İNDİ OXUYUR
Evlilik həyatının pərdəarxası

Evlilik həyatının pərdəarxası

İsveç rejissoru və ssenaristi İnqmar Berqmanın yaradıcılığına nəzər yetirdikdə, onun fəlsəfi və psixoloji istiqamətli filmlərində müəllif möhürünü təsdiq etməsi heç də təccüblü deyil. Çünki Ernst İnqmar Berqman (1918-2007) bir çox filmləri ilə tamaşaçıların təhtəlşüuruna təsir göstərmiş, bir çoxlarını isə “müəllif ideologiyasının” əksinə yönəltmişdir. Yəni, izləyici üzdə görünən mövzunun dərinliyinə getmədən və mənasını anlamadan filmin təsir altına düşərək hərəkət etmiş və taleyini birbaşa filmə həvalə etmişdir. Bu filmlərdən biri də üç ay ərzində ərsəyə gələn ssenarinin ekran variantı olan “Evlilik həyatından səhnələr” (1974) filmi idi. Rejissor “evliliyə dair şəxsi fikir imzası”nı məhz bu filmlə mübahisə etmişdi.  


Filmin ilkin versiyası 1973-cü ildə 6 seriyadan ibarət formatında ekranlara çıxmışdı. Bu serialın tamaşaçılarda oyatdığı böhran nəticəsində, həmin ildə boşanmaların sayında nəzərə çarpacaq dərəcədə artım baş tutdu, evlilik məsləhətçilərindən müraciət edən cütlüklərin sayı isə iki dəfə çoxaldı. Berqmanın arzusunda olduğu kütləvi auditoriyaya müraciət etmək istəyi onun üçün də çətin bir proseslə sonlandı. Artıq onu küçədə saxlayan və ev telefonuna zəng edib evlilik barədə, sevgi barədə məsləhət istəyən insanların sayı günü-gündən çoxalırdı. Hətta, Berqman telefon nömrəsini belə dəyişməli olmuşdu. Bir çox insan boşanmaların ilkin səbəbini rejissorun ideologiyasında görürdü. Bu isə, filmdə önə çəkilən mövzunun aktuallığından irəli gələn bir səbəb-nəticə əlaqəsi idi. Berqmanın ortaya qoyduğu problem tamaşaçıya o dərəcədə təsir etmişdi ki, bir çox insanın gözünü açmasına və həyatını doğru yöndə qurmasına təsir göstərmişdi. Bununla da film, izləyicilərin çoxunda güzgü effekti oyatmışdı. Beləliklə, “Berqmanın mürəkkəb dili”ni düzgün başa düşməyin də nə qədər vacib olduğunu bir daha vurğulamaq lazımdır. Çünki “Hər kəsə aid olmayan kino”nun yaratdığı fəsadlar həmin dövrdə İsveç cəmiyyəti üçün ağır hadisə idi.  

1974-cü ildə səs-küy yaradan bu teleserialı qısaldıb filmə çevirmək ideyası yarandı. Artıq müəllif imzasını təsdiq etmiş bir çox filmləri ilə gündəmə gəlmiş rejissorun isə həmin ildə 55 yaşı, 34 filmi var idi. Təbii ki, onun bu ssenarini yazmağına xüsusi həyat təcrübəsi, keçmiş travmaları səbəb olmuşdu. 


“Evlilik həyatından səhnələr” filmi iri çəkiliş planları, kinematoqrafik interyerləri, məhdud sayda qəhrəmanları və mövzusu ilə tamaşaçıya təzyiq göstərə bilmək qabiliyyətindədir. Filmdə istifadə olunan rakurslar çox yaxından, stabil, hərəkətsiz olsa da, bəzən tamaşaçı ekrandakının aktyor, yaxud aktrisa olduğunu unudur və həmin aktyorların realistik ifası sayəsində filmdən çox, reallıqla üzbəüz qalır. Kişi-qadın münasibətlərinin yüksək psixoloji mahiyyətini anlayan rejissor üçün film, bir növ, yüngülvari avtobioqrafiya rolunu oynamışdı. Təsadüfi deyil ki, məhz baş rollardan birini də elə Berqmanın “qəlb ağrısı” Liv Ulman canlandırmışdı.

Film 6 aktdan ibarətdir. “Saflıq və təşviş” adlanan birinci aktda filmin ilk kadrları “Xoşbəxt ailə tablosu” adı altında müsahibə prosesi ilə – Berqmanın baş qəhrəmanlarına işgəncə verməsilə başlayır: qeyri-səmimi gülümsəmələr, əl-ələ tutub şəkil çəkdirmək. Lakin həqiqət kənardan aydın görünür: “İdeal ailə tablosunun çürümüş portreti”.

Tamaşaçı bu aktda üç saata yaxın izləyəcəyi filmdə evliliklərinin  onilliyini qeyd edən iki baş qəhrəmanla tanış olur. Yohan (Ernald Yuzefson), özünü tanıtdığı zaman kişi xarakterlərinə mənsub yumoristik formada danışır və həyatda hər şeyə sahib olduğu üçün özünü uğurlu, xoşbəxt bir insan kimi təsvir edir. Lakin həqiqətən bu belədirmi? İlk kadrlardan tamaşaçı nə hiss edir? Yohanın həqiqətən xoşbəxt olduğunu. Bəs baş qəhrəman qadın Marianna? O isə kim olduğunu tanıtmaq istədikdə uğurlu hüquqşünaslıq karyerasını bildirmək əvəzinə, ilkin növbədə özünü “Yohanın arvadı” kimi qələmə verir. Ulman və Yuzefsonun dəyərli aktyorluq simaları tamaşaçını ekrana elə kilidləyir ki, bu zaman izləyici istər-istəməz, bəzən mənasız sözlərlə dolu olan kadrları, bayağı nitqlərlə formalaşan dialoqları belə izləməkdən zövq alır. Hətta aktyorluq ifasının canlılığı o qədər barizdir ki, izləyici özünü cütlük arasında yaşanan açıq dialoqların çərçivəsində narahat hiss edir. Növbəti kadrlarda Berqmanın, qəhrəmanları psixoloji yükləməyə davam edir. İncə psixologiya ustası bir-birinə nifrət edən digər evli cütlüyün simasında, süjeti bizim baş qəhrəmanlarımızın problemlərinə yönəldir. Çünki Katerina (Bibi Anderson) və Peterin (Yan Malmso) problemli evlilikləri bizim “mükəmməl cütlüyümüz”ün ziddiyyəti kimi görünsə də, qəhrəmanlarımız özlərinə güzgü tuta bilmir və ən böyük problemlərini “problemlərinin olmaması” kimi qiymətləndirirlər. Mariannanın sözlərinə görə, mübahisə edən dostlarının problemi qeyri-adekvat ünsiyyətdir. Burada məşhur rus yazıçısı Lev Tolstoyun evlilik barədəki sitatı yada düşür: “Bütün xoşbəxt ailələr bir-birlərinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir”. 


İkinci akt “Problemləri xalçanın altında gizlətmək sənəti” adlanır və burada rejissor bütün cəmiyyətə məxsus problemi ortalığa qoymaqla riskləri yüksək səviyyədə tutur. İlk növbədə çox xırda, amma əhəmiyyətli detal ilə bizə siqnal göndərir: Bu “Berqman yorğanı”dır: Qəhrəmanların arasındakı münasibət də Berqmanın onları örtdüyü yorğan kimi narahatdır. İkincisi isə sevgisiz evlilikdir! Mariannanın yanına gələn müştəri qadın Yakobi (Barbro Xiort af Ornes) ərindən boşanmaq istəyir, səbəbi isə evliliklərində sevginin olmamasıdır. Burada rejissor, izləyiciyə sevilməməyin nə qədər çətin olduğunu Yakobinin sözlərilə izah edir. Bir çox insanlar bədbəxtdir ki, illərdir yalan içində bir-birinin yanında yaşayır və öz duyğularını basdıraraq həyat yoldaşlarını məyus etməkdən çəkinirlər. Lakin bizim solğun üzlü və solğun qəlbli qəhrəmanımız ən çox özünə qarşı dürüst davranır və yoldaşına onu sevmədiyini, boşanmaq istədiyini bildirir. “Sevmədiyim bir insanla ömrümün qalanını yaşamaqdansa, tək yaşamağı daha üstün tuturam”. Rakurs isə boşanmaq istəyən Yakobinin əllərinə fokuslanır, burada biz nahaq yerə ötüb gedən bir ömrün qısa portretini qocalmış əllərdə görürük.

Üçüncü akt “Paula” adlanır və burada ilkin düyün yaranır. Yohanın sevgilisi Paula meydana çıxır və heç bir zaman üzünü görməyəcəyimiz qəhrəman bizim cütlüyümüzün həyatını tamamilə başqa istiqamətə doğru aparır. Yohan illərdir ki, evli olduğu qadına nifrət etdiyini və uzaqlaşmaq istədiyini açıqlayır. Səbəb isə hər bir kəsin evliliyində olan mövzuların qısa şərhi olur: “Proqramlaşdırılmış qadın – həyat yoldaşı rolunda”. Marianna isə ilkin növbədə soyuqqanlılığını qoruyur, daha sonra, ərinə “bunu onlara etməməsi” üçün yalvarır, lakin anlamır ki, Yohan, qərarını çoxdan verib. Marianna isə özlüyündə etiraf edir: “Evlilikdə yaşamaq və nə baş verdiyinin fərqində olmamaq necə də asan imiş”.


Yohanı hətta uşaqları belə narahat etmir, çünki Berqman özü doqquz övlad atası olmasına baxmayaraq, uşaq fiqurunu “dağılan evliliyə lazımsız faciə” hesab edirdi.

Dördüncü akt “Gözyaşı vadisi” adlanır, Yohanın qısqanc yeni sevgilisi Paulodan bezməsi belə onun dərin psixologiyasında yatan boşluqdan irəli gəlir. Bu boşluğu Marianna doldurur. Fərqində belə olmadan, keçmiş uşaq həyəcanları ilə yaxınlaşma istəyi keçmişdə baş verən “mənəvi və fiziki uzaqlaşma” prosesinin əksində dayanır.  Mariannanın hissləri isə qarışıqdır. O, psixoloq yanına gedir və özünü tanımağa başlayır. Yəqin ki, bir çox insanın həyatında “Özünü tanımaq” prosesi baş tutub. Bu proses kimlərinsə köməkliyilə, yaxud, təklikdə düşünərkən baş verən psixoloji prosesdir. Hər kim ki, özünü tanımağa nail olub, deməli, həyatda daha irəliyə gedə biləcək. Bizim baş qəhrəmanımızın da başına belə hadisə gəlir. O, keçmiş fotosuna baxır və özünü tanımadığını anlayır. Hər zaman sözə qulaq asan uşaq, şagird, övlad və qadın olub. “Mən heç vaxt öz istədiyimi yox, ərimin mənim üçün istədiyini istəmişəm”. Berqman, Mariannanın hekayəsində keçmiş həyat yoldaşı Liv Ulmanın uşaqlıq, cavanlıq şəkillərindən istifadə edərək, öz hisslərini büruzə vermişdi. Aktın belə adlanması isə təsadüfi deyil: Marianna özünü tanımağa, Yohan isə peşman olmağa başlamışdı. İkisi də acınacaqlı və göz yaşlarında boğulmaq vəziyyətində idi. Burada Nitsşenin məşhur cümləsi yada düşür: “Ər-arvad bir yerdə yaşamasaydılar, uğurlu nikahlara daha tez-tez rast gəlmək olardı.”


“Cahillər” adlanan 5-ci aktda cütlüyümüz boşanmağı planlaşdırır. Marianna dəyişilmiş və artıq Yohanın hisslərindən çox öz həyatına köklənib. Burada son nöqtə kimi, heç zaman dava etməyən cütlüyümüzün bir-birlərinə nifrət etməsi, Yohanın Mariannaya əl qaldırması və nəhayət, bir-birlərindən təmiz qopduqları ilə bitir. Lakin, tamaşaçı burada anlamalı olduğunu gözündən kənar edir: Bizim baş qəhrəmanlarımız sevgisiz evlənsələr də, hal-hazırda bir-birlərini dəli kimi sevirlər. İndiyə kimi nifrət ilə sevgi arasında baş tutan o incə cizgidən keçid, artıq baş tutmuşdu. Və nifrət xəttinə keçid edən baş qəhrəmanlar artıq boşandılar. Halbuki digər tərəfə keçid etmək elə də çətin deyildi.


“Haradasa dünyanın sonunda” adlanan sonuncu aktda başqa-başqa adamlarla evli olmaqlarına baxmayaraq bu illər ərzində görüşdükləri və heç cür bir-birlərindən qopmadıqları məlum olur. Burada rejissorun bütün filmboyu demək istədikləri dialoqlar çərçivəsində bəlli olur: Berqmanın düşüncəsində sevgi – bir-birini tam anlamaq yolundakı bir “anlayış izdivacı”dır. Berqman izdivacla bağlı çəkdiyi bu filmdə sevginin nə qədər kövrək olduğunu izah etmişdi. Ailə qayğıları ilə bu hissi kütləşdirən qadın, kişilərin danlanma simvoluna çevrilir. Kişi eqoizmi ehtirasla birləşərək onu sevgili axtarmağa məcbur edir. Yohan əmindir ki, həyat yoldaşını heç vaxt sevməyib və övladları belə onun qarşısına çıxan “əsl sevgi”yə mane ola bilməz. Ancaq sonda qəhrəmanlarımız bir-birlərinə nə qədər ehtiyacları olduğunu anlayırlar. Qadın keçmiş ərində ailəsinin atasını yox, ona rəğbət bəsləyəcək bir dost axtarışındadır. Nadir görüşlərin qısa dəqiqələrində Marianna onunla və ümidləri ilə maraqlanan, xəyalpərəst və ilhamlanmış bir insanı arzulayırdı. Bunu yaşamaq üçün isə bir insanın özünə hörmətinin artması və azalması ilə çox çətin bir yol keçməsi lazım idi. Bundan əlavə, evlilik iki fərd arasında mühüm şəxsiyyət dəyişikliklərinə gətirib çıxaran cəmiyyət çərçivəsidir. Yəni kişilər və qadınlar bu “evli dövlət” vasitəsilə şəxsiyyətlərini müəyyən edir və çərçivə daxilində bu şəxsiyyətlərini qorumaq üçün çabalayaraq, bəzən özləri də anlamadan kimliklərini dəyişdirməyə başlayırlar. Filmdə də bu ideya özünü doğrultmuşdur. Nikahdakı yaxınlıq və şəxsiyyət müstəqilliyinin birgə mövcudluğuna nələrin mane olması filmdə aydın göstərilmişdir.

“Görəsən dünyada nə qədər cütlük evliliklərində xoşbəxtdir?” sualını düşünəndə vahimələnirəm. Əminəm ki, rejissor da bu mövzu üzərində işləyərkən az əziyyətlərdən keçməyib. Çünki insan, duyğularının köləsidir. Əsl sənətkarların yolu da məhz bu əsirlikdən keçir…..

Nuranə Cəbrayılova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya