Fellininin Qarabağdan keçən “Yol”u

Görəndə İsa Məsihə deyəcəyəm ki…
Qış aylarında ağaclar yarpaqsız olurdu deyə, evimizin pəncərəsindən uzaq Xıdırlı dağlarının qarlı zirvələri aydın görünürdü. Bayram günlərində, başqa qonaqlıqlarda taxtapuşa saman altda qışa saxladığımız alma, heyva, nar düşürməyə çıxanda o qarlı dağları ətəklərinəcən rahatca seyr edə bilirdim. Soyuq olduğundan dama çıxmazdım, eləcə taxtapuşun dama açılan yumru nəfəsliyindən başımı çıxarıb qarlı dağlara tamaşa edərdim.
Qar – dağların ilahi haləsidir, sanki, onun müqəddəslik yarlığıdır. Bu fikir ağlıma sonralar gələcəkdi…
Federiko Fellininin “Yol” filmində bir yer var. Filmin qəhrəmanları sərgərdan sirk artistləri – rəhmsiz, qoluzorlu Zampano, ona baraban, şeypur çalmaqla assistentlik edən uşaq qəlbli, mələk üzlü Celsomina qarlı təpələr, dağlar fonunda dağılmış evin uçuq divarları altında gecələyirlər. Zampano qızı anasından neçə min lirəyəsə almışdı.
Yox, fikrim filmdən danışmaq deyil, zəif Xeyirin güclü Şəri üstələməsi haqda çox nümunələr bilirsiniz. Mən o filmin məhz qarlı dağlar fonunda dağılmış evin divarları əks olunan o kadrları, bir də o divar dibində Zampanonun Celsominaya söylədiklərini yadınıza salmaq istəyirəm. Dünənəcən qızla kobud davranan, gözünün qabağında qadınlarla əylənən allahsız Zampano, mərhəmətə gəlib on gündür ki kədərə qərq olmuş Celsominadan soruşur: “İstəyirsən səni evinə aparım? Anana qayıtmaq istəyirsən?”
…Uzun illərdir Ağdamın qışını Xıdırlı dağları ilə xatırlayıram. Bəlkə yüz kərə evimizin uçuq divarlarına qısılıb o qarlı dağlara baxmışam xəyallarımda. Yuxuya keçmişəm beləcə. Amma mənə “İstəyirsən səni evinə, ananın yanına aparım” deyən olmurdu.
Yutubda jurnalist Səadət Məmmədovanın “Ağdam və mən” filminə baxıram. Bir yerində uçuq evlər fonunda qarlı dağlar görünür. Səadət mənim 30 illik “xəlvəti yerimi” faş edib hamıya göstərirdi sanki. “Yerimi” tapmışdı, bəs, o uçuq divara söykənib üzü qarlı dağlara baxan yerdə don vurmuş balaca Vahidi necə, görmüşdümü görən?…
***
Belə bilirəm, böyük sənətkarlarda istedad vicdanla təndir. Hər halda bacardıqca vicdanlarını satmamağa çalışırlar. Sovet dövrünün məşhur aktyoru Armen Ciqarxanyan belələrindən idi, məncə.
Bir dəfə Qarabağ münaqişəsinin həll yolları barədə suala cavabında İsa peyğəmbərin bu sözlərini misal çəkmişdi: “Sənə ağırdırsa, yanıma gəl, əlindən tutum, keçirim, kömək edim, amma… GERİYƏ BAXMA!”. Sonra da əlavə etmişdi: “Geriyə baxma! İsa bizə xəbərdarlıq edir ki, çevrilsən, mütləq nəsə mane olacaq”.
Əgər doğrudan da o biri dünya varsa, mütləq tapacağam o qoca aktyoru. Deyəcəyəm: “Apar məni İsanın yanına”. Aparacaq – dedim axı, vicdansız deyildi. Bax onda, o böyük erməni sənətkarının yanında müqəddəs İsaya bir söz deyəcəyəm.
Deyəcəyəm ki, Sənin “Geriyə baxma” təliminə əməl etdik. Yüz il öncə ermənilərin Qarabağda, Bakıda, Qubada, Zəngəzurda, Urmiyada və başqa neçə yerdə qanına qəltan etdikləri onminlərlə Azərbaycan qadınını, uşağını, qocasını unutduq – GERİYƏ BAXMADIQ. İndi Tanrının bu uca dərgahından özün əyil, aşağı bax! Gör yüz il sonra daha nələr etdilər, Sənin dininə ilk gəldiklərini iddia edənlər! O aşağıda gördüyün mənim şəhərimdir. Xarabaya çevrilən şəhərimdə insan nədir?! Quş da qalmayıb, ağac da. Qəbirdən babalarımın, Sənin mələklərinə bənzəyən ayüzlü Münəvvər nənəmin sümüklərini belə çıxarıb aparıblar. Yerini şumlayıblar.
Sonra əlimi İsa Məsihə uzadıb deyəcəyəm: “Gəl, əlindən tutum, səni şəhərimə aparım. Müqəddəs kitabında bəhs etdiyin Qiyamət gününün şəhərinə. Bu qoca aktyor da gəlsin bizimlə. Birlikdə gəzək ruhlar oylağını. Sən Tanrı oğlusan, bacararsan, bir ilahi ovsunla dirilt bu ruhları, qaytar hər şeyi əvvəlki yerinə qoy. Evimin damından bir də görüm qarlı dağları. Söz verirəm – yenə GERİYƏ BAXMAYACAĞAM”.
…Əvvəllər – şəhərin evləri, meşə kimi sıx bağları olanda o dağlar çox uzaq görünürdü. İndi nə o evlər var, nə dağları gizlədən ağaclar – dağlar yaxındırlar. Elə bil şəhərin ölüm harayına çatmaq üçün dağlar da ayağıyalın yüyürüb gəlibmişlər!
***
Bu gecə yenə o uçuq divarın dibində yatmışdım. Bir əl silkələyib oyatdı məni. İsa Məsih idi. Soruşurdu: “Evinə qayıtmaq istəyirsən aparım səni?”
Eynən Celsominanın Zampanoya cavabı kimi dedim: “Mən də getsəm, bəs, Səninlə kim qalacaq?”
Evimə – Qarabağa gedən yolun yarıda qaldığını isə ona deməyəcəyəm, giley olar. Elə işlər var ki, Tanrılıq deyil, onu bəndələr özləri etməlidirlər. Yarım qalan yolu sonacan getmək kimi…
Vahid Qazi