güclü təzyiqi vardı. Amma fakt budur ki, Qazaxıstan Rusiyanın, Moskvanın sərt siyasi, ideoloji nəzarəti altındaydı. Təbii ki, 1960-cı illərdəki yumşalma bütün milli kinematoqrafiyalara olduğu kimi, qazax kinosuna da təsir etmişdi. Ancaq 1970-ci illərdə kino yenidən və daha güclü şəkildə ideologiyaya tabe edilmişdi; xam torpaqlar, istehsalat, sosializm haqqında filmlər çəkilirdi və kino acınacaqlı vəziyyətə düşmüşdü. Lakin Sovet İttifaqı dağılana qədər, yəni 1980-ci illərin əvvəllərində – Murad Auezov, Oljas Süleymanov və bu kimi digər tanınmış insanlardan ibarət ziyalıların səyləri nəticəsində kinematoqrafiya diqqət mərkəzinə keçdi. Nəticədə, 1987, 1988, 1989-cu illərdə, yəni 80-lərin ən axırında “Qazax yeni dalğası” fenomeni meydana çıxdı. Faktiki olaraq, Sovet kinosunda yenidənqurma Moskvada yox, burada başladı. Ən “antisovet” deyə bilmərəm, amma qeyri-sovet filmləri burada çəkildi. “Yeni dalğa”nın üzvlərinin hamısı Solovyovun (rusiyalı rejissor, ssenarist, pedaqoq Sergey Solovyov – red.) emalatxanasının məzunları idilər – Rəşid Nuqmanov, Serik Aprimov, Abay Karpıkov, Darejan Omirbayev və digərləri. “Yeni dalğa”nın, demək olar ki, bütün nümayəndələri kinoya başqa sahələrdən gəlmişdilər. Məsələn, Rəşid memarlıq üzrə təhsil almışdı, biri teart rejissoru idi, digəri tarixçi. Yəni, onların hamısı, ən azı, iki ali təhsili olan insanlar idilər və “Qazaxfilm” kinostudiyası, onun baş redaktoru bu insanları dəstəklədi, hələ ÜDKİ-nin 3-4-cü kursunda oxuyan bu gənclərə tammetrajlı filmlər verildi. Onların, demək olar, hamısı diplom müdafiələrini tammetrajlı filmlə etmişdilər. Ən əsası isə, onlara tam azadlıq verilmişdi. Yəni, “Qazax yeni dalğası” ittifaq dağılmazdan əvvəl yaranmışdı və yəqin ki, Sovet İttifaqında belə  mərkəzləşmiş şəkildə mövcud olan yeganə güclü təzahür idi. Təbii ki, Qırğızıstanda da, Özbəkistanda da, Qafqazda da, Baltikyanı respublikalarda da yeni şeylər baş verirdi. Amma yekdil şəkildə yalnız Qazaxıstanda idi. Siz soruşursunuz ki, böhrandan necə çıxdınız, buna necə nail oldunuz? Mən buna nail olmaq deməzdim, bizim bəxtimiz gətirdi.

Qırğızıstandakı kimi Qazaxıstanda da kinonun inkişafı ilə bağlı hansısa xüsusi proqram, strategiya hazırlanmışdımı?

– “Qazax yeni dalğası”nı nəzərə almasaq, 30 illik müstəqillik dövründə bizdə Qırğızıstandakı kimi hansısa xüsusi proqram, strategiya olmayıb. Əslində, mən bunun səbəbini başa düşürəm: haqqında danışdığım “yeni dalğa” və onun təsirləri, ən azı, 15 il davam etmişdi. Buna görə də, hər şey qaydasındaydı, sanki xüsusi proqrama ehtiyac yox idi. Qırğızıstanda isə vəziyyyət fərqliydi.

– Sovet İttifaqı mövcud olduğu 70 il ərzində bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənətdə də məmurlardan asılı bir sistem qurmuşdu. Azərbaycanda biz hələ də bu sistemdən çıxa bilmirik, Azərbaycan kinosu hələ də məmurlardan asılı vəziyyətdədir. Əsas maliyyə mənbəyi dövlətdir və nəticədə son iki ildə istehsalat olmayıb.

– Dəhşət.

– Bəs Qazax kinosu məmur asılılığının öhdəsindən necə gəldi?

– Yenə “yeni dalğa”dan danışmalı olacağam. Bu fenomen vüsət alanda əsas məmurlar Oljas Süleymanov, Murad Auezov kimi insanlar idilər – biri kulturoloq, digəri şair. Üstəlik, müstəqillik dövrünün ilk illərində – 1990-cı illərdə özünüifadə azadlığı vardı, hər kəs öz istədiyi kimi çəkirdi və yeni məmurlar da onlar oldular. Məsələn, Rəşid Nuqmanov Kinematoqrafçılar İttifaqının sədri oldu, “dalğanın” digər nümayəndəsi Ardak Amirkulov isə “Qazaxfilm”in direktoru. Yəni məmurluq işini də elə həmin “dalğaçılar” icra etməyə başladılar. Onların sayəsində kinoda çox böyük sərbəstlik vardı və bu dövr, təxminən, 2000-ci illərə qədər davam etdi. 1990-cı illər özəl studiyaların artdığı, kifayət qədər aktiv keçən illər idi. 1992-ci ildə bizdə 26 özəl studiya fəaliyyət göstərirdi. 2000-ci illər isə, bir növ, sıfırlanma ili oldu. Özəl studiyaların hamısı bağlandı, çünki prokat yox idi, kinodan pul qazanmaq mümkün deyildi və kinoistehsalat sıfıra düşdü. 2000-ci ildə bir film belə çəkilməyib. Daha sonra – dəqiq desəm, 2005-ci ildən etibarən kinoteatr şəbəkələri meydana çıxmağa, dövlət maliyyəsi artmağa başladı. Bəlkə həmin dövrdə artıq başqa məmurlar meydana çıxırdı, amma orada da maraqlı bir şey baş verdi. 2011-ci ildə “Qazaxfilm”in, əsasən, dövlət sifarişilə tarixi filmlər çəkəcəyi aydın olanda  – ilk prezident haqqında, qazax xanlıqları haqqında və s. –  gənclər başa düşdülər ki, dövlətdən maliyyə gözləmək, bunun üçün növbəyə düzülmək və s. mənasızdır. Beləcə, kommersiya kinosu sürətlə inkişaf etməyə başladı. Bu inkişafın nəticələri 2015-ci ildə xüsusilə hiss olundu. Prodüserlər artıq kinodan gəlir götürürdülər – 2019-cu ilə, yəni pandemiya başlayana qədər belə davam etdi. Odur ki, hazırda prokatda qazax kinosunun payı 30-35%-dir. 2000-ci illərdə isə bu cəmi 3% idi.

– Bu 30-35%-in hamısı kommersiya kinosunundur, yoxsa…

– Əsasən. Amma “art-haus” filmlər də çəkilməyə başladı. İndi bizdə kinonun üç qolu var – dövlət sifarişilə çəkilən tarixi filmlər, kommersiya kinosu və “art-haus” çəkən qeyri-hökumət studiyaları. Bu gün beynəlxalq uğurlar qazanan rejissorlar – Adilxan Yerjanov, Emir Bayqazin, Fərhad Şaripov, Yerlan Nurmuxambetov və başqaları – həmin kiçik studiyalardan çıxıblar. 2013-2014-cü illərdə bu rejissorlar “partizan kinosu” adı altında birləşdilər. Bu, Adilxan Yerjanovun yaratdığı bir manifest idi. Həddindən artıq kiçik büdcə ilə çəkirdilər. Məsələn, Adelxan Yerjanov ilk filmini, təxminən, 10 min dollara çəkmişdi və göstərmişdi ki, çox az pulla da film çəkib festivallarda uğur qazanmaq mümkündür. Bu rejissorlar beynəlxalq miqyasda tanınan kimi, “Qazaxkino” kinostudiyası tərəfindən maliyyələşdirilməyə başladılar ki, bu da əsasən, dövlət maliyyəsindən ibarət idi.

– Təxminən, eyni illərdə Azərbaycanda  belə bir vəziyyət yaranmışdı. Xeyli sayda kommersiya filmləri çəkilirdi, onların sayəsində tamaşaçılar kinoteatrlara qayıdırdılar, kino gəlir gətirməyə başlamışdı və bütün kino mühiti ümid edirdi ki, bu proses müəllif, “art-haus” kinosunun da inkişafına kömək edəcək, yəni biri digərini dəstəkləyəcək. Amma belə olmadı.

 
– Bizdə də belə olmadı. Çünki hər istiqamət özü ayrıca inkişaf edir. Amma prodüserlər “art-haus” kinosunu dəstəkləməyə başladılar. Düzdür, belələri o qədər də çox deyil, amma var.

– Siz məruzənizdə 2014-cü ildən 2023-cü ilə qədər Qazaxıstanda ilbəil çəkilən filmlərin sayını qeyd elədiniz. O vaxtdan xeyli artım olub – 2014-də 20 filmdən 2022-də 58 filmə qədər.

– Hə, bu artım, əsasən, kommersiya filmləri hesabına baş verib.

– Amma bu, ümumi rəqəmdir, hə?

– Hə, kommersiya və “art-haus” filmlərinin birgə sayıdır.

– Bizim üçün bu, yuxu kimidir.

– İndi Azərbaycanda ildə neçə film çəkilir?

– Son iki ildə dövlət sifarişilə ümumiyyətlə istehsalat olmayıb. Müstəqil çəkilmiş bir neçə film var. Ona qədər dövlət sifarişilə ildə 1-3 film, müstəqil kinoda da tammetrajlı maksimum 1 film. Qısametrajlı filmlər bir az çoxdur, çünki daha az büdcə tələb edir.

– Yəni sizdə əsas problem maliyyə ilə bağlıdır.

– Biz özümüzə təsəlli veririk ki, balaca ölkə olduğumuz üçün belədir. Amma yenə də üç film azdır.

– Çox azdır. Bizdə indi vəziyyət bir qədər fərqlidir. 2019-cu ildə kino haqqında qanun qəbul edildi və Milli Kinoya Dəstək Mərkəzi yaradıldı. Ondan əvvəl isə “Qazaxfilm”, əsasən, dövlət sifarişilə tarixi filmlər çəkdiyinə görə rejissorlar daim etiraz edirdilər və açıq pitçinq keçirilməyini tələb edirdilər. Nəhayət, belə bir pitçinq keçirildi. Həddindən çox müraciət vardı. Yanlış xatırlamıramsa, həmin pitçinqdə 42 tammetrajlı bədii film layihəsi seçilmişdi. Sadəcə pandemiyaya görə onların hamısı eyni ildə yox, müxtəlif illərdə çəkildi. Bu, dövlət dəstəyi ilə keçirilən ən uğurlu pitçinq idi. Növbəti dəfə 2021-ci ildə keçirildi və pitçinqin nəticələrinə əsasən, 2022-ci ilə 40-a yaxın çox maraqlı film istehsal olundu. Düzü, indi qazax kinosunun mənzərəsi dəyişir. Ancaq hansı istiqamətə doğru dəyişdiyi hələlik o qədər də aydın deyil. Əks istiqamətə də yuvarlana bilər, tamamilə fərqli bir vəziyyət də yarana bilər.  Çünki ilk ildə dövlət tərəfindən 6 milyard tenqe (21 milyon 270 min 417 manat) ayrılmışdı, ikinci il 7 milyard tenqe və bu məbləğ pitçinqi geniş miqyasda keçirməyə imkan verirdi.

– Bu, ümumi kinematorafiyaya ayrılan məbləğdir, yoxsa sadəcə pitçinqlərə?

– Təkcə pitçinqlərə ayrılan məbləğdir. Əgər dövlət maliyyəsinin kinodakı payından danışsaq, hazırda bu, ümumi məbləğin üçdə biri qədərdir. Qalan üçdə ikisi isə kommersiya kinosundan gəlir. Ona görə də, indi vəziyyət pis deyil. Hazırda festivallara çıxan filmlər, əsasən, dövlət maliyyəsi hesabına istehsal olunur.

– Yeri gəlmişkən, festivalın yerli müsabiqəsində nümayiş olunan filmlərin bir neçəsinin titrlərində həmin mərkəzin adını gördüm və çox yaxşı filmlər idi. Milli Kinoya dəstək Mərkəzi müstəqil qurumdur?

– Dövlət qurumudur. Mədəniyyət Nazirliyi pul verir, o da pitçinq keçirir, sonra həmin filmlər istehsalata buraxılır.

– Bütün bu proseslərdə kinotənqidçilərin, kinoşünasların rolu nədən ibarətdir? Ümumiyyətlə, bir rolu varmı?

– Bilirsiniz, bu barədə nəsə demək mənə çətindir. Bax, bir tərəfdən hesabat-məruzə elədim, necə qoçaq olduğumuzdan, gördüyümüz işlərdən danışdım…

– Həqiqətən, çox gözəl işlər görmüsünüz.

– Yox, həqiqətən, nəsə demək çətindir. Çünki mənə elə gəlir ki, tənqidçilər də azdır, resenziyalar da. Əsasən, daimi yazan üç-beş tənqidçidən ibarətik. Məncə, bu, çox azdır. Digər tərəfdən də kinotənqidçilərin mükafatını təsis etmişik. Bax, bu, çox dəyərlidir. Çünki müstəqil mükafatdır, çox sadə şəkildə keçirilir, heç kimdən pul istəmirik. Kimdənsə pul alsaq – məsələn, mükafatları hazırlatmaq, ya da zal icarələmək, ya da sadəcə gül almaq üçün – həmin adamlardan asılı olacağıq. Təbii ki, kinoyla əlaqəsi olmayan sahələrə müraciət edə bilərik, amma digər sahələr kinonu o qədər də dəstəkləmir. Ona görə də, hər şey sadə şəkildə olur; insalar toplaşırlar, filmlərə baxırlar və heç kimin təsiri olmadan qərar qəbul edirlər. Təbii ki, zövqlər fərqlidir, çünki hamımız insanıq. Kiminsə nəsə xoşuna gəlir, kiminsə gəlmir, mübahisə də yaranır. Amma bunların hamısı sırf peşəkar müstəvidə olur. Bizdən inciyənlər də olur, amma bu qaçılmazdır. Ancaq kinotənqidçilər “Oskar” komissiyasının qərarlarına təsir edə bilmirlər. Halbuki kinotənqidçilərin böyük təsiri olmalıydı. Pitçinq komissiyalarında da o qədər də çox deyilik. Hərçənd indi orada kinotənqidçilərin payı çoxalıb, amma daha güclü kinotənqidçilərin, kinoşünasların iştirak etməsini istəyərdik. Yəni ümumi prosesə o qədər də daxil edilmirik.

– Amma hər şeyə rəğmən kinotənqidçilərin assosiasiyasını yaratmısınız.

– Hə, 2014-cü yeddi tənqidçi yığışıb qərara gəldik ki, birləşmək vaxtıdır və Qazaxıstan Kinotənqidçiləri Assosiasiyasını yaratdıq. Təzə başlayan bütün işlərdə olduğu kimi, bizim də çox böyük planlarımız vardı,  jurnal çıxarmaq, sayt açmaq, mükafat təsis etmək və s. Amma sonra məlum oldu ki, bütün bunlar üçün resurs lazımdır, harasa müraciət etməliyik, cavab gözləməliyik və s. Və bu, çox uzun çəkəcək. Ona görə də ilk olaraq öz mükafatımızı təqdim elədik – 2015-ci ilin martında, 13 nominasiya üzrə. Başlanğıcda kommersiya kinosunu da daxil edib-etməməklə bağlı çox uzun mübahisələrimiz oldu. Çünki, adətən, belə mükafatlarda təkcə “art-haus” filmlər nəzərə alınır. Amma biz qərara gəldik ki, onları da salmaq lazımdır və birinci mükafatımızı “Ən yaxşı film” nominasiyası – “art-haus” filmi üçün, ikinci mükafatımızı “Ən yaxşı janr filmi” nominasiyası – bu da kommersiya filmi üçün – adlandırdıq. Digər nominasiyalar – “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor”, “Ən yaxşı operator” və s. – bölünmür, qalib hər iki siyahıdan ola bilər. Filmlərə baxarkən məlum oldu ki, 2014-cü ildə Qazaxıstanda 20 tammetrajlı film çəkilib. İş ondadır ki, bizdə nazirliyin öz statistikası var, mərkəzin öz statistikası, kinostudiyanın öz statistikası. Nazirliyin statistikasında həmişə ildə 100 film çəkildiyi göstərilir. Hansı filmlərdir, haradadırlar, məlum deyil. Mərkəz və kinostudiya da özünün dəstək verdiyi filmləri sayır. Biz isə, ümumiyyətlə, il ərzində istehsal olunmuş bütün filmləri sayırıq. Bizə deyirdilər ki, gəlin ancaq mükafat üçün müraciət edən filmlərlə işləyək. Cavab verirdik ki, hər kəsin müraciət edəcəyinə kim zəmanət verir? Kimsə istəməyəcək, kimsə çəkinəcək, nəticədə obyektivlik olmayacaq. Halbuki biz prokatda olan, hansısa festivallarda iştirak edən bütün filmlərə baxırıq və bu məlumatları birləşdiririk. Sonra məlum oldu ki, tamaşaçı 2014-cü ildə çəkilən 20 filmin yarıdan çoxunu görməyib. Onda elə indi Bayqonur festivalın keçirildiyi “Arman” kinoteatrında, yanılmıramsa, 10 gün davam edən marafon təşkil elədik. Hər gün 2 film göstərilirdi, müəlliflər gəlib öz filmlərini təqdim edirdilər. Bu, bir növ, ilin hesabatının açıq nümayişi idi. Marafonun sonunda nəticələri açıqlayıb mükafatımızı təqdim etdik. Niyə belə eləyirdik? Çünki bizdə Kinematoqrafçılar İttifaqının da bənzər mükafatı vardı. Çox sağ olsunlar; kino üçün nəsə edən hər kəsə minnətdarıq, amma, orada sadəcə mükafat üçün müraciət edənlərin işlərinə baxılırdı və hansısa vacib filmlər kənarda qalırdı. Səbəbini soruşanda deyirdilər ki, onlar müraciət etməyiblər. Ona görə də, assosiasiya üçün əsas meyar müraciət yox, filmin prokata çıxması idi. Sayt ideyası da məhz onda yarandı. Hərçənd bu ideyanı hələ də reallaşdıra bilməmişik. Biz istəyirdik ki, hər hansı bir film haqqında müxtəlif mənbələrdə çıxan nə qədər resenziya, rəy varsa, bir yerə toplayaq və ilkin mənbəni istinad göstərməklə çap edək. Beləcə adi tamaşaçı saytı açıb film haqqındakı bütün rəyləri oxuya bilərdi. Sayt ideyasını iki dəfə reallaşdırmağa cəhd elədik, alınmadı. Bu il Bayqonur festivalı ilə razılığa gəldik, ideyamızı festivalın saytında həyata keçirəcəyik. Buna görə festivalın prezidenti Anuar Kenjibayevə təşəkkür eləyirik. Yeri gəlmişkən, onu da deyim ki, 2015-ci ildə “partizan kinosu” manifesti hələ çox aktiv şəkildə inkişaf edirdi və əsas mükafatları partizan filmləri almışdılar. Bizi bir az tənqid edirdilər ki, guya partizan kinosunu dəstəkləyirik, mükafatların çoxu onlara verilir. Biz isə deyirdik ki, sadəcə filmə baxırıq, səs veririk və fikrimizcə, ən yaxşı film hansıdırsa, onu seçirik. Adətən, mükafatlandırma mərasimlərimiz elə “Arman” kinoteatrında çox sadə şəkildə keçir. Mükafatla yanaşı bir də “Qazax kinosu: mədəni matris və trendlər” adlı kitab çap etdirmişik. Sözügedən kitaba 2018-2023-cü illər arasında yerli və əcnəbi kinotənqidçilərin qazax filmləri haqqında resenziyaları, analitik məqalələri toplanıb. Bu müddət ərzində assosiasiyamızın üzvləri də artıb, 21 nəfər olmuşuq.

“Qazax kinosu: mədəni matris və trendlər” kitabı


– Gülnara xanım, Azərbaycanda yaşlı nəsil tez-tez gəncləri öz kimliklərini unutmaqda, festival konyunkturası ardınca qaçmaqda ittiham edir. Sizdə bununla bağlı vəziyyət necədir?

– Məsələn, qırğızlarda yaşlı nəsil gənclərə çox kömək edib. Bizdə də “yeni dalğa” dövründə belə olub. Həmçinin gənclərə dəstək verən dövlət proqramları var. Mənə elə gəlir ki, indi yaşlı nəsil gənclərə dəstək funksiyasını yerinə yetirmir. Ancaq bu dəstəyin olub-olmaması gənclərin vecinə də deyil. Onlar özləri irəliləyirlər və bu daha yaxşıdır. Ola bilsin ki, 2000-ci illərin əvvəllərində gənclik hələ çaşqın idi, nə edəcəyini bilmirdi. Amma indi özü sərbəst hərəkət edir və yaşlı nəsli, faktiki olaraq, sıradan çıxarıb. O ki qaldı milli kimlik, identiklik məsələsinə – o, onsuz da var. Hərçənd məncə, bizdə özünü qırğızlardan, ya da özbəklərdən daha az büruzə verir. İş ondadır ki, bizdə “qazax yeni dalğası”ndan başlayan özünəməxsus kino daha çox kosmopolit olub. Amma milli kimlik təzahürləri var. Bəlkə qazaxdilli rejissorların filmlərində özünü daha çox göstərir, amma var.

– Bəs kommersiya və “art-haus”, müəllif kinosu arasındakı keyfiyyət fərqi nə qədərdir?

– Bir məqaləmdə yazmışdım ki, Qazaxıstanda iki kino var. Biri – festivallarda göstərilən intellektual, çox maraqlı kino dilindən istifadə edən, elitar kinodur. Mən hansısa festivala gedəndə həmkarlarım soruşurlar ki, siz belə gözəl filmləri necə çəkirsiniz, keyfiyyət baxımından avropasayağıdır və s.və i. Bu filmləri kinoteatrlarda göstərmirlər. İkincisi – ticari, səfeh komediyalardır; bu filmləri prokatda izləyən intellektuallar “bu, nə cəfəngiyyatdır; siz bunları necə qazax kinosu adlandıra bilirsiniz?” deyirlər. Bu iki kino arasında, həqiqətən, inanılmaz bir fərq var. Üstəlik, bu fərq get-gedə böyüyür. Hazırda bizdə prokat üzrə inhisarçı şirkət – özəl “Kinopark” studiyası fəaliyyət göstərir. Bu studiyanın rəhbərliyi pandemiya dövründə başa düşdü ki, sən demə, kinodan pul qazanmaq mümkündür; indi ildə 20 film çəkirlər və zallarında, əsasən, öz filmlərini göstərirlər. Qazaxıstanda ən böyük kinoteatrlar şəbəkəsi onlara məxsusdur. O qədər səfeh, gülünc filmlər çəkirlər ki… Sanki filmdən-filmə bu gülünclüyü dərinləşdirirlər.  Bilmirəm, bunu qəsdən edirlər, ya da siyasətləri budur. “Art-haus” filmlər isə “Kinopark” şəbəkəsində yox, “Arman” tipli ixtisaslaşmış kinoteatrlarda göstərilir. Bu cür iki-üç kinoteatrımız var. Hərçənd seanslar az olur, həftədə bir-iki seans. Hamı bilir ki, “art-haus” filmləri götürmürlər. Məsələn, Fərhat Şaripovun “Sxem” filmi Berlin festivalının “Generation” bölməsində Qran-pri qazanmışdı. Kinoteatrla danışıqlarda mən də iştirak edirdim; ya götürmürdülər, ya da cəmi bir həftəlik götürürdülər. Əslində, bu, təəccüblü deyil. Məsələn, Koreya bu problemi həll edib. Kim Ki-Dukun “Pyeta” filmi Venesiya festivalında əsas mükafatı alandan sonra Koreyada “Pyeta qanunu” adlı qanun qəbul olunub. Bu qanuna görə, əgər hansısa Koreya filmi hansısa beynəlxalq festivalda mükafat qazanırsa, Koreyada kommersiya kinosunun normativlərinə əsasən –200 nüsxə ilə – prokata buraxılmalıdır.

– Gülnara xanım, siz feysbukda müasir Azərbaycan kinosu haqda müsbət rəy yazmışdınız. Bizim kino kənardan necə görünür? Bu, hansısa özünəməxsus xüsusiyətləri olan kinodur, yoxsa hələ də postsovet şüuru ilə əlləşən kinodur?

– Bilirsiniz, siz, son iki ildə istehsalat olmadığını deyəndə mən çox kədərləndim. Çünki mənə elə gəlirdi ki, yeni gələn kadrlar, rejissorlar böyük enerjiyə malikdilər və hər il böyük festivallar səviyyəsində filmlər çəkə bilərlər. Təəssüf ki, indi hamısının adlarını xatırlamıram, amma festivallarda gördüyüm filmlər tamamilə özünəməxsus bir Azərbaycan göstərirdilər. Mənim müşahidə etdiyim qədərilə, bu irəliləmə “Buta” filmindən (rejissor İlqar Nəcəf) sonra başlayıb. İndi Hilal Baydarov var, başqa müəlliflər var, təəssüf ki, hamısının adını xatırlamıram, ancaq inkişaf var. Mənə elə gəlir ki, Azərbaycan kinosunda bu, hələlik kütləvi yox, tək-tük şəkildə baş verir və bunu edənlər Qərbdə oxuyub gələn, müəyyən əlaqələr qurmağı bacaran rejissorlardır. Bütün bunların nəticəsində bir qığılcım var və ideyaya görə, indi bu qığılcımı dəstəkləmək, alovlandırmaq lazımdır, onda son dərəcə qeyri-adi bir kino yarana bilər. Məsələn, Türkiyədə olduğu kimi. 2005-ci ilə qədər Türkiyə kinosunu heç kim tanımırdı. Sonra Ceylan, Semih Kaplanoğlu və başqaları meydana çıxdı, türk kinosu dirçəldi. İndi bir qədər aşağı istiqamət götürüb, amma bu da normaldır. İstənilən hadisənin, yeniliyin, istənilən dalğanın on il ömrü var. İki-üç il əvvəl yeni Azərbaycan filmlərinə baxandan sonra düşünürdüm ki, Azərbaycanda da yeni dalğa yaranmaq üzrədir, çünki yeni rejissorlar var. İndi isə siz deyirsiniz ki, iki ildir tammetrajlı filmlər çəkilmir. Bu, çox pisdir. Belə çıxır ki, dalğa alınmayacaq, çünki insanlar var, inkişaf yoxdur. Gənclərə yol açmaq, qısametrajlı filmdə özünü sübut etmiş rejissorlara tammetrajlı film vermək lazımdır. Onlar Azərbaycan kinosu üçün çox şey edə bilərlər. Onlar, həqiqətən, qeyri-adi kino dili yaradırlar. Bilirəm, yəqin, sizdə də bu rejissorları qaramat çəkməkdə, ancaq pis şeyləri göstərməkdə və s. ittiham edirlər. Bağışlayın, amma o filmlərdə real həyat və bu reallıqda sağ qalmaq uğrunda mübarizə aparan insanların gücü göstərilir. Bizim heç birimiz pis həyatdan birbaşa yaxşı həyata atılmamışıq, hələ də dövlət quruculuğu və buna bənzər proseslərdən keçirik. O filmlərin sayəsində insanlar Azərbaycanı tanıyırlar, Azərbaycan kinosu ilə tanış olurlar. Bayaq dedim, bizdə də tarixi filmlərin çəkilməsinə qarşı ciddi etirazlar vardı. Tarixi filmlər heç kimə lazım deyil. Müasir, maraqlı, bu günü göstərən kino lazımdır. Bütün dünyada belədir; fransızlar da öz cəmiyyətlərini tənqid edirlər, almanlar da, digərləri də. Qalan hər şey kommersiya kinosudur.

Müsahibəni hazırladı: Aygün Aslanlı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya