Erkən hisslər

Kinoyazar.az rejissor və ssenarist Nurlan Həsənlinin “Erkən hisslər” filminin ədəbi ssenarisini təqdim edir. “Erkən hisslər” qısametrajlı filmi sentimental bir hadisə nəticəsində Ziya adlı uşağın (Şəfi Sadiq) özündə yeni hisslər kəşf etməsi, böyüməsi, təcrübə qazanmasından bəhs edir. ”Rental Azerbaijan” kinoşirkətinin istehsalı olan film dünya premyerasını 65-ci Krakov Film Festivalının əsas müsabiqəsində edib, həmçinin XVI Bakı Beynəlxalq Film Festivalının yerli müsabiqəsində “Ən yaxşı bədii film” adına layiq görülüb. Nurlan Həsənlinin öz ssenarisi əsasında çəkdiyi filmin quruluşçu operatoru Daniel Quliyev, prodüseri Emil Nəcəfovdur, əsas rollarda “Oyuq” teatr studiyasının balaca aktyorları çəkiliblər.
“Erkən hisslər” filminin ssenarisi inkişaf mərhələsində “Sarajevo Talents” və “Köprüde Buluşmalar” proqramlarında iştirak edib.
-ERKƏN HİSSLƏR-
(qısametrajlı film)
Müəllif:
Nurlan Həsənli
Şirvan/Bakı, 2020-24.
1. EKST. DƏMİRYOLU – QÜRUB
Gün batmaq üzrədir. Qatar yaxınlaşır. 1990-cı illərin sonu 2000-ci illərin əvvəli. Məşhur futbolçuların formalarını, fərqli futbolkalar, mayka geyinmiş 9-15 yaş arası UŞAQLAR kənarda dayanıb baxırlar.
Vaqonlar qoşulmuş uzun QATAR SİQNAL verib, səs-küylə keçir. Uşaqlar yaxınlaşıb relsin üzərindən düzləşmiş teli götürür, itiliyini barmaqlarına batırıb yoxlayırlar. Sonra ciblərindən nazik kəndir çıxarıb telə dolayaraq qulp düzəldirlər. Biri Ziyaya da ip uzadır. Ziya onlara baxaraq, etdiklərini təkrarlayır. Uşaqlar qatar yolundan binaya doğru gedirlər. Beş mərtəbəli, Sovet tikilisi binanın arxasını yaxınlıqdakı dəmir yolunun fonunda görürük.
2. İNT. ZİYA EV OTAQ – AXŞAM
Sadə uşaq otağı. Bir yataq, yerdə xalı. Divara Brüs Linin əlində nunçaki olan köynəksiz şəkli və Brazilya futbol komandasının 1998-ci ilə aid posteri yapışdırılıb. Brüs Li posterinin bir ucu qopub. Ventilyator işləyir. Qopuq hissəni yellədir. Ziya xalçanın üstündə oturub, braziliyalı bir futbolçunun şəklini albomuna yapışdırır və səhifələri çevirdikcə digər futbolçuları görürük. Əynində eyni Braziliya forması var. Qapı döyülür. Açmağa yollanan AYAQ SƏSLƏRİNİ eşidirik. Qapı açılır. QADIN SƏSLƏRİ eşidilir. Ziya üzünü döndərib səs gələn tərəfə baxır və yerindən qalxıb qapıya tərəf gedir.
3. İNT. ZİYA EV DƏHLİZ – AXŞAM
Ziya qapıya yaxınlaşır. ANA (33) qapını açıb ev paltarındakı QADIN-1’lə (35) danışır.
ANA
(təəccüb və təəssüflə)
Nətər olub?
QADIN1
Heç nə, elə oturduğu yerdə.
2
ANA
Allah rəhmət eləsin! Nırç-nırç! Elə
yaxşı arvad idi…
QADIN1
Həə… Allah ölənlərinizə rəhmət
eləsin… Nə deyəcəkdim… Sizdə
artıq ventilyator olmaz?
Ana təəccüblə baxır.
QADIN1
Arvadın üstünə qoymaq istəyirlər.
(səsini alçaldır)
Səhərə qədər iylənməsin deyə.
ANA
Həə… Bir dəqiqə.
Ana Ziyanın otağına tərəf gedir. Ziya da dalınca…
4. İNT. ZİYA EV OTAQ – AXŞAM
Ana ventilyatoru çıxardır. Posterin yellənən ucu dayanır. Ana ventilyatoru aparır. Ziya otaqda qalır. Eşidirik ki, anası VENTİLYATORU VERİR,
QAPINI ÖRTÜR.
5. EKST. STADİON – GÜNDÜZ
Uşaqlar 5-5 bölünüblər. Futbola başlayacaqlar. Əynində ZİDAN-ın forması olan uşaq (12) futbol topunu ayağının altında saxlayıb. Ziya qarşısındadır. Hamısı bir nöqtəyə baxırlar.
POV: Kişilər xərəyi yük maşınının arxasına yerləşdirirlər. Üstü yaşıl parça ilə örtülən cəsəd iri görünür. Blokda dayanmış bir neçə qadın ağlayır.
Uşaqlar baxmağa davam edirlər. Yük maşını uzaqlaşır. Zidan topu mərkəzdəki Ziyaya göndərir.
ZİDAN
Başla, Ziya!
Ziya mərkəzdən topu HACİ-yə çıxardır. Sonra da qaçıb rəqib komandanın qapısının kənarında dayanır. Oyun həyəcanla davam edir. Bir müddət oyunu seyr edirik. Amma Ziya çox hərəkətli deyil. Bir nöqtədə ZİDAN (12) hücumda topu götürür. Ziyaya ötürmək istəyir, amma Ziya geriyə çəkilir. Topun ona gəlməyindən, məsuliyyət götürməkdən narahatdır sanki. Zidan özü keçməyə çalışır, amma topu itirir. Zidan üzünü Ziyaya tutur.
ZİDAN
(hirslə)
Topa gəl də! Gedib dayanırsan elə qabaqda! Üstünə get! Pas istə!
Ziya sözdən tutulur, amma hərəkət etməyə tələsmir. Oyun davam edir. Həyətə Avropa istehsalı bir maşın daxil olur. MALDİNİ topu ayağının altında saxlayır. Maşın dayanır. Gözəl, ağappaq bir QIZ (16), QIZIN ATASI (39)
və QIZIN ANASI (37) düşür. Uşaqların hamısı Qıza diqqət kəsilir. Qız uşaqların fərqində belə deyil. Həyətə ümumi nəzər yetirir. Uşaqlara elə gəlir ki, qız onlara baxır. Qız ailəsi ilə birgə bloka tərəf addımlayır, bloka daxil olur, pilləkənləri çıxır, gözdən itir. Ziya heyran-heyran qıza baxır. Digərləri də həmçinin…
6. EKST. BİNA QARŞISI – GECƏ
Beşmərtəbəli, Sovet tikilisi binanı qarşıdan görürük. Bircə dördüncü mərtəbədə işıq yanır. Zəif AĞLAŞMA səsi eşidilir.
7. İNT. ZİYA EV DƏHLİZ – GÜNDÜZ
Səhərdir. Ziya idman ayaqqabılarını geyinir, qapını açıb tələsik çıxır.
8. İNT. BLOK 4. MƏRTƏBƏ – GÜNDÜZ
Ziya pilləkənlərdən bir mərtəbə aşağı enir. Zidan və Bekhemin açıq qapılı mənzilin qarşısında dayandıqlarını görüb maraqla baxır. Yerdə çoxlu qadın ayaqqabıları var. İçəridən MƏRSİYƏ, AĞLAŞMA səsləri eşidilir.
ZİYA
(maraqla)
Neynirsiz?
ZİDAN
Heç nə.
Bekham evin içinə tərəf gözlərini dikib. Ziya onu maraqla izləyir.
ZİYA
Futbol oynamırsız?
BEKHEM
Çadır qurublar həyətdə.
Ziya da yanlarında dayanıb evə tərəf boylanır. Birdən içəridə bir qadın uca səslə, QIŞQIRARAQ AĞLAYIR. Ziya narahat olub geri qayıdır. Evlərinə doğru bir-iki pilləkən çıxır. Qadın1 əlində çaydan, dəmlik gəlir.
QADIN1
Nə yaxşı burdasız? Bunları apara
bilərsiz aşağı?
Uşaqlar başlarıyla təsdiqləyib qadından əşyaları alırlar. Zidan cəld hərəkətlə götürür. Qadın1 içəri qayıdır. QADIN2 (35) qutuda stəkanlar gətirir. Onu da Bekham alır. Zidan və Bekham tez aşağı enirlər. Ziya geri qayıdır, qapının kandarında dayanıb gözləyir. Qadın1 məcməyi ilə gəlir. Ziya götürüb uşaqların dalınca gedir.
9. İNT. ÇADIR – GÜNDÜZ
Zidan, Bekhem və Ziya çadıra daxil olurlar. Ağ saçlı, arıq ARİF (65) girişdə dayanıb. KİŞİ1 ona yaxınlaşıb sakitcə əl
verib görüşür.
KİŞİ1
(təəssüflə)
Allah rəhmət eləsin, Arif!
ARİF
Ölənlərinizə rəhmət!
Arif əliylə Kişi1-ə yer göstərir.
ARİF
Keç, keç əyləş.
Zidan və Bekham gətirdiklərini kənardakı stolun üstünə qoyurlar. Ziya da gətirdiyini ADAM1-ə (30) təhvil verir. Ziya ətrafı müşahidə edir. Camaat oturub. Qarşılarına çay, halva qoyulub. Çaylar içilir, halva yeyilir, qaşıqlar ümumi bir stəkana qoyulur, mollanın söhbətinə qulaq asılır. Boynu dik, ağ köynək geyinmiş MOLLA (50) ortada əyləşib.
MOLLA
Hər bir kəs ölümü dadacaqdır.
Şübhəsiz ki, mükafatlarınız qiyamət
günü tamamilə veriləcək. Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı əyləncədən başqa bir şey deyildir.
Molla salavat çəkir.
MOLLA
Allahummə salli alə Muhamməd və Ali
Muhamməd…
Hamı Fatihə surəsini oxuyur.
MOLLA
Allah rəhmət eləsin!
RABARBA
Amin! Allah rəhmət eləsin! Amin!
Ziya görür ki, Zidan və Bekham artıq bloka çatıblar. Ziya çadırdan onları müşahidə edir. Zidan bir qıraqda top çiləyən AYSELi (10) səsləyir. Aysel
topunu götürüb onlara yaxınlaşır. Ziya da bloka doğru addımlayır.
10. İNT. BLOK 4. MƏRTƏBƏ – GÜNDÜZ
Bekham və Zidan pilləkənlərdə oturub gözləyirlər. Həyəcanlı görünürlər. Evdən AĞLAŞMA və MƏRSİYƏ səsi gəlməyə davam edir. Ayselin topu Zidanın əlindədir. Ziya gəlib yanlarında oturur, oturan kimi Zidan və Bekham qalxıb qapıya yaxınlaşırlar. Aysel evdən çıxır. Bekham və Zidan ona yaxınlaşırlar. Ziya da onlara qulaq asır.
ZİDAN
Noldu, danışa bildin?
AYSEL
(asta səslə)
Rusca danışır e… Başa düşmədim, nə deyir.
BEKHEM
Adını da öyrənə bilmədin?
AYSEL
(asta səslə)
Yox.
Bekham və Zidan başlarını yellədib bir-birilərinə baxırlar.
AYSEL
Mən düşürəm həyətə…
Zidan başıyla təsdiqləyir. Aysel topunu Zidandan götürüb gedir. Oğlanlar dayanıb gözləyirlər. Yenə içəri boylanıb baxırlar. Qadın2 otaqdan-otağa keçəndə Zidan səslənir.
ZİDAN
Nəsə aparmaq lazımdı?
Qadın2 dönüb onlara baxır.
QADIN2
Dayanın, hə. Gətirirəm.
Qadın2 əlində bir qutu çay və konfetlərlə gəlir. Zidan və Bekham atılıb onları götürür. Qadın1 əlində 4-5 kilo qənd dolu şəffaf paketlə gəlir. Ziya yaxınlaşıb paketi götürür, amma çətinlik çəkir, güclə daşıyır.
QADIN1
Ehtiyatla…
Ziya ağır addımlarla enir. Bir tərəfə əyilib.
11. EKST. BİNA QARŞISI – GÜNDÜZ
Ziya blokdan çadıra qədər məsafəni güclə qət edir. Aysel arxada top çiləməyə davam edir. Özü üçün məşq edir. Arif KİŞİ2 ilə çadırın qarşısında dayanıb söhbət edirlər. Çadıra çatanda Ziyanın apardığı paketin altı yırtılır, qənd tökülməyə başlayır. Ziya həyəcanla paketin altını tutur, içində qalanları saxlamağa çalışır. Arif tez ona çatıb torbanı alır, birtəhər paketi düyünləyib saxlayır və Ziyanın üzündəki ifadəyə baxır.
ARİF
Narahat olma, balam. Bunu heç belə
klyoka qoyarlar. Nə var bu qədər
qəndi göndəriblər?!
Arif başını qaldırır, evinin pəncərəsinə doğru baxıb başını yellədir. Ziya hərəkətsiz halda Arifin əlindəki paketə baxır. Onu təəssüf hissi bürüyür. Arxada dayanıb gülən Zidan ilə Bekhamı da görüb bloka tərəf qaçır.
12. İNT. ZİYA EV SALON – GÜNDÜZ
Sadə evin salonu. Divara söykənmiş servant. Divan, kreslo, masa. Televizor. Futbol gedir. 2002 Dünya Kuboku Braziliya- Türkiyə ilk MATÇININ SƏSİNİ eşidirik. Türk dilində şərh olunur.
Ziyanın ATASI (33) yemək yeyərək oyuna baxır. Ziya da kresloda oturub. İkisi də həyəcanlıdır, gözlərini ayırmırlar. Ata arada reaksiya verir.
Ziyanın anası ayran gətirib stola qoyur. Keçib divanda oturur. Yıldıray Baştürk göydən Hasan Şaşa pas ötürür. Hasan topu saxlayır, vurur və qooool!
ATA
Qoooool!
ATA QIŞQIRIR. Ana səksənib başını yellədir. Ziya əsəblə baxır. Ata yerindən qalxıb Ziyanın üstünə gəlir. Ona acıq verərək hər tərəfinə yüngül şillələyir. Diktorun səsi aləmi götürüb.
ATA
Ala! Bu da sənin Brazilyan!
Sökdülər Brazilyanı! Noldu?!
Ziya əsəblə onun əlindən çıxmağa çalışır.
ZİYA
Dayan! Dayan da!… Eləmə də!
Ata məzələnməyə davam edir. Ziya hirsindən ağlayır.
ANA
Eləmə, hirslənir…
ZİYA
(qışqıraraq)
Buraaaax!
Ziya atasının əlindən çıxıb gedir. QAPI ÇIRPILIR. Ata özündən razı halda gülərək yerinə keçir. Özünə ayran süzür. Ziyanın dalınca belə baxmır.
13. İNT. BLOK 4. MƏRTƏBƏ – GÜNDÜZ
Qız bir otaqdan digərinə doğru dəhlizdən keçir. Arxası uşaqlaradır, heç onları görmür. İçəri isti olduğu üçün koftasının altından tutub yellədir. Beli və göbəyi görünür. Uşaqlar həyəcanla baxırlar. Şitləşirlər həyəcandan. Ziya nisbətən arxada dayanıb xəfifcə gülümsəyir. Digər tərəfdən Qadın1 əlində zibil paketləriylə gəlir.
QADIN1
Zibil var, onu ata bilərsiz?
Uşaqlar duruxur.
ZİDAN
Hə!
BEKHAM
Hə, atarıq!
Zidan paketləri götürür. Qadın2 əlində böyük bir yastıqla gəlir. Ziya tez cumub götürür. Zidan və Bekham Ziyaya çəpəki baxırlar. Ziya özündənrazı şəkildə yastığı tutur. Bekham Zidanın əlindəki paketlərdən birini alır.
QADIN1
Gedin, gəlin, sizə halva verəcəm.
14. EKST. KÜÇƏ – GÜNDÜZ
Ziya, Zidan və Bekham küçə ilə irəliləyirlər. Qarşıda zibil konteynerləri görünür. Zidan və Bekham əllərindəkini
tullayırlar. Ziya da yastığı atır. Zidan Ziyaya yaxınlaşır.
ZİDAN
Get, əllərini yu!
ZİYA
(təəccüblə)
Niyə?.. Siz niyə yumursuz?
ZİDAN
O balış bilirsən, kimindi?
Ziya Zidana, sonra zibilə baxır, birdən gözləri bərəlir və anidən atılıb qaçır.
15. İNT. ZİYA EV DƏHLİZ – GÜNDÜZ
Ziya qapını cəld açıb içəri keçir və hamama doğru gedir. Atası arxasınca baxır. Televozorda göstərilən futbolun səsi eşidilir.
16. İNT. ZİYA EV HAMAM – GÜNDÜZ
Ziya futbolkasını çıxardıb tez suyu açır. Əllərini sabunlayıb tez-tez yuyur. Qollarını sürtür. Kürəyinin ortası ilə axan
tər damcısını görürürük. Bədənini suyun altına salır. Dərin-dərin nəfəs alır. Qorxub, iyrənib, diksinib…
RONALDO QOL VURUR. ATASININ ƏSƏBİ QIŞQIRIQ SƏSİ EŞİDİLİR.
17. İNT. ZİYA EV SALON – GÜNDÜZ
Ziya gəlib salonun qarşısında dayanır. Qara tumandadır, əlində dəsmal var. Hesab 1-1-dir. Atası onu sezir.
ATA
(məyus)
İkinci taym dayanmadı Brazilya.
Axırı, vurdu komandan.
(Pauza)
Sən niyə lütsən?
Ziya televizora baxmağa davam edir.
18. İNT. BLOK 4. MƏRTƏBƏ – GÜNDÜZ
Ziya blokdan düşür. Futbolkasını dəyişib. İndi əynində Roberto Karlosun ağ Real Madrid forması var. Yas evinin qapısının yarıaçıq olduğunu görür. Yerdə iki idman ayaqqabısı var. Zidan və Bekhamın ayaqqabılarıdır. Ziya qapının arasından baxır. Heç nə görmür. Məyus halda pilləkənləri enir.
19. EKST. BİNA QARŞISI – GÜNDÜZ
Ziya blokun qabağında oturub. Bıçağı gah əlinə, gah yerə batıraraq vaxt öldürür. Zidan və Bekham gəlirlər. Ziya dönüb onlara baxır. Əllərində dürmək halva var. Bekham birini Ziyaya uzadır.
BEKHAM
Ala!
Ziya dürməyə baxır, başıyla istəmədiyini bildirir. Bıçağı əlinə batırmağa davam edir. Zidan və Bekham bir kənarda oturub, halvalarını yeyib bitirirlər. Arada Ziya hiss etdirmədən onlara baxır. Volqa Qaz-24 gəlib dayanır. Arif baqajından içində meyvə-tərəvəz olan paketləri çıxarır, blokun qabağına yığır. Uşaqlar yaxınlaşıb götürürlər. Hərəyə iki paket götürüb bloka daxil olurlar. Ziya da yaxınlaşır. Arif baqajdan orta boylarda iki qarpız çıxardır. Birini Ziyaya verir. Ziya qarpızı sağ əlinə alır.
ZİYA
Birini də ver!
ARİF
Apara bilməzsən.
ZİYA
Aparacam.
Ziyanın hərəkət etmədiyini, qətiyyətini görən Arif o biri qarpızı da verir. Ziya sol əliylə tutur. Ziya bütün gücünü sıxıb bloka yollanır.
20. İNT. BLOK – GÜNDÜZ
Ziya pilləkənləri bacardığı qədər çıxır. Qarpızları yerə qoyur, nəfəsini dərir. Sonra ikisini də götürüb təzədən çıxır.
Bir mərtəbə sonra qarpızları yenə yerə qoyur. Birini aşağıda saxlayır, o birini bir mərtəbə qaldırıb qoyur. Sonra qayıdır, digərini götürüb eyni cür aparır. Yuxarıdan ADDIM SƏSİ eşidən kimi tez iki qarpızı da qoltuğuna vurur. Yuxarıdan geri qayıdan Zidan və Bekham onun yanından keçirlər. Maraqla Ziyanı süzürlər.
21. İNT. BLOK 4. MƏRTƏBƏ – GÜNDÜZ
Ziya gəlib çatır. Qarpızlar qoltuğunda, yorğun halda bir müddət səssiz gözləyir qapının ağzında. Nəfəsini dərir. Gözlərini dikib dəhlizin o başına doğru baxır. Otaqlardan birindən Qızın çıxmağını gözləyir baxışlarıyla. Qarpızlardan birini yerə qoyan anda əlinin üstünə bir əl qoyulur. Başını qaldıranda Qızla üz-üzə gəlirlər. Ziyanın həyəcandan ürək döyüntüsü sürətlənir.
QIZ
(Rusca)
O birini də yerə qoy, götürərəm. Qız ona diqqət belə yetirmədən gedir. Ziya əlində qarpız, onun dalınca baxmağa davam edir. Qız qayıdıb Ziyanın hələ də qarpızı əlində tutduğunu görür.
QIZ
(Rusca)
Qoyardın da yerə, əlində niyə tutmusan?
Ziya qarpızı Qıza verir.
22. EKST. BİNA QARŞISI – GÜNDÜZ
Ziya qürurla yeriyir. Küləyi hiss edir. Uçur sanki. Qarşıda bir konserv qutusu görür. Karlos cərimə zərbəsini necə vurmuşdusa, elə qaçır, konserv qutusunu təpikləyir.
23. EKST. DƏMİR YOLU – GÜNDÜZ
Ziya dəmiryolunun betonlarının üstü ilə addımlayır. Sonra sürətini artırır. Daha da sürətlənir. Və qaçır.
24. EKST. BİNA – QÜRUB
Binanın üstündə günəş batır.
25. İNT. ZİYA EV YATAQ – SƏHƏR
Səhər günəşi Ziyanın üzünə vurur. Ziya gözlərini açır, yataqdan gümrah qalxır.
26. İNT. ZİYA EV HAMAM – SƏHƏR
Ziya futbol forması yox, rəngli bir köynək geyinib. Saçını isladıb düzəldir.
27. İNT. ZİYA EV MƏTBƏX – SƏHƏR
Səhər süfrəsi qurulub. Ana çay süzür. Ziya mətbəxə keçir. Ağzına nəsə atır.
ANA
Otur, yeməyini ye də…
Ziya dönüb baxır.
ZİYA
Gedirəm.
ANA
Hara gedirsən səhərin gözü açılmamış?
ZİYA
Həyətə düşürəm.
Ziya anasının arxasından eyvanda dayanan atasını görür. Ata eyvana Türkiyə bayrağını asır. Ziya ciddi ifadə ilə mətbəxə yaxınlaşır. Üzünü anasına çevirir. Anası çevrilib yoldaşına baxır, sonra da Ziyaya. Yenidən üzünü çevirəndə Ziyanın orda olmadığını görür. QAPI ÇIRPILMA SƏSİ eşidilir.
28. İNT. BLOK 4. MƏRTƏBƏ – SƏHƏR
Ziya qapını döyür. Qadın2 açır.
ZİYA
Kömək lazımdı nəsə?
QADIN2
(təbəssümlə)
Yox, yas qurtardı ta. Çox sağ ol.
ZİYA
Qurtardı?
QADIN2
Hə… Yeddi gün olur da.
Ziya nə deyəcəyini bilmir, Qadın2-nin arxasına doğru içəri boylanır.
QADIN2
(gülümsəyərək)
Get! Get, həyətdə oyna!
Qadın2 astaca içəri keçib qapını örtür. Ziya qapının qarşısında qalır.
Bir-iki pillə düşür. Cibindən “bıçağını” çıxardır. Bıçağı divara dayayır. Cıza-cıza pilləkənləri enir.
29. EKST. BİNA QARŞISI – SƏHƏR
Yığılmış yas çadırını maşına yükləyirlər. Aysel stadiona daxil olub İlham Mansızın hərəkətini məşq edir. Ziya onların fonunda küçədə tək yeriyir. Arif işçilərə pul verir. Çadırı maşına yığıb uzaqlaşırlar. Ziya dönüb onlara baxır. Bıçağını hələ də əlində tutur. Arif ağır addımlarla yeriyir. Ziya əlindəki “bıçağa”, sonra Arifə baxır. Bıçağın qulpundan tutub möhkəm sıxır. Arifin dalınca ehmalca gedir. Arif bloka girir. Pilləkənləri çıxır. Ziya da arxasınca… İkisi də görüntüdən itirlər. Binanın arxasından keçən QATARIN SƏSİ eşidilir. Bir müddət sonra nəsə qaraltı görünür. Yaxınlaşdıqca görürük ki, Ata Ziyanı qoltuğunun altına vurub gətirir. Ziya əsəbi görünür, amma səsini çıxartmır. Ata da təəccüblü və əsəbidir.
30. EKST. BİNA QARŞISI – SƏHƏR
Ata və Ziya bir komandada, Zidan və Bekham isə ikinci komandada digər uşaqlarla bölüşüb futbol oynayırlar. Ata topu Ziyaya ötürür.
ATA
Uduzduq, amma bu oyunla biz bu qrupdan çıxarıq.
Ziya topu qabağa keçən atasına ötürür. Ata Zidanı keçir.
ZİYA
Biz gərək bütün oyunları udaq ki, siz də çıxasız.
Ata topu Ziyaya ötürür.
ATA
Sənin komandan oyun verməz, əşi! Finalda da görüşərik.
Ziya Bekhamı aldadıb qapıya zərbə vurur. Qoool! Ata-oğul qucaqlaşıb sevinirlər. Futbol davam edir. Titrlər çıxır.