İNDİ OXUYUR
Filmin komediyası

Filmin komediyası

Komediyanı tam şəkildə kinonun ayrılmaz janrı adlandırmaq olar. İnsanlar bəzən gündəlik problemlərdən qaçmaq və qayğılar ilə yüklənmiş çiyinlərinin “yükünü” azaltmaq niyyətilə onların üzünü güldürəcək, əhvallarını düzəldəcək nə iləsə məşğul olmağa çalışırlar. Əgər bu situasiyada seçim kinodursa, dram janrında film izləyən tamaşaçı, vəziyyəti yalnız janrlararası keçid edərək, komediyaya üz tutaraq asanlaşdıra bilir. Belə halda isə o,  kinodan qaçmaqla yenə də kinoya üz tutur. Qəribə səslənsə də komediyanın son istifadə tarixi var. Yəni komediya dövrə görə dəyişir.  10 il əvvəl tamaşaçı üçün gülməli olan zarafatlar bu gün onların mimikalarında dəyişiklik yaratmır. Buna baxmayaraq, məşhur Azərbaycan komediya filmlərindən olan “Yol əhvalatı”nda “Sizi bura yığmaqda məqsədim odur ki, sizdən adam olmayıb, olmayacaq da”, “Bəyin oğurlanması”nda “8 min pul alıblar məndən, oynamaqlarına bax”, “Əhməd haradadır?” filmində “Əhmədin anası ölməyib hələ” və s. bu kimi ifadələr hələ də tamaşaçıların hafizəsində yer alaraq nitqinə hopub.


Komediyalarda məqsədli və yerli şəkildə işlənən jarqonlara, qabalığa bəzən isə söyüşə yer verilsə də, bu gün Mirzə Fətəli Axundovun komediyalarının ünvanı olan cəmiyyət, komediyada yaranan deyil, komediya yaratdığı düşünülən təhqirin, beldən aşağı zarafatların işlənildiyi “kommersiya xarakterli  komediyalarına meyillidirlər”. Mirzə Fətəli Axundovun  komediya yaradıcılığını nəzərdən keçirdikdə görə bilərik ki, dramaturqun yumor mərkəzinə qoyduğu nəsnə, xalqın məişətindən, gündəlik həyat tərzi və s. məqamlardan qaynaqlanır. Dövrümüzdə də çəkilən əksər komediyalar zala gələn hər bir tamaşaçının gözü önündə güzgü rolunu oynamalıdır. Belə ki, o özünü görməli, gülməli və düşünməlidir. Əsl komediya isə baxıb güldükdən sonra nəyə güldüyünü düşündürməlidir. Məhz bu cəhətlərinə görə, komediya, kinonun mürəkkəb janrlarından biridir. Müasir dövrdə dünya kinosunda çoxsaylı komediya filmləri çəkilir. Bunlar arasında kütləyə xitab edən – kommersiya filmləri və komediya janrının xüsusiyyətlərindən istifadə edərək cəmiyyəti güldürərək tənqid edən, reallığı əks etdirən komediyalardir. Ölkəmizdə də dünya kinosunda olduğu qədər olmasa da komediyalar çəkilir. Bunlara misal olaraq “Hozu dayə”, “Kəklikotu”, “Qızqaçırma” və 29 noyabrdan ekranlara çıxan Fariz Əliyevin ssenarisi əsasında çəkilmiş “Cin atı” filmini misal göstərə bilərik.


Filmdə hadisələr ikinci dəfə ailə həyatı quran Əşrəfin toydan çıxıb gəlinlə evə yollanması səhnəsi ilə başlayır. Lakin Əşrəf birinci arvadının ilinin çıxdıqdan sonra toy etməsi vəsiyyətini yerinə yetirməyərək “subay”lığa son qoyur. Qorxulu komediya janrında olan bu filmdə süjetboyu Xilafə, əri və yeni arvadı üçün xüsusi paranormal planlar hazırlayıb. Belə ki, film boyunca Əşrəfin birinci arvadının toy gecəsinə mane olması və iki nəfər arasında olan qaçhaqaç, komik situasiya yaradır. Bu komediya filmi ümumi olaraq tamaşaçını güldürməyə xidmət etsə də, bəzən isə cinsəlliklə bağlı olan zarafatları ön plana çəkərək tamaşaçının nəyə güldüyünü xüsusi vurğulayaraq, elə onu da gülünc vəziyyətə salır.


Bununla yanaşı, hadisələrin niyə məhz toy gecəsində baş verməsi, komediyanın bayağı yönlərini ifşa edir. Kütlənin marağını cəlb etmək və qurşaqdan aşağı zarafatlara zəmin yaratmaq üçün bu məkan seçilmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi müasir komediyada arqo sözlərin işlənməsi normal olsa da, bu filmdə istifadə edilən arqolar komediya yaratmaq əvəzinə filmi bayağı edir. Filmdən məntiqi əsası olmayan səhnələrin çox olmasına paralel olaraq, ruhu quzu ayağı ilə öldürmək istəməkləri bir çox xalqların inanclarında mövcud olan inancların təsviridir. İndi isə, komediyanın məntiqi uyğunluq xəttini aşaraq, cəmiyyətə xas olmayan, yad olan prosesinə diqqət yetirək. Toy bitdikdən sonra, anası həmin gecənin “uğurlu” və ya “uğursuz” olub-olmaması ilə bağlı oğlundan xəbər almaq məqsədilə “WhatsApp” qrupu yaradır. Qrup üzvlərinin – xalaoğlu, bibi, bibioğlu və b. həmin gecə Əşrəf tərəfindən gələn “məlumatlara” reaksiyaları tamaşaçını güldürsə də, reallıqdan kənar olduğu da danılmazdır.  Adət-ənənələrimizi və stereotipləri nəzərə alaraq, əsaslı şəkildə vurğulaya bilərik ki, bu nüanslar məhrəmlik anlayışını yoxmuş kimi təqdim edir. Bütün bunlara baxmayaraq, reallığı əks etdirən və sosial mühitdə rast gəlinən problemlər də işıqlandırılıb. Məsələn, istər məşhur istər sıravi insanların ictimailəşdirdiyi məsələyə – taksi sürücülərinin kartla sifarişə etiraz etməsi gündəlik həyatda rast gəlinən problemlərdən biridir.

Xilafənin ruhunun daim ərini izləməsi, yeni ailə həyatı qurmağa imkan verməməsi günümüzdə “evli olmamışam” deyən kişilərin keçmiş həyat yoldaşlarının həqiqi prototipini yaradır. Xilafə bütün yollara əl atır ki, onlar bir yerdə ola bilməsinlər və buna görə də maneələr yaradır. Baş qəhrəmanlar Arifə və Əşrəf maneləri aşmağa  çalışan yerlərdə Xilafənin “ruhu” ilə rastlaşırlar.
Filmin qəhrəmanının ən böyük problemi nə insanlar arasında özgələşmə, nə də maddi sıxıntılardır, onun ən böyük problemi tənha qala bilməməsidir.


Hətta Əşrəfin “40 gün arvadsız qalmaqdansa bir günün içində kimlə gəldi, necə gəldi, “tez-bazar” birini tapıb evlənmək lazımdır iki gün ərzində”, “40 gün kölə kimi yaşamaqdansa, 1 gün azad yaşamaq yaxşıdır” deyən tarixi şəxsiyyət Babəkin şüarını gülüş obyektinə çevirir. Bu isə əslində komediya cəhətdən qıtlığı göstərir. Komiklik müasir dövrdəki hadisələrdə və problemlərdə yox, tarixin tozlu səhifələrində axtarılır. Komediya filmlərində tarixi şəxsiyyətlərin adlarının komediya ünsürünə çevrilməsini bir çox filmlərdə görürük. Lakin “Cin atı” filminin də qəhrəmanı azadlıq uğrunda deyilmiş bu fikri evliliklə eyniləşdirir. Komediya filmlərində qəhrəmanın yaşadığı problemlərinin səbəbi istəyidir. Lakin bu istək cəmiyyətdəki problemlərdən uzaqlaşmaq üçün istifadə edilən biveclik deyil, həyat yoldaşı istəyidir. Müasir dövrdə Azərbaycan filmlərində örnəklərinə çox rast gəlməsək də, komediya janrı ən populyar janrlardan biridir, hətta dördüncü divarı yıxaraq tamaşacı ilə ünsiyyətdə olan cəmiyyətə özgələşıb ailəsindən soyuyan baş obrazların olduğu komediyalar xüsusilə məşhurdur. Ümid edirik ki, bir gün Azərbaycan kinosunda bu janrın xarakterik xüsusiyyətlərini özündə büruzə verən komediyalar çəkiləcək.


Baş rollarda Müşviq Şahverdiyev, Dilarə Əliyeva yer alır. Rolunun öhdəsindən uğurla gələn Dilarə Əliyeva bundan əvvəl bir çox komediyalarda – “Yumurta”, “Hoqqa”, “Məhəllə 3” və s. ) oynamışdır. Müşfiq Şahverdiyev isə öz növbəsində 2015-ci ildə ekranlara nüfuz edən “My name is İntiqam” filmində İntiqam, “Gizlənpaç”da  isə Fərid obrazının ifaçısı olmaqla yanaşı, ssenari müəlliflərindən biri olaraq çıxış edir. Əşrəfin arvadı rolunu canlandıran Nərmin Xankişiyevanin kinoda ilk işi olmasına baxmayaraq, Arifə rolunun öhdəsindən uğurla gələrək, komik obraz yaratmağı bacarmışdır. Eyni zamanda onun filmdə mövcudluğu, tamaşaçını üzünə alışdığı aktyorlardan xilas edir. Filmə seçilməsində bir səbəb də sosial şəbəkədəki izləyiciləri cəlb etmək istəyi də ola bilər.

Elza Axundova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya