İNDİ OXUYUR
Finalsız üç bilbord

Finalsız üç bilbord

Hər bir əhvalatın bir başlanğıcı olur, istənilən süjet ilkin hekayədən qaynaqlanır, lakin heç də hər bir filmə sonluq kadrı xas deyil və ona görə yox ki, bu tamaşaçı auditoriyasının mühakiməsinə qalan üstünlükdür, ona görə ki, filmi ərsəyə gətirən müəllif bu məsələnin həllində iki variantdan birinin özünü mütləq doğruldacağını əvvəldən bilir və finalın dadını çıxaran müəyyən bir sözü qıraraq, mətləbin məğzini axıradək açmamaq effekti yaradır. 

Lakin insafla danışsaq, bu cür “yekunsuzluqdan” qazandığımız məmnuniyyət heç də az deyil. Əksinə, belə üsul və onun təqdimatı filmə əlavə cazibə bəxş edir, ona qəhrəmanların taleyi sarıdan narahatlıq doğuran emosional təlatüm yaradacaq dərəcədə ovqat əlvanlığı əlavə edir. Kinematoqrafla sıx bağlı olan psixologiyada başa çatdırılmış işlərdən daha çox yarımçıq qalmış işlər haqqında intensiv düşünüb beyni məhz onlara fokuslamaq Zeyqarnik effekti adlanır. Beləliklə, tədqiqatçılar o nəticəyə gəliblər: əgər insanı başladığı işi tamamlamaq imkanından məhrum etsək (filmi sonadək izləməkdən), o nəinki emosional gərgin vəziyyətə düşəcək, həm də tapşırığın (filmin) detallarını zehninə “yazıb” yaddaşının izlərinin “əlçatanlığını” saxlayacaq.

Kinematoqrafda isə bu hadisə və süjetin qurulmasının təbii ifadə vasitəsi, eynilə kulminasiyanın qırılması kimi, Kliffhenger (ingiliscədən tərcümədə cliffhanger, yaxud cliffhangerending sətri tərcümədə “uçurumdan asılıb qalan”). İngilis mənşəli “Kliffhenger” kəlməsi oturuşana qədər rus ədəbiyyatşünaslığı ənənələrində belə  yanaşma başqa cür adlandırılırdı. Məsələn, Yevgeni Zamyatin “fabulistik pauza” ifadəsini məqbul sayırdı. Belə pauza təbii ki, oxucunun/tamaşaçının hövsələsizliyini artırır: “çox dramatik hadisənin belə qəfil qırılmış təsviri nə ilə bitəcək görəsən?” nigaranlığını doğurur.

“Finalın natamamlığı” interpretasiyalarının nominalında kino tarixində kino tənqidçilərinin diqqətini çəkən kifayət qədər süjet açılmaları nümunələri var. Qeyri-ixtiyari olaraq ağıla Əsgər Fərhadinin 2011-ci ildə ekranlara çıxan “Naderlə Siminin boşanması” və danimarkalı rejissor Tomas Vinterberqin “Ov” psixoloji dramı gəlir.  Bu filmlərdə olduğu kimi, sonadək açılmamış rejissor ideyasının məhz nədən ibarət olduğunu ehtimal etmək hüququnu “Missuri, Ebbinq sərhədində üç bilbord” filmi də tam mütləqliklə tamaşaçıya verir – burada da tamaşaçının fantaziyasının uçuş spektri final nöqtəsinin fərqinə varıb-varmamaqla məhdudlaşmır..


Adlarını çəkdiyim hər üç filmi eyni bir qanunauyğunluq birləşdirir; onların quruluşçu rejissorları, həm də filmlərinin ssenari müəllifləridir. Ssenari elə bir materialdır ki, onu kağız üzərində vizuallaşdırana qədər rejissor tamaşaçılara çatdırmaq istədiyi fikirlə, daha sonra isə ideya ilə “dolub-daşmalıdır” – “skelet ətə-qana dolub” obrazlar müəyyən forma alana qədər. Bir nəfərin yaradıcı prosesdə yalnız bu cür canı-dildən  iştirakı sayəsində film universallaşaraq yaddaqalan keyfiyyət qazanır, çünki ekran əsərini ərsəyə gətirən yekun uğurlu nəticəni əldə edənə qədər bütün məsuliyyəti öz üzərinə götürür.

“Missuri, Ebbinq sərhədində üç bilbord” filminin süjetinə görə uydurma Ebbinq şəhərində (rejissor təxəyyülünə görə) bir neçə ay əvvəl yeniyetmə qız Anjelanı zorlayıb öldürüblər. Qızın anası Mildred Heys (Frensis Makdormand) dərin kədər və qəzəb içindədir, o heç cürə bu müsibətlə barışa bilmir. Ümumiyyətlə, belə bir hadisə ilə barışmaq olarmı? Başına bu cür dəhşət gəlmiş valideyn nə etməlidir? Bu və bu kimi sualları rejissor da özü-özünə verərək qisasçı-ana Mildred obrazını yaradır. Bu obraz tamaşaçıya artıq son həddə çatmış səbrin sərhədlərini açır; o, tamamilə çıxılmaz vəziyyətə düşüb və bunun günahı ölkənin məhkəmə-icraat sistemində baş alıb gedən səhlənkarlıqdır!


Zorlama və qətlə yetirilmə mövzusu gündəlik həyatda olduğu kimi kinematoqrafda da kəskin və həllini sonadək tapmamış mətləblərdən biri olaraq insan təfəkkürünün və onun əcaib təhtəlşüur qavrayışının əks qütbündə qalmaqdadır. Bu məqamda fransız rejissor Qaspar Noenin “Çıxılmazlıq” dramatik trilleri yada düşür – bu ekran işinin təsiri elə güclü idi ki, təqdim edildiyi 55-ci Kann festivalında 250 nəfər ekranda nümayişlənən doqquz dəqiqəlik zorlama aktının tükürpədici təsirinə dözməyərək zalı tərk etmişdi. Bəziləri hətta həkim köməyinə ehtiyac duymuşdular. Həmin səhnə bir planla lentə alınıb, çox güman, rejissor bilərəkdən belə edib ki, tamaşaçının baş qadın qəhrəmanın halına acıması hiss olunsun. 

“Çıxılmazlıq”dan fərqli olaraq “Missuri, Ebbinq sərhədində üç bilbord” filmində biz zorlama və qətl səhnəsini görmürük, yalnız süjet üzrə bundan xəbərdarıq, lakin biz tamaşaçılar bu insanlığa sığmayan faktın dinamikasını o dərəcədə hiss edirik ki, hadisəni tam real təsəvvür edirik. Kinematoqraf vasitəsilə bu duyğuları canlandıran saspensin, şübhənin gücü və qüdrəti bunda deyilmi?

Ədalət məhkəməsinin fəaliyyətsizliyindən məyus olan Mildred, qızının başına gətirilən cinayətin açılması yolunda qeyri-standart addım atır. O, evinin yaxınlığında sahibsiz qalmış üç bilbordu icarəyə götürüb onların hər birinin üzərində belə ismarışlar həkk edir: “Ölümcül halda ikən zorlanıb”, “Hələ də heç kim həbs edilməyib?”, “Bu necə ola bilər, şerif Villobi?”. Reklam lövhələrinin məzmunu şəhər əhalisinə, həmçinin şerif Bill Villoubiyə (Vudi Harrelson) və polis işçisi, irqçi və içki düşkünü Ceyson Diksona (Sem Rokuel) pis təsir edir.


Bu üç bilbordda ana, başına gələn müsibəti danışır (sanki rejissor özünün müxtəsər təhkiyə bacarığını nümayiş etdirir) – ssenarinin/layihənin qısa pitçinqi, qeyri-müəyyən, lakin “açıq finallı”. “Açıq finalla” müəllif, tamaşaçıya filmin məhz necə bitəcəyinə aid müstəqil qərar qəbul etmək hüququ verir. Tamaşaçı bu qərara hansı yolla gələcək – süjetin detallarından çıxış edərək, yaxud emosional qavrayışına əsaslanaraq, bunu da o özü qətiləşdirməlidir.

Mildred oturuşmuş stereotipləri ağlının itiliyindən və möhkəm xarakterindən xəbər verən maraqlı ideyası ilə dağıdır. Bu qadının dünyaya baxışı başqalarından fərqlidir, fikrini birbaşa ifadə etmək və ürəyinə yatmayan, ağlına batmayan halla barışmazlıq kimi xüsusiyyətləri var. Və bu deyəsən fədakar qadının maneələri dəf etmək, sistemə qarşı çıxmaq yolundakı müstəsna halıdır – bundan sonra onun “dedlaynsız həyatı” başlayır. Şəhərdə hər kəsə məlumdur ki, şerif Villoubi mədə vəzisi xərçəngindən əziyyət çəkir. Mildredin quraşdırdığı bilbordlar şerifdə nə qədər narazılıq doğursa da, ananın qətiyyəti iki yeniyetmə qız atası olan şerifdə heyrət və rəğbət yaradır. Təbii ki, Bill onu yaxşı anlayır və halına yanır. Günlərin bir günü isə şerif sui-qəsdə əl atır ki, ailəsini ölümünün tədricən ona yaxınlaşmasını müşahidə etmək kimi ağır günlər keçirməkdən xilas etsin. Bax, elə bu məqamda rejissor Makdonaxın gizli hiyləsi işə düşür – Mildredin iradlarının yönəldiyi şerif Villoubini səhnədən götürür və anaya ağlasığmaz ədalətsizliyə son qoyub günahkarları cəzalandırmaq yolunda xeyir-dua verir.

Bill həyatına qəsd edəndən sonra ondan üç məktub qalır: həyat yoldaşına, Ceyson Diksona və Mildredə. Mildredə ünvanlanmış məktubunda şerif onun ölümündə qadının heç bir günahının olmadığını yazır.


Billin Mildredə məktubundan belə bir incə məqamı vurğulamaq mütləqdir: şerif qadına yazır ki, ümidini itirməsin, təcavüzkar və qatil tamamilə gözlənilməz, təsadüfi vaxtda, onu axtarmadığımız, ona rast gələcəyimizi ehtimal etmədiyimiz bir yerdə üzə çıxa blər; məsələn, ictimai yerdə birinin öz dostlarına murdar əməllərini şücaət kimi qələmə verib danışmasını qeyri-ixtiyari eşitdiyimiz vaxt…

Rejissorun öz qəhrəmanı şerif Bill vasitəsilə istifadə etdiyi və real səhnədə gerçəkləşən ssenari eyhamının bu çevik üsulunda və ya hətta ola bilər ki, əsaslandırılmış spoylerində iştirak edən əsas şübhəli şəxsin dostu ilə söhbəti “öz-özünə çin olan öncəgörmə mexanizmi” adlanır. Hər bir uğurlu filmi sıradan bir darıxdırıcı filmdən fərqləndirən cəhət, birincidə qara yumorun olmasıdır. Və əgər müəllif ssenarisində kəskin sosial satiranı açmaq imkanına malikdirsə, bu imkandan istifadə etməməyə onun haqqı çatmır.

Martin Makdonax özü ssenari müəllifi olaraq, filminə iti yumor əlavə etmiş, onu ümumi süjet formatında komediya elementlərinə parçalamışdır.

Filmdə “qızıl bölgü” anı Mildredin öz mağazasında tanımadığı bir şəxsin hədə-qorxusu ilə üz-üzə qalması səhnəsində yetişir, az sonra Ceyson Dikson həmin şəxsin zorakılıqla bağlı azğın və bivec söhbətinə xəlvətcə qulaq asır. “Qızıl nisbətin” bu riyazi nisbəti kinematoqrafda əksər hallarda belə təsvir edilir: xətt iki hissəyə elə bölünür ki, kiçik hissə böyük hissəyə, böyük hissə isə bütöv hissəyə aid olur. Bu qədim estetik konsepsiya “Missuri, Ebbinq sərhədində üç bilbord” filmində də öz əksini tapıb.


Filmdə, məqsədləri ümumi ali bir məqsədə yönəlmiş personajlar da iştirak edirlər. Belə personajlara Mildredin oğlu Robbini, bilbordları Mildredə icarəyə verən Red Velbini, Mildredin həmkarı və rəfiqəsi Denisi, Mildredin keçmiş əri Çarlini, plakatların yandırılmasından sonra onların dublikatının olduğunu Mildredə deyən Ceromu və boyca hamıdan balaca olmasına baxmayaraq, xətrini çox istədiyi bədbəxt qadını pis adamlardan uzaqlaşdırıb qorumaq cəhdi ilə hər kəsdən boylu-buxunlu görünən Ceymsi aid etmək olar. İnkoqnito-anti-personaj və protaqonist-Mildred simasında müəllif, süjetə ekzistensial böhran daxil edir: Mildredin ailə üzvləri, Mildredlə keçmiş əri Çarli arasında həyata bədbin münasibət və polis işçisi Ceyson Diksonla anası arasındakı münasibətlər.

Bütün filmboyu yalnız bir dəfə rejissor tamamilə haqlı olaraq fleşbekdən istifadə edir. Bu fleşbekdə biz ailənin keçmiş günləri ilə tanış oluruq və görürük ki, Anjela ilə Mildred yola getmirlər, ailənin oğul övladı Robbi isə onların heç biri ilə dil tapa bilmir. Baxmayaraq ki, lentə alınmış bir çox səhnələr ümumi süjetə daxil edilməyib, filmdə hər hansı uyğunsuzluq, montaj qırıqlığı müşahidə edilmir. Bəzən elə olur ki, çəkilmiş materiala ifrat dərəcədə mühafizəkar yanaşma montaj prosesində rejissora mane olur, bu isə tamaşaçının ümumi ab-havaya köklənməsi əvəzinə gərəksiz qavrayışların dalğasına düşməsi deməkdir.

Dikson təsadüfən eşitdiyi söhbətdən belə bir nəticəyə gəlir ki, bu adam başqa bir zorlama və qətl hadisəsini də törədib, buna görə də o adamı öldürmək üçün Aydaxoya yollanan Mildredi müşayiət etməyi düzgün sayır. Yolda Mildred etiraf edir ki, polis məntəqəsinə o od vurmuşdu. Dikson isə cavab verir ki, başqa kim ola bilərdi axı… Onlar missiyalarında əmin olmadıqlarını bildirirlər və mənzil başına çatana qədər sonrakı addımlarını götür-qoy edib ortaq məxrəcə gəlmək qərarı verirlər…


“Missuri, Ebbinq sərhədində üç bilbord” filmi özünün natamamlığı ilə tamdır! Müəllif əvvəlcədən final “qapısını yarıaçıq” qoyaraq qapını bağlamağı və qəhrəmanlarla birlikdə törədilmiş əzazilliyə görə cəza hökmünü çıxarmağı tamaşaçının öhdəsinə buraxır. Həyatda hər bir əmələ görə cavabdehlik, cəza mütləq qaydada mövcuddur və mahiyyət etibarilə belə cinayətlər heç vaxt cəzasız qalmır!

Elçin Əsədov

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya