İNDİ OXUYUR
Gəlmiş gələcək

Gəlmiş gələcək

Varlığı boyu bəşər övladının öz və ya yaxınları üzərində mənfi təsirə malik hadisə və ya əməldən peşmanlıq, təəssüf hissi keçirdiklərinə şübhəm yoxdur. Ölümdən sonrakı həyata ilkin inancların və onunla bağlı ritualların yaranması da məhz, bu itkinin yaratdığı stressə qarşı müdafiə xarakterli təsəlli duyğusu ilə bağlıdır. Daha sonralar insan övladının idrak və təfəkkürü genişləndikcə o, hətta, keçmişə qayıdaraq barışa bilmədiyi hadisəyə aparan traektoriyanı qırmağı da arzuladı. Yəni, keçmişi dəyişmək istədi, şübhəsiz, indi də istəyir. Yəqin ki, gələcəkdə də istəyəcək. Bəs bunu əminliklə deyə bilərikmi? Ümumiyyətlə, gələcək haqqında proqnoz verə bilərikmi? Nəzəri olaraq, əgər gələcəyi insanlıq olaraq özümüz qururuqsa, deməli nəticədən də az-çox xəbərimiz olmalıdır. Elə bu ehtimallar üzərində elmi-fantastik janrda bir çox filmlər də çəkilib. Hətta, çəkildiyi dövr üçün gələcək, bizim üçün isə yaxın keçmiş sayılan zamanda artıq var olan texniki nailiyyətləri “öncədən görən” nümunə filmlər də var:  “Ulduz yolu” filmində mobil telefon, ağıllı qolbaq prototipi; “Geriyə – gələcəyə qayıdış” filmində video-konfrans, qaytanları özü bağlanan idman ayaqqabısı; “Azlığın hesabatı” filmində göz bəbəkləriylə şəxsin identifikasıyası, interfeysin kontaktsız idarəsi; “Sehirli xalat” filmində sensorlu kitab; “Kabelçi” filmində qəhrəmanın dilindən səslənən – yaxında televizorun, telefonun və kompüterin bir şəbəkədə birləşəcəyi, onlayn oyunların və alış-verişin mümkünlüyü proqnozu, “5-ci element”  filmində taksi maşınının öz sürücüsünə səsli təlimatı, hamamda sensorlu duş və s.

Elə isə, ön hesablamalarımızın qismən də olsa doğru olduğu qənaətinə gəlmək olar. Bu məqamda, əsas müəlliflərindən birinin Ceyms Kemeron, baş rolun ifaçısı Arnold Şvarsneqerin olduğu bir film silsiləsinə nəzər salaq; Terminator. Texnoloji cəhətdən az qala mümkünsüzü reallaşdıra bilən silsilənin ilk carçısının 1984-cü ildə bəyaz pərdəyə qovuşmasından, sonuncu bölümünün ekranlara əks olunduğu 2019-cu ilə qədərki 35 illik zaman kəsiyində sözügedən kino məhsulunun texniki inkişafına paralel olaraq, fonda rəqəmsal texnologiyaya “gözüyumulu” hakim bir nəsil yetişib. Elə bir nəsil ki, özünü rəqəmsallıqdan kənar bir aləmdə nəinki təsəvvür edə bilməz, hətta, onsuz məhsuldarlığını belə böyuk nisbətdə itirər. Məhz bu faktor özü elmi fantastik janrda çəkilmiş Terminator filminin fabulasının özülünü təşkil edən öngörüşlərin müdafiəsinə xidmət edir.

Ciddi kassa uğuru olmayan, lakin kult sənət əsərinə çevrilmiş bu film 2008-ci ildə Konqres kitabxanası tərəfindən ABŞ-ın mədəni mirası kimi tanınan filmlər siyahısına salınıb.

İlk bölümündə 2029-cu ildən, sonuncusunda isə, 2042-ci ildən Terminator adlı, insan görünüşlü döyüş maşınlarının real zamana göndərilərək gələcəkdə baş verəcək insan-robot müharibəsinin liderlərini keçmişdə – elə “beşikdəcə boğmaq” cəhdləri filmin süjetində ustalıqla nümayiş olunur. Belə ki, gələcəkdə müstəqil iradəyə malik süni intellekt – Skaynet (dəyişdirilmiş gələcəkdə isə Legion) canlı aləmin insan növünü özü üçün təhlükə kimi gördüyünə görə onun çox hissəsini məhv edir, bir qismini isə öz istehsalatında xammal kimi istifadə edirdi. Sağ qalmağı bacaranlar ilkin gələcəkdə Con Konnorun, sonrakı – dəyişmiş gələcəkdə isə Deninin liderliyi altında Skaynetin robot məhvedicilərinə qarşı qətiyyətli mübarizədə idilər. Günü-gündən inkişaf edən və müstəqil iradəyə malik süni intellektin mərkəz beyni isə, özünün məhvinin məhz həmin mübariz liderlərin başçılığı altında qaçılmaz olduğunu “görüb” zaman maşını yaradaraq məhvediciləri-terminatorları keçmişə göndərməyi qərara alır. Onlar liderləri ya gənclik çağlarında, ya da doğulmamış məhv etməli idilər. Keçmişdə, yəni real zamanda isə, bu terminatorlarla mübarizənin mərkəzində insan iradəsi dururdu. Məhz Sara Konorun,yəni, gələcəkdəki müqavimət ordusunun lideri Con Konorun gənc anasının səsləndirdiyi: “Taleyimizi yaşadıqlarımızla qururuq” cümləsi də filmin ideyası olaraq uğurla çıxış edir. Skaynetin öz məhvindən öncə göndərdiyi terminatorlarla yanaşı insan-döyüşçülər və onlar tərəfindən modifikasiya olunmuş robotlar da keçmişə getməyi bacarmış, bununla da Skaynetin keçmişdəki hədəflərini qoruya bilmişdilər. Məhz bu döyüşçülərin xatirələrindən anlayırıq ki, süni intellektə gələcəkdə verilən imtiyaz və müstəqillik insan varlığının sonunu gətirməyə hazırdır. Onun ilk geniş miqyaslı həmləsi də məhz nüvə silahlarının işə salınması olmuşdur.  Baxın, filmin mövzusu və məzmunu günümüzdə istər texnologiyanın sürətli inkişafı, istər rəqəmsal aləmdən asılılığımız, hərbi sənayedə, idarəetmədə, hətta, təhsildə rəqəmsallığın geniş istifadəsi, istər dünya gündəmini başına almış nüvə müharibəsi təhlükəsi, istərsə də 4-cü sənaye inqilabı ilə necə də uzlaşır. Təbii ki, bu inqilab elmi-texniki tərəqqi baxımından təqdirə layiqdir. Ümumiyyətlə, inkişaf hər zaman müsbət haldır, təki bu müsbət müsibətə çevrilməsin. Terminator filmlər silsiləsində öngörülən müsibət gününün – faciəvi gələcəyin insan iradəsi mərkəzli qüvvə ilə qarşısının uğurla alındığı nəticələri görsək də, filmin hər bölümü bitərkən son musiqinin bizə verdiyi siqnal o dəhşət gününün əslində çox uzaqda deyil, haradasa yaxında olduğu hissini aşılayır. Amma narahat olmağa dəyməz, çünki hər bir robot-maşının yandırıb-söndürmə düyməsi var, yəqin ki, var…

Xəyal Əfəndi

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya