Now Reading
Festival qalibindən kassa fenomeninə

Festival qalibindən kassa fenomeninə

Kino yarandığı gündən etibarən film izləmək kollektiv fəaliyyət kimi qəbul olunub. İnsanların zalları doldurması, birlikdə film izləməsi vaxt ötdükcə rituala çevrilib. Bu ritual çərçivəsində tale bəzi filmlərin üzünə gülüb, geniş izləyici kütləsi tapa bilib, bəziləri isə sadəcə tamaşaçıların diqqətini çəkə bilməyib, geniş izləyici kütləsindən uzaq qalıb. Kassa filmi ilə festival filmi bölgüsü də buradan qaynaqlanmağa başlayıb. Ölkəmizdə də, bir çox başqa ölkələrdə də əgər film geniş auditoriya tərəfindən sevilirsə, ona qısaca “kassa filmi” deyirlər. Festivalda uğur qazanırsa, filmin taleyi əvvəlcədən həll olunur: bu film məhdud izləyici üçün nəzərdə tutulub, “sıxıcı və ağır tempi olan filmdir” deyə düşünülür. Hələ filmin orijinal dili ingiliscə deyilsə, vəziyyət daha da qəlizləşir, amerikalılar altyazı ilə film izləməyi sevmədikləri üçün əsəri birbaşa görməzdən gəlirlər. Avropa və Asiyanın uğur qazanmış bir çox filmlərinin ABŞ-də eynisinin ingiliscə çəkilmə səbəbi də məhz budur. Lakin bu qəlibləri qıran, öyrəşdiyimiz sərhədlərdən kənara çıxmağı bacaran filmlər də var. Bu filmlərin arasında bəlkə də kino tarixini dəyişəcək qədər böyük təsirə malik olanı 2019-cu ildə Kann kino festivalında “Qızıl Palma Budağı” mükafatını qazanmış “Parazit”dir. “Parazit” Pon Çjun-Honun 15 milyon dollarlıq büdcə ilə çəkdiyi, bütün dünyada ümumilikdə 258 milyon dollar kassa gəliri əldə edən filmdir. Bu yazıda da “Parazit”in qazandığı uğurun səbəblərini və kino tarixini necə dəyişdiyini diqqətə çatdıracağam.

“Parazit” 21 may 2019-cu ildə Kannda dünya premyerasını edəndən qısa müddət sonra tənqidçilər tərəfindən yüksək dəyərləndirildi. Tənqidçilərin ilkin müsbət resenziyaları festivalın açıqlanan nəticələrində də öz əksini tapdı və “Qızıl Palma Budağı”nı qazandı. “IndieWire” jurnalının əlli nəfər kino tənqidçisi arasında keçirdiyi sorğuda da film ilk pillədə qərarlaşmışdı. Yekdilliklə hər kəs tərəfindən bəyənilən filmin bütün dünyada tamaşaçıların da sevimlisinə çevriləcəyini hələlik heç kim təxmin etmirdi. İlkin resenziyalarda filmin qara komediya, triller janrına aid olduğu, bir neçə janrı özündə birləşdirdiyi və Cənubi Koreyadakı sosial ədalətsizliyi işıqlandırdığı deyilirdi. Rejissorun öz ölkəsi barədə gördüklərini satira yolu ilə çatdırmaq arzusu yerli auditoriyada qarşılığını tapdı. İlk həftədə 20 milyon dollarlıq açılış edən film, ümumilikdə, Cənubi Koreyada 71 milyon dollar kimi böyük bir rəqəm əldə etdi. Pon Çjun-Honun əvvəlki filmləri də həm ölkə daxilində, həm də dünyada kifayət qədər tanınırdı. Üstəlik, Kannda qələbə qazanması yerli auditoriya üçün əlavə  səbəb də ola bilərdi. Lakin digər ölkələrdə də filmin uğurunun təsadüfi və ya təkcə rejissorun keçmişi, qələbəsi ilə bağlı olmadığını göstərdi. Filmin strukturu, montajı, tempi və digər xüsusiyyətləri əsəri kassa fenomeninə çevirəcəkdi.

Dünyada “Parazit”ə ən tez baxmaq şansı əldə edən ölkələrdən biri də Azərbaycan idi. 2019-cu ilin iyul ayında ölkəmizdə nümayişə girsə də, gündəm yarada bilməmişdi, yalnız Oskar qazandıqdan sonra məşhurlaşmış və tamaşaçılar tərəfindən izlənmişdi. İnsanların festival filminə məsafəli münasibəti elə buradan da anlaşılırdı. “Parazit” Oskar qazanıb Hollivudu fəth etməmişdən əvvəl elə ABŞ-də də böyük açılış etməmişdi. İlkin həftədə cəmi üç kinoteatrda göstərilmiş, ümumi tamaşaçı sayı çox olduğu üçün, ikinci həftədə kinoteatr sayı otuz üçə yüksəlmişdi. Filmə güvənən prodüser və distribütor, girişdən çox nümayiş əvəzinə fərqli yol seçmişdi. Azdan başlayaraq çoxa doğru gedirdilər və bu yolda uğur qazandılar. Filmin vaxt ötdükcə geniş auditoriyaya nail olmasında əsas amil kimi “Word-of-mouth” (dildən-dilə) marketinq göstərilir. Həmin marketinq növündə məhsulu bəyənən şəxs öz çevrəsinə, dostlarına və tanışlarına bu barədə məlumat verir və bu yolla məhsul haqqında məlumatlı olan insan sayı artır. İnsanları “Parazit” haqqında müsbət danışmağa nə vadar edirdi? Axı o, festival filmi idi və geniş auditoriya bəyənməməli idi.

“Parazit”in beynəlxalq fenomenə çevrilməsində bir neçə amil var. Onlardan bəlkə də ən birincisi bütün dünyada populyarlaşan sinfi bərabərsizlik mövzusudur. Filmin mövzusu üç ailənin kəsişən taleyi barəsindədir. Bu üç ailədən ikisi aşağı sinifə, yerdə qalan bir ailə isə varlı təbəqəyə daxildir. Bütün hadisələr də məhz həmin varlı ailənin evində baş verir. Rejissor təbəqə fərqliliyini təkcə mövzu baxımından işləmir, həm də vizual həll olaraq qarşımıza çıxarır. Filmin ortasında hekayə tükənmiş kimi görünür, lakin mahir bir gedişlə hekayə yeni nəfəs qazanır. Kim ailəsinin min kələklə evdən uzaqlaşdırdığı xidmətçi geri qayıdır və tamaşaçı onun burada, yerin altında ərinin yaşadığını görür. Filmin düz ortasında gerçəkləşən bu hadisə həm də vizual olaraq özünü göstərir. Əyləncəli atmosferdə, komik janrda davam edən film tamamilə dəyişir. Bu dəyişiklik rəng tonunda, atmosferdə də qarşımıza çıxır. Qaranlıq bir atmosfer filmə hakim kəsilir. Bununla da janr dəyişikliyi sənətkarlıqla həyata keçirilir. Pon Çjun-Honun bu həll yolu tamaşaçını da filmdə saxlamağı bacarır.

Dünya kinosunda artıq tək janra aid olan filmlər yerini hibrid filmlərə, bir neçə janrın səciyyəvi xüsusiyyətlərini daşıyan əsərlərə verir. İzləyicini təəccübləndirmək artıq klassik janr daxilində müşkül məsələdir və buna görə də müxtəlif calaqlara əl atılır. Elə “Parazit”in də uğurunun əsas amillərindən biri məhz hibrid film olmasıdır. Film ilk andan etibarən komik elementlərlə, dialoqlarla izləyicini hekayənin içinə çəkir. Tamaşaçı sanki əyləncəli bir filmə baxır, lakin filmin ortasında sürpriz edərək tamam əks istiqamətə irəliləyir və Koreya cəmiyyətinə dair kəskin müşahidələrin şahidi oluruq. “Parazit”i tamaşaçılara sevdirən əsas keyfiyyətlərdən biri də uğurlu montaj həlli və tempin düzgün qurulmasıdır. Əgər filmin birinci yarısı əyləncəvi atmosfer və xoş təəssürat bəxş edirsə, ikinci yarısında gərginlik yaranır. Bu əyləncədən gərginliyə keçid uğurla baş tutur, temp bir an belə aşağı düşmür, müəllif yeni həll yolları ilə filmin sürətini artırır və sanki bir bədheybət kimi tamaşaçının yaxasından yapışaraq sona qədər izlətdirməyi bacarır. Gərginlik deyəndə, ağıla birinci Alfred Hiçkok gəlir. Hiçkoku “Master of suspense” (gərginliyin ustası) adlandırırlar və o, filmlərində insanları nigaran saxlamağı ustalıqla bacarır. Görünür, Pon Çjun-Ho da Hiçkokdan xeyli təsirlənib, hətta “Parazit”in məşhur bıçaqla hücum səhnəsi Hiçkokun əfsanəvi və kult filmi “Psixo”nun hamam səhnəsi ilə oxşarlıq təşkil edir. Bütün bu sadaladığım keyfiyyətlərə görə “Parazit” tamaşaçıları əldə etməyi bacarır.

ABŞ-də ilk həftəsində cəmi üç kinoteatrda nümayişə girən “Parazit” yavaş-yavaş dünyada qarşılıq tapır. Yaponiyada son on beş ildə ilk dəfə Koreya filmi bir milyondan çox tamaşaçı toplayır. Birləşmiş Krallıqda açılış həftəsində ən çox pul toplayan qeyri-ingilisdilli film rekord qırır. Tamaşaçı marağı mükafatlarda da öz əksini tapır. Britaniya Akademiyası Film Mükafatlarında (BAFTA) filmə dörd nominasiyada namizədlik verilir. “Parazit” “Ən yaxşı ssenari” və “Ən yaxşı ingiliscə olmayan film” nominasiyasında qalib gəlir. Oskarın müjdəçisi kimi hesab edilən “Qızıl Qlobus” mükafatlarında isə üç namizədlik əldə edir, onlardan birində – “Ən yaxşı xarici film” nominasiyasında qalib gəlir. “Qızıl Qlobus”u qazanarkən rejissor tarixi bir cümlə işlədir: “Siz bir neçə düymlük altyazı səddini bir dəfə aşa bilsəniz, daha çox möhtəşəm filmlə tanış olarsınız”. Pon Çjun-Ho ABŞ-də bu mükafatı alarkən altyazı barədə danışması və amerikalıları komfort zonalarından kənara çıxmağa çağırması təsadüfi deyildi. Yazının əvvəlində dediyim kimi, tamaşaçılar ingiliscə olmayan filmləri izləmirdilər və rejissor bunu problem kimi görürdü. Bəlkə də elə bu səbəbdən  2020-ci ilə qədər ingiliscə olmayan heç bir xarici film “Ən yaxşı film” Oskarını qazanmamışdı. “Qızıl Qlobus”dakı çıxışından təxminən bir ay sonra “Parazit” kino tarixinə düşdü. “Ən yaxşı film” nominasiyası daxil olmaqla, dörd Oskar mükafatı qazandı. Bununla da Hollivud üçün yeni səhifə açıldı. Artıq ingiliscə olmayan filmlər də bu mükafatı əldə edə, amerikalıların rəğbətini qazana bilərdilər. Məhdud auditoriya üçün nəzərdə tutulduğu zənn edilən film, gedişatı dəyişməyi bacarmışdı. Bu dəyişiklik və qələbə kinoteatrlarda da özünü göstərirdi. Əgər Oskardan əvvəl “Parazit” 1062 kinoteatrda nümayiş etdirilirdisə, mükafatı qazandığı həftədə bu rəqəm təxminən iki dəfə artdı. Dünyada yenidən gündəm oldu, tamaşaçıların marağını cəlb etdi. Oskarı qazanana qədər kinoteatrlarda 122 gün nümayiş etdirilmiş və 35 milyon dollarlıq bilet satışı həyata keçirilmişdi. Növbəti 35 gündə isə 17 milyon dollarlıq satış oldu. Bu isə 122 gün ərzində toplanılan rəqəmin təxminən yarısı demək idi. “Parazit” Oskar mükafatını da qazanaraq, gəlirinə gəlir qatmışdı. Filmin kinoteatr həyatı 2020-ci ildə həyatımıza girən koronavirusa görə yarımçıq qaldı. Buna baxmayaraq, həmin müddətə qədər kassa rekordlarını qırmağı bacarmış və ümumilikdə 258 milyon dollar kimi fantastik bir rəqəm əldə etmişdi.

Bütün bu hadisələr fonunda “Parazit”in adını eşidən, izləmək istəyən amerikalıların bəziləri şoka düşürdü. Film ingiliscə deyildi və dublyaj edilməmişdi. Altyazı ilə izləmək onlara çətin gəlirdi. Pon Çjun-Honun dediyi “bir düymlük sədd” bəziləri üçün hələ də aşılmaz qalırdı. Lakin kino dünyası artıq dəyişikliyin başladığını bilir və bu bütün dünya üçün yeni fürsətlər deməkdir.

“Parazit” Azərbaycanda bütün rejissorlar üçün müstəsna nümunədir. Film çəkərkən həm incəsənət nöqteyi-nəzərindən doyurucu olmaq, həm də tamaşaçını məmnun etmək mümkündür. “Parazit” bunu bütün dünyaya göstərdi. Buradan almalı olduğumuz dərs isə kinonun kütləviliyini unutmamağın vacibliyidir. Yaxşı film çəkərək tamaşaçını əldə etmək mümkündür. Filmləri festival və kassa deyə iki yerə bölmək əvəzinə müasir tendensiyaları izləyərək zamanla ayaqlaşmaq, Azərbaycan kinosuna edəcəyimiz ən böyük yaxşılıq ola bilər. Kim bilir, bəlkə bir gün bizim çəkdiyimiz film də dünyada maraqla qarşılanacaq, kassada uğur qazanacaq. Həmin günü görmək ümidilə…

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top